(fəlsəfi-politoloji təhlil)
II MƏQALƏ
Güclü lider kimdir?
Əgər bu suala fəlsəfi və politoloji kontekstdə cavab axtarsaq, çoxlu sayda yanaşmaları və tərifləri nəzərə almalıyıq. Tədqiqatçılar liderliyi araşdırarkən məsələnin bu tərəfini mütləq qeyd edirlər. XX əsrin tanınmış politoloqlarından olan fransız Jan Blondel xüsusi vurğulayırdı ki, liderlik haqqında çox sayda araşdırma aparılsa da, yekdil mövqe formalaşmamışdır.
Liderliyə aid müxtəlif politoloji (irsilik, situasion, transformasiya, dəyərlər təlimləri və digərləri) və fəlsəfi (sosial-fəlsəfi, kulturoloji, korss-kültür, sinergetik və s.) yanaşmaların fonunda belə bir sıra filosofların fikrincə, “liderliyin fəlsəfəsi hələ formalaşmamışdır” (ingilis filosoflar: P.Kas, R.Frenç, P.Simpson). Bu fenomenin siyasi-nəzəri dərki də intensiv inkişaf etməklə yanaşı, bir-birindən hətta ifrat dərəcədə fərqlənən mövqeləri və nəticələri özündə ehtiva edir. Məsələn, burada “liderin püşkatma üsulu ilə seçilməsi”ndən tutmuş, ümumiyyətlə, lidersizliyə və ya superliderliyə qədər fərqli dəyərləndirmələrə rast gəlinir.
Bir qəzet məqaləsində liderliyin fəlsəfi və siyasi-nəzəri özəlliklərini vurğulamaqda məqsədimiz nədən ibarətdir? Məqsəd liderliyin və lider olmanın fəlsəfi və ya politoloji dərkinin müasir mərhələdə heç də asan olmadığını və çox fərqli baxışların mövcudluğunu vurğulamaqdan ibarətdir.
I məqalədə qeyd etdiyimiz “güclü lider” anlayışı ilə bağlı Qərb politoloji fikrində mövcud olan qeyri-müəyyənlik də bununla bağlıdır. Buradan vacib bir politoloji sual çıxır: Bütövlükdə, güclü lider və liderin gücü anlayışlarını hansı meyarlarla müəyyən etmək olar? Belə görünür ki, hər bir konkret situasiyada, coğrafiyada, tarixi-siyasi təcrübədə çox sayda faktorları nəzərə almaqla liderin gücü və güclü lider haqqında fikir yürütmək daha doğru olar! Bu məsələni də iki səviyyədə nəzərdən keçirmək mümkündür. Birinci, güclü lider və liderin gücü anlayışlarının qlobal miqyasda əlamətlərinin təhlili ilə bağlı olan miqyasdır. İkinci, konkret regiona və ölkə miqyasında həmin anlayışların kəsb etdikləri məzmunla əlaqəlidir.
Çağdaş güclü lider
Liderin güclü olub-olmaması liderlik haqqında konkret fəlsəfi və politoloji yanaşma çərçivəsində fərqli meyarlarla müəyyən edilir. Burada məsələyə beş aspektdə baxırlar: liderin şəxsi keyfiyyətləri, lider-tərəfdarları (ərtaf mühit), lider-cəmiyyət, lider-regional miqyas, lider– qlobal miqyas. Bu yanaşmaları iki daha ümumi mövqedə təsnif etmək olar: liderin şəxsi keyfiyyətləri və lider-ətraf mühit qarşılıqlı əlaqələri.
Deməli, liderlikdə şəxsi keyfiyyətlərlə liderin ətraf mühitlə münasibətlərinin qarşılıqlı əlaqəsində onun güclü və ya zəif olduğu nəticəsini çıxarmaq olar. Burada əsas məsələ şəxsi keyfiyyətlər kimi hansı konkret əlamətlərin seçilməsi və “ətraf mühit” anlayışına nələrin daxil edilməsi önəm daşıyır.
Şəxsi keyfiyyətlər kimi sayca 5-dən tutmuş 72-dək (Stoqdill) və daha çox keyfiyyətlər seçilə bilər. “Ətraf mühit” isə lider-tərəfdarları, lider-partiya, lider-sosial şəbəkələr, lider-KİV, lider-cəmiyyət, lider-regional mühit, lider-qlobal mühit kimi çox sayda münasibətlər miqyasını özündə birləşdirə bilər. Buna görə də məsələni bir qədər də konkretləşdirərək liderlik fəaliyyətinin reallaşma üsulu və alınan nəticələrə görə liderin xarakteristikası məsələsinə keçmək olar.
Beləliklə, güclü lider onun fəaliyyət üsulları, realllaşma mexanizmləri ilə bunun nəticəsində alınan faktların müqayisəsində müəyyən oluna bilər. Bu zaman güclü lideri liderin gücü motivə etmiş olur. Eyni zamanda, burada müasir mərhələnin geosiyasi özəlliyi mütləq nəzərə alınmalıdır.
Məsələ ondan ibarətdir ki, hazırda qlobal və regional miqyaslarda geosiyasi turbulentlik üstünlük təşkil edir. Bu, proseslərin həm sürətlə dəyişməsini, həm qeyri-müəyyənliyi, həm də riskləri özündə ehtiva edir. Bunların fonunda dünyanın geosiyasi mənzərəsi kifayət qədər mürəkkəb və dolaşıq təsiri bağışlayır ki, ümumi miqyasda onları nəzəri ifadə etmək çox çətin olur. Bir sıra siyasi liderlər belə vəziyyəti “idarəolunan xaos” adlandırırlar.
Bu reallıqlar, bütövlükdə, güclü lider və liderin gücü anlayışlarına bir qədər də konkret səviyyədə – regional və ölkənin keçdiyi tarixi-siyasi yol kontekstində baxmağın daha adekvat olduğunu göstərir.
Məsələnin bu tərəfinin nəzəri aspektini bir kənara qoyaraq mövcud olan iki yanaşmanı vurğulayaq. Birinci, liderin aldığı nəticələrə görə onu xarakterizə etmək oalr ki, bu zaman onun hansı üsullardan istifadə etdiyi önəmli deyil. İkinci, liderin aldığı nəticələrə onun fəaliyyət üsulu kontekstində (əsas olaraq liderlik etdiyi ölkənin ənənəsi ilə bağlı şəkildə), regional və qlobal miqyasda müəyyən olunan pozitivlik kriteriyaları prizmasında baxmaq lazımdır.
Təcrübə göstərir ki, liderin aldığı nəticələri onun fəaliyyətdə üstünlük verdiyi dəyərlərdən kənarda qiymətləndirilməsi perspektivli deyildir və dolaşıqlıq yaradır. Məsələn, bir dövlətin başçısı digər dövlətə qarşı müharibə elan edir və hərbi uğur qazanır. Lakin çox keçmir ki, bu uğurun real liderlik uğuru olmadığı aydınlaşır. Deyək ki, ABŞ-ın İraq savaşı, Fransanın Afrikada apardığı əməliyyatlarda olduğu kimi (bunun sayəsində Fransa bir neçə ölkəni müstəmləkə etmişdir) və ya SSRİ-nin Əfqanıstan savaşı kimi. Hərb meydanında əldə edilən uğurlar və ya sanksiyalarda gəlinən qənaətlər özlüyündə liderin güclü olmasına dəlalət etmir.
Maraqlıdır ki, liderin malik olduğu psixoloji, iradi, mənəvi keyfiyyətlər də burada həlledici faktor rolunu oynaya bilmir. Məsələn, A.Hitler güclü iradəyə və psixologiyaya malik idi, ancaq onu pozitiv anlamda güclü lider kimi politologiyada qəbul etmirlər. Lakin Mahatma Qandinin mənəvi-əxlaqi, psixoloji, iradi keyfiyyətləri onun güclü lider kimi xarakteristikasında əsas yeri tutur. Və ya U.Çörçill, Ş.de Qoll güclü liderlər olaraq qəbul edilirlər.
Deməli, liderin güclü olmasını təsbit edən, regional və qlobal miqyaslarda təsiri olan başqa kriteriyalara ehtiyac vardır.
Güclü liderliyin Azərbaycan örnəyi
Son 300 ilin tarixi təcrübəsi göstərirdi ki, XX əsrdə Azərbaycanda güclü liderliyin fəlsəfəsi yeniləşməlidir. Türk liderlər, adətən, hünərli, ədalətli, müdrik və uzaqgörən olmuşlar. Onlar mənəvi-əxlaqi dəyərlərə də yüksək qiymət vermişlər. Xüsusilə, ədalət və hüquqi normalarla milli toplumsal özünütəşkil fəlsəfəsi bir-birini tamamlamışdır. Lakin XVII–XX əsr dövlətçilik və liderlik təcrübəsi göstərdi ki, bunlar yetərli deyildir. Bundan başqa, dövlət üsul-idarəsinin modeli də çox önəm kəsb edir.
İmperiya kimi Azərbaycan strateji uğurlu ola bilmədi – o, Osmanlı və Rusiya imperiyaları ilə uzun müddət davam edən savaşda daha çox itirdi. Xüsusilə, eyni mədəniyyətə və topluma malik olduqları Osmanlı ilə münasibətlər müstəqil dövlət olmağa xidmət etmədi. Rusiya ilə savaşlar da çoxlu itkilərlə müşayiət olundu. Nəticədə, öncə Azərbaycan ikiyə parçalandı, bir hissəsi Rusiya imperiyasına daxil edildi ki, bununla müstəqil dövlətçiliyə fasilə verildi.
Daha faciəvisi ondan ibarət idi ki, birincisi, bir zamanlar milyon kvadratkilometrlərlə ölçülən ərazilərimiz əlimizdən çıxdı, ikincisi, geridə qalan ərazi də xanlıqlara parçalandı və onun xalq arasında çox pis mənfi psixoloji təsiri oldu: azərbaycanlılar bir-birinə qarşı qəzəbli oldular. Bir xanlıqda yaşayanlar digər xanlıqda yaşayanları sanki qəbul etmədilər. Dərinə getməyək, təəssüf ki, bütün bunlar Azərbaycan cəmiyyətinin bütöv sosial-psixoloji, ünsiyyət və mədəni mühitinə ciddi zərbələr vurdu. Faktiki olaraq, ölkənin cənubu bir, şimalı isə başqa sosial, siyasi, idarəetmə və mədəni mühitə düşdü. Çox təəssüf!
Bununla yanaşı, Azərbaycanın Şimal hissəsi dövlətçiliyi bərpa etmək baxımından daha fəal mövqe tutmuşdu. Burada Rusiya vasitəsilə Avropa mədəniyyəti və dövlətçilik ideyalarının respublikaya gəlməsi öz rolunu oynadı. Ayrıca, Rusiya mühiti daha dinamik və yeniliyə açıq olduğundan azərbaycanlılar daha çevik dövlətçilik təfəkkürlərini müasirliyə uyğunlaşdıra bildilər. Bunun əlaməti XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması oldu. Həmin məqamdan da Azərbaycan üçün real güclü lider anlayışının yeniləşməsi zərurəti bir daha özünü göstərdi.
Məsələ ondan ibarətdir ki, ADR-in ömrü heç iki il də çəkmədi, qısa müddətdə süquta uğradıldı. Lakin ADR-i quranların adları Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Onlarla həmişə fəxr edir, qürur duyuruq. Lakin müstəqil dövlət kimi, Azərbaycanın qısa müddətdə mövcud ola bilməsinin səbəbləri üzərində də dərin və obyektiv düşünməliyik. “Nə üçün belə oldu?” sualına müasir fəlsəfi və politoloji təlimlər işığında baxıb, nəticələr çıxarmalıyıq.
Bütün bunları bizə ulu öndər Heydər Əliyev öyrətmişdir! Həmişə məsələni yuxarıda vurğuladığımız aspektdə qoyardı. Ən əsası isə konkret fəaliyyəti ilə “Azərbaycan necə əbədi müstəqil dövlət ola bilər?” sualına cavab verərdi! Heydər Əliyev XX əsrdə Azərbaycanda “güclü lider” anlayışına konseptual və praktiki-feili yeni məzmun verən böyük şəxsiyyət–lider idi! Bu dahi siyasi xadimin müəyyən etdiyi liderlik meyarları XXI əsr üçün də aktualdır və ayrıca Azərbaycanda güclü liderliyin nəzəri və praktiki məzmununu müəyyən edir. Heydər Əliyevin güclü liderliyi yalnız uğura yönəlmiş liderlik nümunəsidir. İstənilən situasiyada Heydər Əliyev liderliyi qalib olmağı nəzərdə tutur və bunun üçün çox sayda faktorların qarşılıqlı əlaqəsini nəzərə alır. Onların üzərində geniş dayanmaq lazımdır.
Müstəqillik mərhələsində Azərbaycanda güclü lider olmaq mürəkkəb məsələdir. Çünki keçən əsrin 90-cı illərinə Azərbaycan bir çox aspektlərdə çətin problemlərlə qədəm qoymuşdu. Burada sosial, siyasi, iqtisadi, hərbi, psixoloji, mənəvi-əxlaqi, ideoloji və geosiyasi böhran hökm sürürdü. Havadarlarının ciddi dəstəyi və təhriki ilə Ermənistan ölkənin ərazi bütövlüyünü pozmuşdu və dayanmaq bilmirdi. Qonşu dövlətlərin, xüsusilə Rusiya və İranın Azərbaycana münasibəti də əsasən qərəzli və ədalətsiz idi. Qərb dövlətləri isə ikili standart siyasəti ilə Azərbaycanda dövlətçiliyi ciddi təhlükəyə atırdılar. Türkiyə kifayət qədər dəstək verə bilmirdi.
Bunların fonunda Azərbaycan bir ölkə və dövlət kimi mövcud olmaq uğrunda həlledici savaşa hazırlaşmalı idi. Bunun üçün güclü lider lazım idi. Çünki cəmiyyət və dövlət olaraq Azərbaycanın belə ağır vəziyyətdən çıxa bilməsi mümkünsüz görünürdü. Bütün vəziyyəti kökündən ölkənin və xalqın xeyrinə dəyişə biləcək liderlik nümunəsi bir zərurətə çevrilmişdi.
Tarixi təcrübəyə əsasən müasir mərhələdə Azərbaycanda güclü liderlik nümunəsi həm öncəki mərhələlərdən, həm də hazırda dünyada mövcud olan modellərdən fərqlənməli idi. Çünki burada xilaskarlıqla quruculuğu özünəməxsus sintez etməyə ehtiyac vardı. Onları bir-biri ilə sıx əlaqədə və eksklüziv olaraq reallaşdırmaq lazım idi. Bunun üçün isə fərqli kriteriyalarla fəaliyyət göstərməyə ehtiyac vardı.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

