ABŞ-ın “demokratiyaya dəstəyi” antidemokratik dəyənəkdir

post-img

Azərbaycan KİV-ində ABŞ-ın təxribatçı əməllərinə həsr olunmuş analitik material dərc edilib. “ABŞ təxribat texnologiyalarını yeniləyir” başlığı ilə təqdim olunmuş yazıda bildirilir ki, “super dövlət” özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün yeni metodlar tətbiq edir. “Demokratik inkişafa dəstək vermək” adı altında yaratdığı çoxsaylı fondları, o cümlədən, dünyaca məşhur olan USAID, NED, Marşall, İREX və onlarca digər beynəlxalq institutları ekspansiya alətinə çevirir. Həmin qurumlar “demokratik inkişafa dəstək vermək” adı altında “qrantlar” ayırırlar. Reallıqda isə həmin “qrantlar” vasitəsilə marginal qrupları şirnikləndirir, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər.

Uzun illər ərzində tətbiq edilmiş bu “texnologiya”da yenilik ondan ibarətdir ki, ABŞ fondları indi təkcə partiyaların və si­yasi fiqurların üzərində iş qurmurlar. Milli düşüncəyə zidd olan, cəmiyyətin harmoni­yasını pozan bütün marginal qrupları dəstək­ləyirlər. Məsələn, Azərbaycanda “radikal feminizm”in təşkilatlandırılıb aktivləşdiril­məsini təşkil edirlər. “Radikal feminizmi” təşkilatlandırmaqla milli mənliyini itirmiş qrup formalaşdırırlar. Elə “çevik və işgüzar qrup” formalaşdırılır ki, anti-Azərbaycan tə­yinatlı istənilən məsələdə istifadə olunub ef­fekt verə bilirlər. 

Bu həmin qrupdur ki, üzvləri 2019-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməyə cəhd göstərdilər. Yaxud, 2020-ci ilin oktyabrında – 44 günlük Vətən mü­haribəsi ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akop­yanın irəli sürdüyü avantürist kampaniyanı dəstəklədilər. Belə bir nəticə alınır ki, Qərb institutları “radikal feminizmi” dəstəkləyib təşkilatlandırmaqla ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək üçün yeni mexa­nizm hazırlayırlar. 

Məqalə müəllifləri bildirirlər ki, indi eyni modelin digər sahələrdə də tətbiq edil­diyi müşahidə olunur. QHT, KİV sektorunda “qrantla” ələ alınmış marginal qruplar forma­laşdırılır. Məqalədə ABŞ-nin belə mürtəce si­yasətinə alət olmuş çox sayda QHT və KİV-in, həmçinin fiziki şəxslərin adları çəkilir. 

Məsələnin bu tərəfinə toxunmuruq. Əl­bəttə, adıçəkilən şəxslərin açıqlama vermək, bəyanat yaymaq, barələrində deyilən faktları təkzib etmək hüquqları vardır. Azərbaycan hüquqi və demokratik ölkə olduğu üçün on­ların haqları tanınır. Amma bu, məqalənin ümumi ruhunu şübhə altına almır. ABŞ-nin hədəf ölkələrdə təxribatçı əməllər törətməsini inkar etmir. QHT və KİV sektorunda təmsil olunduğumuz üçün müşahidə edirik ki, ABŞ emissarları bu sektorda bölücülük salırlar. Legitim təşkilatlarla deyil, marginal qruplar­la iş aparırlar. Azərbaycanda 3 mindən yuxarı qeyri-hökumət təşkilatı mövcuddur. Minlərlə KİV qurumu fəaliyyət göstərir. Onların fəa­liyyətləri legitimdir, qanunlar əsasında quru­lub. 

ABŞ təmsilçiləri “demokratik inkişafı dəstəkləyən layihələri” həmin QHT və KİV-ə deyil, qeyri-legitim, qeyri-qanuni təşkilatlara yönəldirlər. Məqsəd bəllidir. Əlbəttə, mil­li şüura sahib, legitim, qanuni təşkilat heç zaman ictimai əxlaqa zidd addım atmaz. “Qrant” almaq xatirinə milli maraqlarını sat­maz. Qeyri-legitim, marginal qruplar üçün isə bu prinsip əsas deyil. 

ABŞ hədəf ölkələrdə iş metodlarını nə üçün dəyişib? Nə planlaşdırır, məqsədi nədir? USAİD-in direktoru Samanta Pau­er 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirib ki, yenilənmiş “Demokra­tiya doktrinası” imkan yaradır ki, ABŞ “de­mokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın. “Demokratiyanın işartıları” deyəndə 4 mühüm əlamətin adını çəkib. On­lardan biri “demokratik” üsyanların dəstək­lənməsidir. 

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAİD vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Samanta Pouer tərəfindən elan edilmiş bu proqram, əslində, ABŞ-nin yeni “məxməri inqilablar” stra­tegiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təla­tümlər gözləyir. 

ABŞ-nin yenilənmiş “Demokratiya dokt­rinası” və “anti-korrupsiya strategiyası”nda USAID, jurnalistlər və QHT üçün yeni im­kanlar nəzərdə tutulub. Korrupsiyaya qarşı mübarizədə fəallıq göstərən “jurnalist” və “QHT” üçün “Çempionlar mükafatı” hazırla­nır. Həmçinin onların ehtiyaclarını ödəmək üçün yeni fond təqdim edilir. USAİD-in ko­ordinasiyası ilə qurulan “Korrupsiyaya Qarşı Mübarizə Fondu” KİV və QHT-yə, araşdır­maçı agentlərə yardım göstərir. Fondun ilkin maliyyəsi 424 milyon dollardır. 

Bu mövzunun diqqətçəkici məqamı odur ki, USAİD-in rəhbəri olan Samanta Pouer qatı ermənipərəstdir. Övladının adını “erməni genosidi”nin şərəfinə adlandırıb. Ruben Var­danyanla yaxın dostluq münasibətində olub. Onun tədbirlərində çıxış edib. Ruben Vardan­yan Qarabağda həbs edilib Bakıya gətirlən­dən sonra Samanta Pouer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Samanta Pouerin sifariş verdiyi “Demokratiya doktrinası”nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir. 

Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində ABŞ-nin oynadığı neqativ rol göstərdi ki, “super dövlət” han­sısa maraqlar naminə Ermənistanın tərəfini saxlayır. Prosesi rəqib ölkənin maraqları çər­çivəsində yekunlaşdırmaq üçün səy göstərir. Bu baxımdan məqalədə dərc edilmiş faktlar, şübhəsiz, diqqətlə araşdırılacaq və ölçü gö­türüləcəkdir. 

 

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Siyasət