Aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan ilə Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfələrə görə M. Çavuşoğluna təşəkkür edib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin regional sülh və inteqrasiya səylərinə, habelə kövrək normallaşma prosesinə təhdid törədən birtərəfli mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
M.Çavuşoğlu bundan əvvəl Türkiyənin xarici işlər naziri qismində fəaliyyəti dövründə olduğu kimi, hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən təhdidlərlə bağlı Azərbaycanın haqlı mövqeyinin və narahatlıqlarının öz növbəsində Türkiyə tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.
XQ

