Azərbaycanlı tanınmış idman məşqçisinin Moskvada saxlanılması ilə bağlı bəzi məqamlar
Azərbaycanın tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvanın Domodedova hava limanında saxlanılmışdı. K.Zeynallı “Instagram” səhifəsində canlı yayım açaraq, hadisənin Ermənistanın tələbi ilə gerçəkləşdiyini demişdi. İdmançı bildirmişdi ki, rəsmi İrəvan onu beynəlxalq axtarışa verib və bu səbəbdən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məsələ dünən ölkəmizin sosial şəbəkə seqmentində, o cümlədən, mediasında, ümumən, ictimaiyyətdə geniş müzakirə doğurdu. Çünki söhbət həm də K.Zeynallının Ermənistana təhfil verilməsindən gedirdi. Ümumən, azərbaycanlı, Azərbaycan vətəndaşı olan fitnes məşqçisinin Ermənistanın tələbi ilə saxlanılmasının hansı nəticələr doğura biləcəyi və bununla bağlı digər məqamlar maraq doğurmaya bilməzdi. Çox yaxşı ki, Kamil azadlığa buraxıldı. Həm bununla bağlı, həm də ümumən məsələyə dair bəzi təfərrüatları diqqətə çatdıraq.
***
K.Zeynallının saxlanılması ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altında idi. Bu barədə məlumatı ölkəmizin Xarici İşlər Nazirliyi yaymışdı. Məlumatda bildirilmişdi ki, K.Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir. Eyni zamanda, idmançının Ermənistanın sorğusu əsasında saxlanıldığını APA-nın Moskva müxbirinə açıqlamasında onun vəkili Ələkbər Qarayev də demişdi. Vəkil K.Zeynallının Domodedovo polis bölməsinə aparıldığını açıqlamış, Ermənistanın Cinayət Məcəlləsinin 135 və 147-ci maddələri ilə ittiham edildiyini bildirmişdi. Lakin ittihamın konkret hansı əmələ görə irəli sürüldüyünə aydınlıq gətirməmişdi: “Kamil Zeynallı gecə saatlarında şübhəli şəxs qismində 48 saatlıq həbs olunub. Bu gün prokurorluq gözləyir ki, Ermənistandan nəsə əlavə materiallar gəlsin. Əgər həmin əlavə materiallar gəlsə, o zaman sabah həbs qətimkan tədbirinin seçilməsi üçün Kamil Zeynallı məhkəmə qarşısına çıxarılacaq”.
***
“Azərbaycan vətəndaşı Kamil Zeynallının Domodedovo hava limanında saxlanmasından xəbər tutan kimi dərhal Azərbaycanın Rusiyadakı səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar da, vəkilimiz də artıq Kamillə görüşüb və onunla daimi əlaqə saxlayırlar”. Bunu isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Caliber.az” saytına bildirmişdi. Səfir də K.Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləmişdi. P.Bülbüloğlu, həmçinin erməni tərəfinin sorğusunun hələ 2023-cü ilin mayında MDB çərçivəsində verildiyini və Kamilin Ermənistanın Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edildiyini vurğulamışdı. “Moskva vaxtı ilə, təxminən, səhər saat üç radələrində mən şəxsən Kamillə telefonla danışdım və ona bildirdim ki, səfirlik artıq onun məsələsi ilə məşğuldur. Onun Ermənistanın tələbi ilə saxlanması o demək deyil ki, Zeynallını təyyarəyə mindirib dərhal İrəvana göndərəcəklər. Xeyr, bu, baş vermir. İndi biz məhkəmənin qərarını gözləyirik ki, o da Ermənistan tərəfinin iddiasının nə dərəcədə əsaslı olduğunu üzə çıxaracaq”, – deyə P.Bülbüloğlu fikrinə aydınlıq gətirmişdi.
Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında da bildirilmişdi ki, diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadırlar. Məlumatda fevralın 21-də səfirlik tərəfindən dəvət olunmuş vəkilin K.Zeynallı ilə görüşdüyünü və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah etdiyi vurğulanmışdı. O da bildirilmişdi ki, ali diplomatik missiya Rusiya qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.
Yeri gəlmişkən, K.Zeynallının Moskvada saxlanılması ilə bağlı məlumat erməni mediasında da geniş yayıldı. Məlumatda bildirildi ki, Zeynallının Ermənistana ekstradisiyası mümkündür. Erməni mediasının məlumatında açıqlanan detallar cəfəng xarakter daşıyırdı. Məsələn, “Verelq.am” saytı bildirdi ki, K.Zeynallı, guya, 44 günlük müharibə zamanı “Allahu Əkbər” deyə Qarabağda erməni qocanın boğazını bıçaqla kəsməsi ilə məşhurlaşıb. Bu videogörüntü azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən aktiv şəkildə yayılıb, minlərlə bəyənmə toplayıb və paylaşılıb. Ən cəfəng məqam isə budur: 2020-ci ilin iyulunda Tovuzdakı hərbi toqquşmadan sonra yerli azərbaycanlı quldur dəstələri tərəfindən Moskvada ermənilərə qarşı kütləvi təqiblər və hücumlar başladı. Həmin hücum dəstələrinə nəzarəti K.Zeynallı edirmiş (?).
K.Zeynallının Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunduğunu ölkənin “News.am” saytı da bildirdi. Məsələ barədə sayta Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan danışdı. Sarkisyan Zeynallının qətl ittihamı ilə dövlətlərarası axtarışa verildiyini desə də, onun hansı qətldə ittiham olunduğunu açıqlamadı.
***
Onu da bildirək ki, vəkil Ə.Qrayev K.Zeynallının Vətən müharibəsinin başlanmasından iki gün sonra Ermənistan tərəfindən axtarışa verildiyini diqqətə çatdırdı. Əvvəla, K.Zeynallı 44 günlük müharibədə olmayıb. İkincisi, onun Moskvada azərbaycanlı dəstələrə nəzarət etməsi var idisə və həmin dəstələr ermənilərə qarşı quldurluq edirdilərsə, o zaman Ermənistan hansı əsasla bu şəxsin cinayət məsuliyyətinə cəlbini istəyə bilər? Hadisə Rusiya ərazisində olubsa və idmançı cinayət törədibsə, o, bu ölkənin yurisdiksiyası ilə cəzalanmalı deyilmi? Digər tərəfdən, K.Zeynallı özünün instaqram hesabındakı paylaşımında 44 günlük müharibədən sonra üç dəfə Rusiyada olduğunu bildirmişdi. Görəsən, nəyə görə məhz indi saxlanılmışdı?
Maraqlıdır ki, İnterpolun saytında K.Zeynallının axtarışda olduğuna dair heç bir qeyd olmayıb. Belə olan halda, hadisələrin sonrakı axarını proqnozlaşdırmaq çətin idi. Amma fakt faktlığında qalırdı ki, idmançı Ermənistanın tələbi ilə saxlanılıb və bu cəhət əvvəldə haqqında söz açdığımız məqamları aktullaşdırmaqdadır. Əlbəttə ki, söhbət siyasi məqamlardan gedirdi.
***
Məlum olduğu kimi, 44 günlük müharibənin ab-havası başqa idi. Həmin vaxt həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində, kifayət qədər, ciddi nifrət ab-havası hökm sürürdü. Hər iki tərəfdən barışmazlığı təbliğ edən fikirlər səslənirdi, o cümlədən, hiddət çağırışları da. K.Zeynallı da, heç şübhəsiz, belə çağırışları edə bilərdi. Ancaq bunu edən yalnız o deyildi. Hətta daha sərt, qəddar fikirlər səsləndirənlər də var idi.
Digər tərəfdən, K.Zeynallı müəyyən çevrələrdə tanınsa da, o, prinsip etibarilə ictimai fiqur deyil. Cəmiyyətdə məmur, deputat və digər bu baxımdan qarşılanan, qərar verən biri heç deyil. Doğrudur, bu şəxs bir çoxları kimi, əyninə hərbi paltar geyinib vətənpərvərlik çağırışları edib, şəkillər çəkdirib, eyni zamanda, cəbhəyə yardım kampaniyalarının təşkilində də fəallıq göstərib. Yenə də deyək ki, bunu edən yalnız Kamil olmayıb. Həm də bu hərəkətlərdə cinayət tərkibi yoxdur.
***
K.Zeynallının müharibədə olmadığını və digər cinayət əməlləri törətmədiyini nəzərə alaraq, başqa bir məqama diqqət yetirək. Real yanaşaq və hesab edək ki, sosial şəbəkələrdə millətlərarası nifaq, qarşıdurma təbliğatı aparmaqda və sair bu kimi əməllərdə cinayət tərkibi var. Mövcud xüsusu əsas götürsək, gərək, Azərbaycanın və Ermənistanın əksər hissəsi Rusiyaya getməsin ki, həbslə üzləşəcək.
Rusiya nə üçün məsələyə belə yanaşmalı idi? Məgər ölkənin hüquq-mühafizə orqanlarının rəhbərliyi Azərbaycanla Ermənistan arasındakı durumu bilmirdi? Bilmirdi ki, ölkələr sülh müqaviləsi imzalamayıblar və indiki halda onlardan hansınınsa birinin vətəndaşının diqqətə çatdırdığımız ampluada saxlanılması yolverilməzdir? Belə çıxır ki, Azərbaycandan kimsə bundan sonra Rusiyaya ayaq basmamalıdır?! İstər-istəməz insanda qorxu yaranır.
...Azərbaycan günahı sübuta yetirilmiş Xocalı cəlladlarını beynəlxalq xətlə axtarışa verib. Həmin cəlladlar, habelə, onların Ermənistan rəhbərliyində təmsil olunanları həmişə əllərini-qollarını sallaya-sallaya Rusiya ərazisində var-gəl ediblər. O zaman nə üçün Rusiya dövləti buna heç bir reaksiya verməyib? Nəyə görə otuz ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində separatçı qurum yaradıb ona rəhbərlik edən şəxslər, sanki öz vətənlərindəki kimi Rusiyaya sərbəst şəkildə gedib-gəliblər? Bu kimi suallar çoxdur və onlar ətrafında düşünəndə belə qənaətə gəlmək olurdu ki, K.Zeynallının saxlanılması siyasi mahiyyət daşıyır.
Siyasi mahiyyətdən söz düşmüşkən, yayılan bəzi məlumatlarda idmançının Azərbaycan həbsxanasında saxlanılan və Qarabağdakı keçmiş separatçı rejimdə dövlət naziri oyuncaq postunu tutmuş Rusiya vətəndaşı Ruben Vardanyanla dəyişdirilməsi niyyətinin mövcudluğu bildirildi. Bu iddiaların nə dərəcədə həqiqət olduğunu söyləmək çətin olsa da, K.Zeynallının saxlanılmasının siyasi amillərlə bağlılığı ritorikasının güclənməsi belə düşünməyə əsas yaradırdı. Çünki ortada real fakt yox idi.
***
Ermənistanı bir kənara qoyaq, K.Zeynallının əsassız saxlanılması Rusiyanın üzərində olan məsuliyyətdir. Yəni, Moskva dövlətlərarası münasibətlərdə, kifayət qədər, müsbət mənzərənin olduğu hazırkı situasiyada məsələyə son dərəcə həssas yanaşmalı idi. Bəli, biz anlayırıq ki, Rusiydakı müəyyən qüvvələr özlərinin ənənəvi erməni sevdasını tərənnüm etdirmək, bu “sevdanın” ayrı-ayrı elementlərini göstərmək, bununla da Ermənistanın Rusiyadan üz döndərərək, Qərbə yuvarlanmasının qarşısını almaq istəyirlər. Tam mümkündür ki, belələri K.Zeynallının saxlanılmasına və Ermənistana təhvil verilməsinə nail olmaqla, idmançının Bakı həbsxanalarında yatan müharibə caniləri və ya 44 günlük savaşdan sonra ölkəmizin ərazisində kəşfiyyat-diversiya fəaliyyəti gerçəkləşdirilərkən tutulmuş və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin bir qrupu ilə dəyişdirilməsi məqsədini də güdürdülər. Ancaq mövcud “istəklər” heç bir halda Azərbaycana, Azərbaycan vətəndaşına qarşı indiki haqsızlıqla müşayiət olunmamalıdır.
Sonda bir daha bildirək ki, K.Zeynallı azadlığa buraxıldı. Bu barədə məlumatı da idmançının vəkili Ə.Qarayev verib. O, APA-nın Moskvadakı müxbirinə, eyni zamanda, bunları deyib: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü. Amma Rusiya dövləti humanistlik göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də, çox böyük iş gördülər”.
Bəli, Azərbaycan tərəfi böyük iş gördü. Eləcə də səfir P.Bülbüloğlu başda olmaqla ölkəmizin Rusiyadakı ali diplomatik nümayəndəliyinin bütün əməkdaşları. Ancaq ümumən yaşanmış hadisələri suallara yol açır. İstər-istəməz, belə bir təəssürat yaranır ki, kimlərsə Kamil Zeynallı məsələsini qəsdən dövriyyəyə buraxmışdılar. Nəbz yoxlamaq istəmişdilər. Çünki məsələ heç də vəkil Ə.Qarayevin bildirdiyi kimi, yalnız humanistliklə bağlı deyil.
Biz kiminsə humanistliyinə də ehtiyac duymuruq. Ermənistanın hansı iddianı qaldırmasının heç bir önəmi yoxdur. Onsuz da ölkə, ümumən, Azərbaycana qarşı ən cəfəng iddiaları qaldırır. Məsələ Rusiyanın... Nə isə burda yazını tamamlayırıq. Həm də ona görə ki, dediyimizi dedik. Əsas məsələ odur ki, vətəndaşımız azadlıqdadır.
Ə.RÜSTƏMOV
XQ