Ermənistana 270 milyon avroluq tələ

post-img

Armİnfonun əməkdaşı Aleksandr Avanesovun fikrincə, Avropa İttifaqı nü­mayəndələrinin mayın 17-də Ermənistan rəsmiləri ilə görüşündə xatırladılan razılaşmanın məqsədi iqtisadiyyatın şaxələndirilməsi, orta və kiçik sahibkarlı­ğın inkişafı və digər bu kimi məsələlərin həllinə kömək etməkdir. Amma biz bu qəbildən olan “məqsədləri” son otuz ildə dostlarımız olan Gürcüstan, Ukrayna və Moldovanın timsalında çox görmüşük. Nəticələr isə göz qabağındadır. Həmin ölkələrin iqtisadiyyatı nəinki inkişaf edə bilmədi, hətta, on illər davam edəcək problemlərlə üz-üzə qaldı. 

Söhbət Avrokomissiyanın vitse-prezi­denti, Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Valdis Dombrvskisin Er­mənistan baş nazirinin müavinləri Mqer Qriqoryan və Tiqran Xaçatryanla görüşdə verdiyi vədlərdən gedir. Baş nazirin mət­buat xidməti bildirib ki, görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Yəni avropalılar Ermə­nistanı əyri yola çəkmək üçün səfərbər olunublar. 

Bildirilir ki, görüşdə Avropa Komissi­yasının iqtisadi və investisiya planı çər­çivəsində hazırlanmış proqramın icra vəziyyəti müzakirə edilib. Ermənistan rəhbərləri Avropa maliyyə strukturlarının bu ölkədəki fəaliyyətinə çox böyük önəm verdiklərini deyiblər. Çünki sonra nələrin baş verəcəyini hələ bilmirlər. 

Ən qəribəsi budur ki, tərəflər Ermə­nistanın böyük regional infrastruktur la­yihələrində iştirakının vacibliyini vurğu­layıblar. Ancaq həmin layihələrin nədən ibarət olduğunu avropalılar da bilmirlər, ermənilər də. Çünki Ermənistanın miflərə əsasən düşünən rəhbərləri bu respubli­kanın regionun bütün ölkələri ilə münasi­bətlərini sıfıra endiriblər. 

Ermənistan rəsmiləri Avropadan gələnlərə İrəvanın “Sülh kəsişməsi” adlı iqtisadi layihəsini növbəti dəfə təqdim et­sələr də, söhbətin hansı sülhdən getdiyi­ni deyə bilməyiblər. Guya, həmin layihə – nəqliyyat –logistika yollarının kəsişmə­si regionda möhkəm sülhə və sabitliyə gətirib çıxaracaq. Fikrimizcə, onlar hə­min məqsədi avropalılara deməsəydilər, daha yaxşı olardı. Çünki Avropa bu regi­onda sülhün və sabitliyin yaradılmasını birmənalı olaraq istəmir. 

Ancaq deməyə də bilmirlər. Çünki Ermənistan rəhbərliyi bu il aprelin 5 -də Brüsseldə imzalanmış razılığa əsasən növbəti dörd ildə İrəvana ayrılacaq 270 milyon avroluq qrant vəsaitini hədsiz dərəcədə səbirsizliklə gözləyir. Maraqlıdır ki, erməni siyasətçiləri ABŞ və Qərb döv­lətlərinin qrant siyasətindən “bəhrələnən” ölkələrin acı taleyindən nəticə çıxarmaq istəmirlər. Hər halda, işğalçı qonşumuz hələ ki “tələyə qoyulmuş” 270 milyon av­roluq “pendir”in neçə yüz milyon “dram” olduğunu hesablamaqla məşğuldur. An­caq sonrakı dramı, daha doğrusu, faciəni hələ təsəvvür edə bilmirlər. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət