Qeyri-neft sənayesi sürətlə inkişaf edir

post-img

Hazırda 110 ölkəyə məhsul ixrac olunur

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələri də bu məqsədin gerçəkləşəcəyi əminliyi yaradır. 

Son 20 ilin iqtisadi yekunları da perspektivdə qeyri-neft iqtisadiyyatı ilə bağlı gözləntilərin yüksək səviyyədə reallaşa­cağından xəbər verir: 2003–2023-cü illər ərzində respublikamızın ticarət tərəfdaşla­rının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Təkcə ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Xarici ticarət dövriyyəsi isə bu müddətdə 3,8 milyard dollardan 52,7 milyard dollara, qeyri-neft ixracı 0,26 mil­yard dollardan 3,05 milyard dollara yüksə­lib.

Yeri gəlmişkən, İxracın və İnvestisi­yaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, cari ilin 9 ayında Azər­baycandan ixrac olunan qeyri-neft məh­sullarının dəyəri 2,4 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqa­yisədə 10,6 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə ölkəmizin qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3,49 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracı sahə­sində coğrafi şaxələnmə ilə yanaşı, məh­sul çeşidlərinin artırılmasında da uğurlu nəticələr qeydə alınıb. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkar­larının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər də ixracın artımını stimullaşdı­rıb.

Bu gün iqtisadi diversifikasiyada qey­ri-neft sənayesinin innovativ üsullarla inki­şafı və şaxələndirilməsi önəmli rol oyna­yır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlama­sı isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. 

Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcıla­rının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif böl­gələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məh­sulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir. 

Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün sti­mullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkar­lara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. 

Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qo­şulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur iş adam­larına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır. Bütün bunlarla yanaşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən torpaq sahələri, həmçinin hazır tiklilər isə uzunmüddətli icarəyə verilir.

Son illər yaradılan qeyri-neft səna­ye müəssisələrinin keyfiyyətli məhsul istehsal etmək potensialı onların xarici ölkələrdəki alıcılarının sayını getdikcə artırıb. Məhz bunun nəticəsidir ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azər­baycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları təşkil edib. 

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru 

Bu gün real sektorun əsas is­tiqamətləri üzrə ölkə iqtisadiyyatında mühüm dəyişikliklər baş verir. Qey­ri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması davamlı xa­rakter alır. Azərbaycan xam neft satan ölkədən neftdən hazırlanan məhsulla­rın ixracatçısına çevrilir. Bu istiqamət­də artıq ciddi uğurlar qeydə alınır. 

Respublikada ənənəvi sahə olan aqrar sektor da öz inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan hö­kumətinin səyi ilə qeyri-neft sənayesi və kənd təsərrüfatında istehsal edilə­cək məhsullar “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlarda layiqli yer tutur. Dünyanın aparıcı ölkələrin­də ölkəmizin ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir.

Beynəlxalq aləmdə baş verən siya­si-iqtisadi təlatümlər fonunda ölkəmi­zin iqtisadi göstəricilərinin davamlı art­ması, respublikamızın dünyada sürətli inkişaf tempinə malik olan ölkələrindən biri kimi tanınması da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən həmin çoxşaxəli, uğurlu siyasətin məntiqi nəticəsidir. Yüksək iqtisadi göstəricilər sırasında qeyri-neft sekto­runun payının da mühüm yer tutması xüsusi diqqət çəkir. 

Bu uğurlu göstəricilərin əldə edil­məsində dövlətimizin başçısının rəh­bərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastruktu­runa malik sənaye zonalarının inkişa­fını sürətləndirib. Belə vəziyyət ölkə­nin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsa­lının artırılmasına da əhəmiyyətli təsir göstərib. 

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrü­bəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiq­tisadi sabitlik, investorların hüquqları­nın etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlət­lərdən biri kimi tanıdır. 

Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət tə­sir göstərir. Rəqəmsallaşma respub­likamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulma­sı, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, eti­barlı logistik şəbəkələrin təkmilləşdiril­məsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur. 

Qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə, keyfiyyət baxı­mından strukturunun tənzimlənməsi ilə bağlıdır. Bunun nəticəsidir ki, Azər­baycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Bu da təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxı­mından mühüm əhəmiyyət kəsb edir. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat