Moskva “Cermuk” suyundan niyə imtina etdi?

post-img

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Cermuk” (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qə­bul edib. Buna səbəb fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhər sakininin “Cermuk” suyundan içməsi nəticəsində onun qida borusun­da və mədəsində problem yaranıb. Buna görə də əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin təqaüdçünün daxili xə­sarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı suyun tər­kibində sirkə olması müəyyənləşib. Buna görə də məhsulun idxalı və ix­racı dayandırılıb. Daxili İşlər Nazirliyi, Prokurorluq və “Rospotrebnadzor”un birgə göstərişinə əsasən, hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb. Artıq Şimali Osetiya ərazisində 24 bağla­ma “Cermuk” suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilib. Bu mineral suyu sa­tan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.

“Rospotrebnadzor”, həmçinin vətəndaşlardan istehsal tarixi 28 de­kabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytla­rı barədə məlumat vermələrini xahiş edib. 

Bir sözlə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Ri­fahı Sahəsində Nəzarət üzrə Fede­ral Xidməti əməkdaşları tərəfindən hazırda pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirilib. Vətən­daşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər gö­rülüb, mineral suyun 2,5 milyon bu­tulkaya yaxın fərdi partiyalarının satı­şı artıq dayandırılıb.

Erməni mediası isə bununla bağlı Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatını ya­yıb. Məlumatda “Cermuk” mineral su­yunun 2001-ci ildən Rusiyaya ixrac edildiyi, həcminin tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdı­rıldığı, bununla bərabər, idxal edilən hər bir su partiyasının Avrasiya İqti­sadi İttifaqının texniki reqlamentinə uyğun gəldiyi, indiyədək bu mineral sudan zəhərlənmə faktının qeydə alınmadığı da vurğulanıb. 

Ermənistanın Qida Təhlükəsizli­yinə Nəzarət Qurumunun iddiasına görə, “Cermuk”un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Be­larus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzin­də 10 dəfə artıb. Adıçəkilən qurum, həmçinin ötən 23 il ərzində ölkədən ixrac edilən mineral sudan indiyə­dək zəhərlənmə faktı qeydə alınma­dığından “Cermuk”un müəyyən su partiyalarının satışının dayandırıl­ması barədə “Rospotrebnadzor”in bu qərarını təəccüblə qarşılandığına diqqət çəkib. Eyni zamanda, sözüge­dən mineral suyun satışının dayan­dırılması ilə bağlı Rusiyanın səlahiy­yətli orqanlarından bildiriş almadığını da qeyd edib. 

Xatırladaq ki, Kəlbəcər rayonu­nun işğalı dövründə Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətlə­ri – faydalı qazıntıları istismar edib, nəinki Kəlbəcərdən, həm də Qaraba­ğın bütün ərazisindən təbii resursla­rın qanunsuz ixracını həyata keçirib. Ermənistan yataqlardan Yuxarı İs­tisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə sa­tıb. 

Mütəxəssislər bildirirlər ki, Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mü­hiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Er­mənistan Qarabağ və Şərqi Zəngə­zuru işğal altında saxladığı dövrdə bu tələbləri yerinə yetirməyib, belə bir ekoloji terror yolu ilə nəinki Azər­baycana, hətta bütün bölgəyə ciddi zərər yetirib. 

Bu gün ixraca yönəltdiyi “Cer­muk”u “qaydalara uyğun istehsal” etdiyini israrla bildirən Ermənista­na xatırlatmaq lazımdır ki, hələ 2007-ci ilin martında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) bu məh­sulda kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mi­neral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir. Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. “Arzni Mineral Sular” QSC-nin direktoru Ar­men Mkrtçyan “şirkətin məhsulların­da arsen tərkibi Ümumdünya Səhiy­yə Təşkilatı standartlarına tamamilə uyğundur”,–deyə bildirmişdi.

Mütəxəssislər bildirirlər ki, arsen də, sirkə turşusu da insan sağlam­lığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dər­hal, arsenin təsiri isə tədricən baş verir, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sis­teminə, tənəffüs yollarına ciddi zi­yan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və göz­lərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.

“Cermuk” mineral suyuna zəhərli arsen isə şəlalənin yaxınlığında (cə­nub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən “Amuldağ” qızıl yatağından qarışır. Mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də ye­raltı sular arsen və digər zəhərli mad­dələrlə çirklənir.

“Environmental Protection First” (EPF) Koalisiyası bildirib ki, heç bir ekoloji standartlar gözlənilmə­dən Ermənistanda Amuldağ (Amul­sar) yatağının istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.

Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyənləşdir­mişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkə­sində də qadağan edilmişdi. 

Onu da qeyd edək ki, Amuldağ (Amulsar) qızıl yatağının istismarı nə­ticəsində formalaşan ağır metal tər­kibli mədən tullantıları Bərgüşad ça­yına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbay­can ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əha­lisi üçün ciddi təhdiddir.

V.BAYRAMOV
XQ

Siyasət