Bu gün Brüsseldə ABŞ–Avropa İttifaqı alyansı Cənubi Qafqazda Ermənistan üzərindən “böyük oyun”a start verməyi planlaşdırır
Bu gün Belçika paytaxtında bir araya gələcək ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın kiber–dialoq formatını təsis edəcəkləri gözlənilir. “Üçlük” İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım paketini təsdiqləməyi planlaşdırır. Yeni formatın əsas məqsədi isə Ermənistanın Avroatlantik məkana inteqrasiyasını təşkil etməkdir.
Aydın məsələdir ki, tərəflər rəsmən açıqlamasa belə, Brüssel görüşündə həm təhlükəsizlik, həm də bölgədəki son vəziyyətlə bağlı məsələlər gündəlikdə olacaq. Heç kəsə sirr deyil ki, indi ABŞ-nin və Avropa İttifaqının strateji hədəfləri Ermənistanın üzünü tam Qərbə çevirməsinə nail olmaqdan ibarətdir. Müttəfiqlərin bu hədəfə əvvəlcədən hesablanmış konkret taktiki addımlarla yanaşacaqları da məlumdur. Ermənistanın maraqlarına gəldikdə isə o, ABŞ – Avropa İttifaqı alyansının Cənubi Qafqazda start verməyi planladığı “yeni oyun”da, sadəcə, icraçı roluna layiq görülüb. Fərqli cəhət ondan ibarətdir ki, son 30 ildə müşahidə etdiyimiz ənənəvi taktika artıq “deformasiyaya” uğrayıb. Yəni, bu ölkə müstəqillik əldə etdiyi andan etibarən Rusiya ilə eyni ittifaqlarda, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yanaşı təmsil olunub.
Əlbəttə ki, bütün bunlar Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə üçün nəzərdə tutulan taktika idi və yeri gələndə bundan açıq şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bu gün rəsmi İrəvanın KTMT ilə bağlı Moskvaya qarşı irəli sürdüyü iddialar İkinci Qarabağ müharibəsində məhz bu alyansın, yaxud Rusiyanın Azərbaycanla döyüşməməsi üzərində qurulub. Bu kontekstdən yanaşanda Ermənistanın Qərbə istiqamətlənmək kursundan həm də Azərbaycana təsir aləti kimi istifadə olunmaqdadır. Əgər bu xarakterli təşəbbüslər Hayastanın daxili ehtiyaclarını ödəmək, hansısa islahatları həyata keçirməkdən ötrü edilsəydi, bu, onun daxili işi sayılardı. Fəqət, bu dəfə kələfin ucu daha dərindədir.
Ağ ev yenə altməqsədini “malalamağa” çalışır
Brüssel görüşünə “moderatorluğu” boynuna götürmüş supergücün – ABŞ Dövlət katibinin 5 aprel görüşü ərəfəsində Prezident İlham Əliyevə telefon açması, “üçlüy”ün məqsəd və mövqelərini izah etməyə cəhd göstərməsi başadüşülən idi. Əlbəttə ki, məlum telefon zəngini şərtləndirən əsas amil kimi Azərbaycan XİN-nin Brüssel görüşü barədə 10 gün bundan əvvəl – martın 27-də verdiyi bəyanatı qeyd etməliyik. Həmin bəyanatda aydın şəkildə qeyd olunur ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Eləcə də sözügedən Brüssel görüşünün tam şəffaf şəkildə keçirilmədiyi, regional inklüzivlikdən məhrum olduğu vurğulanan bəyanatda bu formatda görüşün regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya zidd olduğu təşkilatçıların nəzərinə çatdırılır: “Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və “təsir dairələri” yaradır”.
Ağ ev rəsmisi Antoni Blinkenin telefon “izahatını” zərurətə çevirən daha vacib məqam Prezident İlham Əliyevin təkcə Cənubi Qafqazda deyil, həmçinin beynəlxalq müstəvidə diplomat və dövlət başçısı kimi artan nüfuzu və çəkisidir. Artıq bu amillə hesablaşmamaq mümkün deyil. Necə ki, Bakının iştirakı olmadan Cənubi Qafqaz gündəliyinin istər bölgənin daxilində, istərsə də ondan kənarda – Avropada, okeanın o tayında müzakirə predmetinə çevrilməsi qeyri-realdır. Hər şeydən göründüyü kimi, Azərbaycan hakimiyyətinin bununla bağlı qətiyyətli sözünü Vaşinqton da eşitməyə məcburdur.
Hayların aldanışı və gerçəklik
Hələ 5 aprel görüşünə qədər Ermənistan mediasında Brüsseldən xoş müjdəli xəbərlərin gələcəyi barədə məlumatlar, rəylər tirajlanmağa başlanmışdı. Erməni ekspertləri hesab edirdilər ki, Brüssel görüşündə əldə olunacaq ən böyük uğur ABŞ və Aİ tərəfindən Hayastan büdcəsinə dəstək məqsədilə əlavə maliyyə resurslarının cəlb olunması sayılacaq. Bundan başqa, ictimai rəydə qərbli tərəfdaşların Ermənistanın ilkin tələbat mallarına və xidmətlərinə, eləcə də strateji məhsullara maneəsiz çıxışını təmin edəcəyi barədə şayiələr də dolaşırdı.
Aydın məsələdir ki, İrəvana güzəşt kimi düşünülmüş bu “humanitar yardım paketi” onun Rusiya bazarından asılılığını minimuma endirmək üçündür. ABŞ və Aİ-nin böhran hallarına qarşı Ermənistana yanacaq və enerji daşıyıcılarının strateji ehtiyatlarını yaratmaqda yardımçı olacaqlarını açıqlamaları da məhz birbaşa Rusiya amili ilə bağlıdır. İntəhası, bütün bunlarla yanaşı, haysevərlərin “yardım paketi”ndə hərbi əməkdaşlıq, ABŞ və Aİ tərəfindən Ermənistana hərbi dəstəyin göstərilməsi barədə mötəbər mənbələrdən yayılan məlumatlar Cənubi Qafqazda “böyük oyunun” ssenarisinin yazılmasından xəbər verir.
Bakını narahat edən əsas məsələ də ermənipərəst institutların ssenaridə gizli saxladıqları bu sahədə əməkdaşlıq planlarıdır. Qabaqcıl hərbi texnologiyanın və döyüş sistemlərinin Ermənistana çatdırılması, erməni hərbçilərinin Avropada və Birləşmiş Ştatlarda təlim proqramlarının artırılması, bu məqsədlə Avropa Sülh Fondunun mexanizminin işə salınması kimi mexanizmlər “üçlüy”ün heç də xoşniyyətli format olmadığına dəlalət edir. Yəni, Qərbin Ermənistanı ikinci Ukraynaya çevirmək planı göz qabağındadır. Bu minvalla Hayastanın “ukraynalaşdırılması” həyata keçirilir. Bu isə Bakı və Ankaradan savayı, Moskvanın və Tehranın da kəskin reaksiyasına səbəb olacaq, Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxaracaq. Bəli, Qərbin NATO-nun görünməyən əli ilə Ukraynada olduğu kimi, bu bölgədə də ikinci cəbhəni qızışdırmağa çalışdığı şübhəsizdir. Şimali Atlantika alyansının bu planı baş tutarsa Ermənistanı Əfqanıstan və Suriya kimi, barıt çəlləyinə, terrorçuların, narkomafiyanın toplaşdığı cinayət yuvasına çevrilmək perspektivi gözləyir.
Tehranın müəmmalı susqunluğu
İlk baxışda belə bir təsəvvür yaranır ki, NATO-nun Şərqi Avropanın ardınca Qafqaza doğru irəliləməsi bəzi bölgə dövlətlərinin müşayiətedici baxışları altında baş verir. Düzdür, Rusiya qərblilərin Ermənistan üzərindən Cənubi Qafqazda yeriməyi hədəflədiyi planlarına ciddi münasibətini açıqlayıb. Kremlin bölgədəki maraqlarının bunca pozulmasına göz yumayacağı heç ağlabatan deyil. Amma biz bu xarakterli kəskin etirazları Tehran və Tbilisidən eşitmirik. Gürcüstanın qeyri-hökumət təşkilatları, müstəqil mediası, tanınmış siyasi analitikləri Brüssel görüşünün Gürcüstan və Azərbaycansız keçirilməsinə etirazlarını bildirsələr də, qərbyönümlü siyasətə üstünlük verən rəsmi Tbilisi bununla bağlı konkret mövqeyini açıqlamayıb.
Bu müstəvidə ən maraqlı məqam isə Tehranın müəmmalı tərzdə susmasıdır. Sanki bütün bu proseslər İranın qulağının dibində deyil, haradasa uzaqlarda cərəyan edir. Görünən odur ki, Tehran Ermənistanla sərhədində qatı düşməni NATO-nun elçiləri sayılan ABŞ və Aİ-nin hərbi bazalarını qurmağa hazırlaşdığını hiss eləmir. Bir çox ekspertlər hazırda Cənubi Qafqazda cərəyan edən geosiyasi, hərbi-strateji xarakterli hadisələri bir növ Üçüncü cahan müharibəsinin elementləri, dünyanın “böyük güclər” arasında yenidən bölünməsi ssenarisinin tərkib hissəsi kimi qələmə verirlər.
Qafqazın 2020-ci ilə qədərki status–kvosu Azərbaycan və Türkiyədən başqa bölgədəki aktorların hamısının işinə yarayırdı. Əslində, bu, o zaman Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Taleyin hökmü, İlahi ədalətin sərəncamı ilə bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Artıq bölgədə Azərbaycanın müəllifi olduğu yeni reallıq və tamamilə fərqli status–kvo yaranıb. Nə yazıq ki, Aİ-nin timsalında Qərb və onun ştammlı “dopinq”ini qəbul etməyə razılaşan Ermənistanın havadarları bu reallıqla barışmaqda çətinlik çəkirlər. Onlar Azərbaycanın özünün 30 illik problemini çözdüyünü, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini həzm edə bilmirlər. Artıq, bu, onların problemidir. Azərbaycan bundan sonra heç bir halda “miatsum” diaqnozlu hayların başlarını yenidən qaldırmalarına, “Qafqaz evi”ndə yeni hərbi qarşıdurmanın yaranmasına yol verməyəcək. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Ukrayna variantında olduğu kimi, Cənubi Qafqazda da növbəti Qərb–Rusiya qarşıdurması həm bölgə dövlətlərinin, həm də Azərbaycanın maraqlarına kökündən ziddir.
İrəvan qonşularla üz-üzə qoyulur
Yerli ekspertlərin əksəriyyəti Qərbin Brüssel formatlı təşəbbüslərinin mövsümi xarakter daşıdığı qənaəti ilə razılaşır. Əslində, Rusiyanı və İranı Cənubi Qafqazdan kənarlaşdırmaq ssenarisinin Ermənistanı avroatlantik məkana sürükləmək üsulu ilə reallaşdırılmağa çalışıldığı göz qabağındadır. Bu ssenariyə görə, İrəvanın təhlükəsizliyinə hansısa “yüksək təminatın” verilməsi, müdafiə qüdrətinin artırılması, eləcə də maliyyə yardımının edilməsi planlaşdırılır. Əgər Aİ və Vaşinqton bütün bunları reallaşdırmağı, İrəvana Bakı ilə sülh danışıqlarında əlavə impuls verəcək “siyasi dopinq”i yeritməyi bacaracaqsa, bu halda bölgədə hərbi–siyasi vəziyyət gözlənildiyindən də gərgin olacaq. Çünki, bu zaman “dopinq transı”na düşəcək Ermənistan hakimiyyəti sülh prosesi üzərində manipulyasiya etmək “cəsarətini” nümayiş etdirməyə başlayacaq. Necə ki, özünün daxili qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan işğal etdiyi kəndləri qaytarmağa, sərhədlərin müəyyənləşdirməyə tələsmir, vaxtı uzatmaq üçün min oyundan çıxır.
Beləliklə, hazırda bölgədə ən zəif mövqedə olan məhz Ermənistandır. Özünü saldığı labirintdən qurtuluş yolunu Qərbdə axtaran İrəvanın qərbi təəssübkeşlərinə bel bağlaması ona heç də xeyirli perspektiv vəd eləmir. Paşinyan onu da unutmamalıdır ki, payızda ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın yenidən hakimiyyətə qayıtması Vaşinqtonun əlini Cənubi Qafqazdan tamamilə üzməsi demək ola bilər. Yelisey sarayının kirayənişini Emmanuel Makron isə yenə də bütün platformalarda “uğursuzluq zolağı”nda yeriməli olacaq.
Bu gün Brüsseldə toplaşacaq “üçlüy”ün müqəddəratı ilə bağlı qeydlərimizi İlham Əiyevin 2024-cü il fevralın 14-də Prezident kimi andiçmə mərasimində söylədiyi fikirlərlə yekunlaşdırmağımız yerinə düşür:
“Ermənistanın nə qədər kənar himayədarı olsa da, heç kim bizə mane ola bilməz. Bizim Ermənistan ərazisinə heç bir iddiamız yoxdur, amma onlar da öz iddialarından əl çəkməlidirlər. Bizimlə əsassız iddialar və şantaj dili ilə danışmaq onlara baha başa gələcək və bunu, yəqin ki, hamı görür”.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri
Brüsseldəki üçtərəfli görüş ortaya yalnız haçalanmış fikirlər çıxaracaq. Hər kəsə aydın olmalıdır ki, Azərbaycan olmadan Cənubi Qafqazda nə əməkdaşlıq, nə də hərtərəfli təhlükəsizlik təmin oluna bilər. Düzdür, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib ki, ABŞ–Avropa İttifaqı–Ermənistan üçtərəfli görüşü əsasən iqtisadi məsələlərə həsr olunub, Bakıya qarşı yönəlməyib. Amma bu görüşdə yalnız iqtisadi və humanitar məsələlərin müzakirə ediləcəyinə inanmaq bir qədər çətindir.
Ümumiyyətlə, Brüssel görüşü ortaya çoxlu suallar qoyur. Əgər görüşün elan edilmiş humanitar tərkibindən danışırıqsa və əgər onlar – Qərb institutları Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik mühiti yaratmaq istəyirlərsə, o zaman gündəmdə mina təhlükəsi və Ermənistanın Azərbaycana vurduğu ziyan, o cümlədən iqtisadi zərərlərlə bağlı məsələnin olmaması çox pis haldır. Bütün bunlar bu və ya digər formada bugünki formatın gündəliyində olmasa, bu, görüşdən əvvəl açıqlanacaq şərhlərdə öz əksini tapmalı idi. Ən azı, Azərbaycanla da belə bir mövzuda dialoq aparılmalı idi. Amma bunların heç biri yoxdur və bu səbəbdən bu gün Belçika paytaxtında keçirilən görüş haçalanmış fikirlərdən başqa heç nə gətirməyəcək. Bir daha təkrar edirəm, artıq hamı bilməlidir ki, Bakının iştirakı olmadan Cənubi Qafqazda istənilən xarakterli əməkdaşlıqdan, yaxud təhlükəsizliyin təminatından söhbət gedə bilməz.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Brüssel görüşündə Ermənistanın təhlükəsizliyinə böyük zəmanətin veriləcəyini zənn etmirəm. Bu planın reallaşması qətiyyən mümkün görünmür. Çünki hazırda ABŞ və Rusiya münasibətlərində xeyli ziddiyyətli məqamlar var. Bu, necə ola bilər ki, Ermənistanda Rusiyanın hərbi bazası olsun, sərhədlərini Rusiya sərhədçiləri qorusun, bununla paralel olaraq, ABŞ oraya hərbi texnikasını göndərsin. Belə düşünürəm ki, Vaşinqton və Avropa İttifaqı da Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək. Dövlət katibi Antoni Blinkenin Bakıya zəngi, Prezident İlham Əliyevi Azərbaycana qarşı heç bir addım atmağı planlaşdırmadıqlarına inandırmağa çalışması da bununla bağlı idi.
ABŞ-la Azərbaycan arasında, eləcə də Aİ ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq davam edir. Bircə Fransa özünün anti–Azərbaycan siyasətindən əl çəkmir. Amma artıq ona qarşı da etirazlar artmaqdadır. İtaliya Xarici işlər nazirinin müsahibəsində Fransanın Azərbaycana qarşı siyasətini tənqid etməsi tam yerinə düşdü. Avropalı digər tərəfdaşlarımız da eyni mövqedən çıxış edə bilərlər. Faydalı iş o olardı ki, Brüssel görüşündə Blinken və Lyayen Paşinyanı Ermənistanın əsas təhlükəsizlik təminatının Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçdiyinə inandırsınlar. Aydındır ki, Vaşinqtonun və Aİ-nin Brüsseldə əsas hədəfi İrəvanın Rusiyadan asılılığını azaltmaqdır. Azərbaycanın da istəyi ondan ibarətdir ki, kənar dövlətlərin Cənubi Qafqaza təsir imkanları aradan qalxsın.
İmran BƏDİRXANLI
XQ




