Ermənistanın bir yolu var: Azərbaycanla sülh!

post-img

Bakının ikitərəfli təmas təklifindən İrəvanın imtinası onun müstəqil olmadığını göstərir

ABŞ-ın və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri hazırda, faktiki olaraq, uğursuzluq zolağındadır. Bunun fonunda Bakı İrəvana birbaşa təmaslara keçməyi təklif edib. Hər halda, ölkəmizin Xarici İşlər Nazirliyinin iki gün əvvəlki açıqlamasını məhz belə qiymətləndirmək mümkündür. 

Bəli, Azərbaycan vasitəçilər forma­tından uzaq dayanmağa üstünlük verir. Bunun səbəbini bir qədər sonra aydın görəcəksiniz. İndilik onu vurğulayaq ki, hazırda ən başlıca məsələ Ermənistanın Azərbaycanın “tet-a-tet” danışıqlar tək­lifinə hansı reaksiyanı verməsidir. Yəni, top İrəvanın tərəfindədir. 

Ermənistanın isə konkret cavabı yox­dur və çox güman, olmayacaq da. Üstə­lik, ehtimal var ki, İrəvan Bakının təkli­findən, ümumiyyətlə, imtina etsin! Yeri gəlmişkən, imtinanın ilk işartıları artıq görünməkdədir. Fikrimizin təsdiqi üçün iki məqamın üzərində dayanaq. 

***

Birinci məqam Ermənistanın Xarici İşlər Nazirliyinin dünənki açıqlamasıdır. Orada təkbətək danışıqlar məntiqinə dair yalnız bir cümlə var. Guya, Ermənistan, vaxtilə, delimitasiya və demarkasiya ilə məşğul olan birgə komissiyanın iclasının şərti sərhədə yaxın ərazidə keçirilməsini təklif edibmiş. Belə çıxır ki, Azərbaycan həmin təkliflə razılaşmayıb. Halbuki, məsələnin qoyuluşu düzgün deyil. Çünki Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının müşahidəçiləri var. Yəni, maraqlı tərəflər. Deməli, ölkənin xarici siyasət idarəsinin açıqlaması əvvəlki manipulyasiya xət­tinin davamıdır. Yəni, bilmək olmur ki, Ermənistan Azərbaycanın təkbətək da­nışıqlar təklifinə razıdır, yoxsa yox. Həm də ona görə bilmək olmur ki, Ermənistan XİN özünü ölkəmizi ittiham məntiqinə kökləyib. Halbuki, ortada konkret “hə” və ya “yox” cavabı olmalı idi. 

Bəli, rəsmi İrəvan özünün gecikmiş təkliflərini ehkamlaşdırmaq yolunu tu­taraq, Azərbaycanın birbaşa danışıqlar formatını inkar edir, Qarabağa təcavüz, bölgə ermənilərinin qovulması ritorika­sına baş vurur. Üstəlik, bildirir ki, guya, Azərbaycan sülh prosesinə qayıtmaq im­kanını və beynəlxalq tərəfdaşların möv­cud istiqamətdəki səylərini açıq şəkildə görməzlikdən gəlməyə davam edir. 

Qeyd edək ki, Ermənistan XİN danı­şıqlar üzrə əvvəl səsləndirdiyi üç prinsi­pi yenidən gündəmə gətirir. Bunlar heç bir qeyri-müəyyənlik olmadan ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaları və ona hörmətlə ya­naşmaları, 1991-ci ilin Alma-Ata Bəyan­naməsi və ən son qanuni sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi, dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıq­lılıq prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılmasıdır.

Əlbəttə, Azərbaycan yuxarıdakı üç prinsipi heç vaxt inkar etməyib, sadəcə öz mövqeyini irəli sürüb. Mövqe isə eyni zamanda, Ermənistanın öhdəliklərinə əməl etməsinin vacibliyinə əsaslanır. Di­gər tərəfdən, Ermənistan Qərb danışıqlar formatında yuxarıdakı prinsiplərə yeni çalarlar qazandırmaq məntiqini irəli sü­rür. ABŞ və Aİ-nin davranışları göstərir ki, onlar İrəvanın avantürist niyyətlərini əsas götürürlər. Ancaq “tet-a-tet” danışıqlarda belə bir manipulyasiya cəhdinə yer olma­yacaq. Çox güman ki, elə bu səbəbdən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici si­yasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev region məntiqini irəli sürür. Onun çağırış məzmunu daşıyan sözlərinə görə, sülhün kökləri regiondadır, Vaşinqtonda, Brüsseldə, Parisdə deyil və Ermənistan bunu başa düşməlidir. 

***

İkinci məqama keçid alaq. Görünən budur ki, Azərbaycanın çağırışı Ermə­nistana çatmır. Daha doğrusu, İrəvan çağırışı düzgün qiymətləndirmək istəmir. Bunun Ermənistan XİN-in açıqlaması qismində ilk göstəricisini diqqətə çatdır­dıq. Mövcud kontekstdə ölkə parlamen­tinin sədr müavini Akop Arşakyanın söy­lədikləri daha konkretdir. O bəyan edib ki, Ermənistan heç vaxt danışıqlardan yayınmayıb. Lakin vitse-spiker danışıq platformalarının əhəmiyyətindən söz aç­mağı yaddan çıxarmayıb. Elə manipul­yasiya da məhz bundadır. Arşakyanın nə dediyinə diqqət yetirək: “Effektivliyi etimad yaratmayan platformalar varsa, Ermənistan həmin platformalardakı da­nışıqlarda iştirak etmir. Platforma etimad yaradırsa, biz də iştirak edirik. Ermənis­tanın hər hansı effektiv platformadan qaçmaq arzusu yoxdur. Bu, onun üçün faydalı deyil”.

***

Göründüyü kimi, həm Ermənistan XİN, həm də vitse-spiker Arşakyan Ba­kının birbaşa danışıqlar təşəbbüsünü, kifayət qədər, incə düşünülmüş hiyləgər­liklə geri çevirir. Bu, şübhəsiz ki, İrəvanın müstəqil xarici siyasət yürütmək imkanın­da olmadığının növbəti təsdiqidir. Eyni zamanda, Arşakyanın açıqlaması İrəva­nın səmimiyyət anlayışından uzaqlığının göstəricisidir. Sanki hansısa vasitəçilik missiyasının xidmətini nəzərə almaq, ölkə üçün daha effektiv imiş, nəinki birba­şa danışıqlar aparmaq. Yəqin, yanaşma­dakı absurdluğun fərqinə vardınız. 

Elə isə digər məqamlara da diqqət yetirərək, bildirək ki, İrəvan Moskvanı effektiv danışıqlar platforması saymır. İlk növbədə ona görə ki, Rusiyanın mü­naqişədə vasitəçi deyil, tərəf olduğunu iddia edirlər. Erməni siyasi dairələri son zamanlar vurğulayırlar ki, Rusiya Azər­baycanla birlikdə Zəngəzur dəhlizini tələb edərək, İrəvana qarşı ərazi iddiası irəli sürür. Yerdə qalır, Qərb platforma­sı ki, onu da effektivliyini şübhələndirən Azərbaycandır. Əvvəldə də bildirdik ki, bu müstəvinin ermənipərəstliyə kökləndi­yi artıq gün kimi aydındır.

Deməli, ilk baxışdan da ən yaxşısı ikitərəfli təmaslardır. Ancaq Ermənistan danışıqların Qərb formatını aktivləşdir­məkdə israrlıdır. Ermənistan XİN özünün gecikmiş sülh təkliflərini məhz buna görə göndərir. Məqsəd həm də vaxt udmaq­dır. Bu yerdə baş nazir Nikol Paşinyanın “sülh sazişi tərəflərin inamsızlığı səbə­bindən imzalanmır” fikrini diqqətə çatdı­raq. Nəzərə alaq ki, bu il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəf­li görüşlərdə Azərbaycanla sülhün üç əsas prinsipinin razılaşdırıldığını deyən erməni hökumət rəhbərinin indi həmin üç prinsip üzrə təkbətək danışıqlara razı olmasında elə bir problem olmamalıdır. Amma problem var. 

Problem həm də ona görə var ki, Azərbaycan-Ermənistan münasibətləri­nin nizamlanması üzrə əsas razılıqların Qərb platformasında əldə olunmasına baxmayaraq, hazırda baş verən proses­lər onun göstərir ki, kollektiv Qərbi təmsil edən ABŞ və Aİ həmin razılaşmaları özü­nün anti-Rusiya seqmentinin tərkib his­səsi kimi görüb. Yəni, daha çox Bakı və İrəvan arasındakı durumun normallaşma­sını deyil, bu normallaşma müstəvisində Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məramını əsas götürür. Azərbaycan isə avantüralara meydan vermir və təkbətək danışıqlar formatını irəli sürməklə, prose­si kənar təsirlərdən uzaq tutmağa çalışır. 

***

Qeyd edək ki, Ermənistanın Azər­baycanın təklifi ilə razılaşmaması üçün bəhanələri də var. Məsələn, erməni si­yasi dairələri bildirirlər ki, Azərbaycan indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, Qarabağa qarşı, guya, təcavüz gerçəkləşdirib, mövcud səbəb­dən onun ikitərəfli təmas təklifinə etibar etmək olmaz. Yəni, mütləq üçüncü tərəf olmalıdır ki, təminat yaransın (?). Əlbət­tə, biz də eyni şeyi, özü də çox haqlı ola­raq Ermənistanla bağlı deyir və bildiririk ki, İrəvan öhdəliklərinə əməl etmir. Amma ölkəmiz sülhün əldə olunmasının vacib­liyinə də köklənir, paralel surətdə sülh gündəliyini kənar təsirlərdən, regional ambisiyalardan qorumaq xəttini irəli sü­rür. Bir daha bildirək ki, hazırda top Er­mənistanın tərəfindədir. İrəvanın bir yolu var: Bakının təklifi ilə razılaşmalı və imza atmalıdır!

 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət