20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru

post-img

Fəlsəfi-sinergetik təhlil

Jan Pol Sartr

Daha geniş və dərin siyasi sinerjiyə doğru

X məqalə

“Mən bacararam” qərarı müsbət nəticəyə gətirir, “mən bacarmaram” qərarı heç bir nəticəyə gətirmir”

Prezident İlham Əliyevin liderliyini siyasi sinerji aspektində daha dərindən dərk etmək üçün Azərbaycan siyasi səhnəsində siyasi-ideoloji konsolidasi­yanın qərarlaşması prosesinə daha ge­niş miqyasda baxmaq lazımdır. Çünki bu məqam uğurlu liderlik kontekstində dərindəki siyasi, sosial, psixoloji faktor­lara bağlıdır. Siyasi-ideoloji konsolida­siya hər bir ölkənin cəmiyyətinin, siyasi qüvvələrinin və liderlərinin arzuladığı durumdur. 

Ona nail olmaq asan deyildir. Üstə­lik, bunun mürəkkəb tərəfləri mövcud­dur. Burada siyasi və ideoloji məqamla­rın sintezdə təqdimatı təsadüfi deyildir. Siyasətin və ideologiyanın konsolida­siyası necə mümkündür? Bu sualın in­diki Azərbaycan reallıqları prizmasında müsbət cavabları var. Onları izah et­məzdən öncə, Qərbdə liderliyin və onun fəlsəfi-anlamının bir aspektinə nəzər salaq.

Bunun üçün müasir Qərb politoloji və fəlsəfi fikrində liderliklə bağlı yer almış bir sıra tezislərə baxmağa ehtiyac vardır. Əvvəlcə, onu vurğulayaq ki, hazırda Qərb filosofları və politoloqları bütövlükdə lider­liyin böhranından bəhs edirlər və nümunə kimi Amerika və Avropa ölkələrinin siyasi başçılarını göstərirlər. İlham Əliyevin nə dərəcədə güclü, qətiyyətli, əzmli, yüksək zəkalı lider olduğunu Qərb tədqiqatçıları­nın həmin istiqamətdə apardıqları araş­dırmalar da təsdiqləyir. Öncə, Qərb siya­si liderlərinə xas bir mənfi halı nəzərdən keçirək. 

“Siyasi simulyaysiya”: güclüdür, ağıllıdır, yoxsa dəlidir? 

Fransız filosofu Jan Bodriyar XX əs­rin ikinci yarısından Qərb cəmiyyətlərində dəyərlərin təhrif olunmuş anlamının üs­tünlük təşkil etməyə başladığını yazırdı. O cümlədən, siyasi sahədə bu prosesin sürətlə getdiyindən söz açırdı. Nəticədə, ümumiyyətlə, Qərb dünyasında reallıq hissi və təsəvvürünün itirildiyini iddia edir­di. Böyük filosof 2007-ci ildə vəfatından öncə də bu mövqeyindən dönməmişdi. 

Məsələnin siyasi liderlik baxımından düşündürücü tərəfi ondan ibarətdir ki, J.Bodriyar, J.Delyoz və bir sıra digər Qərb filosofları cəmiyyətdə reallıq duyğusu və anlamının itirilməsini böyük mənəvi, siya­si, ideoloji və əxlaqi fəlakət hesab edirdilər. Onlar, xüsusilə, liderliyə bir sıra faktorun olduqca mənfi təsir göstərdiyini yazırdılar. Həmin sırada olmayan siyasi hadisələrin olğunlaşdırılmasını, təbii və sosial proses­lərin siyasi maraq naminə simulyasiyasını ayrıca qeyd edirdilər. “Simulyasiya” ümu­milikdə ingiliscədən (simulation) tərcümə­də “jarqon”, “saxta surət” anlamını verir. 

Bu termini filosoflar siyasi mühitlə bağlı da işlətmişlər. Bizim anlamımızda “siya­si simulyasiya” siyasətçinin (və ya dövlət başçısının, politoloqun, ekspertin, analiti­kin və s.) olmayan siyasi hadisə qondar­maqla, reallığı imitasiyası ilə əlaqəlidir ki, burada təhrif də var. Eyni zamanda yanaş­mada sünilik də. Biz onu müasir liderliyin fəlsəfi-psixoloji anlamı aspektində geniş­ləndirərək, aşağıdakı kimi başa düşürük: Liderin siyasi-psixoloji simulyasiyası iki aspektdə mövcud ola bilər. Birincisi, real si­yasi hadisəni öz şəxsi marağı prizmasında təhrif olunmuş formada təqdim etmək, ikin­cisi, lider real olaraq malik olduğu mənə­vi-əxlaqi, siyasi-diplomatik, ayrıca liderlik keyfiyyətlərini saxta qəlibdə (kalka və ya jarqon) təqdim etmək. 

Müasir liderlikdə siyasi simulyasiyanın iki aspekti bir-birini tamamlayır – lider re­allığı təhrif etmə kalkası ilə özünün şəxsi liderlik keyfiyyətlərini saxta təqdim etmək kalkasını vahid çərçivəyə salır. 

Bu özəllik yekunda liderin fəaliyyətini real köklərdən məhrum edir və onun siya­si kimliyi ilə davranışları arasında uyğun­luq itir. Bu da insanlarda və bütövlükdə cə­miyyətdə liderə etibarı və inamı yox edir, liderliyin böhranını yaradır. 

Nümunələrə baxaq. Müasir amerikan politologiyasının tanınmış simalarından olan Arçi Braun Donald Trampı güclü lider kimi göstərənlərin faktiki simulyasiya etdi­yindən yazır. Bu termini A.Braun işlətmir, lakin sual verir ki, “real olaraq Tramp güclü liderdir, yaxud dəlidir?” Əgər bu sual ABŞ prezidenti ilə bağlı Amerika prezidentləri ilə işləmiş bir analitik tərəfindən qoyulur­sa, ciddi hadisədir. A.Braun suala hələ də cavab tapmamışdır!

Emmanuel Makron və Cozef Bay­den haqqında da politoloqların birmənalı mövqeləri yoxdur. Onların müxtəlif situa­siyalarda reallığa adekvat olmayan dav­ranış və fikirləri jurnalistlərin leksikonunda geniş yer almışdır. Şimali Koreyanın döv­lət başçısı barədə də müxtəlif deyimlər və “dəli” (biz belə olduğunu bilmirik) sözünü işlədirlər. Öz ölkəsində isə onun yüksək nüfuzu vardır. 

Bunlardan başqa, bir sıra Qərb polito­loqları müasir liderlərin əsasən cəmiyyətin arxasınca getməli olduğunu vurğulayırlar. Məsələn, amerikan araşdırmaçı Barbara Kellerman belə hesab edir. Onun fikrin­cə, müasir Qərb liderləri sürətlə dəyişən geosiyasi və siyasi reallığı adekvat dərk etməkdə çətinlik çəkirlər.

Simulyasiyadan spekulyasiyaya və oradan da populizmə...

Filosoflar və politoloqlar vurğulayırlar ki, indiki mərhələdə siyasi simulyasiyalar təhlükəli siyasi spekulyasiyaların yayıl­masına yol açır. Siyasi spekulyasiya hər hansı siyasi vəziyyətdə reallıqdan süni olaraq öz şəxsi siyasi maraqları naminə faydalanmaq cəhdidir. Məsələn, korrupsi­ya ilə real mübarizə aparmaq yerinə, spe­kulyativ və populist addımlarla siyasətçi özünü real antikorrupsioner kimi göstərə bilər. Deməli, simulyasiya, faktiki olaraq, siyasi spekulyasiyanın psixoloji, praktiki və siyasi əsasıdır. 

Buna görə də filosof və politoloqları in­diki mərhələdə Qərbdə siyasi populizmin genişlənməsi ciddi narahat edir. Populizm siyasətçinin siyasi ideyalara spekulyativ yanaşmasından yaranır. O, müəyyən mə­nada “utopik romantizmdir”. 

İndi bir sıra Avropa İttifaqı ölkəsində siyasi populizm, az qala, aparıcı rol oyna­yır. Ayrıca İtaliyada, Hollandiyada, Fran­sada, Avstriyada populistlər güclüdürlər. İtaliya hökumətində populistlərin nüfuzu yüksəkdir. Fransa prezidenti E.Makronun siyasəti tipik populizmdir. C.Baydenin də mövqeyində simulyasiyaya dayanan spe­kulyasiyalara rast gəlinir. Təbii ki, bu tip siyasətçilərə güclü və ya müdrik demək çox çətindir. 

Belə çıxır ki, hazırda Qərb dövlətlərin­də liderlik böhranı siyasi simulyasiya- si­yasi spekulyasiya-siyasi populizm xətti ilə daha həssas inkişaf xarakterinə malikdir. Bunların aradan qaldırılması üçün ilk növ­bədə siyasi liderlərin simulyasiya və spe­kulyasiyalardan imtinası lazımdır. Ancaq bu imtinanın əlamətləri hələ görünmür. Üstəlik, daha təhükəli nümunələr özünü göstərir. 

Məsələn, Qərbin inkişaf etmiş bir sıra dövlətlərinin başçıları müxtəlif regionlarda olan siyasi və geosiyasi proseslərə simul­yativ yanaşırlar ki, bu da siyasi spekul­yasiyalara gətirib çıxarır. Misallar çoxdur. Deyək ki, Qərbin aparıcı dövlətlərinin li­derləri Cənubi Qafqazda Azərbaycan-Er­mənistan münasibətlərinə simulyativ və spekulyativ mövqedən yanaşmaqda da­vam edirlər. Xüsusilə, Fransanın lideri tam olaraq simulyativ mövqedədir. E.Makron real olaraq təcavüzkar Ermənistanı bir­mənalı dəstəkləyir, sözdə isə insan haq­larından, liberalizmdən, demokratiyadan, obyektiv münasibətlərdən dəm vurur. Son zamanlar eyni əlaməti ABŞ liderinin dav­ranışlarında da görürük. Bundan başqa, Qərb dövlətləri yaxın Şərqdə baş verən­lərə simulyativ və spekulyativ münasibət göstərirlər. Onlar reallığı, ədaləti, siyasi konstruktivizmi deyil, şəxsi maraqlarının təmin olunmasını seçirlər. 

Fərqli liderlik nümunələri: bir sıra müqayisələr

Ancaq bunların fonunda başqa növ li­derlik nümunələri də mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının rəhbəri Si Cinpin bu kateqoriyaya aid ola bilərlər. Ümumiy­yətlə, dünyanın böyük dövlətlərinin siyasi liderləri belə R.T.Ərdoğanın güclü lider olduğunu şübhəsiz qəbul edirlər. Təcrübə də göstərir ki, Türkiyə Prezidenti istənilən böhranlı situasiyada belə cəsarətli, güclü və reallığa uyğun addımlar atır. Hər qey­ri-müəyyən və mürəkkəb siyasi vəziyyət yarananda R.T.Ərdoğanın yeritdiyi siyasə­tin nəticələri bunu təsdiq edir. 

Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin isə ehtiyatlı, təmkinli və reallığa uyğun davrandığını yazırlar. 

Deməli, Qərb liderlərindən fərqli lider­lik nümunələri mövcuddur. Onları müsbət nümunə kimi qiymətləndirə bilərik. Lakin onların da liderlik nümunəsinə görə fərqli təsnifatları ola bilər. Ayrıca, İlham Əliyev konkret liderlik nümunəsi ilə sübut et­mişdir ki, tam olaraq Yeni Uğurlu Liderlik keyfiyyətlərinə malikdir. “Siyasi sinerji” və “siyasi-ideoloji konsolidasiya” anlayışları prizmasında bunun sübutu vardır. 

İlham Əliyev yeni liderlik nümunəsi ilə siyasi sinerji yaratmışdır. Dövlətin başına gəldiyi andan verdiyi vədlər gerçəklərə əsaslanmışdır. İlham Əliyevin sözlərində və davranışlarında zərrə qədər də simul­yasiyaya və ya spekulyasiyaya rast gəlin­məmişdir. Əksinə, siyasi liderlər həmişə vurğulamışlar ki, Azərbaycan Prezidenti tam səmimi, reallığı görən və ona uyğun addımlar atan liderdir. Siyasi sinerji də bundan yaranır. 

İlham Əliyev 2003-cü ildən bu yana bü­tün istiqamətlərdə verdiyi vədlərin hamısı­na tam əməl etmişdir. Azərbaycan inkişaf etmiş, güc toplamış, siyasi-diplomatik fəal­lığı dinamik yüksəltmiş, yeni siyasi dəyərlər yaratmış və möhtəşəm layihələr həyata keçirmişdir. Həmin layihələr ölkədaxili və xarici sahələrdə eyni dərəcədə səmərə vermişdir. Əhalinin rifah halı yaxşılaşdıqca və sabitlik, həmrəylik daha da möhkəm­ləndikcə cəmiyyət özünə inamlı olmuş və Prezidenti ətrafında sıx birləşmişdir. İlham Əliyevin həyata keçirdiyi enerji, nəqliy­yat-loqistika, sosial islahatlar proqramları real olaraq Azərbaycan cəmiyyətini dəyiş­mişdir. Azərbaycan dövlət və cəmiyyət kimi gücləndikcə qarşısına qoyduğu vəzifələri davamlı olaraq yerinə yetirmişdir. Prezi­dent kimi İlham Əliyev xalqa hansı vədləri vermişdirsə, tam olaraq reallaşmışdır. 

Bu siyasi sinerji ən böyük təsdiqini II Qarabağ savaşı zamanı və ondan sonrakı postmüharibə mərhələsində iqtidar-xalq münasibətlərində və siyasi səhnədə ye­niləşən mühitdə tapmışdır. Savaş müddə­tində xalq öz Liderinin hər bir kəlməsinə inanmış, onun arxasınca getmiş və qalib olmuşdur. Bu, real Liderin realpolitikada böyük uğurudur. Faktiki olaraq Lider-xalq enerjisi birləşərək sinerji yaratmışdır. Si­yasi-ideoloji birlik Azərbaycan cəmiyyəti üçün möhkəmlənmiş siyasi fakta çevril­mişdir. Buna görədir ki, siyasi səhnədə də bir sabit mühit, sivil münasibətlərin inkişaf etdirilməsi ab-havası yaranmışdır. Siya­si-ideoloji konsolidasiya indi elə yüksək səviyydədir ki, hətta ən radikal siyasi kə­sim belə etiraf edir ki,”İlham Əliyevə heç kim rəqib ola bilməz”!

Bu, olduqca maraqlı və əhəmiyyət­li siyasi məqamdır! Çünki nadir hallarda sosial, siyasi, iqtisadi faktorlardan qay­naqlanan həmrəylik siyasi rəqabətdə də həmrəyliyə gətirib çıxarır. Konkret olaraq siyasilərin “seçki həmrəyliyi” çox maraq­lı və əhəmiyyətli fenomendir. Bu, faktiki olaraq, Avrasiya məkanında yeni siyasi fenomenal haldır və fəlsəfi-sinergetik as­pektdə dərindən araşdırılmalıdır. 

Məsələ ondan ibarətdir ki, bizim obrazlı “seçki həmrəyliyi” və ya “seçki həmfikirlili­yi” adlandırdığımız hadisə seçkidə alter­nativliyi inkar etmir. İstənilən şəxs dövlət başçısı olmağa namizədliyini verə bilir. Fərq ondan ibarədir ki, bütün namizədlər avtomaik olaraq seçkinin legitimliyini, ola­caq nəticələrini bəri başdan qəbul edirlər. Onlar hesab edirlər ki, Azərbaycanın indiki Prezidentinin şansı çox yüksəkdir. Hətta siyasətçilərdən biri “indi İlham Əliyevə kim rəqib ola bilər ki?” sualını verir və cavabını da deyir: “Heç kim, çünki İlham Əliyev real olaraq möhtəşəm işlər görmüşdür”! Belə çıxır ki, Azərbaycan müxalif düşərgəsində elə bir “seçki həmrəyliyi” yaranmışdır ki, İlham Əliyevin qarşısına ancaq bəri baş­dan məğlub kimi çıxmaq olar! 

Bu, yeni liderliyin siyasi sinerjisinin real gücə çevrilməsinin ifadəsidir və onu göstə­rir ki, liderlik real olanda seçki rəqabəti də ruhunu dəyişir. Nəticədə fəlsəfi-sinergetik anlamı yeni və dərin olan bir siyasi mühit yaranır. Onun başlıca əlamətlərindən biri cəmiyyətdə siyasi və seçki həmrəyliyindən ümumi ictimai həmrəyliyə keçidlə bağlıdır. Məsələ belədir ki, müasir sürətlə dəyişən cəmiyyətlərdə ictimai həmrəylik uzunmüd­dətli və qalıcı olmaya bilir. Buna səbəb olan faktorlar sırasında məhz siyasi və seçki həmrəyliyinin ən inkişaf etmiş cəmiyyət­lərdə belə tam oturuşa bilməməsidir. Bu baxımdan Azərbaycanda hazırda özünü göstərən siyasi və seçki həmrəyliyinin siya­si sinerji vasitəsilə qalıcı ictimai həmrəyliyə transformasiya olması imkanları fəlsəfi-si­nergetik araşdırılmalıdır. 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



Siyasət