AMEA yeni mərhələdə: elmi fəaliyyətin təşkilində sinergizm

post-img

(Prezident İlham Əliyevin çağırışları fonunda)

III MƏQALƏ

Azərbaycan dövlətinin ən yük­sək elmi müəssisəsi Elmlər Aka­demiyasıdır. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yük­səkdir, yüksək də olacaq. Azər­baycan Elmlər Akademiyası döv­lətin akademiyasıdır.

Heydər ƏLİYEV,

Ümummilli lider

1997-ci ildə Ulu öndər yuxarıda vur­ğulanan fikirlərlə yanaşı, onu da demişdi ki, biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yük­sək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Bu fikirlərdən aydın olur ki, AMEA Azərbay­can dövləti üçün böyük əhəmiyyət kəsb edir və həm də bu elmi təşkilatın üzərinə böyük tədqiqat məsuliyyəti düşür. Biz bu ümumi kontekst çərçivəsində II məqalə­də ifadə olunan fikirləri inkişaf etdirməyə çalışacağıq.

Birgə elmi və elmi-texniki tədbirlərin təşkili

Bu baxımdan II məqalədə vurğula­dığımız sonuncu tezisin fonunda 7-ci və 8-ci istiqamətlərin (“birgə elmi və el­mi-texniki tədbirlərin təşkili” və “fənlə­rarası fəaliyyətin inkişaf etdirilməsi və icrasının təkmilləşdirilməsi məqsədilə Direktorlar Şurasının yaradılması”) də iki mühüm cəhəti ifadə etdiyini görmək mümkündür. Onlar elmi fəaliyyətin təşki­linin AMEA-daxili və kənar mühit miqyas­larında funksional aspektinə aiddir. 7-ci istiqamətdən başlayaq.

Müasir anlama görə, elmi tədqiqa­ların təşkili biliklərin formalaşmasında önəmli rol oynayır. Burada həm prose­sin sırf araşdırma aspektində idraki as­pekti, həm də alınan biliklərin praktiki tətbiqinin səmərəli üsulunun müəyyən edilməsi baxımından məsələ çox aktual sayılır. Buna nail olmaqda müxtəlif elmi müəssisələr arasında elmi və elmi-texniki tədbirlərin təşkili xüsusi rol oynayır. Elmi tədbirlərin təşkilinin iki aspekti akademik araşdırmaların səmərəliliyi baxımından əhəmiyyətlidir. Onlardan biri müzakirələr əsasında ən aktual mövzuların dairəsi­nin dəqiqləşdirilməsi ilə bağlıdır. Digəri isə tədqiqatçılar arasında kommunika­siyanın (informasiya və bilik mübadiləsi) canlı təşkili ilə əlaqəlidir. Təcrübə göstərir ki, bu iki aspekt sintez halında elmi ax­tarışlar mühitini daha səmərəli edə bilər. 

Məsələnin kommunikasiya tərəfi həm də alimlərin elmi əsərləri vasitəsilə yaradıcı “ünsiyyətdə” olmaqla sıx əlaqə­lidir. Bu səbəbdən, dünya miqyasında tədqiqatçılar bir-birinin yaradıcılığı ilə tanış olmağın ortaq standartlarını, nor­malarını axtarırlar. İmpaktfaktor indeksli jurnallar buna xidmət edə bilir. 

Deməli, elmi tədbirlərin müxtəlif miq­yaslarda təşkili, faktiki olaraq, bir neçə səviyyədə elmi fəaliyyəti gücləndirməyə imkan yarada bilər. Birincisi, müxtəlif elmi müəssisələrin əməkdaşları birgə müza­kirələr əsasında ümumi mənzərə haqqın­da ortaq təsəvvürə malik ola bilərlər. Nümunə kimi, AMEA-da yeni rəhbərliyin hər hansı elmi problemlə bağlı müxtəlif institutların birgə müzakirəsini təşkil et­məsini göstərə bilərik. Onun konkret faktı kimi, Fəlsəfə və Sosiologiya İnstitutu ilə Filologiya, Tarix və Folklor institutlarının “milli fəlsəfə necə mümkündür?” sualı ət­rafında ortaq müzakirələrin aparılmasını göstərə bilərik.

Maraqlıdır ki, məruzəçi filosof deyildi, lakin təhlilləri diqqəti çox çəkdi və geniş müzakirələr fərqli fənlərin baxışlarının həm özəlliyini, həm də ortaq baxışla­rın formalaşmasının idraki sərhədlərini müəyyən etməyə imkan yaratdı. Təbii ki, bu kimi proseslər davamlı olmalıdır. Müzakirələrin sonunda da bu qənaətə gəlindi. Bundan daha əhəmiyyətli və ma­raqlı olanı isə praktiki aspektdə AMEA və institut rəhbərlərinin oxşar tədbirlər təşkil etmək üçün real addımlar atması oldu. Artıq filosoflar, tarixçilər, filoloqlar, folk­lorşünaslar, şərqşünaslar və digər ictimai və humanitar elm sahəsinin tədqiqatçıları tez-tez birgə tədbirlərdə müzakirələr apa­rırlar. 

Bu bağlılıqda AMEA rəhbərliyinin birbaşa motivəedici və təşkiledici təşəb­büsləri əsasında Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi aktiv surətdə müa­sir və klassik Azərbaycan şair və yazı­çılarının yaradıcılığının müxtəlif aspekt­lərini filoloqlar, tarixçilər, şərqşünaslar və folklorşünaslarla dərindən müzakirə etmələrini xüsusi vurğulamaq lazımdır. O cümlədən son zamanlar Azərbaycan tarixinin, Azərbaycan–Türkiyə, Azərbay­can–Pakistan, Azərbaycan–Rusiya və sair münasibətlərin aktual məsələlərinin tarixçilər, filosoflar, siyasətçilər, filoloqlar, şərqşünaslarla birgə müzakirəsi maraqlı interdisiplinar yaradıcılıq mühitinin for­malaşmasına əlavə təkanlar verir. Belə görünür ki, AMEA rəhbərliyi bu istiqamət­də institutların fəallığını artırmaq üçün lazım olan addımları atmaqda qərarlıdır. 

Şübhə yoxdur ki, sosio-humanitar elmlərin fənlərarası əlaqələr istiqamə­tində ortaq araşdırma sahəsi axtarışları özünün müsbət bəhrəsini verəcəkdir və həmin prizmada milli ideya və ölkənin strateji inkişafı kimi əsas idraki araşdır­ma hədəfinin daha adekvat tədqiqi üçün münbit fəaliyyət mühiti formalaşmaqda davam edəcəkdir. Bu baxımdan artıq AMEA-nın demək olar ki, bütün insti­tutları müxtəlif aspektlərdən yeni tarixi mərhələdə milli ideyanı və strateji inkişaf konsepsiyasını araşdırırlar. 

Elmi tədbirlərin təşkilinin digər as­pekti AMEA ilə kənarda olan elmi müəs­sisələr və ya akademik strukturlarla birgə tədbirlər təşkil etməsi ilə əlaqəlidir. Bu istiqamətdə də AMEA rəhbərliyi konkret və səmərəli addımlar atır. Nümunə kimi, qardaş Türkiyənin və digər türk dövlətlə­rinin elmi strukturları ilə yeni səviyyədə əməkdaşlığı nümayiş etdirən tədbirlərin təşkilini göstərə bilərik. Bu fəaliyyət nəti­cəsində artıq AMEA Türkiyənin impakfak­torlu indeksə malik nəşrləri ilə daha sıx və konkret nəticələr verən münasibətlər qura bilmişdir. AMEA rəhbərliyi eyni mən­tiqlə Mərkəzi Asiya dövlətləri ilə əlaqələri gücləndirir və genişləndirir. İndi həmin regionda keçirilən mühüm elmi tədbirlərə Azərbaycan tərəfi də mütləq dəvət alır. 

Bütün bunların fonunda AMEA rəh­bərliyinin hər bir əməkdaşın elektron ünvanda yaradıcılığının geniş əks olun­masını tələb etməsi vacibdir. Bütövlükdə, AMEA-da yeni texnoloji mexanizmlərin tətbiqinin yeni səviyyəyə yüksəldilməsi ilə bağlı AMEA Rəyasət Heyətində xüsu­si “Elektron Akademiya” şöbəsinin yara­dılması öz müsbət nəticələrini vermək­dədir. Vurğulanan kontekstdə AMEA-da yaradılmış Direktorlar Şurası da elmlə­rarası əlaqələrin inkişafına öz töhfəsini verməlidir. 

Direktorlar Şurası

Bu, yeni tarixi mərhələdə müxtəlif elm sahələri arasında praktiki əməkdaş­lığı gücləndirmək işinin təşkili və konkret proqramların hazırlanaraq icrasına baş­lanılması baxımından olduqca faydalı görünür. Eyni zamanda AMEA-nın bütün institutlarının rəhbərlərinin demokratik əsasda müzakirələrdə iştirakı təşkilatda kollegial qərarların alınması imkanlarını genişləndirir. Bu kontekstdə məsələnin iki aspektini vurğulamaq lazımdır. 

Birincisi, hər bir institutun yaradıcılıq planlarının digər institutlarla müzakirə əsasında dəqiqləşdirilməsi ilə bağlıdır. Bütün institutlar bu sahədə bir-birilərini artıq zamanında və açıq “görə biləcək­lər”. Hər bir institut təşəbbüs üçün “canlı müzakirələr meydanı” əldə etmiş olur. Bunun da təbii ki, həm yaradıcı, həm də psixoloji müsbət təsirləri mütləq olacaq­dır. Bundan başqa, müzakirələr AMEA üçün aktual hesab edilən elmi problemlə­rin qoyuluşu, tədqiqat üsulları və konkret proqramlar üzrə reallaşması üçün lazım olan yaradıcılıq mühitini formalaşdıra­caq. 

İkincisi, direktorların kommunikativ əlaqələr nəticəsində real interdisiplinar yaradıcılıq mühitinin formalaşması im­kanlarını yüksəltmələri ilə bağlıdır. İnter­disiplinar tədqiqat mühitinin real əsas­da qnoseoloji və metodoloji sferaların qarşılıqlı əlaqəsində yaranması sonrakı mərhələ üçün əhəmiyyətli fəaliyyət plat­formasının əmələ gəlməsi anlamına gəlir. Bu xüsusiyyət isə müasir elmi araşdırma fəlsəfəsi üçün böyük əhəmiyyəti olan tədqiqatın təşkilinin həm sırf yaradıcılıq imkanlarının inkişafına, həm də alınan bi­liklərin praktiki tətbiqi prosesinin səmərəli təşkilinə yeni təkan verməsi ilə əlaqəlidir. Məsələn, Direktorlar Şurası mexanizmi Azərbaycanda alimlərin elmi ünsiyyətlə­rinin inkşafına ciddi töhfə verə bilər. Bunu həm müxtəlif elmi nəşrlərdə dərc edilən əsərlərlə tanışlıq, həm də onların ortaq müzakirəsini təşkil etmək aspektlərində həyata keçirə bilərlər. 

Məlumdur ki, müasir dövrdə alimlərin bir-birinin yaradıcılığı ilə tanışlığı prinsipi­al müsbət əhəmiyyət kəsb edir. Bir neçə alimin birləşib məqalələr və monoqra­fiyalar yazması da başqa məqamlarla yanaşı, həm də ortaq ünsiyyət sahəsinin yaranmasına xidmət edir. Burada söz­süz ki, universal elmi linqvistik sahənin formalaşması baxımından da konkret perspektivlər meydana gələ bilər. Deyək ki, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının “Elmi Əsərlər”də dərc olunan məqalələri ilə AMEA-nın digər institutlarının əməkdaşlarının davamlı və sistemli tanışlığı və bu prosesin qarşılıq­lı aparılması yekunda yaradıcı bəhrəsini verəcəkdir. 

Fikrimcə, Direktorlar Şurasının bu funksiyanı yerinə yetirməsi həm yaradı­cılıq, həm də işlərin təşkili baxımından faydalı ola bilər. Vurğulanan bütün sibs­tantiv və funksional özəlliklərinə görə, Direktorlar Şurasının yaradılmasını elm­lərarası əlaqələrin inkişafı üçün səmərəli bir addım hesab edirik. Eyni zamanda bu mexanizmin AMEA-nın qarşısına qoydu­ğu milli ideya və ölkənin strateji inkişafı məsələlərinin araşdırılmasına öz töhfəsi ola bilər. 

***

Təbii ki, 3 məqalədə AMEA kimi bö­yük elm təşkilatında tədqiqatın təşkilinin sinergizmini tam əhatə etmək mümkün deyildir. Belə bir məqsəd də qarşıya qo­yulmamışdır. Eyni zamanda irəli sürülən fikirlər, sadəcə olaraq, bir tədqiqatçının mövqeyini ifadə edir. 

Bununla yanaşı, bütövlükdə, AMEA-nın indiki rəhbərliyinin həyata keçirdiyi tədqiqat proqramları və fəaliyyətin təşkili fəlsəfəsinin təhlili göstərir ki, Azərbayca­nın baş elmi təşkilatı dövlətçiliyə xidmət edən fəaliyyət istiqamətini seçmiş və bu istiqamətdə artıq konkret addımlar atır. Bu zaman Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələr və elmi hədəflər rəhbər tutulur. 

AMEA vurğulanan istiqamətdə ye­niləşərək tədqiqatların qarşılıqlı əlaqəsini və onların həyata keçirilmə mexanizmlə­rini də təkmilləşdirir. Əlbəttə, bu proses istənilən ölkədə müəyyən zaman ala bilər. Ancaq bir şey tam aydındır: AMEA rəhbərliyi bu elmi təşkilatın fəaliyyətini tamamilə dövlətçiliyə xidmət məcrasına yönəltmişdir! Bu faktın özü böyük uğur­ların müjdəçisidir! Azərbaycan alimləri ilk növbədə Azərbaycan üçün çalışmalıdır­lar! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət