Fransızsayağı qudurğanlıq

post-img

Birbaşa mövzuya keçərək bildirək ki, Fransa parlamentinin Fransa – Ermənistan dostluq qrupunun sədri Ann-Laurens Petelin ölkənin baş nazirinə ünvanladığı məktub açıq-aydın anti-Azərbaycan ruhludur. Əslində, xanım Petelin belə mövqe tutması təəccüblü sayılmamalıdır. Çünki bu adam indyədək də “çoxgedişli” sayıqlamalarla gündəmə gəlib. Petelin hökumət rəhbərinə naməsində nələrdən söz açılır? Bu barədə bir qədər sonra. Hələlik isə...

Əvvəlcə bildirək ki, fransız deputat ötən ay da sərsəmləmişdi. O, özünün “X” sosial şəbəkəsindəki hesabında payla­şım edərək, Ermənistan demokratiyasını “Azərbaycanın avtoritarlığından” qoru­maq yönümlü çağırışa imza atmışdı. Bu şəxsin üzərində dayandığı ikinci məsələ isə “Qarabağın erməni mədəni irsinin məhvi” olmuşdu. Sən demə, separat­çı rejimin “milli assambleyası” adlanan oyuncaq qurumun binası erməni mədəni mirası imiş. 

Yeri gəlmişkən, xanım Petel bu ilin martında İrəvana səfəri zamanı demişdi ki, Fransa Ermənistanın müdafiə qabiliy­yətini və suverenliyini gücləndirməlidir. Guya, Paris İrəvanın “təcavüzkar Azər­baycanla” münasibətlərini balanslaşdır­malıdır. Qızışdırıcı mövqe tutan xanım parlamentari, həmçinin artıq mövcud olmayan Qarabağ münaqişəsinin həl­lindən, ölkəsinin mövcud istiqamətdəki fəaliyyətindən və digər məsələlərdən söz açaraq bildirmişdi ki, “Fransa Azər­baycanın Ermənistana qarşı təcavüzünü dayandırmağa, Bakını Qarabağ ermə­nilərinin geri qayıtmaları, onların təhlükə­sizliklərinin və rifah hallarının təminatı üçün müvafiq şərait yaratmağa çağırır”. Petel, eyni zamanda, Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini yada salmış və vurğulamışdı ki, Qarabağ er­mənilərinin geri qayıtma hüquqlarının təminatı, onların təhlükəsizliyi və rifahı naminə çağırış ruhuna malik sənəd Azər­baycanı öz silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmağı tələb edir. Ən əsa­sı isə o, qətnamədə Bakıya sanksiyaların tətbiqi çağırışının yer aldığını qabartmış­dı. 

Bəli, Ann-Lourens Petelin istər Er­mənistanı Azərbaycana qarşı yeni mü­haribəyə sövq edən fikirləri, istər onun erməni mədəni mirası məsələsindəki “təəssübkeşliyi”, istərsə də ölkənin baş nazirinə hazırkı məktubunda yer alanlar Parisin anti-Azərbaycan, ermənipərəst xəttinin tərkib hissəsidir. 

Məktubda ilk olaraq ötən il martın 27-də Fransa Milli Assambleyasının xarici müdaxilənin qarşısının alınmasına yönəl­miş qanun layihəsini birinci oxunuşda qə­bul etdiyi xatırlanıb. Bildirilib ki, Rusiya ilə yanaşı, Azərbaycan da Fransanın sabitli­yini pozan hərəkətlərlə məşğuldur və bu pislənilməlidir.

Petel ölkəmizin ötən ildən başlaya­raq, Fransaya qarşı, guya, geniş yayılmış dezinformasiya və qarayaxma kampani­yası apardığını, bu kampaniyanın bu il Parisdə keçiriləcək Olimpiya oyunlarını boykot motivli olduğunu vurğulayıb. Xa­nım parlamentarinin cəfəng məntiqində­ki ən böyük uydurma isə rəsmi Bakının separatizmi dəstəklədiyini bildirməsidir. O, haqqında söz açdığı dəstəyin Fran­sanın birliyini pozmaq məqsədi daşı­dığını iddia edib: “Ötən ilin yanvarında Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsi açıq şəkildə Korsika, Yeni Kaledoniya və Fransız Polineziya­sının müstəqilliyini dəstəkləyən birmənalı mövqe nümayiş etdirib”.

Petel məktubunda, eyni zamanda, bildirib ki, Azərbaycanın fəaliyyəti də­nizaşırı ərazilərdə, xüsusilə Yeni Kale­doniyanın müstəqilliyi uğrunda hərəkat­ların dəstəklənməsi sahəsində özünü göstərir. “Belə ki, 2023-cü il iyulun 6-da Azərbaycan “Fransız müstəmləkəçiliyi” ilə mübarizə üzrə Bakı Təşəbbüs Qru­punu yaradıb və Kaledoniya, Martinik və Polineziyanın müstəqilliyi tərəfdarlarının iştirakı ilə “dəyirmi masa” təşkil edib”, – yazan deputat Fransa parlamentarilərinin bir qrupunun “indiki fransız müstəmləkə­çiliyini” pisləmək və ölkəmizi ləkələmək üçün Azərbaycanın dəvəti ilə Bakıya səfəri məqsədəuyğun saymalarını “xüsu­silə üzücü” adlandırıb.

Petelin ermənipərəstliyə söykənmiş həyasızlığı bütün məktub boyu özünü göstərməkdədir. Məsələn, o, vurğulayıb ki, Azərbaycan dəfələrlə Ermənistandakı fransız vətəndaşlarına, xüsusən 2021-2023-cü illərdə bu ölkədə səfir olmuş Ann Luyoya, hazırkı səfir Olivye Dekotiniyə, Ermənistandakı Fransız Universitetinin (UFAR) rektoru Salva Nakuziyə, “Veolia Armenia” şirkətinin baş direktoru Marian­na Şahinyana və digər fransız sahibkar­lara qarşı qarayaxma kampaniyaları hə­yata keçirib. Sən demə, Bakı Fransada yerli seçkili hakimiyyət nümayəndələrinə də təzyiqlər edirmiş. Onun fikrincə, ölkə­mizin ötən il aprelin 24-də Valens şəhər meriyasının binasının fasadından keçmiş separatçı “Dağlıq Qarabağ Respublika­sı”nın bayrağının götürülməsi tələbi həd­di aşmaq imiş. Bu həyasızlıq azmış kimi, Petel söhbətin Azərbaycan silahlı qüv­vələrinin hücumu nəticəsində 2023-cü ilin sentyabrında əhalisi qovulan ərazinin bayrağından getdiyini vurğulayıb. Demə­li, bu şəxs üçün beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenlik kimi məsələlər ikinci plandadır. Azərbaycanın separat­çılıqda ittiham edən Petel özü ölkəmizin ərazisindəki separatçılıq yuvasını leqal­laşdırmaq yolunu tutur. 

Fransa parlamentinin Fransa – Er­mənistan dostluq qrupunun sədri ölkənin baş nazirinə ünvanladığı məktubunda Fransadakı azərbaycanlı siyasi şoumen Məhəmməd Mirzəlinin də adını çəkib. Məlum olduğu kimi, bir müddət əvvəl bu şəxsə qarşı sui-qəsdlə bağlı məlumatlar yayılmışdı. Fransa tərəfi məsələni Azər­baycan hakimiyyəti ilə əlaqələndirmək istəmiş və mövcud istiqamətdə təbliğat aparmışdı. Ona görə də Petel həmin məsələni də məktubunun anti-Azərbay­can tezislərinin cərgəsinə qatıb. 

Ümumən, Petelin məktubunda gə­linən nəticə budur ki, Fransa Ermənis­tanı dəstəklədiyi üçün Azərbaycan ona qarşıdır. Özü də “bütövlüyü hər gün təh­lükə altında olan” Ermənistanı. Xanım parlamentari bu fikirdədir. Əlbəttə, belə deyimdə müəyyən həqiqət payı var. O zaman sual olunur: Paris nə üçün İrə­vanı dəstəkləməlidir? Ona görə ki, Azər­baycana qarşı ərazi iddiası irəli sürsün? Qarabağ avantürasını davam etdirsin? Əlbəttə, bu cür yanaşma nümayiş et­dirən Ermənistanın bütövlüyü hər an təhlükədə olmalıdır. Çünki ona layiqli cavab verilmədiyi təqdirdə iştahası güc­lənir. 

Bəs Petel məktubunda bunları nə üçün vurğulayır? Çünki Fransanın Azərbaycana qarşı qətiyyətli tədbirlər görməsini istəyir. Sən demə, ilk tədbir rəsmi Parisin Azərbaycandakı səfiri geri çağırması olmalıdır: “Biz sizi Fransa Respublikasının birliyini şübhə altına alan Azərbaycanın hərəkətlərinə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri gör­məyə çağırırıq”.

Göründüyü kimi, ermənipərəst Petel, obrazlı desək, odun üzərinə benzin tök­məklə məşğuldur. O, onsuz da gərgin olan Fransa – Azərbaycan münasibət­lərinə yeni “ahəng” qazandırmaq niyyəti güdür. Nəzərə alaq ki, xanım deputa­tın Bakıya qarşı “bütün lazımi tədbirlər” məntiqində çox şeylər var. Yəni, Fransa­nın Azərbaycandakı səfirinin geri çağırıl­ması Petelin aysberqinin yalnız görünən tərəfidir. Məktubunda Ermənistanın adı­nı çəkməsi, əslində, həm də subliminal mesajdır. Aydındır ki, Fransa birbaşa Azərbaycanla müharibə edən deyil. Petel Ermənistanı möhkəmləndirib ölkəmizin üzərinə salmaq niyyəti güdür. İstəyir ki, Fransa hökuməti məhz bu istiqamətdə qətiyyətli davransın.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət