Keçmiş XİN rəhbəri Azərbaycanla sülhə qarşı
Ermənistanın sabiq xarici işlər naziri, qocaldıqca ağlını da itirən Vardan Oskanyan xərifləyir. Qeyd edək ki, o, “Vətən naminə Tavuş” hərəkatı adlı növbəti erməni avantürası start götürəndə də dilə gəlmişdi. Demişdi ki, hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyanı baş nazir postunda görür. Dünyəvi adlandırılan dövlətdə mühüm vəzifə tutan biri olasan, axırda deyəsən ki, keşişin ölkə rəhbəri olmasına razıyam. Göründüyü kimi, Oskanyanın dövlət anlayışından xəbəri yoxdur.
Oskanyan yarımçıq bildiyi diplomatiyanı yenidən işə salaraq deyib ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sülh gündəmi qarşılıqlı əsasda deyil və Ermənistanı alçaltmaq məramına söykənib. Əlbəttə, Ermənistanda bu fikirdə olanların sayı az deyil. Belələri reallıq hissini itirmiş zombilərdir. Bəs nəyə görə Oskanyanın dediklərinə diqqət yetirilməlidir?
Bu zat uzun müddət ölkənin xarici siyasətinə rəhbərlik edib. Yəni, haqqında söz açdığı qeyri-bərabər mühitin formalaşmasında təqsiri böyükdür. Baş nazir Nikol Paşinyan heç də əbəs yerə ölkəyə özündən əvvəl rəhbərlik edənləri qınamaq yolu tutmur. O, nə dediyinin fərqindədir. Paşinyan yaxşı bilir ki, ekslərin illərdir daşıdığı Qarabağ avantürası yekunda 44 günlük müharibə reallığını yaratdı. Doğrudur, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Nikol idi. Yəni, bilavasitə müharibəyə səbəb onun bu yöndə populustcəsinə dillənməsidir. Ancaq Paşinyanın rəhbərlik etdiyi cəmiyyət xəstədirsə, bu adam üçün başqa yol qalmırdı. Nikolun prizmasından yanaşsaq, xəstələrə həqiqəti göstərməyə ehtiyac duyulurdu və baş nazir bunu etdi…
Məsələ burasındadır ki, həmin xəstə cəmiyyət 44 günlük müharibədəki acınacaqlı durumdan nəticə çıxarmadı. Bu gün də revanşist-şovinistlər önə çıxır, ağzıköpüklü bəyanatlar səsləndirirlər. V.Oskanyan onlardan biridir. O deyir ki, Azərbaycanla sülh gündəmi çərçivəsində yaşananlar Ermənistanın ərazi bütövlüyünün, ölkə konstitusiyasının açıq-aşkar pozulmasıdır. Digər yandan isə keçmiş nazir demokratiyadan danışaraq vurğulayır ki, ölkədə baş verənlər Ermənistanın kövrək demokratiyasının tamamilə məhvidir və bu proses də ağrılıdır. Təsəvvür edin, illərlə Ermənistanı çapıb-talamış, hər cür qanunsuzluq, ədalətsiz edən rejimdə məsul vəzifə tutmuş şəxs indi arsız-arsız demokratiyadan, ərazi bütövlüyünün pozulması xüsusunda konstitusiyanın aliliyinə hörmətdən söz açır.
“Bu, qarşılıqlı razılıq əsasında delimitasiya prosesi deyil. Bu, sadəcə olaraq, müharibə və işğal təhlükəsi altında olan Ermənistanın Azərbaycanın tələblərinə tabe olmasıdır. Təslim olma prosesi yeni başlayır və sonda Ermənistan ərazilərinin, strateji mövqelərinin və nəqliyyat marşrutlarının xeyli hissəsini itirəcək. Hazırkı şərtlərlə sülh müqaviləsinin imzalanması Ermənistanın daimi şəkildə Azərbaycana tabe olmasına gətirib çıxaracaq ki, bu da ölkəni strateji dəyərdən məhrum duruma salacaq və onu total avtoritar polis dövlətinə çevrilmək yoluna sürükləyəcək”, – deyən Oskanyanın həyasızlığı heyrət doğurmaya bilməz. Ancaq keçmiş nazirin sərsəmləmələri yalnız bununla bitmir.
V.Oskanyan bildirir ki, Ermənistan indiki durumla razılaşaraq real danışıqlar aparmır, təzyiq altında təslim olur. Bu, məcburiyyət və hərbi təhdidlərin suverenlik və öz müqəddəratını təyinetmə prinsiplərini sarsıdan şərtləri diktə etdiyi təhlükəli presedent yaradır. Kritik ərazilərin potensial itkisi Ermənistanın müdafiə qabiliyyətini zəiflətməklə yanaşı, həm də onun iqtisadi və logistik sabitliyini, milli təhlükəsizliyini daha da təhlükə altına salır. Üstəlik, Azərbaycanla sülh razılaşmasınnın ölkədaxili nəticələri də ağır olacaq. Suverenliyin azalması və daxili təzyiqin artması ilə Ermənistan avtoritar idarəçiliyin davamlı yüksəlişi ilə üzləşir. Çünki dövlət daxili narazılığı idarə etmək üçün hakimiyyətə nəzarət və demokratik proseslərin ələ keçirilməsinə üstünlük verir: “44 günlük müharibənin bitməsindən bəri avtoritar polis dövlətinə doğru keçid artıq vətəndaş azadlıqlarını sarsıdıb, siyasi müxalifəti sıxışdırıb və hakimiyyəti ayrı-ayrı şəxslərin əlində cəmləyib, milləti gələcək inkişafa həsrət qoyub”.
Bəli, Oskanyanın dedikləri indiki Ermənistanın acı mənzərəsidir. Başlıca məsələ bu mənzərə haqqında onun kimi bivecin danışmasıdır. İsa Peyğəmbərlə (ə.) bağlı məşhur hadisədə deyildiyi kimi, daşı günahı olmayan atsın. Oskanyan günahkardır, özü də lap yekəsindən. Onun ölkə adına söz deməsi yolverilməzdir. Həm də ona görə ki, bu iyrənc məxluq siyasi oyunların içərisindədir. O, Ermənistandakı revanşist-şovinist kəsimin ən “parlaq” nümayəndəsi obrazındadır. Acınacaqlı durum budur ki, Oskanyan və onun kimi potensial cinayətkarlar azadlıqdadırlar və hansısa formada ictimai rəyi manipulyasiya edirlər. Ən pisi isə belələrinin qaldırdıqları vay-şivən ritorikasının Cənubi Qafqazda çoxdandır gözlənilən sülh mühitinin formalaşmasına əngəl törətməsi, bu coğrafiyadakı xalqların dinc və birgəyaşamına maneçilik yaratmasıdır. Daha bir məqam isə odur ki, V.Oskanyan və onun kimilər bölgədə sabitliyi pozmaq istəyənlərin dirijor çubuğu ilə hərəkətə gəlirlər.
R.ƏVƏZ
XQ