Türkiyə
Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən bələdiyyəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
“Kalaba” Türk Dünyası Meydanında “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq” şüarı ilə keçirilən anım mərasimi Azərbaycanın Ankaradakı səfirliyi və Keçiörən bələdiyyəsi tərəfindən təşkil olunub.
Mərasimdə deputatlar, diplomatik korpusun və Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyədə hərbi təhsil alan həmvətənlərimiz və yerli əhali iştirak edib.
Tədbirdə çıxış edən Ankaranın Keçiörən bələdiyyəsinin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyəsi sədrliyinə namizədi Turqut Altınok, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik Xidmətinin üzvü Aygün Attar və Ankara Universitetinin rektoru Nejdet Univar Xocalı soyqırımı haqqında danışıb, ermənilər tərəfindən törədilən bu faciənin bəşəriyyətin ən qanlı hadisələrindən biri olduğunu vurğulayıblar.
Erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri amansız cinayətlərin ifşa edilməsinin vacibliyini vurğulayan Şamil Ayrım bildirib ki, Xocalıda qadın, uşaq, yaşlı demədən dinc əhalinin vəhşicəsinə öldürülməsi, hamilə qadınların bətninin yarılması kimi ağır işgəncələr bəşəriyyətin ən ağrılı faciələrindəndir. Çıxışçılar dünyaya “Xocalıya ədalət” çağırışları səsləndiriblər, erməni lobbisi və tərəfdarlarının Türkiyəyə qarşı iddia etdikləri saxta “erməni soyqırımı”nın araşdırılmasını təklif ediblər.
***
İstanbulun Beyoğlu rayonunda yerləşdirilən reklam panolarında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı videoçarxlar nümayiş etdirilib. Bu təşəbbüs Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Beyoğlu Bələdiyyəsi tərəfindən həyata keçirilib.
Şəhərin ən mərkəzi hissələrində nümayiş etdirilən videoçarxlarda Xocalı abidəsi və o günlərə aid görüntülər əks olunub.
Nümayiş bu gün gecə saatlarınadək davam edəcək.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun binasında da “Xocalı soyqırımı, unutma, unutdurma” sözlərinin yer aldığı lövhə asılıb.
Pakistan
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar təşkil edib.
Toplantıda Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyin Seyid, İnsan Hüquqları komitəsinin sədri, senator Valid İqbal, xarici ölkələrin səfirləri, digər diplomatlar, müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbərləri, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan xalqının erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığını bildirib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını pozaraq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya hücum edərək bu şəhəri yerlə-yeksan etdiyini vurğulayıb. X.Fərhadov məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında faciəyə hüquqi-siyasi qiymət verildiyini bildirib.
Səfir 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfərini və orada Azərbaycan bayrağını ucaltmasını qonaqların diqqətinə çatdırıb.
Şimali Kipr
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Şimali Kipr Prezidenti 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından 32 il keçməsinə baxmayaraq, bu hadisənin heç vaxt unudulmayacağını və türklərin birlikdə olduğunu dünyaya göstərmək üçün birgə səylər göstərildiyini qeyd edib.
Prezident E.Tatar, eyni zamanda, diqqətə çatdırıb ki, insanlıq və dünya tarixinə qara ləkə kimi düşən Xocalı qətliamında qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 613 azərbaycanlı erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülüb, yüzlərlə insan itkin düşüb və minlərlə sakin əsir götürülüb.
Gürcüstan
Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Tbilisidə tanıtım aksiyası keçirilib.
Üzərində Xocalı soyqırımının və Qələbəmizin rəmzlərindən ibarət məlumatlandırıcı lövhələr quraşdırılmış avtomobil Tbilisinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib. Avtomobilin üzərində quraşdırılmış elektron lövhələrdə Xocalı abidəsi, xarıbülbül, badam gülü və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə bağlı məlumat toplusu əks olunub.
***
Gürcüstanın Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib. Yarışda 6-9 və 10-15 yaş qruplarında 48 şahmat həvəskarı iştirak edib.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzin icraçı direktoru Murad Muradov Xocalı faciəsi barədə ətraflı məlumat verərərk bildirib ki, bu qanlı faciədən 32 il keçməsinə baxmayaraq, xalqımız soyqırımı qurbanlarını heç zaman unutmayıb və unutmayacaq. Xocalı soyqırımı xalqımızın tarixinə təkcə qanlı faciə kimi deyil, həm də qəhrəmanlıq mübarizəsi kimi yazılıb.
***
Dmanisidə fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “Xocalı soyqırımı – Qan yaddaşımız” adlı anım mərasimi keçrilib. Mərasimdə mərkəzin müəllim və şagirdləri, gürcü ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak ediblər. Əvvəlcə məktəb şagirdlərinin Xocalı faciəsinə həsr edilmiş rəsm əsərlərinə baxış keçirilib.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücumu, dinc sakinlərin qəddarlıqla gülləbaran edilməsi barədə geniş məlumat verib. Çıxış edən müəllim və tələbələr Xocalı qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər. Sonda “İşgəncələr məbədi – Şuşa həbsxanası” sənədli filmi nümayiş etdirilib.
Çin
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
Diplomatların, Çin ictimaiyyətinin nümayəndələrinin, Çində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səslənib.
Səfir Bünyad Hüseynov 32 il əvvəl Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətdən bəhs edib, bunun bir qətliam, soyqırımı olduğunu deyib. Bildirib ki, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni millətçiləri Xocalıda yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik edib. Xocalı müsibəti ermənilərin zaman-zaman Azərbaycan-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biridir.
Böyük Britaniya
London və Edinburq şəhərlərində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
LED ekranı quraşdırılmış avtomobillər hər iki şəhərin əsas küçələri ilə hərəkət ediblər, Britaniya ictimaiyyətinə Xocalı ilə bağlı həqiqətləri çatdırıblar.
Almaniya
Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirib.
Səfirliyin Xocalı soyqırımına dair alman dilində hazırladığı qısa film nümayiş etdirilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Xocalı soyqırımının soyuq müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını qeyd edib.
Daha sonra Xocalı soyqırımına həsr edilmiş “Geriyə baxma” sənədli filminin və S.Müslümqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı keçirilib.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.
Ukrayna
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Ukrayna Müsəlmanları Dini İdarəsində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.
Kiyevin ən böyük məscidində keçirilən mərasimdə səfirliyin diplomatları, diaspor fəallarımız, soydaşlarımız, dini xadimlər iştirak ediblər. Anım tədbiri şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukraynanın müftisi Şeyx Əhməd Təmim və digər dini xadimlər tərəfindən Xocalı soyqırımında şəhid olanların əziz xatirəsinə müqəddəs kitabımız olan “Qurani Kərim”dən ayələr və “Yasin” surəsi oxunub.
Daha sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Fərid Babayev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı artıq dünya ictimaiyyəti tərəfindən tanınıb və bu proses davam edir. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç bir bəraət yoxdur və ola da bilməz. Bu, Azərbaycan xalqına qarşı törədilən əsl soyqırımı idi.
Bolqarıstan
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyanın mərkəzi məscidində bu ölkənin Baş Müftiliyi ilə birgə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Bolqarıstanın Baş müftisi mərasimdə iştirak edən yüzlərlə insan qarşısında söylədiyi xütbədə Xocalı soyqırımı kimi kütləvi qırğınların gələcəkdə təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayaraq Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxuyub.
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyanın mərkəzi məscidinin ətrafında Xocalı soyqırımı ilə bağlı müvafiq posterlər yerləşdirilib və ehsan süfrəsi açılıb. Bundan əlavə, Xocalı soyqırımı ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında da işıqlandırılıb.
Polşa
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşavada Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Səfir Nərgiz Qurbanova bir neçə gündən sonra 32-ci ildönümü qeyd ediləcək Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük qətliam olduğunu diqqətə çatdırıb. Xocalıda törədilmiş cinayətin Ermənistanın sistemli siyasətinin tərkib hissəsi olduğunu qeyd edən diplomat Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox başqa kənd və şəhərlərində də dinc sakinlərin analoji qırğınlara məruz qaldığını söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətin soyqırımı aktı olduğunu diqqətə çatdırıb. O, bu qırğını Xatın, Holokost, Srebrenitsa və Ruandadakı soyqırımlarla müqayisə edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasından da söz açıb.
Kuba
Kubanın nüfuzlu mətbuat orqanlarından biri “Prensa Latina” xəbər agentliyinin rəsmi səhifəsində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin “Xocalı, insanlığa qarşı cinayət” (Jodyalí, un crimen de lesa humanidad) başlıqlı məqaləsi dərc olunub.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər mülki azərbaycanlıya qarşı törədilmiş amansız qətliamın - Xocalı soyqırımının bu il 32-ci ildönümünün anılacağı bildirilib. Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.
Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”, - fikirlərinə yer verilib.
İtaliya
Xocalı soyqırımına görə məsuliyyət daşıyanların cəzalandırılması xalqlar arasında barışıq üçün əsasdır. Çünki ədalət olmadan heç vaxt qəti sülh olmaz. Bu sözləri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata deyib.
Senator daha sonra deyib: “Bu gün biz yüzlərlə dinc azərbaycanlının erməni silahlı birləşmələri və sovet alayı tərəfindən qətlə yetirildiyi Xocalı faciəsinin qurbanlarının xatirəsini anırıq. 1992-ci il fevralın 26-da baş vermiş bu dəhşətli faciə Qarabağ müharibəsinin ən böyük qırğını və ən qanlı epizodlarından biri hesab olunur. 1992-ci ildə baş verənlər zülmə, zorakılığa, işgəncəyə, etnik zəmində dağıdıcılığa əsaslanıb, digər xalqları məhv etmək istəyi və soyqırımı aktıdır. Bu faciə 1990-cı illərin əvvəllərində Azərbaycan millətinə qarşı törədilən vəhşiliklərin davamıdır. Məhz buna görə də bu gün beynəlxalq ədalət uğrunda bağlılıq və mübarizə anı olmalıdır”.
İordaniya
İordaniyanın aparıcı “Əl-Ənbat” hökumət qəzetinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.orobanews.com, www.alsaa.net, www.nayrouz.com, www.johinanews.com və www.nbnjo.com elektron xəbər portallarında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı ölkəmizin Krallıqdakı səfirliyi tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “Azərbaycan Respublikası səfirliyinin Bəyanatı: Xocalı soyqırımı – müasir tarixin ən dəhşətli qətliamı yaddaşlarımızdan heç vaxt silinməyəcək” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, həmçinin bu faciənin Yazıda Xocalı qətliamına bir sıra ölkələrin qanunverici orqanları tərəfindən hüquqi qiymətin verildiyi və bu xüsusda, İƏT Xarici İşlər Nazirləri Şurası, İslam Zirvə Konfransı, Parlament İttifaqının sessiyalarında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələrin qəbul edildiyi diqqətə çatdırılır, 2013-cü il iyunun 19-da İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə Azərbaycan xalqı adından təşəkkür ifadə edilir. Bundan əlavə, məqalədə ölkəmizin 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində uğurla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilir.
Cənubi Koreya
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Koreya–Azərbaycan Mədəniyyət Mərkəzi və Koreyanın “FarmConnect” şirkəti ilə birlikdə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinə məxsus İncəsənət zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş simpozium təşkil edib.
Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşlarının, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələrinin, media təmsilçilərinin və Azərbaycan diasporunun üzvlərinin iştirak etdikləri tədbirdə Azərbaycan səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib. O, Xocalı cəlladlarının ədalət mühakiməsinə cəlb olunacaqlarına əminliyini bildirib, bu xüsusda Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini diqqətə çatdırıb.
Koreyada yaşayan gənc azərbaycanlı, “Seul şəhərinin fəxri vətəndaşı” adının daşıyıcısı, Azərbaycanın Qubadlı rayonundan məcburi köçkün düşmüş Rahil Əhmədova yaşadığı çətinliklərdən danışıb. Bildirib ki, köçkünlük həyatı onu ruhdan salmayıb, əksinə, daha yaxşı dünya naminə mübarizə aparmaq əzmi yaradıb. Rahil Əhmədova hazırda bu amalına Koreyada yaşayan əcnəbi ailələrin inteqrasiyasına yardımla xidmət etdiyini bildirib.
Yunanıstan
“QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin, digər diplomatik korpusların əməkdaşları, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Cəmiyyətin sədri Rəşid Məmmədov giriş sözü ilə çıxış edərək, Xocalı faciəsində yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini xatırladaraq vurğulayıb: “Başımıza gətirilən belə faciələri unutmamalı, gənclərimizə daim soyqırımı həqiqətlərini aşılamalıyıq”. Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov isə çıxışında bildirib ki, 1992-ci il fevralın 26-da tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalı soyqırımı baş verib. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Vurğulanıb ki, Xocalı şəhəri ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənıb və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Hollandiya
Haaqada Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş səssiz yürüş keçirilib.
Aksiyada Niderlanddakı Azərbaycan və türk icmasının 60-dan çox üzvü iştirak edib. Əllərində “Xocalıya ədalət!” plakatı və Azərbaycan bayraqları, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsini rəmzləşdirən yanan şamlar tutan yürüş iştirakçıları Haaqanın mərkəzi dəmir yolu vağzalından Ədalət Sarayına doğru hərəkət ediblər.
Haaqa ictimaiyyətinin diqqətini Xocalı faciəsinə cəlb etmək üçün Ədalət Sarayı qarşısında yürüş
iştirakçıları yanan şamlarla “Justice for Khojaly!” yazıblar. Onlar beynəlxalq ictimaiyyətdən Xocalı faciəsinin müəlliflərinin cəzalandırılmasını istədiklərini bildiriblər.
Materialları redaksiyanın poçtuna daxil olmuş və informasiya agentliklərindən alınmış xəbərlər əsasında Tahir AYDINOĞLU hazırlayıb.