İlham Əliyev – postmüharibə dövrünün memarı

post-img

I MƏQALƏ

Böyük liderlər milli məqsədləri ye­nidən müəyyən edirlər.

Henri KİSSİNCER

Müasir liderlik nəzəriyyələrində “siyasi liderliyin dinamikası” ifadəsi geniş işlənir. Bu termin çağdaş dünyanın geosiyasi və si­yasi cəhətdən sürətlə və öncədən çətin proq­nozlaşdırılan qaydada dəyişməsinə nəzəri reaksiyadır. Çünki əgər qlobal miqyasda dəyişmə sürətli və mürəkkəbdirsə, hər bir dövlət üçün uğurlu liderliyin də öz nümunəsi olmalıdır. Buradan “siyasi liderliyin dinami­kası” kimi xeyli mürəkkəb məzmunlu anlam yaranır. Biz onun nəzəri tərəfinin dərinliklə­rinə varmadan Azərbaycan təcrübəsinin bir sıra fəlsəfi və siyasi-nəzəri özəllikləri üzə­rində dayanmağa çalışacağıq. Çünki Azər­baycan Prezidenti İlham Əliyevin liderlik dinamikası, sözün həqiqi mənasında, maraqlı və əhəmiyyətli nümunədir və onun fəlsəfi, siyasi-nəzəri dərki olduqca vacibdir. Öncə, qısa terminoloji izah verək.

Liderliyə fəlsəfi baxış

Henri Kissincer liderliklə bağlı son əsə­rində çox maraqlı bir təsnif etmişdir. O, K.Adenauer, Ş. de Qoll, R.Nikson, Ə.Sadat, Li Kuan Yu və M.Tetçerin liderliyinə ümumi bir mövqedən baxmışdır. Bu liderlərin yaşadıq­ları tarixi dövrün dramatizmi şəraitində bir sıra keyfiyyətlərini təhlil etmişdir. Onların liderliyini həmin tarixi dövrdə cəmiyyətlərin postmüharibə təkamülünün memarları kimi araşdırmışdır. Təbii ki, H.Kissincerin yanaş­masının ümumi ruhu bizim üçün maraqlıdır – müasir tarixi mərhələdə liderlər postmüha­ribə dövründə rəhbərlik etdikləri ölkəni və liderləri olduqları cəmiyyətləri necə inkişaf etdirmişlər? 

Bu kontekstdə H.Kissincer liderlərin fəa­liyyətini dörd aspektdə qiymətləndirir. Birin­ci aspekt. Müharibədən sonrakı mərhələdə liderlər sülhü necə görürlər? Axı müharibə siyasi şüurlarda sülh ideyasını dağıda bilər və liderlər də müharibə paradiqmasına aludə ola bilərlər. H.Kissincer hesab edir ki, araşdırdı­ğı 6 liderlik strategiyasında liderlər müharibə paradiqmasına aludə olmadılar və cəmiyyət­ləri fərqli siyasi meyarlar əsasında inkişaf etdirdilər. Məsələn, Misir Prezidenti Ənvər Sadat İsraillə müharibəni uduzsa da, hesab etdi ki, postmüharibə mərhələsində sülhə üs­tünlük vermək daha doğrudur. 

Li Kuan Yu kütləvi kasıblar ölkəsi olan Sinqapuru dünyanın “iqtisadi möcüzələri”n­dən birinə çevirdi. O, bütövlükdə 60 ildən çox siyasətdə oldu. Prezident, baş nazir oldu və bir sıra nazirliklərə rəhbərlik etdi. Britani­yada təhsil almışdı, lakin Sinqapurun Brita­niya müstəmləkçiliyindən xilas olması üçün böyük mübarizə apardı. İstəyinə nail oldu və müstəqil Sinqapuru sürətlə inkişaf etdirdi. 

H.Kissincerin əsərində təhlil etdiyi Qərb dövlətləri liderləri bir qədər fərqli geosiyasi və siyasi şəraitdə böhrandan sonrakı (mü­haribə də bura daxildir) mərhələdə böyük işlər görmüşlər. Onların hamısını birləşdirən məqam müharibədən və ya böhrandan sonra­kı mərhələdə dövlətlərini və cəmiyyətlərini inkişaf etdirmələri olmuşdur. H.Kissincer məhz bu kontekstdə 6 dünya siyasi liderliyi strategiyasından bəhs edir və onları aşağıdakı faktorlara görə araşdırır: 1) Liderlər mühari­bədən sonra sülhü necə görürlər; 2) liderlərin hər biri milli ideyanı yenidən məzmunlaşdır­mışdır; 3) onlar ölkənin və cəmiyyətin inki­şafı üçün yeni perspektivlər açmışlar; 4) ke­çid dövrünü yaşayan dünya üçün yeni nizam gətirmişlər. 

Bu punktların hər biri Azərbaycan təcrü­bəsi baxımından da əhəmiyyətlidir. Bu məna­da qısa izaha ehtiyac vardır. 

Kissincerin liderlik araşdırmaları

Bunu şərti olaraq belə qəbul edək. Çünki H.Kissincer cəmi 6 uğurlu lideri araşdırır və problemə bütöv dünya miqyasında baxmır. Eyni zamanda, bizim üçün həmin liderlik nü­munələri fonunda vurğuladığımız 4 istiqamət üzrə bir sıra məqamların qısa fəlsəfi təhlili Azərbaycan təcrübəsini adekvat dərk etmək üçün lazımdır. 

Beləliklə, XX əsrdə müharibədən və ya böhrandan sonra liderlər ona görə uğurlu ol­muşlar ki, rəhbərlik etdikləri ölkə və cəmiy­yət üçün uyğun sülh modelini (və ya dinc inkişaf modelini) tapmışlar. Onların hər biri ölkələri üçün fərqli olan situasiyada və fərqli şərtlər altında sülh qərarını qəbul etmişlər və ya böhrandan sonra ölkələrinin inkişaf xəttini müəyyən etmişlər. 

Məsələn, R.Nikson ABŞ-ın Vyetnamdakı uğursuzluğundan sonra özündə güc taparaq, 1973-cü ildə qoşunları oradan çıxarmışdır. 

M.Tetçer Böyük Britaniyanın dövlət və cəmiyyət olaraq düşdüyü ağır böhran vəziy­yətindən çıxması üçün “tetçerizm” adlanan tədbirlər kompleksini inamla həyata keçir­mişdir və nəticədə ölkə inkişaf xəttinə çıx­mışdır. 

Şarl de Qoll faktiki olaraq məğlub Fran­sanın müharibədən sonra yenidən dünya miqyasında liderlər qrupuna çıxmasına nail olmuşdur. Onun sülh axtarışlarını postmüha­ribə mərhələsi üçün şərti olaraq “Fransa nü­munəsi” adlandıra bilərik. 

Konrad Adenauer XX əsrin ikinci ya­rısında, Almaniyanın II Dünya savaşında­kı məğlubiyyətindən sonra faktiki olaraq ölkənin inkişaf kursunu müəyyən etmişdir və Almaniyanı iqtisadi möcüzəyə qovuşdur­muşdur. Onun siyasi, geosiyasi, ideoloji xətti Almaniya üçün bir strategiya olmuşdur. Bu mənada K.Adenauerin müharibədən sonrakı sülh xətti əhəmiyyətli hesab olunur. 

Bu qısa müqayisələr fonunda aydın olur ki, H.Kissincerin “6 strategiya” adlandırdığı fenomen liderlərin postmüharibə və ya post­böhran mərhələsində sülhü necə görmələri üzərində qurulmuşdur. Onların hər birinin özəl məzmunu vardır. Biri digərini təkrarla­mır və hər biri siyasi-nəzəri və fəlsəfi baxım­dan nümunədir. 

Həmin liderlərin milli ideyanı yenidən məzmunlaşdırmaları da bu kontekstdə ciddi faktor sayılmalıdır. K.Adenauer Almaniyanın milli ideyasını faşizmdən kənarda yenidən məzmunlaşdırdı, Ş.de Qoll çox çətin şəraitdə “böyük Fransa” ideyasını gündəmə gətirdi, R.Nikson amerikan ideyasını “həqiqət” mər­hələsindən “posthəqiqət” mərhələsinə sülh və cəmiyyətin ruhunun saxlanması naminə transfer edə bildi, Ə.Sadat ərəb dünyasının etirazlarına baxmayaraq, Misirin milli ide­yasını yəhudilərlə düşmənçilik müstəvisin­dən sülh və dinclik şəraitində yaşamaq kon­tekstinə daxil edə bildi (həyatı bahasına), Li Kuan Yu Sinqapuru müstəmləkədən qurtardı və eyni zamanda, ona özəl uğurlu inkişaf ideyasını (paradiqmasını) milli ideya kimi qazandırdı, M.Tetçer britaniyalılara hər situ­asiyada yaradıcı və konstruktiv olmağı təlqin etdi. 

Göründüyü kimi, bu strategiyaların hər biri fərqli arqumentlərə, fəaliyyət şərtlərinə və hədəflərə malikdir. Ancaq onları birləş­dirən öz ölkələri üçün sülh, inkişaf və milli ideyanın yeni tarixi şəraitə adekvat olması­dır!

Bizcə, milli ideyanın sülh yönlü müəy­yən edilməsi H.Kissincerin digər liderlik strategiyası faktorunu – ölkə və cəmiyyət üçün yeni perspektivlər açılmasını aktuallaş­dırmışdır. İndiki müşahidələr də göstərir ki, ABŞ, Böyük Britaniya, Fransa (baxmayaraq ki, E.Makron Fransa üçün ciddi problemlər yaradır), Misir, Sinqapur və Almaniya fərqli geosiyasi ranqa, inkişaf tempinə, sülh şərtlə­rinə və inkişaf paradiqmalarına malikdirlər. Onlar fərqli “yerlərdən fərqli start götürmüş­lər”. Ancaq hər birini özünəməxsus anlamda uğurlu saymaq olar. Bu baxımdan H.Kissin­cer haqlıdır. Nədən ibarətdir həmin anlamlar? 

Hər şeydən öncə, ondan ibarətdir ki, vur­ğulanan liderlik strategiyaları konkret ölkə­nin mövcud olduğu şərait və tarixi şərtlər fonunda uğurlu qəbul edilməlidir. Yəni söh­bət mütləq uğurluqdan getmir! Bundan sonra daha maraqlı və geosiyasi əhəmiyyəti böyük olan bir məqama baxmaq lazım gəlir.

Liderlik strategiyası və dünya nizamı

Keçən əsrin 70-90-cı illərində dünya, doğrudan da, geosiyasi keçid mərhələsində idi. Müxtəlif yerlərdə meydana gələn böh­ranlar, savaşlar, hərbi toqquşmalar... Böyük geosiyasi ziddiyyətlər, bütövlükdə, qlobal geosiyasi düzənin transformasiyası zərurəti­ni ortaya qoymuşdu. Ranqından asılı olaraq, hər bir dövlət buna fərqli reaksiya verməli idi. ABŞ iki əsas geosiyasi gücdən biri kimi (ABŞ və SSRİ) yeni dünya nizamı konteks­tində müəyyən nəticələr çıxarmalı idi. Böyük Britaniya dünya lideri olmasa da, yeni sülh şəraiti üçün töhfəsini verməli idi. Eynilə, Fransa məsələyə pozitiv yardım etməli idi. Misir öz miqyasında problemləri yoluna qoy­malı idi. Sinqapur da inkişaf paradiqmasını saxlamaqla regional sülhə töhfəsinə davam etdirməli idi. Almaniya birləşməklə qlobal dünya düzənində “alman konsturktivizmini” bərpa etməli idi.

Deməli, H.Kissincerin vurğuladığı strate­giyaların hər biri fərqli yollarla uğurlu liderli­yi qlobal miqyasa transfer edə bilərdi. Burada onların hər birinin fərqli imkanları və reallaş­ma yolları ön plana çıxır. Misir və Sinqapuru çıxmaq şərti ilə geridə qalan liderlik strate­giyalarının qlobal nizama hansı töhfələri verdiyi məsələsi açıqdır. Çünki ABŞ, Fran­sa, Almaniya və Böyük Britaniya tərəfindən meydana geosiyasi, ideoloji və sülhün təmini ilə bağlı o qədər cavabsız suallar çıxmışdır ki, hələlik Qərb fəlsəfi və politoloji fikri on­ları “tam həzm edə bilməmişdir”.

Belə bir vəziyyət digər məsələni – “li­derliyin müasir mərhələdə dinamikası” fe­nomeninin fəlsəfi və siyasi-nəzəri dərkini aktuallaşdırır. Problemin bu aspektinin də Azərbaycan təcrübəsi baxımından böyük ak­tuallığı və strateji mənası vardır. Onun üzə­rində ötəri dayanaq.

Liderliyin spiralvari dinamikası

Müasir yanaşmalarda liderlik açıq və qeyri-xətti sistem kimi təsəvvür edilir. Bu artıq sırf nəzəri və ya fəlsəfi konstruksiya de­yildir – konkret praktiki hədəfi olan fəaliyyət nümunəsidir. Və burada söhbət yalnız siner­getik yanaşmadan getmir. Politoloqlar daha çox Amerika nümunəsi olan liderliyin spiral­vari dinamikasına müraciət edirlər. Onun ba­nisi amerikan Kler Qreyvzdir. Ardıcılları isə Don Bek və Kris Kovandır. D.Bek və K.Ko­vanın “Spiral dinamika. XXI əsrdə dəyərlər, liderlik və dəyişiklikləri idarə edərkən” əsəri çox məşhurdur. 

Həmin əsərin liderlik aspektində əsas ideyası ondan ibarətdir ki, hər bir situasiyada liderlik (həm də siyasi liderlik) spiral formalı dinamikaya malikdir. Yəni burada geri çəkil­mələrlə irəli inkişaf vəhdətdədir. Bunun baş­lıca motivəedici faktoru xüsusi “memlər”dir (siyasi, mədəni, sosial, ideoloji kodlar). On­ları müəlliflər, obrazlı olaraq, “dMemlər” alandırırlar. “dMemlər” dünyagörüşünü, qiy­mətləndirmə sistemini, psixoloji mövcudluq səviyyəsini təşkilolunma prinsipini, düşüncə üsulunu yığcam ifadə edirlər. Onlar həm in­sanın fundamental dünyagörüşünü formalaş­dırırlar, həm davranışları istiqamətləndirirlər, həm də qərar qəbuletmə özəlliyini stimullaş­dırırlar. Liderlər bu əsasda siyasi-diplomatik fəaliyyət göstərirlər və ona uyğun liderlik di­namikasına malik olurlar. 

Nəhayət, bütün bu kimi müasir dövrün və liderliyin özəllikləri əsasında liderlərə qəhrə­man–liderlər kimi deyil, milli təhlükəsizlik, xalqın rifah halının yaxşılaşması və insan haqları kimi dəyərlər prizmasında baxırlar. Onların fəaliyyətinə qiymət verirlər. 

Bu cür yanaşmaları Azərbaycan təcrübə­sinə tətbiq etmək mümkündürmü? Və yaxud başqa daha adekvat yanaşmaya ehtiyac var­dırmı? H.Kissincerin vurğuladığı liderlik strategiyalarından hansını Azərbaycan üçün nümunə kimi götürmək olar? Biz, Azərbay­can üçün fərqli yanaşmanın daha adekvat olduğunu düşünürük. Təbii ki, vurğulanan liderlik strategiyalarını təcrübə kimi nəzərə almaq lazımdır. 

Ancaq Azərbaycanda liderlik strategi­yasının nümunəsini Azərbaycanın özündə mövcud olan liderlik təcrübəsi yaratmışdır və onun banisi ulu öndər Heydər Əliyevdir. Həmin nümunə yuxarıda vurğulanan liderlik strategiyaları fonunda çox uğurlu görünür. Ona görə də liderliyin Azərbaycan nümunəsi­nin fəlsəfi və siyasi-nəzəri araşdırılması fərq­li yanaşma tələb edir. Bu prizmada Prezident İlham Əliyevin postmüharibə mərhələsində liderlik strategiyası çox maraqlı və məzmun­lu təsir bağışlayır. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət