Makron yubileyə Rusiyanı da çağırıb

post-img

Fransa liderinin bu dəvətindən Ağ ev bərk qəzəblənib

Fransa prezidenti Emmanuel Makronun diplomatik məntiqlə bir ayara sığmayan hərəkətləri indi də rəsmi Vaşinqtonun əsəblərini tarıma çəkib. Belə görünür ki, Makron okeanın o tayındakı strateji tərəfdaşında qıcıq yaradacaq son addımı ilə eyni vaxtda iki stulda əyləşmək sevdasına düşüb. 

Söhbət İkinci Dünya müharibəsin­də ABŞ və Böyük Britaniya qüvvələrinin Fransanın Normandiya sahillərinə çıx­malarının 80 illiyinə həsr olunan yubiley mərasiminə Rusiya Federasiyasından da rəsmi qonaqların dəvət edilməsindən gedir. Bu isə rəsmi Vaşinqtonda ciddi na­razılıq yaradıb. 

Yetişən yeni diplomatik qalmaqalla bağlı “Politiko” nəşrinə açıqlama verən Ağ ev administrasiyasının rəsmiləri Fran­sa rəhbərinin yubiley tədbirinə Rusiyanı dəvət etməsini anlamadıqlarını bildiriblər. Buna bənzər reaksiya Böyük Britaniya­nın hökumət mənbələrindən də verilib. Olaya münasibətdə ortaq nöqtələrə malik açıqlamalarda hər iki dövlətin üst qatda­kı rəsmiləri Emmanuel Makronun ikbaşlı siyasi oyununa belə şərh veriblər: “Belə görünür ki, Makron özünü Rusiya ilə qar­şıdurmanın fövqündə görür və sülhmə­ramlı tərəf olacağına ümid bəsləyir”. 

Çin lideri Si Cinpinin bu yaxınlar­da Qərbi Avopa ölkələri arasında yal­nız Fransaya səfərə üstünlük verməsi də Vaşinqton və Londonun diqqətindən yayınmayıb və onlarda ciddi suallar ya­radıb. Mövzu ilə bağlı XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Makron İkinci dünya müharibəsində Qərb cəbhəsinin açılmasının ildönümü tədbirlərinə Rusiya nümayəndə heyətini dəvət etməyə də bilərdi: “Əslində, Rusi­yanın bu tədbirə birbaşa aidiyyəti yoxdur. Bu hərəkətin özü göstərir ki, Emmanuel Makron ikibaşlı oyun oynayır”.

Politoloqun fikrincə, ABŞ və Avropa İtifaqına üzv digər ölkələr Fransa polisi­nin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Emmanuel Makronun Çin və Rusiyaya yönəlik siyasətindən na­rahat olduqlarını gizlətməyiblər: “Deməli, Emmanuel Makron bir tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə çağırır, Ukraynaya xüsusi qoşun növünü göndər­məyə hazır olduğunu bəyan edir, o biri tərəfdən isə Moskva və Pekinlə münasi­bətlərini davam etdirir”. 

Oxuculara xatırladaq ki, İkinci dünya müharibəsində SSRİ faşist Almaniyası ilə vuruşurdu. 1944-cü il iyunun 6-da ABŞ və İngiltərə müttəfiqlər kimi ona yardım əlaməti olaraq, Hitlerə qarşı Normandiya sahillərinə birləşmiş qoşunlarını yeritmiş­dilər. 

İ.HƏSƏNQALA
XQ



Siyasət