Əgər feministlər bu rejimə baş əyirsə...

post-img

ABŞ-da yaşayan iranlı jurnalist və dissident Məsih Əlinejada qarşı “uğursuz ov” 3 ildən çox davam edib

Hadisənin preambulası bundan ibarətdir: Məsih Əlinejad İran əsilli Amerika vətən­daşıdır. Jurnalist və insan haqları müdafiəçisi olan bu qadın sui-qəsdçilərin hə­dəfinə çevrilib. 2021-ci ilin iyulunda ABŞ Ədliyyə Departamenti İran kəşfiyyatına çalışan şəxsə və bu ölkədə yaşayan iranlı qadın da daxil olmaqla 4 nəfərə qarşı Məsih Əlinejadı oğurlamaq, ona sui-qəsd törətmək cinayəti ilə bağlı ittiham aktı verib. Bunlar Polad Ömərov, Rafət Əmirov, Xalid Mehdiyev və adı hələlik açıqlan­mayan dördüncü adamdır. Bu günlərdə Çexiya Ədliyyə Nazirliyi İran hökumətini tənqid edən şəxsi qətlə yetirməyə hazırlaşmaqda təqsirli bilinən Polad Ömərovu ABŞ-a ekstradisiya edib. Yəni, bütün apellyasiya variantları başa çatdıqdan sonra P.Ömərov Praqanın Vatslav Havel Hava Limanından ABŞ-a yola salınıb. 

İndi isə hadisənin təfərrüatına nəzər yetirək. Polad Ömərov Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətən­daşı olan və Nyu-Yorkun Bruklin rayo­nunda yaşayan, İran rejiminin tənqidçisi Məsih Əlinejada qarşı sui-qəsd cəh­dindəki rollarına görə və çirkli pulların yuyulmasında ittiham edilib. Bu barə­də Vaşinqton 2023-cü ilin yanvarında məlumat versə də, potensial qurbanın adını açıqlamamışdı. Hələ 2022-ci ildə X.Mehdiyev jurnalist Məsih Əlinejadın Nyu-Yorkun Bruklin məhəlləsindəki evi­nin qarşısında əlində odlu silah həbs edilmişdi. Buna qədər, yəni 2021-ci ildə ABŞ prokurorları İran kəşfiyyatına bağ­lı olduqları iddia edilən dörd iranlını bir ictimai fəalı qaçırmaq planında ittiham etmişdi. Həmin sui-qəsdin hədəfinin adı açıqlanmasa da, Reuters agentliyi onun M.Əlinejad olduğunu təsdiqləmişdi. 

ABŞ prokurorları rəsmi açıqlamala­rında P.Ömərovun Çexiya və Sloveniya­da yaşadığını, Çexiya Ədliyyə Nazirliyi isə onun Gürcüstan vətəndaşı olduğunu bildirmişdi. Polad Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs olunub. Əd­liyyə naziri keçən ilin iyul ayında onun Birləşmiş Ştatlara ekstradisiyasına qə­rar verməsinə baxmayaraq, o, Konsti­tusiya Məhkəməsinə şikayət etdiyinə görə, qərarın icrası təxirə salınmışdı. Onda Çexiyanın ədliyyə naziri Pavel Blazek tvitində belə yazmışdı: “Bütün aspektləri nəzərə alaraq, Polad Öməro­vun ekstradisiyası düzgün qərardır”. Konstitusiya Məhkəməsi qərarı qüvvə­də saxladı.

* * * 

“Amerikanın səsi”nin fars xidməti­nin tele-şou aparıcısı Məsih Əlinejad qadın hüquqları müdafiəçisi kimi İran rejiminin kəskin tənqidçilərindən biri sa­yılır. M.Əlinejad uzun illər insan haqları sahəsində ictimai fəallıq göstərir, xü­susən də məcburi hicaba qarşı müxtəlif kampaniyalar aparır və məhz buna görə də təzyiq və təhdidlərə məruz qalır, ona sui-qəsd cəhdləri edilir. Onun sosial me­diada kəskin tənqidi çıxışlarına görə üç ildən bəri oğurlanmasının, yaxud sui-qəsd nəticəsində öldürülməsinin plan­laşdırıldığı iddia olunur. Rəsmi ittiham­mnamədə planın kəşfiyyat tərəfindən hazırlandığı qeyd edilib. Əgər istintaq Polad Ömərov, Rəfət Əmirov və Xalid Mehdiyevin qətllər və çirkli pulların yu­yulması kimi cinayətlərdə iştirakını sü­buta yetirərsə, bu halda hər birini 40 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Silahım səsimdir”

Bütün bunlar barədə “Amerikanın səsi”nə danışan Məsih Əlinejad evinin qarşısında həbs edilən şəxsin Xalid Mehdiyev olduğunu deyib: 

“Mənim başlanğıcdan Federal Təhqiqatlar Bürosundan aldığım məlu­mata görə, bu adam silahla dolu avtomo­bili ilə evimin qarşısında olub. FTB-dən mənə dedilər ki, o, səni öldürmək üçün orada olub. Daha sonra Ceyk Sallivan (ABŞ-ın milli təhlükəsizlik müşaviri-red.) mənə zəng edib dedi ki, Ağ ev mənə qarşı təhdidlərin İran rejimi tərəfindən olduğunu bilir və bunu pisləyir”.

Baş verən hadisənin bütün həyatını alt-üst etdiyini dilə gətirən M.Əlinejad daim yerini dəyişməyə, evindən və ailə­sindən uzaqda yaşamağa məcbur oldu­ğunu deyir: 

“Təsəvvür edin ki, o adam Bruklində atəş açsaydı, kim bilir neçə qonşum hə­lak olacaqdı. Mən adi ictimai fəal və jur­nalistəm, silahım sadəcə səsimdir. İns­taqram, Twitter və Facebook-da doqquz milyondan çox izləyicim var və mənim yeganə cinayətim İran cəmiyyətində cəsur insanların səsini yaymaqdır. Mən açıq deyirəm, öz həyatımdan qorxmu­ram. İranda etiraz aksiyalarında 1500 nəfər həlak olub. Elə analar var ki, hələ də həbsxanadadırlar. Mənim həyatım “gender aparteidinə yox” dedikləri üçün zindana atılan iranlı qadınların həyatın­dan fərqlənmir. Amma təslim olmayaca­ğam, zülmə qarşı mübarizəmi davam etdirəcəyəm”.

Məsih Əlinejad radiostansiyanın “siz jurnalist və qadın hüquqları müdafiəçi­sisiniz. İranlı qadınlar sizə nə söyləyir? Onların tələbləri və narahatlıqları nə­dir?”– sualına belə cavab verib: 

“Siz jurnalistsiniz və barmaqlıqlar arxasında olmağın və ya azadlıqda öz fikrinizi ifadə etmək hüququnuzun yox­luğunun necə bir hiss olduğunu başa düşürsünüz. İranda jurnalistlərin vəziy­yəti belədir. Başqa bir məsələ də var. Texnologiya şirkətləri Tehran rejiminə sosial mediada söz azadlığından isti­fadə etməyə imkan verir, amma, eyni zamanda, xalqın Twitter, Instagram və Facebookdan istifadə etməsi qadağan edilib. Baxın, İranda vəziyyət belədir. Əgər iranlılar sosial mediadan yararla­nırsa, deməli, onlar cinayətkar sayılırlar. Təkcə orta təbəqə deyil, fəhlə, müəllim, tibb bacısı, avtobus sürücüsü kimi, sı­ravi vətəndaşlar, İslam Respublikasına dəstək verən fəhlə sinfi indi yoxsulluq­dan əziyyət çəkir. Aylardır maaşları ve­rilmir və əgər onlar etiraz etsələr, silahla üz-üzə gələcəklər”.

“Feministlər hicab geyinib, rejimə baş əyirlər”

“İran xalqını, həqiqətən də, qorxu­dan, məyus edən və qəzəbləndirən bəzi fəalların, üzdəniraq media qurumları­nın və ölkədən kənarda yaşayan bəzi iranlı üzrxahların beynəlxalq mediadan rejimin, guya, normal bir rejim olduğu­nu nümayiş etdirməkdən ötrü istifadə etməsidir. Buna nə ad vermək olar? Yeddi yaşından sonra qız uşağı saçını göstərsə, o, məktəbə gedə bilməz. Mən indi göründüyüm kimi ictimaiyyət arası­na çıxsam, şallaq cəzası alaram. Belə davrandığına görə qadınlar həbsxanaya düşürlər, əxlaq polisi tərəfindən döyülür­lər. Yəni, normal həyat yaşadığın üçün həbsxanaya salınırsan. Aman Allahım, mən inana bilmirəm ki, Qərbdə bir çox insanlar bu azadlıqları adi hal kimi qəbul edirlər. 

Biz onu da görürük ki, Qərb feminist­ləri mənim ölkəmə gedəndə dediklərimə qətiyyən məhəl qoymurlar. Elələri baş­larına hicabı ötrür və rejimə baş əyirlər. Hicab geyinir və deyirlər ki, “bu, sizin mədəniyyətinizdir”. Belə şeylər ürəyimi parçalayır”,– deyən M.Əlinejad bir gün İran qadınlarının çarşabdan xilas olaca­ğına inandığını söyləyir: “Vaxt gələcək, tarix bizi müdafiə etmək əvəzinə zalım­ları dəstəkləyən, özlərini azad, demok­ratik sayan ölkələri mühakimə edəcək. Onlar bu hərəkətləri ilə bizə zülm edən­ləri legitimləşdirirlər. Bu, mənim baxı­şımdır. 

Düşünürəm ki, bütün Qərb ölkələ­ri, yüksək texnologiya şirkətləri mənim səsimi eşitməlidirlər. Bu, həm də bir xa­hişdir. Mən normal həyat yaşamağa la­yiqəm. İndi burada dediyim hər bir sözə görə İranda ailəmin başına nə gələcəyi­ni bilmirəm. Hətta, burada da başıma nə gələcəyini təsəvvür etmirəm. Sadəcə, Amerika Birləşmiş Ştatlarının vətəndaşı olaraq öz hüququmdan istifadə edirəm. Məhz haqsızlığa qarşı səsimi ucaltmaq, səssizlərə səsimi vermək üçün vətənimi tərk etmişəm”. 

Hazırladı:
İ.HƏSƏNQALA
XQ



Siyasət