Nikol və Əliş kişi

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Hazırda Ermənistan hakimiyyətinin beynəlxalq müstəvidəki əsas fəaliyyəti yeni reallıqlar yaratmağa istiqamətlənib. Sanki ölkə xarici aləmdə öz sözünü deyəndir, guya, ondan nə isə asılıdır. Baş nazir Nikol Paşinyan Cənubi Qafqazla bağlı təkliflər və təşəbbüslər irəli sürür, hansısa yeni planlardan danışır, onun komandasının üzvləri isə kimi görürlərsə, Nikolun haqqında söz açdığı məsələləri gündəmə gətirirlər. Bu barədə fikirləşəndə yada bir lətifə düşür. Qocalıb əldən düşən Əliş kişi, necə deyərlər, hap-gopundan qalmır. Qabağına çıxana sataşır, birinin başına güllə sıxmaqla, digərinin boğazını kəsməklə, başqa birinin qulağını kəsməklə... hədələyir. Bir dəfə də buna dözməyən həyat yoldaşı kişinin çəliyini gətirib qoltuğuna verib məsxərə ilə soruşur: Əliş, nə ilə? 

Yəni, həyat yoldaşı bu hərəkəti ilə çəlikdən başqa onun heç nəyi olmadı­ğını yadına salmaq istəyir. İndi Ermə­nistan hakimiyyəti də, təxminən, Əliş kişinin günündədir. Doğrudur, Paşin­yan və komandası daha hədələmir. Daha doğrusu, artıq hədələməkdən qorxur. Yaxın keçmişdə bir dəfə “Qara­bağ Ermənistandır və nöqtə” deyərək, zorbalıq elədikdən sonra zoğallamanın dəhşətli aqibətini görüb. İndi taktikanı dəyişib. Hazırda İrəvan yalvarmağa, yaltaqlanmağa, tülkülüyə keçib. Hətta dilənməyə də. Bir sözlə, Paşinyan tipik erməni hiyləgərliyindəki metodları var gücü ilə işə salıb. Ancaq el misalında deyildiyi kimi, “Dəvə başını samanlığa salır, elə bilir ki, heç harası görünmür”. Nikolun gedişləri çox piyadadır... 

Bəli, Azərbaycan və Ermənistan li­derlərinin Brüsseldə Avropa İttifaqı Şu­rasının prezidenti Şarl Mişelin vasitəçi­liyi ilə növbəti görüşünün keçirilməsinin gündəmdə olduğu bir vaxtda rəsmi İrəvandan qəribə mesajlar gəlməkdə­dir. Bu mesajlar barədə söz açmazdan əvvəl bildirək ki, növbəti Brüssel raun­dunun sülh yolunda mühüm addım ola biləcəyi vurğulanmaqdadır. Hər halda, belə bir gözlənti var. Ancaq Ermənis­tan hakimiyyətinin davranışları ehti­malın yüksəklik dərəcəsini aşağı salır. Məsələn, Paşinyan və komandası, demək olar, bütün beynəlxalq tribunlar­da anti-Azərbaycan fikirlər səsləndirir, ölkəmizi az qala işğalçılıqda günah­landırırlar. Qarabağ ermənilərinə qarşı etnik təmizləmə iddiası da aktuallığını saxlamaqdadır. 

Bütün bunların fonunda diqqət yeti­rib görək, Cənubi Qafqazda sülh dün­yaya nə üçün lazımdır? Əlbəttə, iqtisa­di maraqlar ön plandadır. Məlumdur ki, yaşadığımız coğrafiya bu baxımdan əl­verişlidir. Xüsusən də Rusiya–Ukrayna müharibəsinin getdiyi hazırkı şəraitdə Cənubi Qafqaz üzərindən beynəlxalq miqyaslı yükdaşımaların əhəmiyyətini yenidən vurğulamağa xüsusi ehtiyac yoxdur. Hamı hər şeyi çox gözəl bilir. Dünya, eyni zamanda, Azərbaycanın təkcə regionda deyil, ümumən, yeni qlobal reallıqlar şəraitində önəmini də anlayır. Mövcud xüsusda ölkəmizin irə­li sürdüyü Zəngəzur dəhlizi ideyasının da nə dərəcədə səmərəli olduğu bey­nəlxalq ictimaiyyətə yaxşı məlumdur. 

Ermənistan hakimiyyəti yeni ideya­sını məhz belə bir şəraitdə ortaya atır. Yeri gəlmişkən, əvvəl bu ideya “erməni kəsişməsi” adlandırılırdı. Yəni, erməni xisləti məsələni sırf öz adına çıxmaq istəyirdi. Təklif populyar olmadığına görə Nikolun komandası nədənsə, elə bildi ki, səbəb addadır. Beləliklə, ad dəyişikliyinə gedildi. Artıq “erməni kə­sişməsi” deyil, “dünya kəsişməsi” leksi­konuna baş vurulub. 

“Dünya kəsişməsi”nin mahiyyə­ti nədir? Qısaca izah edək ki, söhbət Fars körfəzindən daşınan yüklərin Er­mənistan vasitəsilə Qara dənizə çat­dırılmasından gedir. Aydındır ki, bu, Azərbaycanın Zəngəzur dəhlizi ide­yasına alternativ olaraq ortaya atılmış oyundur. Son dövrlər bu oyunu gün­dəmə gətirən Ermənistan hakimiyyəti­nin nümayəndələri bir müddət əvvələ­dək uzaq durduqları Türkiyəni ittiham ritorikasına yenidən baş vurmaqda­dırlar. Onlar müxtəlif platformalarda Bakı ilə bərabər, Ankaranın də İrəvanı təcrid durumunda, blokadada saxladı­ğını bildirirlər. Bunu Paşinyan Avropa Parlamentindəki çıxışında da dilə gə­tirdi. Yəni, Ermənistanda hesab edir­lər ki, artıq “erməni kəsişməsi”, yaxud “dünya kəsişməsi” reallaşıb və deməli, anti-Türkiyə xəttini də əvvəlki aktivlik məcrasına qaytarmaq lazımdır. 

Bəli, Nikol Paşinyan administrasiya­sı məhz qeyd etdiyimiz plan üzərində həm Türkiyəyə, həm də Azərbaycana qarşı çıxmaq yolu tutmaqdadır. Nəzərə alaq ki, onun komandasının digər üzv­ləri də mövcud istiqamətdə “səylər” göstərirlər. Məsələn, Qara Dəniz iqti­sadi Əməkdaşlıq Təşkilatının İqtisadiy­yat, ticarət və maliyyə məsələləri üzrə komitəsinin bu günlərdə İrəvanda keçi­rilmiş 61-ci iclasında çıxış etmiş Ermə­nistan parlamentinin vitse-spikeri Akob Arşakyan bildirmişdi ki, ölkəsi artıq otuz ildir Azərbaycan və Türkiyə tərəfindən blokadada saxlanılmaqdadır. 

***

Əlbəttə, İrəvanın anti-Azərbaycan xətti daha aktivdir. “Dünya kəsişməsi” ideyasını ortaya atan Ermənistan ha­kimiyyəti ölkənin ərazisinə Azərbaycan tərəfindən qəsbin törədildiyini bildirir. Demək istəyir ki, sözügedən ideyanın reallaşması yolunda əngəl var. Əlbət­tə, İrəvanın iddiası bununla məhdud­laşmır. Nikol və komandası Qarabağ erməniləri kartından fəal şəkildə yarar­lanmaq yolu da tutublar. 

Görünür, erməni iqtidarı hesab edir ki, Azərbaycanın Zəngəzur dəhlizi ide­yasına əks mövqe ortaya qoymaqla, bu ideyaya qarşı “dünya kəsişməsi” məntiqini ortaya atmaqla və onu bey­nəlxalq ictimai rəydə populyarlaşdır­maqla, Qarabağ avantürası “platfor­masında” mənəvi və siyasi üstünlük əldə edilməsi mümkündür. Elə buna görə də Azərbaycanla barışdan uzaq durulmaqdadır. 

Diqqət yetirək, ehtimal olunan Brüssel görüşü ərəfəsində Ermənistan hakimiyyəti Avropa Siyasi Birliyinin okt­yabrın 5-də Qranadada keçirilmiş Zirvə toplantısı çərçivəsində imzalanmış dör­dtərəfli sazişlərə fokuslanır. Məlum ol­duğu kimi, həmin sazişlərə baş nazir N.Paşinyanla yanaşı, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişel imza atmışlar. O da məlum­dur ki, Azərbaycanın sənədlərdə im­zası yoxdur. Deməli, prinsipcə, ölkəmiz onları danışıqlar gündəliyi baxımından aktual görməyə bilər. Paşinyan isə az qala, bütün tribunalarda bəyan edir ki, Azərbaycan həmin sazişləri qəbul etməlidir, əgər bu, baş verməsə, Bakı Cənubi Qafqazda sülhün yaranmasını istəməyən tərəfdir. 

***

Əlbəttə, yazımızda məqsəd heç də Ermənistanın Azərbaycanla sülhdən yayındığını, bunun üçün müxtəlif spe­kulyasiyalara baş vurduğunu diqqətə çatdırmaq deyil. Üzərində dayanmaq istədiyimiz məsələ İrəvanın yeni re­allıqlar yaratmaq istəyi və mövcud is­tiqamətdəki “canfəşanlığıdır”. Əvvəldə erməni xislətinə xas cəhətləri vurğula­dıq. Onlardan birindən söz açmağı va­cib sayırıq. Söhbət əvvəldə haqqında söz açdığımız dilənçilikdən gedir. İndiki durumda erməni məkrinin, hiyləgərliyi­nin son nöqtəsi dilənçiliyə əsaslanmaq­dadır. Çünki bütövlükdə dünya erməni­liyi qısırlıq dövrünü keçirir. Qısırlıqdan söz düşmüşkən, yadımıza Əliş kişi də düşür. Əliş kişinin dediklərini etməyə potensialının çatmadığı kimi, İrəvanın da boş danışıqdan başqa ortaya qoya­caq heç nəyi yoxdur. Təsəvvür edin ki, Paşinyan AP-dəki çıxışında Avropadan açıq şəkildə pul istədi. Doğrudur, maliy­yə vəsaitinin konkret təyinatı var– Qara­bağ ermənilərinin saxlanılması. Amma 2018-ci ildən, yəni Nikol hakimiyyətə gəldikdən sonra Ermənistanın xaricdən istədiyi, böyük ölçüdə, ancaq puldur. 

Əlbəttə, avropalılar sadəlövh de­yillər. Paşinyanın hiyləsinə uymazlar. Onlar hansısa ölkənin irəli sürdüyü təşəbbüsü gerçəkləşdirmək üçün nəyi müstəqil şəkildə təklif etməsinə baxır, soyuq dəyərləndirmələr aparırlar. On­ların boş sözlərə qarınları toxdur. Söz­də Ermənistana nədəsə dəstək ola bilərlər, bu, öz yerində. Əməldə tamam başqa məsələlər dövriyyəyə girir. Er­mənistan isə mövcud məqamı anlaya bilmir. Ona görə ortaya mənasız ideya­lar atır, öz aləmində Azərbaycana qarşı çıxmaq yolu tutur, nələrisə dəyişəcə­yinə ümid bəsləyir... Əliş kişinin həyat yoldaşı var idi və heç olmasa, özünün “Nə ilə Əliş?” sualını verib ərini çəkin­dirdi. Ermənistanın isə Fransa adlı bir “bacılığı” var. “Bu “bacılığ”ın da son zamanlar ayağı yaman sürüşkən olub. Onun “məsləhətlərinə” qulaq asmağın Ermənistanın olan-qalan abrını da əlin­dən alacağı şübhəsizdir. Əlbəttə, abır da obrazlı ifadədir. Ölkənin nəyi əldən verəcəyini düşünməyi dəyərli oxucula­rımızın öhdəsinə buraxırıq.

Siyasət