“Qatığa qara deyən” nazir müavini

post-img

Paşinyan komandasının məsul diplomatı rəsmi İrəvanın mövqeyini aşağıladı

“Azərbaycan bəyan edir ki, Ermənistanla sülh sazişinin imzalanmasında maraqlıdır, amma təəssüf ki, bunu sözdə deyil, əməldə göstərmir. Fakt ondan ibarətdir ki, Bakının sülh danışıqlarını beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplər əsasında məntiqi sonluğa çatdırmaq həvəsi yoxdur”.

Bu sözləri BBC telekanalına müsahi­bəsində Ermənistan XİN başçısının müa­vini Vahan Kostanyan bildirib. Əslində, nazir müavini reallıqdan uzaq, avantürist açıqlaması ilə baş nazir Nikol Paşinyan daxil olmaqla, Ermənistan hakimiyyətini naqolay vəziyyətə salıb. İkitərəfli danışıq­larda “beynəlxalq ictimaiyyətin təklif etdi­yi prinsiplər” dedikdə, onun Qarabağdan köçmüş erməniləri nəzərdə tutduğu sual doğurmur. Sual doğuran əsas məsələ nazir müavininin Bakının Qarabağ ermə­nilərini geri qəbul etməyə hazır olduğunu rəsmi şəkildə bildirməsini və bu faktı Er­mənistanın baş nazirinin də təsdiqlədiyini qulaqardına vurmasıdır. İndi hayların na­zir müavinindən soruşan yoxdur ki, otuz ilə yaxın Azərbaycanın işğal olunmuş ərazilərində, özü də Ermənistan paspor­tu ilə qanunsuz yaşamış həmin ermənilər Qarabağa hansı statusda qayıtmalıdır­lar? Onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimlərinin ol­madığı ən yüksək səviyyədə diqqətə çat­dırılıb. 

Xankəndidə, Ağdərədə yaşayan er­mənilərin evləri və digər əmlakları toxu­nulmaz vəziyyətdə qorunmaqdadır. An­caq Azərbaycanın otuz ilə yaxın işğalda qalmış rayon və kəndlərində, bircə dənə də olsun, salamat bina, dağıdılmamış qəbiristanlıq göstərmək mümkünsüzdür. Kostanyan bunu etiraf etmək əvəzinə, BBC-nin çoxmilyonluq auditoriyasına növbəti yalanını sırımağa çalışır: “Erməni əcdadlarının vətənini (?) tərk edənlərdən bir nəfər də ora qayıtmayıb. Deməli, bu, onu göstərir ki, onlar özlərinin təhlükəsiz­liyinə təminat veriləcəyinə əmin deyillər. Bundan nəticəni özünüz çıxarın”. 

* * * 

Bəs 1988-1991-ci illərdə Ermənistan­dan qovulmuş 300 minə yaxın azərbay­canlının bugünədək doğma yurdlarına qayıtmaq imkanından məhrum edilmə­sinin səbəbini kimdən soruşaq? Əlbəttə, erməni rəsmiləri bu barədə susurlar. O cümlədən Kostanyan da. 

Azərbaycan dövləti ermənilərin Qara­bağda qalıb yaşamaları üçün lazım olan bütün addımları atdı. Qalmamaq qərarını isə ermənilərin özləri verdilər. Əlbəttə ki, Xankəndidəki separatçı, revanşist, xunta rejiminin “yaxından köməyi” sayəsində. Bakı hələ də geri qayıtmaq arzusuna düşənləri qəbul etməyə hazır olduğunu bildirir. Kim qayıdır, qayıtsın... 

V.Kostanyana onu da xatırlatmağa ehtiyac var ki, 2019-cu ilin martında ABŞ-da səfərdə olan Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan Nyu–York­da erməni icmasının nümayəndələri ilə görüşündə bəyan etmişdi: “Sizə müdafiə naziri kimi deyirəm ki, “sülhün əzəzinə əraziləri qaytarmaq” formulunu bu te­zislə dəyişərdim – “yeni müharibə, yeni ərazilər”. Belə olan halda, indi min bir oyunla qonşularından ərazi qoparmağı, işğalı dövlət siyasəti ilə yanaşı, həyat tər­zinə çevirmiş hayların beyni beşikdə ikən türkə nifrətlə yuyulmuş gənc diplomatın­dan başqa nə gözləmək mümkündür? Bəlkə, erməni baş nazirin həmin 2019-cu ilin yayında hələ işğaldakı Qarabağa səfərində “Qarabağ – Ermənistandır və nöqtə!” şüarını bağırmasını necə, sülh təşəbbüsü saymaq olardımı? 

Biz 44 günlük müharibənin gedişində Ermənistan hakimiyyətinin Azərbayca­nın cəbhə xəttindən uzaq dinc şəhərlə­rinin (Gəncə, Bərdə, Mingəçevir) bom­balanmasına əmr verməsini, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə üç­tərəfli bəyanata imza atmasını, ardınca Azərbaycanın ərazi bütövlüyünü bəyan etməsini də nazir müavininin yadına sala bilərik. Daha hansı birini deyək? Amma Kostanyanın dediklərindən bu qənaətə gəlmək mümkündür ki, Hayastan rəh­bərliyi sülhə doğru addım atmağa hazlır olduğunu bildirərkən heç də səmimi de­yil. Ya da onun baş diplomatının müavini rəsmi İrəvanın nümayiş etdirdiyi mövqe­yi ilə razılaşmır, ortaya fərdi düşüncələr qoymağa cürət edir. 

* * * 

Azərbaycan Prezidentinin köməkçi­si – Prezident Administrasiyasının Xa­rici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin BBC-yə bir neçə gün əvvəlki müsahibəsində ölkəmizin sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. O, Azərbaycanın sülh müqaviləsini imzalamağa hazır olduğu­nu, danışıqların təməl prinsiplərinin və sazişin mətninin qarşı tərəfə təklif edildi­yini bildirdi. 

Əgər Vahan Kostanyan hazırda Er­mənistan və Azərbaycan arasında dip­lomatik danışıqların getdiyini və Bakının bu prosesin ikitərəfli formatda davam etdirilməsi təklifinə İrəvanın da loyal ya­naşmağa başladığını bilmirsə, bu halda Paşinyan komandasının hansı prinsip və qaydalarla işləməsi barədə şübhəli təsəvvür yaranır. Nəticə hasil olur ki, bu komanda daxilində ikitirəlik, hətta üçtirə­lik var. İrəvanın siyasi isteblişmentindəki sülh tərəfdarı olan praqmatik məmurlar Kostanyana qatığın heç də qara olma­dığını sübut etməlidirlər. Əlbəttə, əgər belələri qalıbsa, yaxud onların danışma­larına meydan tanınırsa. 

İ.HƏSƏNQALA
XQ

Siyasət