Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

post-img

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdə səfərdə olan Əlcəzairin Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzair arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Görüşdə münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, xüsusilə, Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Əlcəzairə səfərinin dost ölkələrimiz arasında münasibətlərin inkişafında tarixi mərhələ olduğu vurğulanıb.

Söhbət zamanı, Azərbaycanla Əlcəzair arasında iqtisadi, mədəni, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

S.Qafarova münasibətlərin dərinləşməsində parlamentlərin xüsusi rolunu qeyd edərək, deyib ki, iki ölkənin qanunverici orqanları arasında da yaxşı əlaqələr var. Vurğulanıb ki, ölkələrimiz arasında beynəlxalq səviyyədə qarşılıqlı dəstək mövcuddur. Parlament üzvlərimiz də bir çox beynəlxalq təşkilatlarda birgə işləyirlər. Əlcəzairin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakı yüksək qiymətləndirilib.

Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset cari ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdıraraq, dövlət başçımızın bu qələbəsini onun xalqımız qarşısındakı misilsiz xidmətlərinə verilən qiymət kimi dəyərləndirib. O, həmçinin Azərbaycanı özünün ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibətilə də təbriklərini çatdırıb.

Qarbi Abdelbaset ölkələrimiz arasında münasibətlərin, o cümlədən Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu sahədə əlaqələr ikitərəfli münasibətlərin inkişafı üçün də imkan yaradıb.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin, parlament komitələri, o cümlədən, dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı, həmçinin bu il COP29-un ölkəmizdə keçirilməsinin önəmi vurğulanaraq, bu qərarın Azərbaycana böyük etimadın təzahürü olduğu ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Siyasət