“Ermənistan iqtisadiyyatı üfürülmüş sabun köpüyüdür”

post-img

Erməni iqtisadçı David Ananyanın gəldiyi qənaət belədir

Yeni iqtisadi model, ən müasir tex­nologiya, dövrün çağırışlarına cavab verən kreativ idarəetmə mexanizmi. Bunlar XXI əsrin dirçəliş və inkişaf strategiyasıdır. Fəqət, bütün bu sada­ladıqlarımız yüksək ixtisaslı kadrlar, yəni insan resursları olmadan “ölü kapital” kimi yararsız xammala çev­rilir. Hazırda eyni mənzərəni “ölkə­dənqaçma” tendensiyası ilə üz-üzə qalmış Ermənistan cəmiyyətində mü­şahidə edirik.

“Biz hazırda olduqca çətin vəziy­yətdəyik. İqtisadiyyatımız, həqiqətən də, böhran durumuna düşüb. Əgər biz fiksal nöqteyi-nəzərindən yanaşsaq, vergilər toplanır, xərclər isə yerinə ye­tirilmir. Bu isə o deməkdir ki, iqtisadiy­yatdan pulu toplayırıq, amma onu geri qaytarmağı bacarmırıq. Əslində, hər bir iqtisadiyatın müsbət və mənfi tərəfləri vergi ödənişləri prosesinin effektli təşkil edilməsi ilə deyil, iqtisadiyyata kapital qoyuluşunu artırmağı bacarıb-bacar­mamağımızla müəyyən edilir...”.

Bu açıqlamanı erməni mediasına Ermənistan Dövlət gəlirləri komitəsinin keçmiş sədri, tanınmış iqtisadçı David Ananyan verib. Sabiq dövlət məmu­runun gəldiyi qənaət bundan ibarətdir ki, hazırda Ermənistan iqtisadiyyatının keyfiyyət göstəricisi üfürülmüş sabun köpüyünü xatırladır, onun bütün struk­turları isə daha da pisləşməyə doğru gedir: “Real vəziyyət qeydə alınmış iq­tisadi aktivliyin 9,4 faizi ilə ümumi heç nəyə malik deyil. İlk baxışda hər şey yaxşıdır, amma əgər biz iqtisadiyyatın strukturana yaxından nəzər yetirsək, görərik ki, ticarətdə 10 faiz, xidmət sektorunda 2,4 faiz, sənayedə 1 faiz, inşaatda isə cəmi 0,7 faiz artım var. İntəhası, kənd təsərrüfatı üzüaşağı yu­varlanıb. Rəqəmlərdən belə nəticə ha­sil olur ki, iqtisadi artımın əsas hissəsini ticarət və xidmətlər təşkil edir. Amma bu sahələr ölkəni ayaqda saxlamağa qadir deyil. Xüsusilə də həmin sektorlarda­kı artımın səbəbi daxili amillərlə, həm də rusiyalıların həyat tonusu kimi, mü­vəqqəti şəraitlə birbaşa bağlıdır”. 

Qeyd etdiyimiz kimi, işçi qüvvəsinin getdikcə tükəndiyi Ermənistan iqtisa­diyyatının yalnız kağız üzərində artı­mından, irəliləyişindən danışmaq müm­kündür. Ananyanın təbirincə desək, bu ölkənin rüblük, yarımillik və illik rəsmi hesabatları sadəcə “pripiska”dır. 

* * * 

Erməni politoloq Vahe Ovannisyan isə bu gün ölkəsinin üzləşdiyi yeni re­allığın parametrlərini belə təsvir edir: “Bundan əvvəl İrəvanda güc mərkəz­ləri arasında münaqişə az-çox ölkə­nin suverenliyinə və oyun qaydalarına uyğun gedirdisə, artıq, bu, baş ver­məyəcək. İndi biz münaqişənin istə­nilən təzahürünü görəcəyik və bu son dərəcə təhlükəli yeni oyun qaydaları­nın müəllifi Ermənistandır. Belə davam edərsə, dövlət sistemi iflasa uğrama­ğa başlayacaq. Yəni, iqtidar yalançı imitasiyalara gedəcək. Repressiya bu prosesi daha da sürətləndirəcək. Bu gün heç bir normal insan bu hakimiy­yətlə işləmək istəmir: daxili qarışıqlıq, çoxsaylı, çoxvektorlu çirkin proseslər, fermentasiya. Dövlətin iqtisadiyyatı, daxili homeostazı pozulur. Cəmiyyət sahibsiz qalıb. Bir qayda olaraq, ha­kimiyyətin avantürası həmişə dövlə­tin xarici siyasətinin zəifliyinə, daxili gücsüzlüyünə gətirib çıxarır. Yaranmış vəziyyətdə gücsüzlük və müdafiəsizlik, demək olar ki, sinonimdir. Ermənistan­da isə heç kim özünü müdafiəsiz hiss etməyəcək”. 

Arzuları ilə imkanları heç cür üst-üstə düşməyən İrəvan iqtidarı can üs­tündə olan ölkə iqtisadiyyatını ictimai rəyə “inkişaf etməkdə olan” model kimi sırımaqdan çəkinmir. Həmin erməni iqtisadçı və politoloqların yuxarıda sa­daladıqları amillər problemin günü-gün­dən ciddiləşdiyinə dəlalət edir. Bəs, düşdüyü acınacaqlı durumdan Ermə­nistan necə çıxa bilər? Bu sualın cava­bının qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, reallıqdan uzaq, ağılsız bəyanatlar ver­məkdən vaz keçməkdən, “yetimə gəl-gəl deyən” Fransanın ətəyindən əl çək­məkdən, sülh müqaviləsi imzalamaqla regional kommunikasiyaları blokdan çıxarmaqdan ibarət olduğunu hamıdan yaxşı İrəvan özü bilir. Bəli, yolların açıl­ması nə qurudan, nə də dənizdən heç yerə çıxışı olmayan Ermənistan iqtisa­diyyatına əlavə gəlir mənbəyi, dividend­lər gətirəcək. Bekarçılıqdan ölkəni tərk etmək məcburiyyətində qalan əhali işlə təmin olunacaq, onların xaricə axınının qarşısı alınacaq. Məgər Türkiyə ilə sər­hədindəki Marqara gömrük məntəqə­sinin açılması Ermənistan üçün ideal variant olmazmı? 

Hansı tərəfdən və hansı bucaq al­tında baxılsa da, Ermənistanın yeganə çıxış yolu məhz qonşularla əməkdaş­lığın bərpasından keçir. Bu məsələdə ləngimə və itirilən hər gün İrəvanın on­suz da azalan şansını sıfıra yaxınlaş­dırmaqdadır...

Fikrət YUSİFOV,
iqtisadçı alim

Ermənistan iqtisadiyyatı barədə verilən bütün məlumatlar erməni yala­nından başqa heç nə deyil. Ermənistan dövlət statistika komitəsinin bu ölkənin iqtisadiyyatının durumu barəsindəki məlumatlarına nəzər saldıqda, onun acınacaqlı halda olduğunu asanlıqla görmək mümkündür. Bu göstəricilər Ermənistan iqtisadiyyatının “çiçək­lənməsinə” dair erməni hökumətinin bütün yalanlarını ortaya qoyur. Ağır hərbi məğlubiyyətdən çıxmış və daxili siyasi çəkişmələrin pik həddə olduğu bir ölkənin iqtisadiyyatında son üç ildə sıçrayışın baş verməsi mümkündür­mü? Ermənistan DSK-nın məlumatına görə, bu ölkədə ÜDM 2021-ci ildə 17,2 milyard, 2022-ci ildə 21 milyard, 2023-cü ildə isə 23,5 milyard ABŞ dolları təş­kil edib. Yəni, 2021-ci illə müqaisədə 2023-cü ildə Ermənistanda ÜDM 6,2 milyard dollar və ya 36,0 faizə yaxın artıb. Yanacaq - enerji resursları olma­yan, ağır hərbi məğlubiyyət yaşamış bir ölkənin iqtisadiyyatında 3 il ərzində belə artım mümkün deyil. 

Bəs Ermənistan hökuməti bu bö­yüklükdə yalanı necə “əsaslandıra bilir”? Araşdırma apardığımız illər ər­zində Ermənistanda xarici ticarət döv­riyyəsinin ağıla sığmayan bir sürətlə artdığına şahid oluruq. Rəqəmlərə nəzər salmaq yetərlidir ki, bu ölkənin iqtisadiyyatındakı “bum”un haradan qaynaqlandığını görə bilək. Ermənis­tanın xarici ticarət dövriyyəsi 2021-ci ildə 8,4 milyard dollar səviyyəsində ol­muşdusa, 2023-cü ildə bu rəqəm 2,5 dəfə və ya 12,3 milyard dollar artaraq 20,7 milyard ABŞ dolları təşkil etmiş­di. 2021-ci ildə ixracın həcmi cəmisi 3 milyard dollar təşkil etsə də 2023-cü ildə bu rəqəm 2,8 dəfə artaraq 8,4 milyard dollar təşkil etmişdir. Eyni qay­dada 2021-ci ildə idxal olunan məhsul­ların həcmi cəmisi 5,4 milyard dollar olmuşdusa, 2023-cü ildə bu rəqəm 6,9 milyard dollar və ya 2,3 dəfə ar­taraq 12,3 milyard dollara çatmışdır. Bütün bu göstəricilər fonunda Ermə­nistandan Rusiyaya ixracın və Ermə­nistanın Rusiyadan idxalının həcmi də anoloji sürətlə artmışdı. Beləliklə, əgər 2021-ci ildə Ermənistandan Rusiya­ya cəmi 841 milyon dollar həcmində məhsul ixrac olunmuşdusa, 2023-cü ildə bu rəqəm 3,4 milyard dollar təşkil etmiş və ya 4 dəfədən çox artmışdı. Müqayisə aparılan illər ərzində Ermə­nistanın Rusiyadan idxal etdiyi məh­sulların həcmi 2,1 milyard dollar və ya 2,2 dəfə artaraq 3,9 milyard dollar təşkil etmişdir. Bütün bunlar onu sübut edir ki, Ermənistan iqtisadiyyatında­kı “bum” yalnız xarici ticarət dövriy­yəsinin artımı hesabına əldə olunub. Əslində, Ermənistanın xarici ticarət dövriyyəsindəki artımların əsl səbəbi Ermənistanın sanksiyalar altında olan Rusiyaya yardım göstərməsi ilə bağlı­dır. Son iki ildir ki, Ermənistan Rusi­ya bazarına idxalı qadağan olunmuş məhsulları üçüncü ölkələrdən alıb öz ərazisinə idxal edir və sonradan onları öz istehsalı kimi Rusiyaya ixrac edir. Bu gün Ermənistanın idxalının 72 faizi, ixracının isə 41 faizi Rusiyanın payına düşür. İndi oxucularımız bu ölkənin taleyinin kimin əlində olduğunu özləri müəyyənləşdirsinlər... 

İmran BƏDİRXANLI
XQ







Siyasət