Aİ-nin Ermənistan missiyası Cənubi Qafqazda pozucu elementdir

post-img

Şərti sərhədə 1500-cü patrulunu göndərməsinibayram edən EUMA kimi kimdən qoruyur?

Nikol Paşinyan hökumətinin təşəbbüsü ilə Ermənistan–Azərbaycan şərti sərhədinə yerləşdirilmiş Avropa İttifaqının Mülki Missiyasından (EUMA) yeni xəbər var. Missiyanın “X” platformasındakı hesabında dünən edilən paylaşımda bildirilib ki, EUMA yanvarın 17-də sərhədyanı əraziyə 1500-cü patrulunu göndərib. Qeyd olunub ki, missiyaya yerdəki vəziyyəti müşahidə etmək və bunun əsasında hesabat hazırlamaq təlimatı verilib. EUMA-nın Ermənistanın Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevan şəhərlərində yerləşən 6 əməliyyat bazasından patrul xidməti həyata keçirdiyi vurğulanıb.

Qeyd edək ki, EUMA 2023-cü il fev­ralın 20-də işə başlayıb. Missiya “mülki” adlandırılsa da, əslində ona yarımhər­biləşdirilmiş missiya demək daha doğ­ru olardı. Onun tərkibində Qərbin 15 ölkəsindən, əsasən Almaniya və Fran­sadan olan keçmiş polis zabitlərinin çoxluq təşkil etməsi belə düşünməyə əsas verir. Missiyanın hansı məqsəd­lərə xidmət etdiyi indiyədək müəmmalı qalır. Qurumun fəaliyyətindən Azərbay­canla yanaşı, regionun digər ölkələri – Rusiya və İran da narazıdır. Hər iki ölkə Aİ missiyasının özlərinin əleyhinə fəaliyyət göstərdiyini, müşahidə həyata keçirdiyini və kəşfiyyat məlumatları top­ladığını iddia edir.

Avropa İttifaqı Şurasının bəyanatında isə deyilir ki, bu, yalnız Ermənistan ərazi­sində fəaliyyət göstərən və icra funksiyası olmayan neytral missiyadır.

Ümumiyyətlə, EUMA-nın Ermənis­tanda daimi əsaslarla yerləşdirilməsinin özünün maraqlı tarixçəsi var. 2022-ci il ok­tyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantı­sı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emma­nuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası­nın Prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bə­yanatda bildirilirdi ki, Ermənistan Azərbay­canla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və mak­simum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Əldə olunmuş razı­laşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabat­ların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi bo­yunca Aİ-nin mülki missiyası yerləşdirildi.

Ancaq sonradan, yəni dekabrın 20-də rəsmi İrəvan missiyanın müddətinin qey­ri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, EUMA 2023-cü ilin yanvarın­da sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistan­da yerləşdi. Missiyada, təxminən, 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yer­ləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi. EUMA-nın əsas vəzifəsi Ermənistanın Azərbaycanla sər­hədinin bütün uzunluğunda, o cümlədən Naxçıvan eksklavı boyunca sərhəd patrul­larının aparılmasıdır.

Bununla bağlı Prezident İlham Əliyev hələ 2023-cü il yanvarın 10-da yerli tele­viziya kanallarına müsahibəsində fikirlərini açıqlamışdı. Dövlətimizin başçısı demişdi: “Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı. Bu da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təklif­lərdən biri o idi ki, o cümlədən Azərbay­can tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq ver­dik. O vaxt da danışıldı və orada müza­kirə olundu ki, bu missiya qısamüddətli, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzada­cağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaş­dırmısınız. Nə üçün? Çünki bu, bizim sər­hədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?

Dekabrın 19-da bu missiyanın müd­dəti başa çatmalı idi, siz də getməli idi­niz öz yerlərinizə. Yəni, bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xır­da məsələdə, – yəni, əslində, o qədər də ciddi məsələ deyil, – aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nü­mayəndələri Ermənistandadır, orada yük­sək vəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndərilə­cəklər. Yenə də bizimlə razılaşdırılmadan”.

Missiyası Ermənistan və Azərbaycan arasında etimad yaradılması və sərhəd komissiyalarının işinə töhfə vermək olan EUMA-nın hansısa müsbət nəticə əldə etdiyini söyləmək çətindir. Əksinə, onun fəaliyyəti iki ölkə arasında etimadın yara­dılmasına zərbə vurub. Prezident İlham Əliyevin qiymətləndirməsi də bu yöndədir.

Ümumiyyətlə, Qərbin əsas məqsə­di Ermənistan və Azərbaycan arasında etimadın yaradılması və davamlı sülhün əldə edilməsi deyil. Qərbin heç zaman belə bir istəyi olmayıb. Qərb dünyasında Ermənistanı üç tərəfdən müsəlman ölkə­si ilə əhatə olunmuş Şərqdə “xristianlığın qalası” hesab edirlər. Onlar qeyd edirlər ki, Ermənistan dünyada xristianlığı dövlət dini kimi ilk dəfə (301-ci ildə) qəbul etmiş ölkədir və onu hərtərəfli dəstəkləmək la­zımdır. Qərb hər zaman bu yanaşmanı əsas götürüb. Bundan əlavə, Ermənistanı Rusiyadan qoparmaq xətti də Qərbin əsas niyyətlərindən biridir. Bu yaxınlarda Ru­siyanın federal dövlət xəbər agentliyində məlumatlı mənbəyə istinadən yerləşdiril­miş bir informasiyada da qeyd olunurdu ki, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Agentlik bildirirdi ki, Almaniya Rusiya sərhədçiləri­nin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Berlin bu və digər anti-Rusiya addımlarının müqabilində İrəvana maliyyə yardımı təklif edir. Zənnimizcə, Ermənis­tanda yerləşdirilmiş Aİ missiyasına da bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır.

Onu da qeyd edək ki, qərbpərəst Pa­şinyan iqtidarı ona belə təkliflərin edil­məsinə əsaslar verir. Azərbaycanın sen-tyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Rusiyaya açıq demarşlar edən, oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclası­na, noyabrın 23-də isə KTMT-nin Minsk-də keçirilən sammitlərinə qatılmaqdan imtina edən Paşinyan ilin sonunda sanki fikrini dəyişərək dekabrın 25-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq­da keçirilən iclasına, dekabrın 26-da isə həmin şəhərdə MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə qatıldı. Ancaq Pa­şinyan elə Aİİ-nin sammitində bəyan etdi ki, təşkilat iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdır: “Biz bunu belə dərk etməyə və bu kontekstdə Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışaraq, iq­tisadi çərçivəsində əməkdaşlığı inkişaf et­dirməyə davam edirik. Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələn­dirilməməlidir. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz, bu, mütləq birləş­mənin fundamental prinsiplərinin korrozi­yasına gətirib çıxaracaq”.

2024-cü il yanvarın 1-dən Aİİ orqan­larına sədrliyi Rusiyadan təhvil alan Er­mənistanın baş naziri yanvarın 16-da yenidən təşkilatın depolitizasiyası tezisini səsləndirib. Paşinyan Ermənistanın sədr-liyi ilə əlaqədar Aİİ ölkələrinin liderlərinə müraciətində qarşılıqlı iqtisadi fəaliyyətin prinsip və alətlərinə yenidən baxılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Aİİ-nin 10 illik fəaliyyətinin yekunları ilə əməkdaş­lığın bütün sahələrində mühüm nəticələr əldə edilib: “Eyni zamanda, bir sıra stra­teji əhəmiyyət kəsb edən məsələlər qalır ki, onların həlli olmadan səmərəli vahid iqtisadi zonanın formalaşdırılmasını başa çatdırmaq mümkün deyil. Aİİ üzv dövlət­ləri yalnız səyləri birləşdirməklə, gələcək nəsillər üçün siyasi və geosiyasi dəyişik­liklərlə bağlı olmayan daha sabit iqtisadi əməkdaşlıq modeli yarada biləcəklər”.

Göründüyü kimi, Ermənistanın MDB-də, Aİİ-də, KTMT-də üzvlüyü davam etsə də, onun əsas istiqaməti Qərbə doğrudur. Paşinyanın ölkəsinin sədrlik etdiyi təşki­latın siyasi gündəminin olmamasına açıq formada çalışması bunun göstəricisidir. Bu sürüşkən mövqe isə Qərbin rəsmi İrəvana müxtəlif təkliflər etməsinə rəvac verir. Aİ-nin Ermənistanda yerləşən yarımhərbiləş­miş missiyası da məhz həmin təkliflərdən birinin nəticəsi kimi meydana çıxıb və Cə­nubi Qafqazda pozucu elementə çevrilib.

Yeganə HACIYEVA,
politoloq

EUMA-nın fəaliyyəti və onun ətrafında baş verənlər Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Komissar­lığı tərəfindən Azərbaycana qarşı aparılan aqressiv diplomatiyanın bir elementidir. Məsələ ondadır ki, Aİ komissarı Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun sərhədlərin toxu­nulmazlığına dair fikir səsləndirmə­yib. Amma hazırkı dövrdə Aİ, daha doğrusu Fransa regiona yerləşmək üçün sərhəddə gərginliyin olduğu görüntüsünü yaratmağa çalışır. Bu, uzunmüddətli plandır. Xatırladım ki, bütün bunların fonunda Senat Fransa hökumətini “Laçın dəhlizinin statusu”nun bərpa olunması üçün Ermənistana qoşun yeritməyə, ölkə­mizə qarşı sanksiyaların tətbiqinə çağırmışdı. Yəni, bütün bunlara eyni prizmadan yanaşmaq lazımdır. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Komissarlığının sözçüsü görüntü yaradır, Fransa Senatı ordunun yer­ləşməsinə çağırır, daxildə isə bizi Aİ-nin Azərbaycandakı nümayən­dəliyinin rəhbəri, səfir Peter Mixalko zəif salmaq istəyir. Yəni, ölkəmizə qarşı ümumi oyun gedir. EUMA da həmin oyunun tərkib hissəsidir.

Səxavət HƏMİD
XQ





Siyasət