Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan

post-img

Ermənistanın anti-Rusiya köklənişinə kənardan baxış

Əlbəttə, bu, baş versəydi, təəccüblənər­dik. Söhbət Ermənistan rəsmilərindən hansınınsa Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşki­latının iclasındakı iştirakından gedir. Yəni, əgər ölkə parlamentinin sədri Alen Simon­yan qurumun Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçiriləcək 16-cı plenar məclisinə qatılsaydı, təəccübümü­zün həddi-hüdudu olmazdı. Ancaq sonda erməni spikerinin Rusiya əleyhinə gedişləri fonunda qəribə təsir bağışlayan bir məqa­mı vurğulayacağıq. 

Hələlik onu qeyd edək ki, hazırda A.Si­monyan, ümumən, Ermənistanın anti-Rusiya ritorikasının simvolu qismində çıxış etmək­dədir. Bu şəxs, necə deyərlər, Roma papasın­dan daha artıq katolik olmağa girişib. Nəzərə alsaq ki, indiki halda Roma papası baş nazir Nikol Paşinyandır, Simonyan Moskva əley­hinə davranışları ilə hökumət rəhbərini xeyli geridə qoyub. 

Bəli, A.Simonyan Ermənistanın anti-Ru­siya yolunda, obrazlı desək, toz qoparıb. O, Kreml rəhbərliyi ağlına gələn hər şeyi danış­maqdan çəkinmir. Danışmasını, mövqe bildir­məsini haradasa, normal saymaq mümkündür. Nəhayət, anti-Rusiya məntiqinin dünyaya ha­kim kəsildiyi hazırkı dövrdə Simonyan qəh­rəmanlıq göstərmir. Sözümüzdən belə nəticə də hasil olmasın ki, Rusiyanı tənqid etmək olmaz, yaxud düzgün deyil. Sadəcə, Simon­yanın davranışı belə təəssürat yaradır ki, Er­mənistanda zəlzələ, möhkəm leysan olsa, tu­fan qopsa, bunun günahkarı qismində Kreml göstəriləcək. Hər halda, belə yanaşmanın yol­verilməzliyi, ziyanlı təmayül olduğu aydındır. 

Digər tərəfdən, erməni spiker olan yer­də sadaladığımız təbiət hadisələrinə, təbii fəlakətlərə ehtiyac yoxdur. Simonyanın qo­pardığı toz yetərlidir. Ancaq bir çox hallarda Rusiya əleyhinə danışanların, yazanların onun öz adamı olduğu aşkara çıxır. Ölkənin köh­nə “KQB”nin mirası sayılan xüsusi xidmət orqanlarının belə bir üsulu var – öz adamını Rusiyaya qarşı danışdırıb, digər əks mövqe tutanları müəyyənləşdirmək. Ona görə Si­monyanın sözləri şübhə yaradır. Bəlkə, o, elə Kremlə işləyir? Yəni, olmasın Marqarita Simonyan (RTR telekanalının baş redaktoru. Ermənistana girişi qadağandır – red.), olsun Alen Simonyan. Nə fərqi var ki?

***

Əlqərəz, A.Simonyan rəsmi məktubla KTMT-nin iclasında iştirak etməyəcəyini təsdiqləyib. Onun məktubunda nə yazdığı, nələri əsas gətirdiyi açıqlanmayıb. Əslində, bu şəxsin nə yazacağı da məlumdur. Məsələn, deyə bilər ki, KTMT Ermənistan ərazilərinin Azərbaycan tərəfindən işğalına siyasi qiymət verməyib. Axı, Paşinyanın komandası son za­manlar bu cəfəngiyyatı tirajlamaq sahəsində püxtələşib. 

Bəli, əsas məsələ Simonyanın KTMT-nin parlament məclisində iştirak etməyəcəyinə xüsusi təqdimat verməsidir. Bu, gedilməmiş yoldur. Yada salaq ki, Ermənistanın hansısa digər qurumu xırda məlumat paylaşaraq, rəh­bər şəxsin KTMT tədbirinə qatılmayacağını ictimaiyyətə agah edirdi. Görünür, erməni spiker məktub yazmaqla, özünün məxsusiliyi­ni vurğulamaq istəyir. Yeri gəlmişkən, Simon­yan naməsini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanlayıb. Məktubla bağlı yayıl­mış xəbər onu deməyə əsas verir ki, məlum tədbirdə nəinki spiker özü, ümumən Ermənis­tanın parlament nümayəndə heyəti də iştirak etməyəcək. Bir sözlə, Simonyan tam şəkildə KTMT-ni boykot yolu tutur. 

Boykotdan söz düşmüşkən, ötən qısa za­man kəsiyində Ermənistanın baş naziri ilə yanaşı, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi KTMT çərçi­vəsində təşkil olunmuş tədbirlərdə iştirak et­məyiblər.

***

A.Simonyanın anti-Rusiya ritorikasında­kı tünd rəng çalarlarından danışırıqsa, qeyd edək ki, onun KTMT iclasına qatılmaqdan imtinası indi vurğulayacağımız məsələnin ya­nında heç nədir. Məsələ isə bundadır ki, bir neçə gün əvvəl Ermənistan parlamentində müxalif “Ermənistan” fraksiyasının təşəbbü­sü ilə “Ayakve” adlı qanun layihəsi müzakirə olunub. Bəri başdan bildirək ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının krimi­nallaşdırılmasını nəzərdə tutan layihə qəbul olunmayıb. Bundan sonra A.Simonyan üzünü parlament müxalifətinə tutaraq məzələnirmiş kimi bildirib ki, hakim komanda “Ayakve”nin qanun şəklinə gəlməsinin qarşısını almaqla, Rusiya Prezidenti Vladimir Putinin Ermənis­tana daxil olacağı təqdirdə, həbslə üzləşməsi təhlükəsini aradan qaldırıb. Erməni spiker bu fikirləri dilə gətirərkən, vurğunu ölkə müxa­lifətinin Rusiya meyilli olması, ən əsası isə Putinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması üzərinə qoyub. Halbuki, belə yanaş­ma yolverilməzdir. Çünki “Ayakve” Ermənis­tan rəsmilərinə, yəni dövlət adından danışan şəxslərə şamil edilən məsələdir. Yəni, başqa ölkə təmsilçilərindən deyil, onlardan kiminsə Qarabağı Azərbaycan ərazisi kimi tanımasına qarşı cinayət məsuliyyəti formalaşdıran avan­türadır. Göründüyü kimi, Simonyan yerli-yer­siz, harda gəldi Rusiya əleyhinə danışmaqla məşğuldur. İkrah doğuran onun danışması de­yil, məhz yersiz danışmasıdır. Qənaətə gəlirik ki, erməni spikerin ölkə müxalifətinin Mosk­va ilə bağlılığını qabartmaq üçün aşkar ma­nipulyativ tərzdə Kreml rəhbərindən söz aç­ması, yumşaq desək, siyasi etikadan uzaqdır. 

***

Bəli, A.Simonyanın bir neçə ay əvvəl “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatla Qarabağı Azərbaycana verdi” şəklində səsləndirməsi də etikasızlıq idi. İstər Prezident Putin, istər Xarici işlər naziri Ser­gey Lavrov, istərsə də rəsmi Moskvanın di­gər təmsilçiləri onun cavabını, kifayət qədər, əsaslandırılmış şəkildə verdikləri və mövcud xüsusda baş nazir N.Paşinyanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin mayın­da Brüsseldə Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını qabart­dıqları üçün məsələnin üzərində çox dayan­maq, təfərrüatlara varmaq istəməzdik. Ancaq sonda ilk baxışdan, Simonyanın anti-Rusiya təmayülünə zidd bir məqama diqqət yetirməyi vacib sayırıq. Yəni, əvvəldə haqqında söz aç­dığımız qəribəliyə aydınlıq gətirmək istəyirik. 

Əlbəttə, Ermənistanın parlament sədrinin ölkəsinin bu ayın sonunda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sam­mitində təmsil olunacağını bildirməsi qəribə olduğu qədər də maraqlıdır. İstər-istəməz, bu qərarın necə verildiyi barədə düşündük və müəyyənləşdirdik ki, Ermənistanın Rusiyanın hakim rol oynadığı və özünün də üzvü oldu­ğu Aİİ-yə rotasiya qaydasında sədrlik növbə­sidir. Bu yerdə İrəvanın KTMT-yə sədrliyini yada salaq. Onu da yada salaq ki, 2022-ci ilin noyabrında qurumun Ermənistanın pay­taxtında keçirilmiş ali səviyyəli toplantısı sədrliyin dramatik anlarına şahidlik etmişdi. Rusiya Prezidentinin də qatıldığı həmin sam­mitdə baş nazir N.Paşinyan, faktiki olaraq, KTMT-ni aşağılamış, onu əhəmiyyətsiz qu­rum kimi təqdim etmişdi. Nikol çalışmışdı ki, təşkilat Azərbaycan – Ermənistan sərhədində yaşanmış sentyabr eskalasiyasına siyasi qiy­mət versin. Daha doğrusu, əvvəldə də vurğu­ladığımız kimi, Bakını təcavüzkar qismində tanısın. O zaman hiss olunmuşdu ki, Paşinyan KTMT-ni ölkəsinin anti-Azərbaycan platfor­masına çevirmək niyyəti güdür. Əlbəttə, istəyi baş tutmamışdı...

Hazırda A.Simonyan Aİİ-nin Zirvə görü­şünü və Ermənistanın quruma sədrliyini də eyni “məqsədlə” istifadə etmək niyyətində­dir. Ona görə də Sankt-Peterburqa getməyin vacibliyindən söz açır. O, istəyir ki, Ermənis­tanın Aİİ-yə sədrliyi müddətində təşkilatda siyasi təxribat törətsin və beləliklə Rusiyanın hakim rol oynadığı daha bir qurumun fəaliy­yətsizliyinə və səmərəsizliyinə dair rəy for­malaşdırsın. Bir sözlə, Simonyan Aİİ-yə, bir növ, bomba qoymağı düşünür. 

***

Ən sonda əvvəldə haqqında söz açdığımız bir məqama da qayıdaq. Bəli, qeyd etdiyimiz kimi, A.Simonyan Ermənistanın anti-Rusiya yolunda, obrazlı desək, toz qoparan simadır. Nəzərə alsaq ki, İrəvanın üzü Qərbədir, ermə­ni spikerin, eləcə də onu ağılda olan digərlə­rinin qaldırdıqları toz-dumanın ölkənin Qərb istiqaməti baxımından da çətinliklər yarat­ması mümkündür. Axı, toz görməni zəiflədir. İndiki halda reallıqları görüb düzgün nəticə çıxarmağı da, həmçinin. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət