Ermənistanın hakim komandası müxalifləri öz “oyununa” alət edir
Cənubi Qafqaz siyasi akvatoriyasına Azərbaycanla Ermənistan arasında sülh gündəminin hakim kəsildiyi hazırkı situasiyada Ermənistan parlamentində sərsəm “Ayakve” təşəbbüsünü qaldıranlar var. Əvvəlcə, qısa şəkildə bu sərsəmliyin nədən ibarət olduğuna aydınlıq gətirəcəyik. Daha sonra isə baş nazir Nikol Paşinyan iqtidarının “təşəbbüsə” gizli dəstəyindəki bəzi məqamları vurğulayacaq və İrəvanın məkrli niyyəti üzərinə gələcəyik.
Beləliklə, “Ayakve” Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının kriminallaşdırılması ilə bağlı hüquqi anlam daşıdığı iddia edilən təşəbbüsdür və faktiki olaraq, qonşu dövlətə, yəni, ölkəmizə qarşı ərazi iddiasıdır. Özü də bu “iddia” Ermənistan parlamentində qaldırılır. Qərbin demokratik məmləkət kimi qələmə verdiyi ölkənin ali qanunverici orqanında. Təsəvvür edin, həmin Qərbin vasitəçilik platformalarında baş nazir N.Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, ancaq onun təmsil etdiyi ölkənin parlamentində belə bir sərsəm məsələnin müzakirəsi aparılır. Müzakirənin vaxtı da məlumdur – bu il dekabrın 4-ü.
Bəli, dekabrın 4-də Ermənistan parlamentinin dövlət və hüquq məsələləri komissiyası ölkənin Cinayət Məcəlləsinə “Artsaxın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasının kriminallaşdırılmasını və məsələnin qondarma “erməni soyqırımı” ilə bərabərləşdirilməsini nəzərdə tutan dəyişiklikləri müzakirə edəcək. Bu barədə müxalif “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan dünən parlamentdə keçirilmiş dinləmələrdə bildirib. Həmin gün “Ermənistan” fraksiyasının hazırladığı və “Şərəfim var” fraksiyası ilə razılaşdırılmış “Ayakve” təşəbbüsü ilə bağlı erməni Milli Assambleyasının bəyanat layihəsinə baxılacaq. A.Minasyanın sözlərinə görə, əgər sözügedən komissiya təşəbbüsə müsbət yanaşmasa, ertəsi gün parlament müxalifəti məsələnin birbaşa plenar iclasın gündəliyinə salınması üçün müvafiq proseduru yerinə yetirəcək.
A.Minasyan onu da deyib ki, əgər parlament “Ayakve” təşəbbüsü ilə “Artsaxın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasının kriminallaşdırılmasına dair təklif olunan qanun layihəsinin qəbulu ilə razılaşmırsa, “Artsax xalqının” öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün alternativ həll yolu təqdim etməlidir və ya ölkənin siyasi arenasından tamamilə uzaqlaşmalıdır.
Əlbəttə, sərsəm erməni parlamentarisi çox yaxşı anlayır ki, Paşinyanın komandası, o cümlədən hakim “Vətəndaş sazişi” fraksiyası “təşəbbüsə” qarşı çıxacaq. Çünki Ermənistanın hazırkı iqtidarı Qarabağ avantürizminin davamını başqa cür təsəvvürə gətirir, bölgə ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini qaldırır və mövcud yöndə beynəlxalq mexanizmlər məntiqini əsas götürür. Yəni hiylə işlədərək, durumun birbaşa ərazi iddiası kimi assosiasiya olunmasına qarşı çıxır.
***
Ancaq A.Minasyanın fikrini əsaslandırmaq üçün gətirdiyi arqumentləri də bir kənara qoymaq olmaz. Məsələn, o deyir ki, 2021-ci il seçkilərində xalq tərəfindən seçilmiş hər üç parlament qüvvəsi özünün seçkiqabağı platformasında “Artsax xalqının” öz müqəddəratını təyinetmə hüququnu, “Artsaxın” təhlükəsizliyini qorumağı və bunun üçün bütün səyləri göstərməyi öhdəsinə götürüb. Hazırda Qarabağın ermənisizləşdiyini vurğulayan deputat əlavə edib ki, bu durum hakim qüvvənin – “Vətəndaş sazişi” partiyasının nəinki uğursuzluğu, eyni zamanda, seçki vədini yerinə yetirməməsinin göstəricisidir.
Əlbəttə, məsələyə mövcud kontekstdən yanaşsaq, A.Minasyanı haqlı saymaq mümkündür. Axı, həqiqətən də, N.Paşinyanın seçki vədləri uzaq keçmişin söhbəti deyil. Onların üzərindən cəmi iki il yarım keçib. Hələ Nikolun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını yada salıb durumu bir qədər də dramatikləşdirmək mümkündür.
Vəziyyəti daha dramatik şəkildə qoyan isə elə Minasyanın özüdür. İlkin parlament dinləmələri zamanı “Ayakve” təşəbbüsünə, yəni “Artsax xalqının” öz müqəddəratını təyinetmə hüququnun inkarına görə cinayət məsuliyyətinə cəlb edilmənin mümkünlüyünə dair qanun layihəsinə baxılması ilə öyünən müxalifətçi deputat qeyd edib ki, Ermənistanın Cinayət Məcəlləsinə düzəlişlər “böyük məqsədə” çatmanın mexanizmlərindən biridir. Onun sözlərinə görə, hakim qüvvə düzəlişlərin əleyhinə səs verəcəyi təqdirdə, seçicilərinin iradəsinə qarşı çıxmış olacaq. “Əgər parlamentə seçilən qüvvələr bu qanunvericilik təşəbbüsü ilə bağlı səsvermədə mənfi rəy bildirsələr, o zaman legitimliklərini itirirlər. Onlar bu addımları ilə erməni xalqına qarşı cinayət törədirlər və xalqı təmsil etməklə bağlı konstitusiya hüququndan məhrum olurlar”, – deyən Minasyan vurğulayıb ki, hakim qüvvənin seçki vədlərinin yerinə yetirilməsi baş tutmayıbsa, üstəlik, ölkəyə yeni təhlükələr və çağırışlar yaranıbsa, yeganə yol getməkdir: “Bu, istefa və növbədənkənar seçkilərdə iştirak demək deyil. Ümumən, siyasi mübarizədən geri çəkilmək, ölkəni məhvə aparan rıçaqlardan tamamilə uzaqlaşmaqdır”.
***
Dediyimiz kimi, A.Minasyan məsələni, kifayət qədər dramatik tonda, habelə kateqorik şəkildə qoyur. Əlbəttə, onu da düşünmək mümkündür ki, Nikol və komandası Minasyan və onun kimilərinin nə dediklərinə, nəyi çərənlədiklərinə əhəmiyyət vermir. Bu, həqiqətən belədir. Ancaq məsələnin başqa tərəfi də var. Bu barədə söz açmazdan əvvəl bildirək ki, hazırda Qarabağ avantürasını diri tutan erməni iqtidarı özünün 2021-ci ildəki seçki vədlərinə xilaf çıxmadığını əsaslandıra bilər. Hərçənd, həmin vaxt Ermənistanda kiməsə deyilsə idi ki, Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bildirəcək, çox güman, inanan tapılmazdı. Amma seçkidən heç il yarım keçməmiş bunu bəyan etdi. Yəni, məcburiyyət qarşısında qaldı. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi həlledici oldu.
Burada ən başlıca məqama keçid alaq. Sual olunur: Heç mümkün deyilmi ki, Minasyan kimi avantüristlərin “ideyası” ümumiyyətlə, gündəmə gəlməsin? Erməni cəmiyyətini bir kənara qoyaq, axı, ilk baxışdan düşünülə bilər ki, lideri Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkənin parlamentində “demokratik qıcqırma” baş verməməlidir. Ən azı məsələnin ölkə üçün ziyanlı olduğu başa düşülməlidir. Bir halda ki, Ermənistan dövləti Cənubi Qafqazda sülhdən danışır, ölkəyə gəlib-gedən xaricilərin qarşısında əmin-amanlıq və dinclik şəraitində, mehriban qonşuluq əsasında birgə yaşamaq zəngulələri vurur, Minasyan kimi siyasi həşəratların “qanun layihəsi” adı ilə ortaya atdıqları cəfəngiyyat ali qanunverici orqanın nəinki qapı və pəncərəsindən, hətta kiçik bacasından da içəri yol tapmamalıdır. Ancaq yol tapır və heç şübhəsiz, prosesdə Paşinyan iqtidarı da gizli rol oynayır. Bəs, nədir bu rol?
***
Bəli, əvvəldə haqqında danışacağımızı söylədiyimiz məqam budur. Baş nazir N.Paşinyan Minasyan kimilərini beynəlxalq ictimaiyyətə göstərib Qarabağ avantürası müstəvisindəki öz “baxışları” üçün immunitet qazandırır. Təxminən belə: mənim ölkəmin cəmiyyəti və siyasi qüvvələri Qarabağla bağlı maksimumu hədəfləyir, ancaq mən minimum nəticə ilə kifayətlənirəm. Yəni, Nikol demokratiyanı, azad sözü alətə çevirir.
Minasyan və onun kimilər də fərqinə varmadan Paşinyan iqtidarının aləti qismində çıxış edirlər. Məhz buna görə Ermənistanın hakim komandası dekabrın 4-də ölkə parlamentində “Ayakve” adlı “teatr” sərgiləyəcək, dramatizmə, pafosa və saxta sentimentallığa güc verəcək. Nikol elə düşünür ki, belə etməklə, xaricilər onun hazırda Qarabağ mövzusundakı istəklərini yerinə yetirmək naminə daha böyük səy göstərəcəklər. İstəkdən isə söz açdıq. Söhbət Qarabağ ermənilərinin bölgəyə qayıtmaları üçün hüquq və təhlükəsizliklə bağlı beynəlxalq təminatların formalaşdırılmasından gedir. Nəzərə alaq ki, bu təminatlar Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını heçə saymağa, perspektivdə isə bölgənin Ermənistana məxsusluğunu iddia etməyə əsas vermək qismində gündəmə gətirilməkdədir. Yəni, faktiki olaraq, indiki durumda Minasyanla Paşinyan arasında elə bir ciddi fərq yoxdur. Onların yalnız məsələlərə, hadisə və proseslərə yanaşmaları müxtəlifdir. Birinci “Ayakve” deyib, çığır-bağır salır, ikinci öz aləmində daha rasional və praqmatik davrandığını düşünür. Elə müəmma da bundadır.
Ə.RÜSTƏMOV XQ