XİN jurnalistlər və siyasi fəallarla bağlı Aİ-nin ittihamlarını rədd edib

post-img

Avropa İttifaqının Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik.

Bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəya­natına dair şərhində yer alıb. 

Bildirilib ki, nazirlik bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndirir. İstintaqın gedi­şatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir. 

“Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxa­nalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların ba­riz nümunəsidir.

Ölkəmizə qarşı bu kimi əsassız bəyanat­larla çıxış etmək əvəzinə, qarşı tərəfin Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturların­da rüşvətxorluq və korrupsiya hallarının ya­yılması, İslamofobiya və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırmayıb və adekvat münasibət bildirməyib.

Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vu­rur”, - deyə XİN-in bəyanatında vurğulanıb.

XQ

Siyasət