Dövlət başçısının tapşırıqları əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan ardıcıl sosial islahatlar, əldə olunan sosial nailiyyətlər ilbəil vətəndaşların sosial müdafiəsini gücləndirir. Bu fikirləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən 2023-cü ildə korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirakı ilə seçilən sosial tərəfdaşların mükafatlandırılması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, deputatlar Məlahət İbrahimqızı, Arzu Nağıyev, Vüqar İskəndərov, Fatma Yıldırım, digər hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.
S.Babayev aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının da ildən-ilə genişləndiyini, məşğulluğun təminatı istiqamətində görülən işləri qeyd edib. Məşğulluq proqramlarının icrasında, həssas qrupların məşğulluğunun təminatı sahəsində sosial tərəfdaşların göstərdiyi dəstək, bu sahədə özəl sektora aid şirkətlərlə birgə aparılan işlər diqqətə çatdırılıb. Habelə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının məşğulluğuna dəstək işlərində sosial tərəfdaşlarla fəal əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb.
Digər çıxış edənlər özəl sektorun həssas qruplara yönələn dəstək proqramlarında, onların məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlar olaraq fəal iştirakını yüksək dəyərləndiriblər. Qeyd edək ki, korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların 2022-ci ildən nazirlik tərəfindən hər il üzrə mükafatlandırılması tədbirləri keçirilir. Budəfəki tədbirdə də 11 nominasiya üzrə sosial tərəfdaşlara mükafatlar təqdim edilib. Şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlillərin, qadınların, gənclərin, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilənlərin məşğulluğunun təminatına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq” altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan və bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşlara mükafatlar təqdim edilib.
Sosial sahədə həyata keçirilən islahatlardan danışarkən onu da qeyd etmək yerinə düşər ki, Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında Fəaliyyət Planı da imzalanıb. Fəaliyyət Planını agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli və Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov imzalayıblar.
Mərasimdə M.Abbasbəyli Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrdən bəhs edib, məşğulluq sahəsində əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini vurğulayıb. Agentliyin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. D.Arqandıkov rəhbərlik etdiyi qurumun xidmətlərindən bəhs edib. Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib. Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan və 2024-cü ili əhatə edən plan əmək münasibətlərinin rəqəmsallaşdırılması, peşə hazırlığı, işsiz şəxslərin məşğulluq imkanlarının artırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Bundan başqa, Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair biznes subyektləri ilə məlumatlandırma görüşləri də davam etdirilir. Ölkəmizin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilən növbəti görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri Anar Kərimov aparılan işləri diqqətə çatdırıb. Ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması istiqamətlərində atılan addımlar qeyd edilib. “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı aparılan işlər, əldə olunan nəticələr də müzakirə olunub. Əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Şəhid ailələrinə qayğı da diqqətdə saxlanır. Ötən gün Sosial Xidmətlər Agentliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzinə ekskursiyanın təşkili dövlətə əmanət övladlara qayğının nümunəsi kimi qiymətləndirilməlidir. Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası məqsədi daşıyan görüşdə 44 günlük Vətən müharibəsində canlarını qurban verən igidlərimizin 20 övladı iştirak edib.
Onlara məlumat verilib ki, Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri hazırlıq şöbəsində 300-dən artıq ixtisasartırma kurslarına hər il 7 mindən artıq aviasiya sahəsində çalışan mütəxəssis cəlb olunur. Praktiki hazırlıq şöbəsində isə peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan uçuş simulyatorları quraşdırılıb. Mərkəzdə “Airbus A320”, “Boeing 757/767”, “ATR-42/72”, “Embraer 190”, “Cessna 172S” təyyarələri həmçinin Mi-8AMT helikopter pilotları təlim keçir. Uçuş simulyatorunda aviasiya elminin və texnikasının müasir yeniliklər tətbiq olunmaqla, bu sahədə ən yüksək olan FFS D və FNPT 2 səviyyəsi təmin olunur.
İştirakçılar müasir standartlara uyğun qurulan trenajor mərkəzinin imkanları barədə məlumatlandırılıblar və uçuş simulyatorları ilə yaxından tanış olublar. Ekskursiya şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.
Şəhid ailələri kimi, qazilərə göstərilən diqqət, o cümlədən reabilitasiya xidmətlərinin sayı da ilbəil artır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən danışanda robotik terapiya xidmətini xüsusi qeyd etməliyik. Son bir ildə həmin mərkəzlərdə 800-dən çox əlilə 2700-ə yaxın robotik reabilitasiya xidmətləri göstərilib. Robot reabilitasiya sistemləri dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində istifadə olunur. Robotik terapiya fiziki terapiya prosesində əlilliyi olan şəxslərin intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir. Bu terapiya üsulu insult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında tətbiq edilir.
Z.BAYRAM
XQ