Türk–erməni münasibətlərində tarixi gerçəklər

post-img

II YAZI

1988-ci ildə Gümrü və onun ətrafında güclü zəlzələ baş verəndə ilk yardım əli uza­dan xarici ölkə də Türkiyə olmuşdu. Daha sonrakı illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranan iqtisadi təlatümlərə görə çətin vəziyyətdə olan Ermənistana Türkiyə tərəfindən buğda yardımı edilib, elektrik ener­jisi də verilmişdi. Lakin Türkiyənin barışıq və sülhsevər yanaşmasına Ermənistandan anlayış göstərilmədi. Ermənistanın müstəqillik əldə etməsindən təxminən bir il əvvəl, 23 avqust 1990-cı ildə “Müstəqillik Bəyannaməsi” qə­bul etmişdi. Qurulacaq dövlətin əsaslanacağı prinsipləri müəyyən edən bu sənədin 11-ci maddəsi Türkiyəyə aid idi və tərcüməsi belə­dir: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının beynəlxalq səviy­yədə tanınması məsələsini dəstəkləyir”. 

Həmin sənəddə Azərbaycanın da ərazi bütövlüyü şübhə altına alınmış və ərazi iddi­aları irəli sürülmüşdü. Sözügedən maddə ilə “erməni soyqırımı”nın gerçək olduğu yeni elan ediləcək dövlət tərəfindən qəbul edilir və bu “soyqırımı”nın beynəlxalq səviyyədə tanıdılması təşəbbüsü göstərilirdi. Həm də bildirilirdi ki, bu, Ermənistanın borcudur. Ayrıca, Şərqi Anadolunu “Qərbi Ermənistan” olaraq qələmə verməklə dolayı yolla bu re­gion üzərində hüquqlar əldə etmək təşəbbü­sü göstərilir və Türkiyə dövləti bu məsələyə biganə qala bilməzdi. Üstəlik, 1995-ci ildə qəbul edilmiş Ermənistan Konstitusiyasının birinci cümləsində “Müstəqillik Bəyannamə­sinə” daxil edilmiş Ermənistan dövlətinin əsas prinsipləri və milli istəkləri erməni xalqı tərəfindən əsaslı şəkildə qəbul edilir” sözləri təsbit olunmuşdur. 

Bu gün də Ermənistanla münasibətlərin qurulmasında əsas maneə budur və danışıq­ların bütün dövrlərində masaya yatırılsa da, yatırılmasa da Ermənistanın “Müstəqillik Bəyannaməsi”ndə yer alan bu müddəa dip­lomatik əlaqələrin qurulmasına və Ermə­nistan–Türkiyə sərhədlərin açılmasına əngəl olmuşdur. 

Ermənistan bu durumu dəyişdirmək təşəbbüsləri göstəribmi? Demək olar ki, in­diyədək belə cəhdlər olmayıb.

Türkiyə 1991-ci ildə Sovet İttifaqından ayrılan yeni ölkələrə, o cümlədən Ermənista­na nümayəndə heyətləri göndərərək, gələcək münasibətlərlə bağlı ilkin görüşlər keçirmiş­di. Bu, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan tərəfindən yaxşı qarşılanmışdı. Bu görüşlər zamanı qısa müddətdə diplomatik əlaqələr qurulmuş, ticarət, turizm və mədəni əlaqələr sahəsində irəliyə addımlar atılmışdı. O dövrdə Türkiyə ilə rəsmi əlaqələr qurmaq Ermənistan üçün daxili siyasət məsələsi idi. Baş nazir Süleyman Dəmirəl 1991-ci il de­kabrın 24-də Levon Ter-Petrosyana göndər­diyi məktubda ifadələr diqqəti cəlb edir:

“Hökumətimiz Ermənistan Respublika­sını tanıdığı halda, Ermənistan Türkiyə Res­publikası və digər qonşuları ilə beynəlxalq hüququn dövlətlərin bir-birinin ərazi bütöv­lüyü və sərhədlərin dəyişməzliyinə hörmət, mehriban qonşuluq münasibətlərinə əməl etmək və s. əsas prinsiplərinə əməl etməyə borcludur”.

1991-ci ildən bəri Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurmaq üçün üç dəfə cəhd edilib və hər üçü uğur­suzluğa düçar olub. İlk cəhd 1992-1993-cü illərdə edilib. Erməni və türk diplomatları əlaqələr qurmaq üçün protokol üzərində işlə­yirdilər, lakin 1993-cü ilin aprelində Kəlbə­cər işğal edilərkən bu münasibətlər dayandı­rıldı, Türkiyə Ermənistanla yarıaçıq sərhədi bağladı və onunla bütün əlaqələri dayandırdı. Xarici İşlər Nazirliyi 3 aprel 1993-cü il açıq­lamasında Türkiyə-Ermənistan sərhədinin bağlandığını elan etdi. Ermənistanla dəmir yolu və hava əlaqələri də kəsildi.

İkinci cəhd isə 2005-2007-ci illərdə xari­ci işlər nazirlərinin müavinləri səviyyəsində Ermənistan–Türkiyə məşvərət danışıqlarının aparıldığı vaxt baş verdi. Bu müddət ərzində xarici işlər nazirləri Abdullah Gül və Vardan Oskanyanın görüşləri baş tutdu ki, bu da sıç­rayış olacağına ümid yaratdı. 

Üçüncü cəhd “futbol diplomatiyasıdır” . 2008-2009-cu illərdə, prezidentlər Abdullah Gül və Serj Sarkisyan Türkiyə-Ermənistan futbol matçlarını birlikdə izləmək üçün mü­vafiq olaraq İrəvana və Bursaya səfər etdik­də, 2009-cu ilin oktyabrında bu “futbol diplo­matiyası” Sürixdə protokolların imzalanması ilə nəticələndi.

İfrat millətçilərin və daşnakların köməyi ilə hakimiyyətə gələn Robert Koçaryan se­çildikdən dərhal sonra, 1994-cü ildə Ter-Pet­rosyan hökumətinin qadağan etdiyi Daşnak Partiyasının yenidən fəaliyyətə başlamasına icazə verildi. Koçaryanın Türkiyə ilə bağlı si­yasətində ifrat millətçilərin də təsiri oldu. Er­mənistan Konstitusiyası və Bəyannamənin 11-ci maddəsinə uyğun olaraq, “soyqırımı” iddiası və onun tanınması üçün səy göstərmə­si hökumət proqramına daxil edildi. Ermənis­tanın bu sahədəki səyləri bəzi Avropa İttifaqı ölkələri tərəfindən dəstəkləndi. 1998-ci ilə qədər “erməni soyqırımı” iddialarını tanıyan parlamentlərin sayı 8 idisə, Koçaryanın pre­zidentlikdən getdiyi 2008-ci ildə bu rəqəm artıq 19-a çatdı. Koçaryanın Türkiyəyə qarşı bu “aqressiv” siyasəti digər sahələrə də təsir edirdi. Məsələn, 1998-ci ilin sentyabrında BMT Baş Assambleyası İdarə Heyətindəki çıxışında o, gözlənilmədən “soyqırımı” iddi­alarını dilə gətirdi və təbii ki, bu Türkiyənin sərt etirazına səbəb oldu. 

Sürix protokolları iki ölkə arasında dip­lomatik münasibətlərin normallaşdırılmasını və 1993-cü ildən bağlanan Türkiyə-Ermə­nistan quru sərhədlərinin açılmasını nəzərdə tuturdu. İki ölkə diplomatik normallaşma və iqtisadi əlaqələrin yenidən aktivləşdirilmə­sinə üstünlük verərkən, 1915-ci il hadisələri ilə bağlı məsələlərin müzakirəsinin birgə ta­rix komissiyasına həvalə edilməsi siyasəti də ortada idi. Sürix protokollarında yalnız “Diplomatik münasibətlərin qurulması” və “İkitərəfli münasibətlərin yaxşılaşdırılması” nəzərdə tutulurdu. Amma bu işin nəticə ver­məsinə yenə Ermənistan Konstitusiyası və onun da istinad etdiyi 1991 “Müstəqillik Bə­yannaməsi” əngəl oldu. Ermənistan müxtəlif bəhanələrlə bu sənədi Konstitusiya məh­kəməsindən keçirib parlamentin ratifikasiya­sına təqdim edə bilmədi, çünki həmin sənəd Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil edirdi. 

Nəticə ortadadır. 2009-cu il oktyab­rın 10-da Sürixdə imzalanan protokollar iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmadığı üçün qüvvəyə minmədi. Hər iki dövlət protokolları ratifikasiya etməməkdə bir-birini günahlandırır. Sürix protokollarının Türkiyə tərəfindən ratifikasiya olunmama­sında Azərbaycan tərəfinin Türkiyəyə təsiri­nin olduğunu erməni tərəfi tez- tez dilə gəti­rir. Əlbəttə, Qarabağda erməni işğalı davam edərkən Türkiyənin Ermənistanla diploma­tik münasibətləri normallaşdırmaq cəhdləri Azərbaycanın narazılığına səbəb olacaqdı. Amma bu işin reallaşmasına əsas əngəl Er­mənistanın Konstitusiyası idi və həm də hər iki ölkədə ictimaiyyət münasibətlərin nor­mallaşdırılması ideyasına kifayət qədər hazır deyildi. Bütün bu məsələlər bir araya gələndə Türkiyə-Ermənistan münasibətlərində gözlə­nilən müsbət dinamika əldə edilə bilməzdi. 

Onu da qeyd edə bilərik ki, Sürix proto­kollarından sonra Azərbaycan tərəfi Türkiyə­də iqtisadi sahəyə investisiyalarını artırdı. Bakı Türkiyənin ictimai rəyinə müsbət təsir göstərmək üçün mühüm addımlar atdı ki, bunu da həmin erməni- türk münasibətlərinə bağlamaq qüsurludur. Türkiyə-Azərbaycan hərbi əlaqələri çox yüksək səviyyəyə yük­səldi. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsi və Qarabağın işğaldan azad olunması ilə Türkiyə–Ermənis­tan münasibətləri yeni mərhələyə daxil oldu. Şübhəsiz, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Türkiyənin dövlət maraqları­nın tərkib hissəsinə çevrilmişdir.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət