Faciə qurbanlarının ölməz xatirəsi

post-img

Bakı

“İRƏLİ” İctimai Birliyi Xocalı soyqı­rımının 32-ci ildönümünə həsr olun­muş silsilə tədbirlər həyata keçirib.

İctimai birliyin mətbuat xidmətindən bildirilib ki, “İRƏLİ” İctimai Birliyinin nü­mayəndələri və üzvləri faciə qurbanla­rının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Tədbirlər pla­nına uyğun olaraq “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyni adlı tədbir ke­çirilib. Mədəniyyət Nazirliyi, Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbay­can Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir soyqırımı qurban­larının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resursların­dan geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vit­se-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası geniş fəaliyyət göstərir.

Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət ve­rilməsə də, ötən ilin sentyabr ayında ke­çirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqla­rını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzin­də gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. 

Tədbirin davamında “Cadenza” Müa­sir Orkestri, Azərbaycan Milli Konserva­toriyasının tələbələrindən ibarət xor kol­lektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçı­lar Teatrının dəstəyi, “İRƏLİ” İctimai Birli­yinin təşkilatçılığı ilə “Xocalıda son gecə” tamaşasının nümayişi olub. “İRƏLİ” Mə­dəniyyət Mərkəzinin üzvlərindən ibarət gənclərin təqdimatında nümayiş olunan tamaşa Xocalıda yaşamış və soyqırımı zamanı düşmənin hücumuna məruz qal­mış ailənin yaşantısından, ailənin qəhrə­manlığından bəhs edir.

Tədbirlər çərçivəsində birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsə­dilə sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniya­da gənclər “X” sosial şəbəkə platforması üzərindən Xocalı həqiqətləri ilə bağlı xari­ci dillərdə infoqrafik tvitlər paylaşılıb.

Tədbirlər müddətində, həmçinin paytaxt və regionlarda yerləşən gənc­lər və idman idarələri və sosial xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İRƏLİ” İctimai Birliyinin lentə aldığı “Bö­yüməyən uşaqlar” filminin nümayişi keçi­rilib. Filmdə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri, habelə Xocalı faciəsi­nin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssürat­ları fonunda bir daha həmin günün dəh­şətləri yada salınır. Tədbirlərdə ümumilik­də 1000-dən çox gənc iştirak edib. Eyni zamanda, kampaniya çərçivəsində Niza­mi Kino Mərkəzində “Müharibə uşaqları” filminin də nümayişi olub.

Naxçıvan

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Res­publikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar abidə önünə güllər qoyulub, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Tədbirlərdə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı moto­atıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas ol­maq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləba­ran ediblər.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral Xoca­lı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başver­mə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Gün ərzində muxtar respublikanın bütün rayonlarında izdihamlı anım məra­simləri təşkil olunub və qətliam qurbanla­rının xatirəsi elliklə anılıb.

Gəncə

Tarixin ən dəhşətli faciəsi olan Xo­calı soyqırımından 32 il ötür. Bununla əlaqədar olaraq, Gəncədə Xocalı sa­kinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsənin önündə ümumşəhər anım mərasimi təşkil olu­nub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiy­yətinin başçısı Niyazi Bayramov və rəh­bərliyin təmsilçiləri “Xocalı” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad ediblər. 

Rəsmi hissədən sonra şəhər rəhbə­ri “Yeni qəsəbə-2” yaşayış massivində məskunlaşan Xocalı sakinləri ilə görü­şüb, onları narahat edən məsələlər ilə maraqlanıb.

Sumqayıt 

Gənclik şəhərində Xocalı soyqırı­mının 32-ci ildönümü ilə əlaqədar sil­silə tədbirlər təşkil olunub. Fevralın 26-da səhər isə şəhər rəhbərliyi və ic­timaiyyət nümayəndələri ümumşəhər anım mərasimində iştirak ediblər. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda məs­kunlaşan Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün in­sanlığa qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanları­nın yerdə qalmadığı bildirilib.

Mingəçevir

“Nur şəhəri”nin ictimaiyyət nü­mayəndələri, Xocalı sakinləri, şəhid ailələrinin üzvləri, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, müha­ribə və əmək veteranları, təhsil, səhiy­yə, mədəniyyət və idman müəssisələ­rinin kollektivləri Şəhidlər Xiyabanına gedərək Soyqırım abidəsinin önünə gül dəstələri qoyublar. 

Şəhər icra hakimiyyətində davam edən tədbirdə İcra hakimiyyətinin başçısı İlham İs­mayılov tariximizin acı səhifələrindən bəhs edərək bildirib ki, xalqımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xoca­lıda erməni hərbi birləşmələrinin 366-cı rus alayının köməyi ilə törətdikləri aman­sız soyqırımı hadisələrini heç vaxt unut­mayacaq. 

Lənkəran

Fevralın 26-da Lənkəranda erməni separatçılarının beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu nəticəsində qətlə yetirilən soyqırımı qurbanlarının xatirəsi anılıb. 

Anım mərasimi Lənkəran şəhərində, azərbaycanlıların soyqırımı qurbanları­nın xatirə parkındakı “Ana heykəli” qar­şısında keçirilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhər icra hakimiyyəti aparatı­nın kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşki­latların rəhbərləri, gənclər və ictimaiyyə­tin nümayəndələri iştirak ediblər. Abidə önünə gül dəstələri düzülüb, faciə qur­banlarının xatirəsi ehtiramla yad olunub. 

Daha sonra Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalı soyqırımı” adlı kompozisiya nümayiş et­dirilib. 

Şəmkir 

Əvvəlcə Şəmkir Şəhidlər Xiyaba­nında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər dü­zülüb.

Daha sonra insanlıq əleyhinə ən bö­yük cinayətlərdən olan Xocalı soyqırımı­na həsr olunmuş tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağı­yev çıxış edərək bildirib bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümum­milli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev isə Xocalı şəhə­rində Azərbaycan Respublikasının Döv­lət Bayrağını ucaltdı və bu gün Xocalı şəhidlərinin ruhları şaddır. 

Goranboy

Xocalı Soyqırımı qurbanlarının 32-ci ildönümü ilə bağlı Goranboyda anım tədbiri keçirilib.

Tədbir Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Goranboy şəhəri Yeni Yaşayış Massivində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə kompleksinin önündə təşkil olunub. Təd­birdə, Goranboy RİH-nin başçısı Məhər­rəm Quliyev, rayonun digər rəhbər şəxs­ləri, Goranboy və Xocalı ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağstafa

26 fevral Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ağstafa şəhə­rində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

Tədbirdə Ağstafa Rayon İcra Haki­miyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələ­rinin üzvləri, müharibə iştirakçıları, icti­maiyyət nümayəndələri iştirak ediblər. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının, o cümlədən Vətən uğrunda canından keçən şəhidləri­mizin xatirəsi ehtiramla yad edilib. 

Naftalan

Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anı­lıb. Anım tədbirində ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbər­ləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak ediblər. 

Anım tədbirində Şəhidlərin xatirə­sinə ucaldılmış “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. 

Gədəbəy

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar rayonda maraqlı tədbir keçi­rilmişdir. Soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla qeyd olunmuşdur.

Məktəblilərin qanlı faciəyə həsr olun­muş rəsm sərgisi ilə tanış olan tədbir iştirakçıları daha sonra teatrlaşdırılmış kompazisiyaya baxmışlar. 

Rayon rəhbərliyi, ictimaiyyət nü­mayəndələri, şəhid ailələri, qazilər iştirak etmişlər.

Salyan

26 fevral Xocalı soyqırımının 32-ci ildönümünün qeyd edilməsi ilə əlaqə­dar Salyanda anım tədbiri mütəşəkkil keçirilib. 

Rayon icra hakimiyyətinin başçısı Se­vindik Hətəmov, hüquq mühafizə orqan­larının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə komp­leksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalı hadisələrində şəhid olan həmvətənləri­mizin unudulmaz xatirəsi qarşısında eh­tiramla baş əyiblər.

Ziyarətçilər dəstə-dəstə xatirə komp­leksinin önündən keçib, faciə qurbanla­rının xatirəsini 1 dəqiqəlik sükutla yad edib, şəhidlərin ruhuna dualar oxuyublar. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Göyçay

Fevralın 26-da keçirilən anım məra­simində rayon icra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanları­nın, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələ­ri, Göyçayda məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailə üzvləri iştirak ediblər.

Şəhidlər Xiyabanı ərazisində “Xo­calı Soyqırımı” abidə kompleksinə gül dəstələri düzülüb, faciə qurbanlarının xa­tirəsi ehtiramla yad olunub. 

Tədbirdə respublikanın Əməkdar müəllimi Pərviz Yəhyalı, Xocalı sakini Mustafa Hümbətov və digər natiqlər çıxış edərək bildirdilər ki, bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla bağlı barışmaz mövqeyimizi sarsıda bilmədi, bizi daha da mətinləşdirdi.

Quba

Rayon icra hakimiyyətində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş görüş keçirilib. 

Tədbirdə rayon rəhbərliyi, Ağsaqqal­lar Şurasının və icra hakimiyyəti yanında ictimai şuranın sədrləri, həmçinin Quba rayonunda məskunlaşmış Xocalı sakin­ləri iştirak ediblər. Öncə Xocalı soyqırımı qurbanları və ölkəmizin azadlığı, dövlət müstəqilliyi, ərazi bütövlüyü və suveren­liyi uğrunda şəhid olmuş bütün soydaşla­rımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad ediliblər. Sonra çıxış edənlər Xoca­lı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş və xüsusi amansızlıqla törədilmiş ən ağır hərbi cinayətlərdən biri olduğunu qeyd ediblər.

Səhifəni hazırladılar:
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV
XQ











Qan yaddaşı