Azərbaycan bütün xalqlar üçün daha əlverişli yaşam və inkişaf şəraiti yaratmaq istəyini nümayiş etdirir – Rəy

post-img

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətin diqqətini mühüm qlobal problemlərə cəlb etdi. Açılış mərasimindəki çıxışında dövlətimizin başçısı forumun əhəmiyyətini vurğulayaraq, onu Davos Dünya İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi böyük beynəlxalq konfranslarla müqayisə etdi. Bu, Bakı Forumunun geniş tanınması və dünya miqyasında layiqli yer tutmasından xəbər verir. Forumda 68 ölkədən 400-dən çox qonağın iştirak edirdi. İştirakçıların coğrafiyasının genişləndirilməsi, o cümlədən 40-dan artıq hazırkı və keçmiş dövlət və hökumət başçılarının qatılmalı da bunu təsdiq edir. Bu, dünya liderləri tərəfindən foruma olan marağın böyüklüyünü göstərir.

Bu fikirləri “XQ”-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

O bildirdi ki, cənab İlham Əliyevin çıxışı Qarabağ məsələsinin həllindən tutmuş iqlim siyasəti və davamlı inkişafa qədər geniş mövzuları əhatə edib: “Prezidentin nitqi Azərbaycanın dünya siyasəti tarixinə necə müsbət töhfə verdiyini, təkcə daxili münaqişələri uğurla həll etmiş ölkə kimi deyil, həm də beynəlxalq siyasətin fəal iştirakçısı kimi çıxış etdiyini görməyə imkan verir. Forumun əsas mövzusu - “Parçalanmış dünyanın bərpası”, yenidən qurulması aktual məsələdir və dünya birliyinin üzləşdiyi müasir çağırışları əks etdirir. Dəyişən siyasi vəziyyət, yeni qeyri-sabitlik və qarşıdurma zonalarının yaranması sülh və təhlükəsizliyin təmin edilməsi üçün ölkələrin birgə səylərini tələb edir. Ötən illə müqayisədə dünyada mühüm geosiyasi dəyişikliklərin baş verdiyini bildirən cənab Prezident qlobal problemlərin həllində forum iştirakçılarının təcrübə və biliklərinin vacibliyini vurğuladı. İlham Əliyevin çıxışı regionda baş verən geosiyasi dəyişiklikləri və onların qlobal siyasi gündəmə təsirini başa düşmək üçün əhəmiyyətli kontekst yaradır”.

Dəmirov qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası təkcə region üçün deyil, bütövlükdə dünya nizamı üçün dərin və əhəmiyyətli nəticələrə malikdir. Münaqişələrin həllində beynəlxalq mexanizmlərin qeyri-adekvatlığı fonunda Azərbaycanın ərazi bütövlüyünün bərpası bu cür təşkilatların effektivliyi ilə bağlı suallar yarada biləcək ciddi geosiyasi dəyişiklikdir. Bu, dövlətlərin ərazi bütövlüyünün dünya nizamının əsas prinsiplərindən biri hesab edildiyi beynəlxalq münasibətlər nəzəriyyəsi kontekstində vacibdir.

“Hər halda, cənab İlham Əliyev müdrik siyasətçi kimi münaqişələrin həllində beynəlxalq hüququn və normaların rolunun mütləqliyini vurğulayır. Bu, beynəlxalq münasibətlərdə beynəlxalq norma və prinsiplərə hörmətin vacibliyini, habelə beynəlxalq ədalət mühakiməsi sisteminin səmərəliliyi məsələlərini önə çıxarır 

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan xüsusilə iqlim dəyişikliyi ilə mübarizə və yaşıl keçidin təşviqi kontekstində dünya miqyasında öz rolunu gücləndirməyə fəal şəkildə çalışır. COP29-a Azərbaycanın ev sahibliyi etmək qərarı ölkənin bu sahədəki səylərini, eləcə də qlobal iqlim strategiyalarının hazırlanması və həyata keçirilməsində fəal iştirak etmək istəyini qəbul edir”.

Analitik onu da bildirdi ki, Azərbaycan belə tədbirlərin fəal iştirakçısı kimi əməkdaşlığa hazır olduğunu, bütün dünya ölkələri və xalqları üçün daha əlverişli yaşam və inkişaf şəraiti yaratmaq istəyini nümayiş etdirir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət