İmperialist dairələrin himayəsi ilə 33 il davam etmiş Qarabağ münaqişısinə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Ötən ilin payızında isə qalib ordumuzun Qarabağda apardığı lokal antiterror əməliyyatı erməni separatçılarının və işğalçı Ermənistanın bölgədəki quldur dəstələrinin tör-töküntünülərini süpürüb atdı. Artıq dövlət suverenliyimiz ölkəmizin bütün ərazisində bərpa edilib.
Mübaliğəsiz demək olar ki, bu tarixi Zəfərin bir müəllifi var – gücü və birliyi təcəssüm etdirən “Dəmir yumruq”. “Dəmir yumruğ”un memarı isə Azərbaycanın problemlərinin həllini və gələcək inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən, ümummilli lider Heydər Əliyevin ideyalarını, arzu-istəklərini davamlı olaraq gerçəkləşdirən Prezident İlham Əliyevdir. Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqın daş yaddaşını bütün varlığı ilə öz ruhunda yaşadan dövlət başçısının müdrik və qətiyyətli siyasəti ölkəmizə tarixin ən böyük qələbəsini qazandırdı.
Alman sosioloqu M.Veber “Siyasət peşə kimi” əsərində siyasət, milli dövlət, dövlət məmuru anlayışlarına və “Peşəkar siyasətçi kimdir?” sualına cavab axtarmağa çalışmışdır. Məsələn, o, həm “Peşəkar siyasətçi dedikdə nə başa düşürük?” sualını qoyur, həm də bu peşəkar siyasətçi kimi fərqlənən şəxslərin əsas xarakteristikasını açıqlayır. Alim qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün 3 əsas şərt vacibdir: fəalliyyət ehtirası (pasionarlıq); kənardan baxıb qərarvermə bacarığı; məsuliyyət hissinin olması.
Sosioloq həm də rasional idarəetmə üçün dövləti idarə edən şəxsin peşəkar siyasətçi olmasının zəruriliyini vurğulayır. O, liderləri – ənənəvi, xarizmatik və rasional-leqal olaraq 3 qismə bölür. Rasional (məntiqlə, qanunla) idarəçilikdə bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. Veberə görə, bu idarəetmə sistemi məhz qanunun aliliyinə görə ən davamlı, möhkəm və səmərəli üsul olmaqla, əsasən, böyük cəmiyyətlər üçün səmərəlidir. Burada qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Rasional-leqal lider təkcə bir mərhələdə deyil, bütün dövrlər üçün ən ideal şəxsdir.
Rasional-leqal idarəçilik zamanı cəmiyyət üzvləri hüquqların dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Elə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün real təcəssümünü tapan “Dəmir yumruğ”un fəlsəfəsində də liderə, onun rasional keyfiyyətinə inam dururdu. Bəli, “Dəmir yumruq” bir gün, bir ay, bir il ərzində ərsəyə gəlməmişdi. Birinci Qarabağ müharibəsində daxili sosial-siyasi xaosun, hakimiyyət uğrunda irrasional savaşın da şərait yaratdığı acı məğlubiyyətin kütləvi stressindən xalqı çıxarmaq, azərbaycançılıq məfkurəsini siyasi praktikaya birləşdirici məlhəm kimi tətbiq edərək milli həmrəyliyə nail olmaq, ölkənin hərbi immunitetini gücləndirməyə təkan verən iqtisadi əsasları qurmaq, dövlətin beynəlxalq nüfuzunu qlobal ictimai rəyə təsiretmə səviyyəsinə qaldırmaq kimi tarixi missiyanı həyata keçirmək lazım idi.
Bu tarixi missiyanı səbirlə, təmkinlə, addım-addım həyata keçirən ulu öndər Heydər Əliyev son nəfəsinədək xalqına xidmət etdi, yarımçıq qalmış arzularını, o tarixi missiyanı davam etdirməyi isə əminliklə, müdrikliklə siyasi varisi İlham Əliyevə həvalə etdi. Böyük şərəf və ləyaqətlə bu tarixi missiyanı davam etdirən rasional-leqal lider İlham Əiyev tarixi uğurlara imza ataraq məfkurəvi estafeti qəbul etdiyi dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin ruhu və xitab etdiyi xalq qarşısında alnıaçıq, üzüağ hesabat verdi.
Müasiri olduğumuz tarixi hadisələrin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, müstəqillik dövrü Azərbaycanında baş verən bu tarixi hadisələr həm siyasi metodologiya, həm də xronoloji kontent baxımından epoxal xarakter daşıyır. İlk mərhələ yenicə müstəqillik qazanıb kövrək addımlarla irəliləyən ölkəmizin müstəqilliyini qəbul etməyən dövlətlər daxili qarışıqlıq yaratmış, xalqımızı separatçı münaqişəyə sürükləmişdi. Təbii ki, siyasi müdrikliyi, dövləti idarəetmə təcrübəsi olmayan o zamankı hakimiyyət ağır tarixi və geosiyasi şəraitdə müstəqilliyi və suverenliyi qoruyub saxlamaq gücündə deyildi. Belə bir şəraitdə xalq həmin dövrün çağırışına cavab verən xarizmatik siyasi lder Heydər Əliyevi hakimiyyətə dəvət etmli oldu. Ulu öndərin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan qarşısında ikinci missiya müəyyənləşdi. Bu, yuxarıda bəhs etdiyimiz missiyanın əsaslarını təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev yaratdı. Ümummilli lider 10 illik gərgin fəaliyyətin sonunda ömür vəfa etmədiyindən bu missiyanı rasional-leqal lider keyfiyyətini özündə ehtiva edən İlham Əliyevə ötürdü.
Prezident İlham Əliyevin siyasi marafonunun nəticəsi olaraq, qalibiyyətli müharibə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ancaq ölkə Prezidentinin təbirincə desək: “Bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdı”. Bununla da ölkə qarşısında növbəti missiya durmalıdır. Həm də bu missiya qaçılmaz, taleyüklü bir hədəf kimi hamımızı düşündürməlidir. Bu missiya nədir? Onu necə anlamalıyıq?
Bununla bağlı həmişə ictimai rəyə böyük önəm verən ölkə başçımız İlham Əliyev bu il yanvarın 10-da ölkənin televiziya kanallarına müsahibəsində açıq mətnlə bildirdi: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
Düzdür, problemin qoyuluşu və ondan irəli gələn “yolumuz haradır?” sualının cavabı heç də asan deyil. Həm də nəzərə alsaq ki, bu gün bəşəri meyillər qeyri-müəyyəndir – ideologiyasızlaşdırılmış, məfkurə böhranı yaşayan dünya üçün belə bu suala cavab çox çətindir. Çünki bəşəriyyət üçün ümumi ideoloji fond yaradan fikirlər yoxdur. Sovet İttifaqının süqutu ilə, əslində, təkcə ikiqütblü dünya reallığı aradan qalxmadı, həm də dünya evi qarşısında bir sual yarandı: “Bəs sonra? İndi yolumuz harayadır?” Qeyd edək ki, bununla bağlı çoxlu polemikalar başladı. SSRİ süqut edəndən dərhal sonra Rusiyanın sosialist şinelindən çıxıb XIX əsr imperiya siyasətinə qayıdışı baş verdi.
Əlbəttə, ABŞ başda olmaqla birləşmiş Qərb bunu əvvəlcədən bilirdi. Ancaq bu onlar üçün daha dözümlü idi, nəinki cazibədar kommunist ideologiyası ilə genişlənmə təhlükəsi olan Rusiya. Amma çox keçmədi ki, ABŞ başda olmaqla Qərb cəbhəsində də fövqəldövlətçilik davranış modeli əsl anaxronizm elementi kimi qıcıq yaratmağa başladı, demokratiya və liberal dəyərlərin, sadəcə, alət olması faktını ortaya qoydu. ABŞ-nin və Qərbin “xeyirxah hegemoniyası” anti-amerikançılığın, anti-qərbçiliyin güclənməsinə səbəb oldu.
Qloballaşma şəraitində yabançı dəyərlərdən, onun kosmopolitizmi təbliğ edən istiqamətlərindən qorunmaq, cəmiyyətimizin sosial xarakterinə neqativ, aşındırıcı təsir göstərə biləcək tərzləri qəbul etməmək, milli kimliyini, özünəməxsusluğunu saxlamaq, öz kökünə, tarixinə milli-mənəvi dəyərlərinə söykənərək mütərəqqi qlobal çağırışlara cavab vermək mühüm vəzifələr kimi qarşımızdadır.
Əslində, yeni missiyanın, Azərbaycanın yaratdığı mövcud reallıqdan irəli gələn yeni milli ideyanın konturları rasional-leqal lider, böyük strateq İlham Əliyevin özü tərəfindən şəkilləndirilmiş, müvafiq yol xəritəsi hazırlanmışdır. Bu, özünü son illər qəbul olunmuş milli prioritetlərlə bağlı strateji yol xəritələrində, dövlət proqramlarında, institusional islahatlarla bağlı Prezident sərəncam və fərmanlarında, dövlətin xarici siyasət vektorlarında, dövlət başçımızın proqram xarakterli çıxışlarında aydın şəkildə göstərir. Müstəqillik əldə etdikdən sonra güclü dövlət milli ideyamızın əsas yönü – birinci missiyamız idisə, qalib dövlət növbəti milli ideya istiqaməti və yeni missiya oldu. Bu gün rifah dövləti yeni missiya – milli ideya istiqaməti kimi qarşımızda durmalıdır.
Şübhəsiz, postmüharibə dövrü Azərbaycanının qarşısında artıq yeni hədəflər müəyyənləşməli, real və potensial təhdidlərə dayanıqlı, daim ölkəmizdə “Axilles dabanı” axtaran, “bəlkə də qaytardılar” xülyası ilə yaşayaraq məkrli planlar quran Ermənistan + qüvvələrinə heç bir imkan tanımayan, imzası imzalar içərisində əbədiyaşar bir sosial dövlət nümunəsi göstərmək bizim milli ideyamızın əsas qayələrindən biri olmalıdır. Postmüharibə dövrü Azərbaycanında sosial dövlət, ümumi rifah dövləti quruculuğu bir sosial sifariş olmaqla yanaşı, milli ideyamızın əsas prioriteti kimi böyük strateq İlham Əliyevin fəaliyyət hədəflərindən biridir.
Müzəffər xalq postmüharibə dövründə ancaq sosial rifah dövlətinə xas bir inkişaf yoluna layiqdir ki, bu yolun özülü artıq qoyulmuşdur. Vətəndaş–dövlət münasibətlərinin ahəngdar inkişaf edəcəyi sosial dövlətdə cəmiyyətin və dövlətin idarəedilməsində meritokratik dəyərlər tam təntənəsini qeyd etməli, heç kimin kənarda qoyulmayacağı inkluziv cəmiyyət bərqərar olmalıdır. Azərbaycan xalqının təhdid edə biləcək ayrımçı düşüncələrin bütün qalıqlarını cəmiyyətdən bir nəsnə kimi tarixin arxivinə gömmək qarşıda duran əsas hədəflərdən olmalıdır.
Sosial dövlətin sabitliyi, dayanıqlığı müasirlik, güclülük və qanunun aliliyini ehtiva edən hüquqi prinsip şərtləri daxilində mümkündür. Sosial dövlət üçün əsas anlayışlardan biri ədalət anlayışıdır ki, ölkə başçımız bunu bütün uğurlarımızın, gücümüzün uğur dəyəri kimi qiymətləndirir. Qalib dövlətin dayanıqlığı üçün sosial ədalət, bərabər imkanlar və bərabər şanslar, əlçatanlıq, müyəssərlik təmin olunmalı, bərabərsizliyə imkan verilməməlidir. Sosial məmnunluğa nail olunmalı, fərdlər kollektiv şüurla özlərini idarə etməyi bacarmalı, cəmiyyət olaraq bütün neqativlərdən arınmalıdır. Sosial nəzarət, ictimai qınaq fəal olmalıdır.
Artıq Azərbaycanda hakimiyyətin, dövlət başçısının, liderin bir İlham Əliyev meyarı və modeli yaranmışdır. “Nəyi, nə zaman, necə etməyi gözəl bilən” İlham Əliyev strateji miqyaslarla düşünür və gələcəyin yol xəritəsini də zərgər dəqiqliyi ilə proqnozlaşdırır. Məğlub Ermənistan və havadarları isə unudurlar ki, Türkiyə – Azərbaycan tandemi təkcə iki liderin iradəsinə bağlı olmayıb, iki vücudda bir can olan xalqlarımızın əzəli, əbədi birliyindədir.
Tarixi zəfərimizi həzm edə bilməyən Ermənistan+ qüvvələrin təhdidlərinə İlham Əliyevin Azərbaycanı səssiz qalmır, onları bir sıra hallarda öz silahları ilə vurmaqdadır. 2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasına vurduğu zərbə və s.bu mübarizəyə parlaq misallardır. Ölkə başçımız telekanallara qeyd edilən müsahibəsi zamanı Qərbin ölkəmizə qarşı davamlı təhdidlərinə işarə edirdi: “Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib”.
Dünya miqyaslı siyasətçi, müdrik milli lider, qalib Komandan İlham Əliyev elə bir şanlı tarixə imza atmışdır ki, onilliklər, yüzilliklər boyu xalqımızın yolunu müəyyən edəcək. Azərbaycanın orta və uzaq perspektivləri proqnozlaşdırılan olmalıdır. Bu missiyanı hazırlayıb həyata keçirmək liderliyin rasional-leqal keyfiyyətlərini özündə ehtiva edən İlham Əliyevə nəsib olmuşdur. Zəfərlə başa çatan müharibədən sonra cəmiyyəti növbəti hədəflərə istiqamət götürməyə səsləyən dövlət başçısı bununla həm də cəmiyyəti durğunluğa imkan tanımamağa, daim dinamik olmağa dəvət etdi. Pasionar lider xalqı da daim dinamik və pasionar görmək üçün səfərbər edir, cəmiyyət və dövlət qarşısında yeni hədəflər, yol xəritələri, yeni missiya və milli ideya istiqamətləri müəyyənləşdirir.
Böyük strateq İlham Əliyevin inamla qələbədən qələbəyə apardığı Azərbaycanı gələcək nəsillər iftixar hissi ilə qəbul edəcək və yeni missiya və hədəflərlə zənginləşdirəcək.
Üzeyir ŞƏFİYEV,
BDU-nun sosial iş kafedrasının müdiri, dosent