Azərbaycan–İran: yüksək səmimiyyətdən sonra ... üzücü yaşantı

post-img

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopterinin qəza­ya uğraması və hadisə nəticəsində dövlət başçısı ilə bərabər digər yüksək ranqlı nümayəndələrin həlak olması böyük faciədir. Faciənin Azərbaycan və İran prezi­dentlərinin dövlət sərhədində görüşmələrindən, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimi kimi əlamətdar hadisədən sonra yaşanması xüsusilə üzücüdür. 

Olayla bağlı müxtəlif şayiə və fər­ziyələr var. Bunları, müəyyən mənada, təbii saymaq mümkündür. Çünki bir ölkə rəhbərini, habelə ali səviyyəli şəxsləri daşıyan helikopterin qəzaya uğraması adi məsələ sayıla bilməz. Yəni, istənilən halda konsprioloji baxışlar gündəmə gələ bilər və gəlir də. Əlbəttə, onların üzərində dayanmaq düzgün deyil. Rəsmi versiyanı əsas götürək. Yəni, qəza texniki amillərlə bağlıdır. 

Məlum olduğu kimi, Azərbaycan Pre­zidenti İlham Əliyev helikopterin İranda qəzaya uğraması ilə bağlı X sosial şə­bəkəsindəki rəsmi səhifəsində paylaşım etdi. Bu, olaya rəsmi səviyyədə ilk reaksi­ya idi: “Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkil­də narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.

***

Qeyd edək ki, Azərbaycan və İran prezidentləri “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hid­roqovşağının açılış mərasimində kifayət qədər səmimi fikirlər səsləndirmələri ilə yadda qalmışdılar. Məsələn, ölkəmizin lideri bildirmişdi: “Hörmətli cənab Pre­zident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran - Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edə­cəyimiz layihə həm texniki nöqteyi-nəzər­dən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru, təbii ki, dostla­rımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsa­lar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlik­də olacağıq. İran – Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım ola­caq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır”.

İran Prezidenti də mərasimdə səmimi fikirlər səsləndirmişdi. Elə fikirlər ki, on­lara əsasən İranla Azərbaycan arasında son illərdə yaşanmış müəyyən soyuqlu­ğun tam aradan qalxdığını, münasibətlə­rin ən yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu söyləmək mümkün idi: “Al­lahın adı ilə. Cənab Prezident, çox xoş­bəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazır­da biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalq­larımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Azərbaycan Prezidentinin “Belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıra­caq” fikri ilə İbrahim Rəisinin “Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqla­rımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik” fikri bir-birini tamamlayır. Bunadək isə dövlət başçılarının səmimi notlarla zəngin söhbəti olmuşdu. Hesab edirik ki, bu cür isti mesajların səslənmə­si də indiyədək keçilməmiş yoldur. Hər iki Prezidentin dilə gətirdiyi fikirlər son dərə­cə təsirli idi. 

Prezident Seyid İbrahim Rəisi: “Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qon­şuluq bağlılığı deyil, aramızda qəlb bağlı­lığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək”.

Prezident İlham Əliyev: “Biz ta qə­dimdən gələn ulu əcdadlarımızın arzula­rını indi həyata keçiririk. Əminəm ki, bun­dan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq”.

Növbəti məqam. Prezident Rəisi Kə­lalə-Ağbənd yoluna baxış keçirdiyini, ora­da işlərin çox gözəl şəkildə həyata keçiril­diyini bildirdi və əlavə etdi ki, Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nə­ticələri bu su bəndi və eyni zamanda, o körpü və yoldur. Dövlətimizin başçısı da Ağbənd istiqamətində inşa edilən kör­pünü həm növbəti nəqliyyat bağlantısı, eyni zamanda, növbəti dostluq rəmzi kimi dəyərləndirdi. Cənab İlham Əliyev Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir is­tiqamətini də Ağbənd istiqamətindən sa­lındığını diqqətə çatdırdı.

Yazının bu yerində yaxın keçmişdə yaşananlara diqqət yetirək. Azərbay­can Prezidenti bu il yanvarın 10-da yer­li televiziya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi” xüsusunda ölkəmizin mövqeyini diqqətə çatdırmış və Naxçıva­na quru yolunun əhəmiyyəti barədə söz açarkən bildirmişdi: “Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Nax­çıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlanmışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başla­yacağıq”.

Diqqət yetirək, Azərbaycan və İran prezidentləri mayın 19-da məhz Ağbənd istiqamətində görülmüş işlərin əhəmiy­yətini vurğulamışdılar. Dövlətimizin baş­çısı isə haqqında söz açdığımız müsa­hibəsində, həmçinin Naxçıvana gedən yolun İran ərazisindən keçməsinə qarşı beynəlxalq müqavimətin mövcudluğun­dan söz açmışdı. O vurğulamışdı ki, Tehranla razılaşma Ermənistanı yenə dalan olaraq saxlayacaq: “Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta, bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi itti­ham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisin­dən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varian­ta ehtiyac qalmayacaq. Yoxsa bu da an­laşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissə­sinə etiraz edilir?.. Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gə­tirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda As­taraçay üzərində körpünün açılışı olmuş­dur. Nə üçün? Çünki Şimal-Cənub dəhli­zində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusi­ya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir”.

Heç bir əlavə şərh vermədən yazı­mızı elə bu yerdə də tamamlayıb Uca Tanrıdan Prezident Seyid İbrahim Rəisi başda olmaqla, helikopter qəzasında həyatını itirən İranın yüksək səviyyə­li nümayəndə heyətinin hər bir üzvünə rəhmət diləyirik. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət