Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

post-img

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025/2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq tələbələrlə görüş keçirib.

ADNSU-dan AZƏRTAC-a verilən məlumata görə, tələbələri təbrik edən rektor Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması və savadlı mütəxəssis kimi formalaşması üçün yaradılan imkanlardan bəhs edib. O, xaricdə dövlət proqramı ilə təhsil almanın üstünlükləri ilə yanaşı, bunun böyük məsuliyyət və şərəf olduğunu vurğulayıb.

Rektor gənclərə milli təəssübkeşliyi və vətənə bağlılığı qorumağı, Azərbaycanı xaricdə layiqincə təmsil etməyi tövsiyə edib. O, həmçinin tələbələrə yeni ideyalar öyrənməyi, biliklərini artırmağı və vətənə dönərək bu bilikləri tətbiq etməyi məsləhət görüb.

Görüşdə iştirak edən ADNSU-nun prorektorları - Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov da çıxış edərək gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, proqram çərçivəsində magistratura təhsil səviyyəsində uğur qazanan 356 nəfərdən 60-ı ADNSU və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunlarıdır. ADNSU tələbələri Böyük Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, Vorvik Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins Universiteti, İsveçrənin ETH Sürix Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Son xəbərlər