Avroparlament nədən qorxdu?

post-img

Daxildə çıxılmaz dilemma, kənarda sərt gerçəklik

Mütəxəssislərin fikrincə, qorxu hissinin canlının müxtəlif orqanlarına, xüsusilə sinir sisteminə mənfi təsiri nəticəsində yüngül və ya ağır fəsadlar ortaya çıxa bilər. Amma təbiətdə olduğu kimi, cəmiyyətdə, eləcə də siyasətdə bundan daha önəmli faktor bu hissi yaradan səbəblərdir. Yəni, bu xəstəliyə mübtəla olan subyekt/obyekt yanlış və zərərli hərəkətlərə yol verə, yaxud düzgün qərarlar qəbul etməkdə çətinlik çəkə bilər. 

Bu xəstəlik konkret fərdlərlə ya­naşı, bütöv bir toplumun, hətta bey­nəlxalq yarlıq altında gizlənən “tə­sisatların” davranışında özünü açıq şəkildə göstərmək ehtimalını yaradır. Eynən Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edə­cək missiyanı ölkəmizə göndərmək­dən çəkinən Avropa Parlamentinin (AP) başbilənlərinin nümayiş etdirdiyi tərəddüdlü mövqeyi kimi. Artıq rəs­mən təsdiqlənmiş məlumatdır: AP 7 fevral növbədənkənar prezident seç­kilərinin monitorinqini apamaqdan ötrü Azərbaycana müşahidəçi missiyasını göndərməyəcək. Bu, Strasburqdan gözlənilən qərar idi. Çünki Azərbay­can XİN, eləcə də Milli Məclis tərəfin­dən Prezident seçkisini müşahidəyə dəvət olunan beynəlxalq təşkilatların siyahısında bu qurumun adı yoxdur. Aydın məsələdir ki, diplomatik qayda­lara əsasən, hələ dəvətə qədər tərəflər arasında konfedensial fikir mübadilə­si mərhələsi olur. Rəsmi dəvət məhz həmin müzakirənin yekunundan asılı olaraq göndərilir, ya da göndərilmir. Deməli, 7 fevral seçkisini müşahidə missiyasından imtina qərarının AP rəh­bərliyinin özünün qəbul etdiyinə şübhə yeri qalmır.

*** 

Ümumavropa qanunverici orqa­nının açıqladığı bəyanatda deyilir ki, AP Azərbaycanda Prezident seçkisini müşahidə etməyəcək və buna müva­fiq olaraq, qurum nə seçki prosesini, nə də onun nəticəsini şərh edəcək. Bu açıqlamasına əlavə olaraq AP xüsusi olaraq altını cızır ki, “Avropa Parlamen­tinin heç bir üzvü onun adından seçki prosesini müşahidə və şərh vermək səlahiyyətinə malik deyil”. 

Yəqin AP-ın Strasburqdakı mən­zil-qərargahında əyləşənlər belə bir düşünülmüş sual qarşısında qalıblar: Fevralın 7-də Azərbaycanda azad və demokratik, beynəlxalq hüquq və nor­malara tam riayət olunmaqla keçirilə­cəyinə şübhə yeri qalmayan Prezident seçkilərinin səhərisi qurumun müşahi­də missiyası hansı rəyi açıqlayacaq? Seçkilərin “pis” keçirildiyini söyləməyə əllərində əsasları olmayacaq, “yaxşı” keçirildiyini isə etiraf etməyə qorxa­caqlar. Amma bütün hallarda reallıq avroparlamentarilərin “üzünə durub”: budəfəki Prezident seçkiləri, işğaldan azad olunmuş torpaqları daxil olmaq­la, Azərbaycanın bütün ərazisində ke­çiriləcək. Seçkinin hüquqi coğrafiyası təkcə Ağdam, Füzuli, Zəngilan, Cəbra­yıl, Qubadlı, Laçın və Kəlbəcəri deyil, o cümlədən Şuşanı, Xankəndini, Xo­cavəndi, Ağdərəni, Xocalını da əhatə edəcək. Sadaladığımız inzibati ərazi vahidləri Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri ilə təsbit olunub. Görünür, avroparla­mentariləri bu seçkilərdə “qorxudan” əsas amil prosesin təşkil edildiyi və on­ların müşahidə edəcəkləri bu ərazilə­rin, faktiki olaraq, tanınması anlamına gəlməsidir. Axı bu etiraf “Dağlıq Qara­bağ ermənilərinin hüquqları” uğrunda mübarizə aparan, “onların haqqını tap­dayan” Bakıya qarşı bəyanatlar qəbul edən AP-nin ermənipərəst missiyası ilə daban-dabana zidd olardı. Erməni lobbisinin pulları ilə hərəkətə gətirilən və okeanın o tayından verilən siyasi sifarişləri yerinə yetirmək üzrə “ixti­saslaşmış” avroparlamentarilər üçün sponsorları qarşısında verəcəkləri he­sabat daha önəmlidir. Avropanın Azər­baycanafob, Türkiyəfob qüvvələrinin cəmləşdiyi bu qurumun 2023-cü ilin sentyabrında Bakının həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qaladıqları “siyasi-ideoloji tonqa­lın” külü hələ soyumayıb. 

*** 

Əlbəttə, formal olaraq Avropa Par­lamenti 7 fevral seçkilərinin monito­rinqindən imtina etməkdə sərbəstdir. Bu, nə hüquqi cəhətdən mübahisələn­dirilə biləcək presedentdir, nə də cavab notasının, yaxud bəyanatın veriləcəyi məqamdır. Fəqət 2023-cü ilin payızın­da Azərbaycana qarşı ermənipərəst kağız parçalarını qəbul edən avropar­lamentarilər elə o zaman ölkəmizin bütövləşmiş suveren ərazisində keçi­rilən seçkilərin monitorinqini aparmaq haqqını itirib. Burada söhbət, sadəcə, siyasi məsuliyyətdən gedə bilər. Bəs, “köhnə qitə”də bu məsuliyəti onun boy­nuna yükləyəcək qurum varmı? Yox­dur! 

Yazımızın əvvəlinə qayıdaraq bir daha qeyd edək ki, Avropa Parlamen­ti hazırda öz içindəki qorxunun əsirinə çevrilib. Ağır, bəlkə də sağalmaz xəstə­likdir. Diaqnozu bizə də məlumdur, əla­cını isə özləri tapsınlar.

İmran BƏDİRXANLI
XQ

Siyasət