Paslı silahlar, tozlu binokllar və bir atımlıq yaş barıt

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Paris İrəvana bunlardan başqa heç nə göndərməyəcək

Çünki Fransanın özünün indi çox şeyə ehtiyacı var. Artıq bir neçə ildir ki, ölkə­də daxili sabitliyi qoruya bilmirlər, xalqın dövlətə – daha çox isə Emmanuel Makron iqtidarına inamı bərpaolunmaz şəkildə itir, iqtisadi imkanlar azalır, anti-İslam və anti-türk əhval-ruhiyyəlilərin həyasızlı­ğı Parisin beynəlxalq aləmdəki nüfuzuna sarsıdıcı zərbələr vurur... Bir tərəfdən də Afrikadakı Fransa müstəmləkələrində mil­li-azadlıq hərəkatı dönməz xarakter alır. Yəni bu gün Makron Fransasının “burnu ovulur”. Özü də, qeyd etdiyimiz kimi, bir neçə istiqamətdən.

Belə bir vəziy­yətdə rəsmi Parisin Cənubi Qafqazda söz sahibinə çevril­mək istəyi “dəryada balıq sövdasıdır”. Bir tərəfdən Rusiya Fe­derasiyası buna im­kan verəcək qədər sadəlövh deyil. Şimal qonşumuzun nəinki siyasətçi və diplo­matları, hətta, orta məktəb şagirdləri də Parisin Ermənistandakı məqsədlərini ermənilərdən yax­şı bilirlər. 

Bir tərəfdən İran İslam Respublikası İslam Peyğəmbərinin təhqir edilməsini “söz azadlı­ğı” adlandıran Fransanı öz sərhədləri ətrafında görmək istəməyəcək. Doğrudur, İranın Cənubi Qafqaz siyasətində özünəməxsus maraqları var. Ancaq fransızların bu regiona gəlməsinə münasibətdə Tehran da Ankara və Moskva ilə eyni mövqedən çıxış edir. İranda çox yaxşı bilir­lər ki, Fransa əsgərinin İrəvanda oturması Teh­ranın Cənubi Qafqazdakı maraqlarına sarsıdıcı zərbə olacaq. 

Bir tərəfdən isə Türkiyə Cümhuriyyəti bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması üçün yaranan şansı əldən verməyəcək. Makronun əsas məqsədlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdən ibarətdir. Yoxsa onun “başına at təpməmişdi” ki, dəryalar qədər problemi ola-ola gəlib İrəvana da burnunu soxsun. Türkiyənin nəinki dövlət rəs­miləri, hətta hökumət üzvləri və diplomatlar da birmənalı olaraq, dönə-dönə deyirlər ki, Zəngə­zur dəhlizinin açılmasına nail olacağıq: “Çünki bu layihə təkcə Azərbaycan, Türkiyə və Ermə­nistan üçün deyil, bütövlükdə, Avrasiya üçün mühüm iqtisadi maraq kəsb edir”. 

Bütün bunları bilən Fransanın və onun Avro­pa qurumlarındakı bəzi özünəbənzər həmfikirlə­rinin İrəvana paslı silahlar, tozlu binokllar və bir atımlıq barıt göndərməsi nəyə hesablanıb? Axı dünyanın əksər hərbi ekspertləri açıq şəkildə yazırlar ki, Fransanın Ermənistana göndərdiyi silah və sursatlar ən azı əlli il anbarlarda qalmış “qədimi” istehsal nümunələridir. Bu ölkəyə Hin­distandan göndərilən silahlar isə heç istehsalçı ölkənin özündə belə sınaqdan keçirilməmişdir. 

İndi sual olunur: Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal altında saxlamış, vaxtilə So­vet dövləti tərəfindən dişinə, dırnağına qədər silahlandırılmış Ermənistan ordusu Azərbaycan əsgərinin “dəmir yumruğ”u qarşısında cəmi ay yarım duruş gətirərək, ağ bayraq qaldırdısa, indi Parisdən və ya Dehlidən göndərilmiş köhnə silahlar bu terrorçu və təxribatçı dövlətin hansı problemini həll edəcək? Cavab verirəm: Heç bir problemini.

Ermənistanın bugünkü problemlərindən biri də bəzi Avropa qurumlarının, xüsusən, Fran­sanın İrəvana göndərdiyi binokllardır. Həmin binoklların obyektivi də onlardan istifadə etmək istəyən keçmiş Avropa hərbçilərinin gözü kimi reallığı görə və ya göstərə bilmir. Elə olmasaydı, həmin sınıq-salxaq binokllar və qoca-qaltaq av­ropalılar atəşkəsi pozan erməni əsgərlərinə “gö­zün üstdə qaşın var” deyərdilər. Demirlər. Çünki görmürlər. Binokllar paslı, gözlər sıradan çıxmış vəziyyətdədir. 

O ki qaldı, barıt məsələsinə, deməliyik ki, Fransa özü bu gün “barıt çəlləyinin üstündə oturduğuna görə” Ermənistana o qədər də barıt göndərə bilməyəcək. Bundan başqa, Makronun barıtının yaş olduğunu da indi artıq hamı bilir. Çünki Fransanın müstəmləkəçilik siyasətinə qarşı başlanan, daha doğrusu, Azərbaycanın başladığı beynəlxalq siyasi-diplomatik mübarizə artıq hər gün daha çox ölkələri əhatə edir. Rusi­yalı telejurnalistin Fransadan hazırladığı süjetdə qoca bir fransızın maraqlı ifadəsini eşitmişdik: “Makron Fransanı elə bir günə saldı ki, indi ar­tıq bu ölkənin vassalları (müstəmləkələri demək istəmədi– İ.M.) Parisi idarə etmək iddiasına dü­şürlər”.

Yəni, Paris – İrəvan, Dehli – İrəvan, nə bilim, daha hansı reyslərin Ermənistan paytaxtına nə daşımasından asılı olmayaraq, bu ölkə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın bütün müddəalarını icra etmək məcburiyyətin­də qalacaq. Bunun əksini etsələr, elə bir nəticə alınacaq ki, erməni xalqı Nikol Paşinyana da, Emmanuel Makrona da getməli olduqları ünvanı göstərəcək. Bunun başqa adı isə gorbagor ol­maqdır.

Siyasət