Avropa İttifaqı nüfuzunu getdikcə daha çox itirir

post-img

Yürütdüyü siyasətin neomüstəmləkəçilik  olduğunu görən dövlətlər ondan üz döndərir

Ötən əsrin 90-cı illərinin əvvəllərində postsovet məkanında Qərb dünyasına böyük meyil yaranmışdı. Həmin meyil postsovet ölkələri ilə yanaşı, Türkiyədə də özünü qabarıq göstərirdi. Hətta, qardaş ölkədə Avropaya inteqrasiya üzrə xüsusi nazirlik yaradılmışdı. Egemen Bağış Türkiyənin Avropa İttifaqı (Aİ) üzrə naziri idi.

Nazirlik Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı məsələləri koordinasiya edirdi. Amma Aİ-nin məsələlərə ikili standartlarla yanaşması, qitədə etnik və dini zəmində ayrı-seçkiliyin güclənməsi, islamofobiya meyillərinin artması, miqrantlara münasibətdə dözümsüzlük nümayiş etdirilməsi, Türkiyənin üzvlüyü prosesində irəliləyişin olmaması, uzun illər ərzində, necə deyərlər, qapıda gözlədilməsi Ankaranın haqlı olaraq Avropaya inteqrasiyadan uzaqlaşmasına gətirib çıxardı. Nəticədə 2011-ci ildə yaradılmış nazirlik 2018-ci ildə ləğv olundu. Onun səlahiyyətləri Xarici İşlər Nazirliyinə verildi və XİN-də müvafiq şöbə yaradıldı.

Türkiyə ilə bağlı yazdıqlarımızı bəzi postsovet ölkələrinə də aid etmək olar. Gürcüstan az qala, 20 ildir ki, Aİ-yə üzv olmaq istəyir. Uzun illərdir ki, Aİ-nin 12 ulduzlu bayrağı Gürcüstanın dövlət bayrağı ilə yanaşı dalğalanır. Ancaq üzvlük prosesində heç bir irəliləyiş yoxdur. Eyni fikirləri Aİ-yə can atan Moldova və Ukrayna ilə bağlı da demək olar. Brüsseldə – Aİ-nin mənzil-qərargahında əyləşənlər Moldova və Ukrayna ilə bağlı da qərar verməyə tələsmirlər. Nəticədə bu ölkələrin hökumətləri və xalqları Aİ-dən soyuyurlar. 

Getdikcə daha çox insana aydın olur ki, Avropa xalqlarının və Qərbi Avropa sivilizasiyasının mədəni sahədə digər xalqlardan və sivilizasiyalardan üstünlüyünü açıq, yaxud üstüörtülü şəkildə bəyan edən, avromərkəzçilik adlanan fəlsəfi tendensiya və siyasi ideologiya heç də üstün dəyər deyilmiş. Avropa xalqlarının həyat tərzinin üstünlüyünü, habelə onların dünya tarixində xüsusi rolunu vurğulayan həmin siyasi ideologiyanın, əslində, neomüstəmləkəçiliyin bir elementi olduğu aşkara çıxır. Amerikalı professor Filipp Hoffman yazırdı ki, 1492–1914-cü illərdə Yer kürəsinin ərazisinin 84 faizi avropalıların hakimiyyəti altında idi. Xüsusilə, XIX əsr Avropanın hökmranlığı əsri idi. İngilis tarixçi Devid Kennedayn isə qeyd edirdi ki, XIX əsrdə hökmranlıq hər hansı digər dövlətdən daha çox Britaniya imperiyasına məxsus olub.

 Vaxtilə həmin müstəmləkələrdə yaşayanlar indi anlayırlar ki, Qərbin onlara yanaşması qətiyyən dəyişməyib. Aİ, bütövlükdə, Qərb XX əsrdə müstəqillik qazanmış ölkələrə neomüstəmləkəçi təfəkkürü ilə yanaşırlar. Həmin yanaşma “qoca qitə”də də kataklizmlərə yol açır. “Avrosentrizm” öz yerini sürətlə avroskeptisizmə (Aİnin gələcəyinə şüb hə ilə yanaşmaq) təhvil verməkdədir. Avroskeptiklər çox vaxt milli dövlətləri, onların suverenliyini dəstəkləmək mövqeyindən çıxış edir və gələcək inteqrasiyanın onların dövlətlərinin suverenliyinə xələl gətirəcəyindən qorxurlar. Buna baxmayaraq, avroskeptisizm ayrıca, rəsmiləşdirilmiş ideologiya deyil. Müxtəlif dövlətlərin və ölkələrin, siyasi hərəkatların nümayəndələri Avropa dövlətlərinin birliyinin müəyyən aspektlərini rədd etdiklərini bildirirlər. Bir çox avroskeptiklərin məqsədləri də müxtəlifdir – Aİ-dən tamamilə çıxmaqdan, avrozonanı tərk etməkdən tutmuş, ittifaqı tərk etmədən islahatlar aparmaq istəyinə qədər. Avroskeptisizmin yeni dalğası qlobal iqtisadi böhran və miqrasiya dalğası ilə əlaqələndirilir. 

Xüsusilə, XXI əsrin əvvəlləri Avropa ideyasının əleyhdarlarının güclənməsi və onun institusional həyata keçirilməsi ilə əlamətdar oldu. Avroskeptik partiyaların sayı nəzərəçarpacaq dərəcədə artdı, onların elektoral bazası (seçici sayı) genişləndi, parlamentlərdə təmsilçiliyi və siyasi proseslərə təsiri gücləndi. Aİ ölkələrinin böyük əksəriyyətində avrotənqidçilər etirazçı əhval-ruhiyyəni millətçi partiyaların populyarlaşması üçün vasitəyə çevirə bildilər. 2014-cü ilin mayında Avropa Parlamentinə keçirilən seçkilər onların populyarlığının artmasının simvolu oldu. Həmin seçkilərin nəticəsi bir sıra siyasi ekspertlər tərəfindən “zəlzələ” və ya “sunami” effekti kimi qiymətləndirildi. Belə ki, 2014-cü ildə Avropa Parlamentinə keçirilən seçkilərdə Böyük Britaniyada Müstəqillik Partiyası 27,5 faiz səs toplayaraq inamlı qələbə qazandı. Fransada “Milli Cəbhə” birinci (24,8 faiz), İtaliyada “Beş ulduz hərəkatı” 21,1 faiz səslə ikinci yerdə qərarlaşdı. 2013-cü ildə yaranan “Almaniya üçün alternativ” partiyası səslərin 7,1 faizini toplaya bildi. Avroskeptiklər Danimarka, İsveç, Avstriya, Belçika, Niderland, Macarıstan, Polşa və Yunanıstan parlamentlərinə də daxil oldular. Ümumiyyətlə, XXI əsrin əvvəllərində avroskeptisizm Avropanın ictimai-siyasi həyatında ən çox diqqət çəkən hadisələrdən birinə çevrilib.

Avroskeptisizmin “yumşaq avroskeptisizm” adlanan daha mülayim bir qanadı da var. Həmin qanadın tərəfdarları çox vaxt vahid Avropa ideyasını inkar etmirlər. Lakin onlar Aİ üzvlərinə daha çox müstəqillik verilməsini, Şengen zonasının miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edirlər. Onlar, həmçinin vahid Avropa valyutasını (avro) tənqid edir və ya ondan imtinaya çağırırlar. Belə ideyaları irəli sürən partiyalara nümunə olaraq Polşanın “Qanun və ədalət”, İspaniyanın “Demokratik vətəndaş”, Macarıstan “Vətəndaş ittifaqı”, Belçikanın “Yeni flamand alyansı” və Yunanıstanın “SİRİZA” partiyalarını göstərmək olar. 

Ancaq Aİ-nin öz cəlbediciliyini itirməsini göstərən ən mühüm amil Böyük Britaniyanın ittifaqın sıralarını tərk etməsi (“Brekzit”) oldu. 2016-cı il iyunun 23-də keçirilən referendumda Böyük Britaniya vətəndaşlarının 51,89 faizi ölkənin Aİ-dən çıxmasına səs verdi. Böyük Britaniyanın 1973cü ildən davam edən Aİ üzvlüyü 2020-ci il yanvarın 31-dən fevralın 1-nə keçən gecə başa çatdı. Aİ ilə razılaşmaya əsasən, Böyük Britaniya 2020-ci ilin sonuna qədər vahid iqtisadi məkanın bir hissəsi olaraq qalmaqla, Aİ orqanlarında təmsilçilik və səsvermə hüququnu itirdi. Avroskeptiklərin mövqeləri ənənəvi olaraq Skandinaviya ölkələrində (İsveç, Norveç, Danimarka), həmçinin Finlandiyada da güclüdür. Burada Aİ ilə mədəni inteqrasiya ideyası ümumilikdə əhali tərəfindən dəstəklənir, lakin seçicilər bəzi hüquqi səlahiyyətlərin Brüsselə ötürülməsini rədd edirlər. Onlar öz milli valyutalarının itirilməsi ideyasına skeptik yanaşırlar. Bunu xüsusilə  2015-ci ildə Danimarkada keçirilən referendum aydın şəkildə göstərdi. 

Göründüyü kimi, Aİ nəinki Türkiyə cəmiyyətində və postsovet məkanı ölkələrində, qitənin öz dövlətləri arasında da cəlbediciliyini və nüfuzunu getdikcə daha çox itirməkdədir. Bunu geosiyasi kontekstdə Qərbin süquta doğru gedişi kimi də qiymətləndirmək olar. Bu fonda Türkiyə, Çin, Braziliya, Pakistan, Hindistan və digər yeni “oyunçular”ın yüksəlməsi isə heç də təsadüfi sayılmamalıdır.

Səxavət HƏMİD 

 XQ

Zaur MƏMMƏDOV, 

Politoloq

 Biz Azərbaycan nümunəsində görürük ki, Qərbin bəzi dairələrinə bel bağlamaq olmaz. Onlar istənilən anda öz müttəfiqlərinə xəyanət edə bilirlər. Ukrayna ilə bağlı baş verənlər göstərir ki, hər bir dövlət milli maraqlarına və suverenliyinə inanmalı, bu istiqamətdə işlər görməlidir. Ümumiyyətlə, müasir beynəlxalq proseslərdə hər bir dövlət özünə güvənməlidir. Bu, ölkənin milli təhlükəsizliyi məsələsində ən vacib aspektlərdən biridir. 

Hazırda dünyada müxtəlif qüvvələr arasında mübarizə gedir. Biz həmin mübarizəni Cənubi Qafqazda, Yaxın Şərqdə, Şərqi Avropada və Cənub-Şərqi Asiya ölkələrində görməkdəyik. Söhbət müstəmləkə keçmişinə malik, indi isə inkişaf etmiş ölkələrin dünyaya ağalıq etmək uğrunda qarşıdurmasından gedir. ABŞ və Avropa İttifaqı ilə yanaşı Rusiya, Çin, Türkiyə, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası və digər bir neçə ölkə çoxqütblü dünyanın yaranması istiqamətində mübarizə aparırlar. Biz bu yaxınlarda Fransanın Afrikada necə məğlub olduğunu gördük. Fransanın yerini Türkiyə, Çin, Rusiya kimi ölkələr tutmağa başladılar. Eyni mənzərəni Yaxın Şərqdə də görürük və bu mübarizə davamlı olacaq. Böyük ölkələrin mübarizəsində kiçik ölkələr düzgün mövqe tutmalıdırlar. Əks-təqdirdə, necə deyərlər, çanaq onların başında çatlaya bilər. Rusiya–Ukrayna müharibəsində təkcə Türkiyə tərəfləri barışdırmaq potensialına malikdir. İsraillə  HƏMAS arasında da ən real barışdırıcı mövqe Ankaraya məxsusdur. Çox təəssüf ki, Qərbdəki bir sıra dairələr Türkiyənin həmin bacarığına mane olmağa çalışırlar. Onlar imkan vermirlər ki, münaqişə tərəfləri Türkiyənin başçılığı altında dialoq platforması qursunlar. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların davam etdiyi dövrdə də biz görürük ki, müxtəlif güclər burada öz maraqlarını yürütməyə çalışırlar. Qərb ölkələri etnik separatizmlə bağlı, gələcəkdə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını davam etdirməsinə imkan yaradan formullar irəli sürür. Qərbin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin sülh müqaviləsinə daxil etmək istəyi açıq şəkildə göstərir ki, əsas məqsəd presedent yaratmaqdır. Yəni, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi adı altında onların gələcəkdə yenidən Azərbaycan torpaqlarına iddia etməsinə əsaslar formalaşdırmaq istəyirlər. Amma ölkəmiz qarşısında dayananın kim olmasından asılı olmayaraq geri çəkilmədi. Bu mənada, Azərbaycanın qazandığı zəfər təkcə Ermənistan və dünya erməniliyi üzərində deyil, regiondan kənarda yerləşərək burada hegemonluq etmək istəyən dövlətlərin qlobal maraqları üzərində qazanılmış zəfərdir.

 

 



Siyasət