Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayacaq. 129 kilometr uzunluğunda olan magistralın qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət imkanı verəcək, eyni zamanda, respublikamızın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına müsbət təsir göstərəcək.
Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə adıçəkilən magistral ödənişli yol kimi müəyyənləşdirilib. Bundan sonra yoldan istifadə üzrə gediş tarifləri ilə bağlı Tarif (qiymət) Şurası tərəfindən müvafiq qərəar qəbul edilib.
Beləliklə, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 kilometr üçün 9,3 qəpik (bütün yol üçün 12 manat), kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 kilometr üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) müəyyən edilib.
Avtobuslar üzrə isə bu yolun 1 kilometri üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyən olunub. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət isə 1 kilometrə 19,4 qəpik (bütün yol üçün 25 manat) hesablanıb.
XQ