Rusiya Ermənistana iqtisadi təzyiqə keçsə...

post-img

Onda vəziyyətin özü “rusca” olacaq

Qərbi Rusiyanı Ermənistanın köməyi ilə Cənubi Qafqaz regionundan sıxış­dırıb çıxarmaq siyasətində ittiham edən Rusiya rəsmilərinin bəyanatlarının səbəbi nədir? Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü “dondurması” ilə bağlı bə­yanatının hansı məqamları var və bu, nəyə gətirib çıxara bilər? Bu kimi məsələlərlə bağlı Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universi­tetinin Beynəlxalq və ictimai hüquq kafedrasının dosenti, politoloq İqor Se­menovski Ermənistanın VERELQ Analitik İnformasiya Mərkəzinin suallarını cavablandırıb.

İ.Semenovski bildirib ki, Rusi­yanın yüksək rütbəli məmurlarının bəyanatları son illər Ermənistanda, Gürcüstanda və Azərbaycandakı bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, Böyük Britaniyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının və digərlə­rinin Cənubi Qafqazdakı proseslərə necə dağıdıcı təsir göstərməyə ça­lışdıqlarını görmək üçün uzağa get­məyə ehtiyac yoxdur. Əgər Gürcüs­tan parlamenti dövlətin suverenliyinin qorunmasındakı sabitliyi artırmaq və 2023-cü ildə xarici təsirin şəffaflığı ilə bağlı milli qanunvericilik qəbul etmək istəyirsə, bu, Qərb ölkələrinin fikrincə, söz və media azadlığının pozulması­dır. Eyni zamanda, ötən əsrin əvvəllə­rindən və ortalarından ABŞ və Böyük Britaniyada, Avropa İttifaqında xarici agentlərlə bağlı oxşar və daha sərt qanunlar da qüvvədədir. 

Rusiyalı politoloq bir sıra xarakte­rik tendensiyaları sadalayıb. O bildirib ki, Avropa ölkələri Azərbaycandakı hakimiyyəti “avtoritar” adlandırırlar. ATƏT ölkədə 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərinin legi­timliyini şübhə altına alır. Lakin son illərdə Avropa Bakıdan neft və qaz alınmasını gücləndirir. Fransanın və qitənin digər ölkələrinin hakimiyyət orqanları Ermənistanı hər cür şifahi dəstəklə təmin edirlər. Avropa İtti­faqının ölkədə monitorinq missiyası fəaliyyətdədir. 2023-cü ilin sentyabr ayının əvvəlində Ermənistan və ABŞ birgə təlimlər keçirdi, ancaq İrəvan bundan bir həftə sonra Qarabağdakı mövqelərini tamamilə itirdi. 

İ.Semenovski Cənubi Qafqaz baxımından indiyədək görünməmiş unikal neqativ amil kimi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasını önə çə­kib. Onun sözlərinə görə, bu addım İrəvanın Moskva ilə münasibətlərinə problemdən başqa heç nə gətirməyə­cək. Politoloq Qərbin bir sıra qeyri-hö­kumət təşkilatlarının Ermənistanın, Gürcüstanın və Azərbaycanın vətən­daş cəmiyyəti ilə dağıdıcı iş aparma­sından da söz açıb. Mövcud xüsusda USAID-in, NED-in, NDI-nın, IRI-nin və digər bu kimi strukturların fəaliyyə­ti üzərində dayanıb. O, bütün bunları da ABŞ-ın, Aİ-nin və başqa Avropa ölkələrinin regionda öz məqsədləri­ni güddüklərinin əyani sübutu olaraq göstərib. Məqsəd isə birdir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxar­maq. 

İ.Semenovski bildirib ki, Qərbə re­gionda sülh və sabitlik lazım deyil. O deyib ki, Rusiya, İran və ya digər güc­lər isə Cənubi Qafqazda sabitliyi poz­maqda maraqlı olmadıqları üçün “par­çala və hökm sür!” siyasətini həyata keçirən Qərbə yalnız xəbərdarlıqlarla kifayətlənirlər. Onlar Cənubi Qafqa­zın problemlərinin regional oyunçular tərəfindən, süni kənar müdaxilələr ol­madan həllini əsas götürürlər. Ancaq, hələlik, mövcud istiqamətdə konkret nəticə yoxdur, yalnız gərginlik var. 

Rusiyalı politoloq, bilavasitə, Er­mənistan amili üzərində dayanıb və bildirib ki, ölkə ənənəvi olaraq Rusiya­nın regiondakı ən sabit müttəfiqi olub. Ermənistan Gürcüstan və Azərbay­candan fərqli olaraq, Avrasiya İqtisadi İttifaqının (Aİİ) və KTMT-nin üzvüdür və bunun sayəsində bir çox üstün­lüklər və güzəştlər əldə edir. Həmçi­nin, Rusiya ilə Ermənistan arasında əməkdaşlıq strateji xarakter daşıyır. Buna görə də Moskva ölkənin suve­ren dövlətçiliyinin əsaslarının aşındı­ğına laqeyd yanaşa bilmir. 

Siyasi icmalçının fikrincə, artıq gec olsa da, Rusiya anlamağa başlayıb ki, N.Paşinyanın təhlükəsizlik siyasə­ti sahəsində “şaxələndirmə” ilə bağlı dilə gətirdiyi fikirlər, əslində, ölkənin kursunun dəyişdirilməsi deməkdir. Bəs Rusiya Qərbin planlarını neyt­rallaşdıra bilərmi? Kreml regionda qalmaq xüsusunda nələri düşünür? Politoloqun sözlərinə görə, Rusiya ilə Qərb ölkələri, ümumən, kollektiv Qərb arasında qarşıdurma dünya­nın bir çox regionlarında və müxtəlif formalarda gedir. Cənubi Qafqazda qeyri-regional oyunçuların köməyi ilə sabitliyin pozulması gündəmdə­dir. Mövcud şəraitdə Rusiya region ölkələri ilə qarşılıqlı əlaqəni gücləndir­məlidir. Necə? Politoloq 2023-cü ilin sonunda Rusiya iqtisadiyyatının əsas rol oynadığı Avrasiya İqtisadi İttifaqı­nın İranla azad ticarət zonası haqqın­da tammiqyaslı saziş bağladığından danışıb. O deyib ki, bu saziş regionun iqtisadiyyatlarının inkişafında siner­jini gücləndirməlidir. Habelə, Ermə­nistanın Aİİ-də iştirakı, Rusiyadan sərmayələrin axını və onunla ticarət, həmçinin əsasən Rusiya vətəndaşla­rının axını sayəsində İrəvanın iqtisa­diyyatı 2022-ci ildə 12,6 faiz, 2023-cü ildə isə 9,4 faiz artıb. Belə olan halda Ermənistanın hazırkı rəhbərliyi xarici siyasət kursunun və paradiqmasının dəyişməsi kontekstində iş aparacaq­mı? Hadisələr göstərir ki, rəsmi İrəva­nın niyyəti ortadadır. 

Bilavasitə Ermənistan – KTMT münasibətlərindən, daha doğrusu, Paşinyanın Parisdə İrəvanın qurum­dakı fəaliyyətini “dondurduğunu” deməsindən söz açan siyasi şərh­çi bildirib ki, bir müsahibədə ölkənin KTMT-dəki fəaliyyətinin dondurma­sından danışmaq, eyni zamanda, qonşu dövlətdən, yəni Azərbaycan­dan hərbi təhlükə barədə həyəcan təbili çalmaq səriştəsizliyin zirvəsi­dir. “Təəssüflər olsun ki, Ermənistan vətəndaşlarının gözləri önündə ABŞ, Aİ, Fransa və digər Avropa ölkələrinin hakimiyyət orqanlarının Ermənistanı hər cür şifahi dəstəklə məhdudlaş­dığına dair acınacaqlı təcrübə var. 2023-cü ildə Aİ-nin monitorinq missi­yasının qaldığı müddətdə, eləcə də 2023-cü ilin sentyabrında Ermənistan və ABŞ-ın birgə təlimlərindən dərhal sonra İrəvan 100 mindən çox insanın çıxarılması ilə Qarabağa təsir imkan­larından yapışmaq üçün son şansını itirdi”, – deyən politoloq bunu da soru­şur: Aİ və ABŞ Azərbaycanla sərhəd münaqişəsi fonunda Ermənistana kömək etdimi? Əlbəttə, yox!

Nəhayət, İ.Semenovski belə nə­ticəyə gəlir ki, Ermənistanın indiki hakimiyyətinin mövcudluğu və onun Qərbyönümlü kursu şəraitində ölkə­nin KTMT-də iştirakının şifahi müstə­vidə də olsa, dondurması və ya da­yandırması regional qeyri-sabitliyi artırmaqla, İrəvanın təhlükəsizliyini əhəmiyyətli dərəcədə azaldır. Möv­cud tendensiya orta və uzunmüddətli perspektivdə davam edərsə, Ermə­nistanın iqtisadiyyatı da zərər görə­cək. Məhz belə olduqda Paşinyanın “Rusiya rəsmiləri Ermənistanda ha­kimiyyəti devirməyə çağırışlar edirlər” məntiqi real mahiyyət daşıyacaq. Özü də bu dəfə əməldə. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət