“Sərhədsiz Reportyorlar” Fransa Xarici İşlər Nazirliyinin ruporuna çevrilib

post-img

“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) “qrant qaçaqmalçılığı” üzrə təhqiqata cəlb edilmiş Azərbaycan jurnalistləri mövzusuna dönüş edib. Martın 29-da təşkilatın yeni bəyanatı açıqlanıb. Bu bəyanat aprelin 2-də milli və trans-sərhəd KİV-də dərc edilib. 

RSF jurnalistika üzrə ixtisaslaş­mış beynəlxalq təşkilatdır. Bu baxım­dan qurum tərəfindən hazırlanmış 29 mart bəyanatına normal yanaşa bilərdik. Düşünmək olardı ki, təşkilat jurnalistlərin istintaq prosesinə cəlb edilmələrindən narahatlıq keçirib. İstintaqın şəffaf keçirilməsi, jurna­listlərin prosesdən zərərsiz çıxması işinə töhfə vermək istəyib. Amma bəyanatdakı bəzi məqamlar RSF-nin səmimiyyətini şübhə altına alır. Aydın şəkildə görünür ki, təşkilat təhqiqata cəlb edilmiş jurnalistlərin müdafiəsin­dən daha çox, Azərbaycanı tənqid obyektinə çevirib. 

Bəyanatda qeyd edilir ki, “Sər­hədsiz Reportyorlar” Toplum TV-nin beş nəfər əməkdaşının qondarma “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilməsini pisləyir”. İş ondadır ki, “Toplum TV” işi üzrə istintaq pro­sesi martın 29-da deyil, 6-da baş­lanıb. RSF də ötən 23 gün ərzində bu mövzu üzrə 2 dəfə bəyənat verib. Sual yaranır ki, təşkilat eyni bəyəna­tı martın 29-da 3-cü dəfə təkrarən yaymaqda nə məqsəd güdür? Bu məqamda qeyd edək ki, “Sərhədsiz Reportyorlar”ın tarixində eyni mövzu üzrə qısa zaman kəsiyində təkrarən 3 dəfə bəyanat vermək təcrübəsi yoxdur. Bu praktikanı Azərbaycan­dan başqa heç bir ölkə üzrə tətbiq etməyib. 

Yaxud, heç bir ölkə üzrə verilən bəyanatda faktlar bu qədər saxtalaş­dırılmayıb. Diqqət yetirsək görərik ki, RSF “Toplum TV” işi üzrə bəyanatın­da faktları bilərəkdən saxtalaşdırır. TV əməkdaşlarının “qarant qaçaq­malçılığı” işi üzrə istintaqa cəlb edil­mələrini onların həbsi kimi qələmə verir. Hansı ki, istintaqın gedişində həbs deyil, fərqli qərarların verilmə­si də mümkündür. Məsələn, eyni proses üzrə istintaqa cəlb edilmiş jurnalist Şahin Rzayevin günahsız­lığı məhz istintaqın özü tərəfindən müəyyən edilib, jurnalist bir sutka sonra sərbəst buraxılıb. Mümkündür ki, istintaq digər şəxslər barədə də buna bənzər qərarlar versin. 

RSF digər ölkələrdə analoji hallar üzrə bəyanatlar yayanda fərqli dav­ranır. Adətən, istintaqın şəffaf keçi­rilməsini tələb edir. İstintaqın ədalətli qərar çıxarmasına çağırış edir. Azər­baycana yanaşmada isə ifrat mövqe göstərir. İstintaqın yekunlaşmasını gözləmir. Azərbaycan hüquq-müha­fizə orqanlarının işinə şübhə ilə ya­naşır. Beynəlxalq ictimai rəydə fikir formalaşdırır ki, guya, Azərbaycanda jurnalistlər “heç bir səbəb olmadan” təqibə məruz qalırlar.

“Sərhədsiz Reportyorlar” nə üçün tendensiyalı davranır, Azərbaycan adına qara yaxmağa səy göstərir? Cavab budur ki, "Sərhədsiz Report­yorlar"ın mərkəzi ofisi Paris şəhə­rində yerləşir. Müstəqil hərəkət edən beynəlxalq təşkilat adlandırılsa da, öz fəaliyyətini Fransanın maraqları üzərində qurur, tendensiyalı davra­nır. Fransa xarici siyasətinin, prezi­dent Emmanuel Makronun Azərbay­cana yanaşması hansı tərzdədirsə, "Sərhədsiz Reportyorlar"ın yanaş­ması da eynidir. "Sərhədsiz Report­yorlar" Parisin siyasi ambisiyalarının ruporudur. 

Digər tərəfdən, Fransada fəaliy­yət göstərən güclü erməni diaspo­rundan yardım alır. Bu mənada erməni diasporunun maraqlarını nəzərə alır. Türkiyəyə, Azərbaycana qarşı daimi olaraq düşmən münasi­bət sərgiləyir. Türk Dövlətlər Təşkila­tına qoşulandan sonra Macarıstanı da hədəfə çevirib. Macarıstanın da adını qeyri-demokratik ölkələrin sıra­sında yerləşdirib. "Sərhədsiz Report­yorlar" Fransada, Ermənistanda və maraq dairələrində olan digər ölkələ­də qeyri-demokratik proseslərə göz yumur. Fransanın hədəfində olan ölkələrdə isə insidentləri zərrəbbinlə axtarır, olmayan faktları da uydurub siyahıya salır. Belə nəticə çıxır ki, onun davası demokratiya, söz-ifadə azadlığı, insan haqları deyil. RSF-nin fərqli maraqları, fərqli prinsip­ləri var. Əgər belə olmasaydı, min kilometrlərlə uzaqda yerləşən Azər­baycan üzərində çalışmaqdansa, öz ofislərindən yüz metr aralıda baş verən insidentləri diqqətlə araşdırar­dı. Onların Parisdə göz yumduqları yüzlərlə problem var.

"Sərhədsiz Reportyorlar" Qərb­dən yönləndirilən “şər şəbəkəsinin” üzvüdür. Azərbaycana qarşı təbliğat aparanlar sırasında öndə gedir. Yuxarıda qeyd etdik ki, öz hesabatla­rında həmişə ölkəmizə qarşı neqativ, qeyri-obyektiv münasibət göstərib. Fransanın xarici siyasət kursuna uy­ğun olaraq, Ermənistanı demokratik ölkə, Azərbaycanı isə qeyri-demok­ratik ölkə qismində göstərmək üçün bütün vasitələrə əl atıb. Son günlərdə neqativ yüklü bəyanatı 3 dəfə təkrarən yaymasının səbəbləri də bu qəbil­dəndir. 

Diqqət yetirsək, görərik ki, Fran­sanın dövlət başçısı Emmanuel Makron və ölkənin Xarici İşlər Na­zirliyi II Qarabağ savaşından sonra Azərbaycana qarşı sistemli təbliğat aparırlar. Son günlərdə bu təbliğat daha da intensivləşib. İki gün öncə Fransa XİN-in Avropa və Afrika Məsələləri Departamentinin rəhbəri Stefane Sejourne ABŞ Dövlət De­partamentinin rəhbəri Antoni Blin­kenlə keçirdiyi birgə mətbuat kon­fransında Azərbaycana qarşı açıq dezinformasiyalar yayıb. İddia edib ki, guya, Azərbaycan Ordusu hər­bi eskalasiyanı artırır, Ermənistan torpaqlarını işğal etməyə çalışır. Bu bəyanat Ermənistanın hərbi təxri­batçı əməllərini ört-basdır etməyə, onun məzlum obrazını yaratmağa, Azərbaycanın adını təcavüzkar kimi qələmə verməyə istiqamətlənib. “Sərhədsiz Reportyorlar” da Fransa XİN-lə sinxron hərəkət edir. Fransa XİN təmsilçisi Stefane Sejournenin bəyanatı ilə RSF-nin bəyanatının üst-üstə düşməsini başqa cür izah etmək qeyri-mümkündür. 

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti



Siyasət