Oğurluq kimi bədxahlığın və rüşvətxorluğun da ömrü uzun çəkmir
Xaricdəki zəngin erməni diasporunun və lobbi təşkilatlarının verdikləri pulların, hədiyyələrin əvəzində onların maraqlarına “xidmət edən”, separatçılara “qulluq göstərən” konqresmen, prokuror və vəkillərin başlarının üzərini indi qara buludlar alıb. ABŞ Senatında hayların dəstəkçisi, rüşvətxor Bob Menendezin ardınca Fransada sağçı müxalifətin lideri Loran Vokie və Norveçin Xarici işlər naziri Anniken Xyuitfeldt maliyə fırıldaqlarında şübhəli qismində sorğu-suala çəkilirlər. Qatı ermənipərəst mövqeyi ilə tanıdığımız, Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində birinci posta iddia edən Loran Vokie vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Fransa mətbuatı bəzi dövlət məmurlarının onun fəaliyyətində çoxlu nöqsan aşkarladıqlarını yazıb.
Bu həmin Loran Vokyedir ki, Fransanın bəzi ermənipərəst siyasətçiləri ilə birlikdə 2023-cü ilin iyun ayında “Qarabağın blokadaya alınmasını” əsas gətirərək, guya, erməni sakinlərə yardım etmək məqsədilə BMT-yə kollektiv müraciət ünvanlamışdı. Hayların “qayğıkeşi” aprel ayında İrəvanda Qarabağdan süpürüb atdığımız separatçı-xunta rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşmüş, Azərbaycana qarşı qərəzli fikirlər söyləmişdi. Vokye o zaman təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” gətirəcəyinə, maşın karvanını Laçın yolundan keçirəcəyinə söz vermişdi.
Doğrudur, o vaxt populist Vokyenin bu açıqlaması rəsmi Bakı tərəfindən sərt etirazla qarşılanmış, onun davranışının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik fəaliyyət kimi dəyərləndirilmişdi.
Fransa Senatında büdcə müzakirələri zamanı regional ekoloji təşkilatın rəhbəri Fabyen Qraeber Vokyeyə qarşı büdcə vəsaitlərini təyinatdan kənar, qeyri-qanuni şəkildə istifadə etməsi ilə bağlı ittihamlar səsləndirib. O, prezidentliyə iddialıya üzünü tutub belə deyib: “Sizə aid olmayan dövlət vəsaiti ilə bizim regionumuzdan karyeranızda bir pillə yuxarı qalxmaq üçün istifadə edirsiniz. Amma ölkənin fiskal qənaət dövründə daha buna dözmək olmaz!”
Regional Şuranın deputatı, Sosialist Partiyasından tanınmış siyasətçi Najat Valo-Belkasem isə çıxışında bildirib ki, izafi xərclər, qanunsuz yollarla işədüzəltmələr Loren Vokienin regionun büdcəsini bərbad idarə etməsinin, şəffaflığın olmamasının bariz nümunəsidir və mövcud vəziyyət onun siyasi gələcəyi ilə bağlı ciddi sualları ortaya çıxarır.
“Reuters” agentliyi isə Vokienin özünün partiyadaşları və hökumət məmurları barədə təhqiramiz, kobud ifadələr işlətdiyi, biabırçı şərhlər verdiyi səs yazısının onu hər tərəfdən zərbələr altında qoyduğunu xəbər verib. Hətta, iş o yerə çatıb ki, Mühafizəkarlar Partiyasının yüksək çinli üzvlərindən biri üzvlükdən istefa vermək qərarına gəlib.
Dilini dinc saxlaya bilməyən 42 yaşlı Vokienin siyasi cəhətdən səbatsız olduğu çoxlarına bəllidir. O, iki-üç il bundan əvvəl Almaniyanın sabiq kansleri Angela Merkeli ələ salaraq, onu xarizmadan məhrum, Kanadanın baş naziri Castin Tryudonu isə ifrat dərəcədə siyasi korrektəli adlandırmışdı. Fransa parlamentində ən böyük müxalif fraksiyaya malik partiyanın üzdəniraq lideri bir il bundan əvvəl prezident Emmanuel Makronun həyatını “cəhənnəmə çevirəcəyini” bəyan etmişdi. İntəhası, onun mühacirlərə münasibətdə tutduğu kəskin mövqeyi ölkənin keçmiş baş naziri Alen Jüppe daxil olmaqla, partiyanın bir neçə tanınmış nümayəndəsini Vokienin siyasəti kursundan məsafə saxlamağa məcbur edib.
Fransanın BFM TV telekanalının sifarişi ilə Elabe şirkətinin üç gün bundan əvvəl keçirdiyi rəy sorğusunun nəticələri göstərib ki, respondentlərin 57 faizi Vokienin çıxışlarını “şokasalan, heyrətləndirici” kimi dəyərləndirib.
“Vokienin şərhlərini dinləyəndə əvvəlcə düşündüm ki, o, özünü tələbələrin qarşısında “ağıllı böyük qardaş” kimi göstərməyə çalışır, sonra dediklərindən peşman olduğunu söyləyəcək. Amma, bu, olmadı”. Bu sözləri biabırçı axşam tele-şousundan bir gün sonra “Reuters”-ə açıqlamasında ölkənin sabiq nəqliyyat naziri, keçmiş partiyadaşı Dominik Bussero deyib.
Oxuculara xatırladaq ki, Loran Vokie Fransada ən qatı ermənipərəst lobbiçilərdən sayılır. O, Qarabağdakı marionet rejimi açıq-aşkar dəstəkləmiş, dəfələrlə beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. İntəhası, indi, o, Bakının tarixin arxivinə göndərdiyi separatçı rejim kimi, ədalət mühakiməsinə cəlb olunacağı günü gözləməkdədir.
* * *
Ermənipərəst siyasilərdən daha birinin əskisi tüstülənməyə başlayıb. Bu, Norveçin Xarici işlər naziri Anniken Huitfeldtdir. Beş gün bundan əvvəl tutduğu postundan istefaya göndərilən xanım Huitfeldtin adı silah şirkətinin səhmlərinin qanunsuz satışı ilə bağlı qalmaqalda hallanır. Bununla bağlı Norveç Krallığının Baş naziri bildirib ki, səhmlərin alqı-satqısı ilə bağlı qaranlıq məsələlər onun vəzifəsindən istefa verməsini əsaslandırıb.
Bundan başqa Anniken Huitfeldt həyat yoldaşı Ola Petter Flemin “Kongsberg Gruppen” silah şirkətinin səhmlərini qanunsuz olaraq satdığını etiraf edib. Sabiq baş nazirin sözlərinə görə, onun ərinin investisiya fəaliyyətindən xəbəri olmayıb.
Qeyd edək ki, Anniken Huitfeldt də özünün ermənilərə “özəl rəğbəti” ilə tanınan siyasətçilərdən olub. O, keçən il İrəvana rəsmi səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdə ölkəmizə qarşı əsassız və məsuliyyətsiz ittihamlar səsləndirib. Həmçinin, Qarabağın erməni sakinlərinin 44 günlük Vətən müharibəsindən sonra “humanitar böhranla” üzləşdiyini, onların “hüquqlarının qorunmasının” vacibliyindən danışıb.
Leyboristlər Partiyasının 53 yaşlı funksioneri, 2021-ci ilin oktyabr ayından etibarən xarici işlər naziri postunda əyləşmiş Anniken Huitfeldt hökumət azlığının ən uğursuz kadrlarından hesab olunur. Xatırladaq ki, Huitfeldtdən əvvəl ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri, ermənipərəst Bob Menendez səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək istefa verməyə məcbur olub. Yəqin yaxın vaxtlarda korrupsiyaya bulaşmış, şübhəli və çirkli fəaliyyətləri ifşa olunacaq ermənipərəstlərin növbəti siyahısı ortayab çıxacaq.
Yeri gəlmişkən, ABŞ Konqresində Azərbaycana qarşı çıxışlar edən, müəyyən qərarların qəbul olunmasına çalışan ermənipərəst lobbiçilərə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vaxtında tutarlı cavab verib. O, Senatın Azərbaycana hərbi yardımını məhdudlaşdırmaq cəhdlərinin, əslində, ermənilərə lobbiçilik edən, ABŞ-ın dövlət maraqlarını deyil, korporativ maraqlarını güdən konqres nümayəndələri tərəfindən təşkil edildiyini bildirib. Prezidentin köməkçisi bu kimi hərəkətlərin Vaşinqton və onun müttəfiqlərinin bölgədə davamlı sülhü təmin etmək səylərinə zərər gətirə biləcəyini deyib.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Ermənilərə siyasi maraqlarına görə xidmət edənlər də tapılacaq. Artıq hiss olunur ki, həmin muzdlu lobbiçilərdən daha çox özünün siyasi karyerasından bərk narahat olan Fransa prezidenti Emmanuel Makrondur. O, həm Avropa Şurası Parlament Assambleyasında, eləcə də İspaniya, Niderland, Avstriya kimi əlinin çatdığı ölkələrdə Azərbaycana qarşı hansısa qətnamələrin qəbul olunmasına çalışır. Yəni, Bakını qınayan, nədəsə pisləyən qərarların verilməsi üçün uğursuz cəhdlər edir. Onlar Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunacağı xəyalları ilə yaşayırlar. İndi də Kanada belə bir təşşəbüslə çıxış etməyə hazırlaşır. Hamısı boş cəhdlərdir. Birincisi, bizim o ölkələrdən heç bir asılılığımız yoxdur. Yəni, heç kəsin əlinə baxan dövlət deyilik. Azərbaycanın nefti və qazı üçün növbədə duranlar var. Buna möhtac qalmış xeyli ölkənin adını çəkə bilərik. Həm də bu səbəbdən ermənipərəst qüvvələrin səylərinin heç bir nəticəsi olmayacaq.
Əgər onlar Azərbaycana psixoloji təsir göstərmək, informasiya savaşını davam etdirmək istəyirlərsə, bizim səbrimiz böyükdür. Son otuz ildə o insanların hər sifətini görmüşük, bütün təxribatlarını dəf etmişik. İndi də Azərbaycana təzyiq məsələsində acizlikliklərini görəcəklər.
Tofiq ABBASOV,
siyasi şərhçi
Adətən, görmüşük ki, sağlam və normal işlərə şəffaf ruhda olan insanlar, qruplar, qüvvələr qatılırlar. Belələri həmişə səmimi niyyətlə təşəbbüslər irəli sürürlər. Ermənilər separatizm, terrorizm, bəşəriyyətə zidd fəaliyyəti isə sağlam dəstəkdən məhrumdur. Onlar bu dəstəyi xaricdə özləri kimi fırıldaqçıların, siyasi dələduzların, qeyri-qanuni işlərə qurşanmış şübhəli personaların timsalında tapırlar. Belələrinin xidmətindən yararlanmağa çalışan hayların bu çürük dəstəyi qırılmaqdadır.
Vaxtilə Fransanın və Azərbaycanın bir çox şəhər, qəsəbələri qardaşlaşmışdı. Məhz erməni lobbisinin mənfi təsirləri nəticəsində rəsmi Paris həmin əlaqələri qırdı. Daha sonra gördük ki, Qarabağa ayaq açmış erməni əsilli separatçılar oradakı, guya, erməni yaşayış məntəqələri ilə Fransanın müvafiq əraziləri ilə qardaşlaşmasını “təşkil etdilər”. Bəs sonra nə oldu? Fransanın öz femidası o əlaqələrin legitimliyini şübhə altına aldı və həmin əməkdaşlığın dayandırılmasına qərar verdi.
Ermənilərin Fransadakı dəstəkçiləri artıq düz yerdə büdrəməyə, çapalamağa başlayıblar. Bu, ondan xəbər verir ki, tarixin “kölgə zolağında” olanlar qanunsuz işlərini qanuni məcraya salmağa çalışırlar. Daha alınmır. Atalar demişkən, yalan ayaq tutar, amma çox yeriyə bilməz. Ermənilərə xaricdə “züy tutanların” ifşası Azərbaycanın növbəti qələbəsi deməkdir.
İ.HƏSƏNQALA
XQ