“Səlib yürüşləri”nin üzərindən neçə əsr keçsə də, sanki Avropa onun ab-havasından ayıla bilmir. Hazırda “köhnə qitə”nin ermənipərəstliyinə tipik xristian təəssübkeşliyi demək mümkündür. Nəzərə alaq ki, tarixi “səlib yürüşləri”ndə əsl məqsədin maskalanmasında din bir növ vasitəyə çevrilmişdi. Məqsəd Şərqin zəngin torpaqlarını ələ keçirmək, asan yolla varlanmaq idi.
Hay avantürizmi İsa peyğəmbərin, (ə.s.), guya, erməni kimliyinə dair çürüklüyə baş vurmaqdadır. Belə getsə, bu avantürizm naminə təəssübkeşliyin hazırkı motivinə xristian dini peyğəmbərinin qəbrinin Qüdsdə yox, Ermənistanda olduğu sərsəmliyi də daxil ola bilər. Hətta mövcud xüsusda Qarabağın da ortaya atılması mümkündür. Hələlik bu “dərinliyə” gedilməsə də, vurğulanmalı bəzi məqamlar var. Bu məqamları incələdikdə isə bir nəticəyə gəlmək mümkündür – erməni avantürizmi ilə bağlı Avropada yaşananlar, necə deyərlər, Fransanın yastığının altından çıxır. Sonda bunun üzərinə qayıdacağıq. Hələlik isə...
Bəli, hazırda Avropa nəyin bahasına olursa-olsun erməni avantürizminin müdafiəsinə qalxıb. Bu “məqsədlə” beynəlxalq hüququn bütün norma və prinsiplərinə aşkar etinasızlıq müşahidə edilməkdədir. Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsi, sanki dərd olub keçib bəzi Avropa ölkələrinin canına. İndiki halda, söhbət Avstriya Parlamentinin ölkəmizin Qarabağda sentyabrın 19-da başlatdığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirlərini pisləyən qətnaməsindən gedir. Əlbəttə, başlanğıcda “səlib yürüşü” məntiqinə əsaslandığımız üçün deyə bilərik ki, Avstriya tək deyil. Yəni, Qərbdə Azərbaycanla Ermənistan arasındakı mövcud vəziyyətə, antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmamaq aşkar tendensiya halını almaqdadır.
Avstriya Parlamentinin qətnaməsinin başlıca qayəsini Azərbaycanın sözügedən antiterror tədbirlərindən sonra bölgənin erməni əhalisinin ərazidən köçünü etnik təmizləmə kimi qələmə vermək təşkil edib. Sənəddə “Dağlıq Qarabağ xalqı” ifadəsi işlənir. Bu, adi məsələ deyil. Məlum olduğu kimi, Ermənistan və havadarları Qarabağ ermənilərinə münasibətdə məhz belə terminlərdən istifadəyə baş vurmaqdadırlar. Onları xalq kimi görürlər. Əlbəttə, heç kəs soruşmur ki, bu cür ritorikaya üstünlük verərkən, gündəmə gətirilən 100 minlik say xalq adına iddia edə bilərmi? Əlbəttə, iddia edə bilməz. Qarabağ erməniləri yalnız etniklərdir. Etniklərin xalq olaraq təqdimatında məqsəd isə bəllidir. Hər halda, “Dağlıq Qarabağ” ifadəsinin işlənilməsi də təsadüf sayıla bilməz. Bəzi Avropa ölkələri xalqın öz dövlətinin olduğuna dair subliminal mesaj verirlər. Nəticə etibarilə separatçılığa dəstək yolu tutur, belə mənfur əmələ haqq qazandırırlar. Qərb dairələri tərəfindən Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri həmin “haqqa” saxta ictimai-siyasi məzmun vermək məramından qaynaqlanmaqdadır.
Avstriya Parlamentinin qətnaməsində “bütün beynəlxalq platformalarda və ikitərəfli danışıqlar çərçivəsində Azərbaycanın 100 mindən çox (?) etnik erməninin Dağlıq Qarabağdan kütləvi şəkildə köçməsinə səbəb olan hərbi hərəkətlərini pisləmək” çağırışı yer alır. Sənəddə bildirilir ki, bölgədə qalan etnik ermənilərin, eləcə də ora qayıtmaq istəyənlərin hüquqlarının qorunması zəruridir, Beynəlxalq Ədalət Məhkəmənin Laçın dəhlizi boyunca sərbəst hərəkətlə bağlı qətnamələrinin icrası vacibdir, habelə Avstriya hökuməti beynəlxalq humanitar təşkilatların Qarabağa sərbəst və maneəsiz çıxışının təmin olunmasında, regionda mədəni dəyərlərin və kilsələrin qorunmasında iştirak etməlidir. Ən əsası isə humanitar vəziyyəti sabitləşdirmək üçün Ermənistana lazımi vəsaitin verilməsi şərtdir. Yeri gəlmişkən, onu da deyək ki, Ermənistana Avropadan ardıcıl maliyyə yardımları göstərilir. Bu təəssüb-keşlik “xəttinə” ölkənin silahlandırılması istiqamətində atılan addımları da əlavə etmək yerinə düşər. Avropa İttifaqının bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksəkliyi, Nikol Paşinyan başda olmaqla, Ermənistan rəsmilərinə edilən siyasi reveranslar isə Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymur.
Ümumən, Avropa dövlətləri sanki tutuquşu kimi erməni avantürizminin irəli sürdüyü tezisləri təkrarlamaqdadırlar. Fransa və Almaniya kimi ölkələrlə hər şey məlumdur. Onlar aşkar ermənipərəst mövqedədirlər. Elə son günlər aktivlik göstərən Niderlandı da bu sıraya qoşmaq olar. Ancaq, belə demək mümkünsə, ermənipərəstlik trendinə qoşulanlar sırasında İspaniya da var.
Məlum olduğu kimi, İspaniya Senatı oktyabrın 17-də keçirdiyi iclasında anti-Azərbaycan mövqe tutub. Senat bildirib ki, “Azərbaycanın həyata keçirdiyi, regional təhlükəsizlik və sabitliyə təhlükə yaradan əsassız hərbi əməliyyatları qətiyyətlə pisləyir”. Maraqlıdır ki, Ermənistan hakimiyyəti özünə lazım olanda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatını rəhbər tutur. Digər hallarda isə həmin sənədə, ümumən Rusiyanın tənzimləmə prosesindəki roluna biganə yanaşır. Eyni “dəst-xətt” Avropaya da təsirini göstərməkdədir.
Diqqət yetirək, İspaniya Senatı bildirir ki, Azərbaycan üçtərəfli Bəyanatın icrasından imtina yolunu tutub və guya, bunun ən mühüm göstəricisi lokal xarakterli antiterror tədbirləridir. Əlbəttə, ispanlar da fransızlar, almanlar və avstriyalılar kimi, həmin antiterror tədbirlərinin hansı zərurətdən meydana çıxdığına diqqət yetirmirlər. Qətiyyən fərqinə varmırlar ki, sərt addımların atılmasına səbəb Ermənistanın üçtərəfli Bəyanatın şərtlərinə əməl etməməsi və Qarabağda separatçılığı saxlamaq üçün göstərdiyi dirəniş idi.
Bəli, İspaniya Senatı məsələnin fərqinə varmır və vurğulayır ki, Azərbaycan hökuməti BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını ratifikasiya edib və buna görə də hərbi əməliyyatları dərhal dayandırmalıdır. Görünür, ispanlar məsələdən tam məlumatsızdırlar. Məlumatlı olsaydılar, özlərinin bəyanatlarına bu müddəanı daxil etməzdilər. İspaniya Senatının hələ xəbəri yoxdur ki, Qarabağda artıq bir aydır silahlı qarşıdurma dayanıb. Digər yandan, necə deyərlər, xoruzun quyruğu da görünməkdədir. Senatın bəyanatında İspaniyada yaşayan erməni icması ilə həmrəylik ifadə olunub. O boyda tarixi ənənələrə malik dövlətin nəyin əsirinə çevrildiyi göz önündədir. Həqiqətən, ortada rəzil və miskin durum var.
İspaniya Senatının qəbul etdiyi anti-Azərbaycan motivli sənəddəki daha bir rəzillik ondan ibarətdir ki, orada beynəlxalq müşahidəçilərin və humanitar yardımların bölgəyə buraxılması tələb olunur. Əlbəttə, demək istəmirik ki, Qarabağ Azərbaycanın elə Ermənistanın özü tərəfindən də qəbul edilmiş ərazisidir. Bunu vurğulamağa ehtiyac yoxdur. Çünki avropalılar əllərində klassik “şparqalka”ları tutublar və onların təfəkkürləri üçün dünyaya, o cümlədən, Cənubi Qafqaza baxış məhz həmin erməni mətnləri olan yarımçıq qeydlərdən o tərəfə keçmir. Yəni, dünyaya makaron deşiyindən baxmaq ispanlar üçün də xarakterikdir. Başlıca məqam bəyanatda “humanitar yardımların regiona buraxılması” məntiqinin işə salınmasıdır. Görəsən, söhbət hansı humanitar yardımdan gedir? Axı, Qarabağda beş-altı erməni qalıb. Belə qənaət yaranır ki, İspaniya Senatı əvvəlki, yəni Laçın yolu ilə bağlı Ermənistanın qaldırdığı humanitar fəlakət şousu zamanında hazırladığı bəyanatla indikini səhv salıb. Ancaq hansı dövlət səhv salsa da, İspaniyanın ümumən belə davranmağa əsası yoxdur. Çünki ölkənin etnik separatizmdən əziyyət çəkdiyi göz önündədir. Çox uzağa getməyək, 2017-ci ildə Kataloniyada keçirilən müstəqillik referendumu zamanı baş vermiş hadisələri xatırlayaq. O zaman ölkənin parçalanması məsələsi gündəmə gəlmişdi. Görəsən, Krallıq bundan niyə nəticə çıxarmır?
***
Bəli, Avropa institutlarını, eləcə də ali qanunverici orqanlarını Ermənistanın taleyi qətiyyən maraqlandırmır. Əslində, məsələyə bu prizmadan yanaşsaq, əvvəldə haqqında söz açdığımız “səlib yürüşləri” məntiqi bir o qədər yerinə düşmür. Avropalıların hazırkı kortəbii köklənişində Ermənistanın xristian, Azərbaycanın isə müsəlman dövləti olması anlayışı aktuallığını qorusa da, kosmopolitlər sürüsü böyük ölçüdə lokal maraqların əsirinə çevrilmiş durumdadırlar. Əvvəldə də vurğuladığımız kimi, lokal maraq daşıyıcısı Fransadır. Heç şübhəsiz, hazırda “köhnə qitə”nin ermənipərəstlik nəbzini döyündürən Parisdir. Fransanın buyruğu ilə oturub-dururlar bu nəbzin vurması naminə alətlərə çevriliblər. İndilik alətlər Almaniya, Niderland, Avstriya və İspaniyadır. Görəsən, növbədə daha hansı dövlət var?
Sonda bir məqamı da vurğulayaq ki, indiki anti-Azərbaycan dalğası bizə tanışdır. 44 günlük müharibə zamanı da belə olmuşdu, Azərbaycan Laçın yolu müstəvisində qətiyyətli tədbirlər görəndə və ərazidə sərhəd nəzarəti tətbiq edəndə də. Zaman keçdikcə ermənipərəstlərin köplərinin alındığını da görmüşük. Yəni, heç bir halda belə yaramazlıqlar Azərbaycan dövlətini tutduğu haqlı yoldan döndərə bilməz. Bir atalar misalında deyildiyi kimi, it hürər, karvan keçər. Sadəcə, obrazlı desək, karvan yolunun üstündə hürən itləri yadda saxlayacaq və zamanı gəldikcə onların hər birinə yerini göstərəcəkdir.
Ə.CAHANGİROĞLU
XQ