Texnologiyalar, sosial media sürətlə inkişaf edir. Fərqli din, dil, irq və mədəniyyətlərə sahib olan insanlar medianın yaratdığı virtual məkanlarda bir araya gəlirlər.
Bu sözləri İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət departamentinin rəhbəri Luçin Razoui VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda plenar sessiyada deyib.
O qeyd edib ki, sosial media platformalarında kütlələrin ziddiyyətli və bənzər fikirlər paylaşması bəzən təhlükəli vəziyyət yarada bilər. “Müəyyən bir kütlə öz fikirlərinin digərlərindən daha dəyərli və düzgün olduğunu düşünür. Bu isə olduqca təhlükəli anlayışdır. Sosial medianın əsas məqsədi mədəniyyətlər və düşüncələr arasında çaxnaşma yaratmaq deyil. Burada məqsəd hər kəsin öz düşüncəsini, ideyasını açıq şəkildə qeyd edə bildiyi platforma yaratmaq idi. Artıq fərqli mövqe bildirmək digər insanları təəccübləndirir. Çünki qütbləşmiş baxış yaranıb, insanlar qarşılıqlı ünsiyyət qurmağı unudub. Bu vəziyyət hətta mənfi və yanlış fikirlərin təbliğinə gətirib çıxarır”, - deyə o əlavə edib.
Sosial medianın müsbət tərəflərindən də danışıb Luçin Razoui qeyd edib: “Biz mənfilərdən danışa bilərik, ancaq sosial medianın, həmçinin həyatımızı asanlaşdırdığını unutmaq olmaz. Biz bütün məlumatları asanlıqla əldə edə, yeni ideyalarımızı burada nümayiş etdirə bilirik. Sosial media insanların intellektual potensialını artırıb. İnsanlar öz mədəni təcrübələrini, ənənələrini paylaşırlar. Sosial media həm də fərqli mədəniyyətlərlə tanışlıq, mədəniyyətlərarası dialoqun formalaşmasına xidmət edir. Media platformaları insanların öz tələblərini açıq şəkildə ifadə etmələrinə kömək göstərir.
Düşünürəm ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sosial mediada yaranan mənfi halların aradan qaldırılmasına öz töhfəsini verəcək. Eyni zamanda, qonaqpərvərliyə, dünyada yaranan problemlərin həlli istiqamətində gördüyü tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.