“No komment”, Simonyan!

post-img

Replika

Elə personalar var ki, onların danışmasından susması daha faydalıdır. Həm özü, həm də təmsil etdiyi qrup, partiya, hətta yüksək vəzifə tutduğu dövlət üçün. Ermənistan parlamentinin sədri Alen Simonyan yenə öz ampluasına uyğun şəkildə davranır. İctimaiyyət dəfələrlə onun tutduğu vəzifəsinə və diplomatik ranqına uyğun olmayan hərəkətlərinin şahidi olub, diletant və gülünc açıqlamalarını eşidib. Parlamentin iclaslarında tez-tez deputatları təhqir edən, küçədə müxalifətçinin üzünə tüpürən Simonyan bir gün sonra xarici telekanala müsahibəsində Ermənistanın “Qafqazın ən demokratik ölkəsi” olduğunu bəyan edir. İkinci Qarabağ müharibəsinin gedişində biz də erməni spikerin boğazdan yuxarı çox sözlərindən “agah olmuşuq”. 

Bir müddət bundan əvvəl erməni me­diası spiker Alen Simonyanla təhlükəsizlik şurasının katibi Armen Qriqoryan arasında pərdəarxası mübarizənin getdiyi barədə xə­bərləri tirajlayırdı. Mübarizə açıq hücumlar və korrupsiya ittihamları səviyyəsinə çatan­da Simonyan baş nazirə Qriqoryanın fəaliy­yəti barədə “donos” çatdırıbmış. Paşinyan da öz növbəsində, spikerin yadına ailə üzv­lərinin “Synergy” şirkətinin tender satınal­masında iştirakını salıb. Bundan sonra qar­daşının həyat yoldaşının həbsinə səbəb olan korrupsiya qalmaqalı ilə bağlı medianın sualını şərh etməməsi spikeri əməlli-başlı qınaq obyektinə çevirmişdi. 

Yayılan xəbərlərdə deyilirdi ki, hakim partiyanın bəzi üzvləri Paşinyandan Simon­yanın istefasını tələb ediblər. Yəni, onlar hesab edirlər ki, Alen Simonyanın adı ilə bağlı “çoxseriyalı” qalmaqallar partiyanın nüfuzuna və reytinqinə mənfi təsir göstərir.

Dünən isə Ermənistan parlamentində jurnalistlərlə söhbətində spiker Alen Simon­yana “Azərbaycan Prezidenti İlham Əliye­vin “bu gün bizim bir tələbimizlə Ermənis­tan Qazaxın dörd kəndini qaytardı. Bundan sonra da belə olacaq” bəyanatını necə şərh edərdiniz?” – sualı ünvanlanıb. O, suala “Mən Azərbaycan Prezidentinin sözlərinə münasibət bildirmək istəmirəm” formasın­da cavab verib. Amma sualdan yayınmağın mümkün olmadığını görən Simonyan Azər­baycan Prezidentinin bəyanatının daxili au­ditoriya üçün nəzərdə tutulduğunu ərz edib. Erməni spiker sualın ətrafında “dolanmağa” başlayıb: “Görüşlər zamanı biz bu məsələni qaldırırıq. Danışıqlarda bir lüğətdən, ictimai yerlərdə isə başqa sözdən istifadə edilməsi bizim üçün həmişə təəccüblü və qəbuledil­məzdir. Mən özümü misal çəkə bilərəm: azərbaycanlı həmkarımla danışıqlar aparan­da qarşı tərəfdə belə təəssürat yaranır ki, bu, çoxdan gözlənilən, çox mehriban görüşdür. Ona görə biz deyirik ki, nifrət sözünü azalt­maq lazımdır, radikal siyasi ritorika aradan qaldırılmalıdır. Çünki bu, real danışıqlara mane olur”. 

Maraqlı paradoksdur. Xalqını qonşula­rına qarşı nifrət ideologiyasına kökləyən, “məğlubedilməz” ordusunun müharibə baş­layarsa, Azərbaycanın yeni ərazilərini işğal etməklə “xariqələr” yaratmağa qadir olma­sından dəm vuran Ermənistan hakimiyyəti indi bizi müharibə ritorikasından çəkinməyə çağırır. Bəs, 30 il ərzində Bakının sülh ça­ğırışlarını qulaqardına vuran, münaqişənin dinc yolla həllindən imtina edən İrəvanın keçmiş və indiki isteblişmentinin dikbaş, saymazyana davranışını, hərbi hədə-qorxu­larını kimin ayağına yazaq? Bunları şərh etməyə Alen Simonyanın sözü və arqumen­ti varmı? Yoxdur! Ona görə də onun üçün həm şəxsi problemləri, həm də dövlət işləri ilə bağlı tutacağı ən doğru mövqe “no kom­ment”dir. Bir də ki, Bakı sülhlə bağlı bütün zəruri təklif və şərhlərini Ermənistan haki­miyyətinə çatdırıb. İndi onun vəzifəsi eşit­diklərinə şərh vermək yox, onlara şərhsiz və şərtsiz əməl etməkdir. 

İ.HƏSƏNQALA
XQ



Siyasət