ABŞ-ın daha bir media qurumu Zəngəzur dəhlizi mövzusunda manipulyasiya edir
Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Qərbin əksər iri media qurumlarının qərəzi, böhtan və təxribatları ilə üz-üzə qaldığı hamının yaxşı yadındadır. BBC, “Reuters”, “Guardian” tərəfindən, guya, Suriyadan Azərbaycana muzdlu hərbçilərin gətirilməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılırdı. Əslində, bunun yaddaşlardan silinməsi mümkün də deyil. Həm də ona görə ki, həmin media qurumları Vətən müharibəsindən ötən dövrdə yaramaz əməllərini davam etdirərək, əvvəlkilərin yaddan çıxmasına imkan vermirlər.
Ordumuzun sentyabrın 19–20-də Qarabağın erməni separatçılarının nəzarətində olan hissəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri, suverenliyimizi bütün ölkə ərazisində bərqərar etməyimiz, qondarma “dqr”in ləğvi, reinteqrasiya planını qəbul etməyən erməni əhalinin öz xoşu ilə Ermənistana köç etməsi, nəhayət, Xankəndidə və separatçıların nəzarətində olan digər ərazilərdə Dövlət Bayrağımızın ucaldılması Qərbin ermənipərəst mediasının Azərbaycana qarşı, necə deyərlər, ikinci cəbhə açmasına səbəb olub. Özünə müstəqil deyən Qərb mediası Azərbaycana qarşı təbliğatda alətə çevrilib. Onlar son proseslərlə bağlı birtərəfli və qərəzli məlumatlar yayaraq auditoriyanı məqsədli şəkildə yanlış istiqamətə yönəldirlər.
Qarayaxma kampaniyasının başında müharibə dövründə olduğu kimi, yenə də Fransa mediası dayanır. “Le Figaro”, “Le Monde”, “Liberation”, “Le Parisien” qəzetləri, “Frans-Press” agentliyi, “TF1” və “France 2” televiziya kanalları öz amplualarındadır. Bu, əməkdaşlarının (“Le Monde”nin əməkdaşları Şarl Rafael və Alan Kaval nəzərdə tutulur – S.H.) yaralanmasına görə şou düzəldən həmin fransız mediasıdır. Halbuki, həmin jurnalistlər Ermənistan tərəfdən keçməklə qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazisinə gəlmişdilər. Odur ki, onların yaralanmasının məsuliyyətini də Ermənistan və aid olduqları qəzetin redaksiyası daşıyırdı. Ancaq fransızlar məlum hadisədən öz maraqları üçün yararlanmağa çalışdılar.
Qeyd etdiyimiz kimi, Azərbaycanın Vətən müharibəsindən sonra yeni-yeni qələbələr, uğurlar əldə etməsi Qərb mediasında böhtanların, qərəzin və qarayaxmanın dərəcəsinin də artmasına səbəb olub. Məsələyə Prezident İlham Əliyev də münasibət bildirib. Oktyabrın 11-də MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışında dövlətimizin başçısı deyib: “Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan, təxminən, bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər”.
Prezident İlham Əliyev qeyd edib ki, burada əsas “skripkanı çalan” Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi (gözdən, nüfuzdan salınması – S.H.) cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuz illik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur: “Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli raketlərlə, o cümlədən ballistik raketlərlə atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir”.
Dövlətimizin başçısı “indi bu insanlarla necə danışmaq, onlara nəyi izah etmək olar?”, – deyə sual verib. Əlavə edib ki, onlar heç nə eşitmək istəmirlər: “Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur. Lakin bununla belə, biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, baş verənlər barədə həqiqətləri çatdırırıq və bundan sonra da çatdıracağıq”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində xarici media orqanlarına verdiyi müsahibələr ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından müstəsna əhəmiyyətə malik idi. Məhz həmin müsahibələr informasiya müharibəsində, necə deyərlər, cəbhənin yarılmasında mühüm rol oynayıb.
***
Azərbaycana yönələn ittihamlardan biri də ölkəmizin, guya, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinə hücum edəcəyi ilə bağlıdır. ABŞ-ın “Politico National Security Daily” qəzetinin “Azərbaycan yaxın həftələrdə Ermənistana hərbi müdaxilə edə bilər” sərlövhəli məqaləsinin ardınca bu ölkənin daha bir nüfuzlu media qurumu oxşar məzmunda yazı dərc edib. Söhbət “Vaşinqton Post” qəzetində dərc olunmuş “Azərbaycan Qarabağdan sonra Ermənistanın strateji zolağına göz dikib” sərlövhəli məqalədən gedir. Qəzetin əməkdaşı Françeska Ebel Zəngəzur dəhlizi üzərində dəmir yolu stansiyası olan Mehridə (Meğri) olaraq buradan reportaj hazırlayıb. Bildirilir ki, Mehri strateji yolayrıcındadır. Azərbaycan, İran, Türkiyə və Rusiya da daxil olmaqla regional güclərin bura giriş üçün yarışması Mehrinin tezliklə özünü yeni müharibənin mərkəzində tapa biləcəyi qorxusunu artırır. Qeyd edilir ki, Azərbaycan Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Mehri və digər rayonlarını Zəngəzur dəhlizi adlandırır. Qarabağ məsələsinin həllindən sonra dəhlizin açılması Azərbaycanın diqqət mərkəzində olan əsas məsələdir. Yazıda Zəngəzur dəhlizinin Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək uzun, son dərəcə sərfəli Şərq–Qərb marşrutunun və ya Orta Dəhlizin sonuncu halqası olduğu bildirilir.
Alman Xarici Əlaqələr Şurasının Cənubi Qafqaz üzrə eksperti Stefan Meister deyib: “Mən hesab edirəm ki, zorakılıq təhlükəsi çox realdır. Azərbaycanlılar Zəngəzuru götürmək istəsələr, götürəcəklər”.
Karnegi Fondunun baş tədqiqatçısı Tomas de Vaal isə bildirib ki, Şərq-Qərb marşrutu ilə bağlı iki rəqabətli baxış var: “Qərb Ermənistanı dəstəkləyir, Azərbaycan, Rusiya və Türkiyə isə birlikdə hərəkət edir. Çox güman ki, Bakı və Moskva Ermənistan hökumətinə hər cür təzyiq göstərərək, ona öz planlarını qəbul etdirəcəklər”.
Bununla belə, qəzet dəhlizin açılmasının Ermənistana verəcəyi faydalardan da bəhs edib: “Mehri stansiyasının bağlanmasına səbəb Azərbaycanla Ermənistan arasında müharibə olub. Ən yaxşı sovet illərində stansiyada 70 işçi işləyirdi. Erməni və azərbaycanlı sakinlər yan-yana yaşayırdılar”.
Qapıları 30 ildir bağlı qalan stansiyanın direktor müavini Arman Davtyan onun yenidən açılmasını istədiyini deyib: “Bir dəmiryolçu kimi səmimi fikrim odur ki, bu, Azərbaycanın maraqlarından daha çox Ermənistanın maraqlarına uyğundur. Dəmir yolunun işə düşməsi iqtisadiyyatımız üçün çox əhəmiyyətli olacaq. Siyasət tranziti əngəlləməməlidir”.
Mehri şəhərinin meri Baqrat Zakaryan bildirib ki, yerli hakimiyyət köhnə dəmir yolunu yenidən işə salmağa hazır olacaq: “Biz bunun zərurətini başa düşürük və bu, bizim üçün də faydalıdır. Biz bütün dünyaya qarşı çıxa bilmərik. Əgər biz güzəştə getməsək, insanlar bizdən üz döndərəcəklər”. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistanın müəyyən təminatlara ehtiyacı var.
“Vaşinqton Post” yazıda Azərbaycanın mövqeyinə bir neçə cümlə yer ayırıb. “Lakin Azərbaycan bu qorxuların əsassız olduğunu təkid edir. Ölkənin Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın hərbi əməliyyatlarından qorxanların “paranoyak yuxu dünyasında” yaşadığını bildirib. O, Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədlərinin olmadığını deyib”, – qəzetin məqaləsində bildirilib.
Məqalədə Azərbaycanın mövqeyinə cəmi bir neçə cümlə yer ayrılması və xüsusilə sərlövhəyə ölkəmizin Ermənistan ərazisinə göz dikdiyi fikrinin çıxarılması təəssüf doğurur. Azərbaycan dəfələrlə Ermənistanın suveren əraziləri ilə bağlı hər hansı planının olmadığını bəyan edib. Sonuncu dəfə oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuliyə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev bu mövzuda deyib: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.
Aydın QULİYEV,
“Bakı-Xəbər” qəzetinin baş redaktoru
– Azərbaycana qarşı hazırda beynəlxalq müstəvidə aparılan misli görünməmiş informasiya müharibəsi hüquqi müstəvidə, diplomatik və siyasi arenalarda ölkəmizin hədəf seçilməsi siyasətinin, demək olar ki, davamıdır. Əgər müxtəlif beynəlxalq təşkilatlarda, eləcə də ayrı-ayrı Avropa ölkələrinin parlamentlərində qərəzli müzakirə aparılaraq sonda reallığa söykənməyən qərarlar qəbul olunursa, bunun davamı mütləq şəkildə informasiya savaşı meydanında özünü göstərməlidir. Bu mənada, Qərbin müxtəlif media orqanlarında Azərbaycana qarşı hücumların güclənməsi müəyyən qədər təbii haldır.
Eyni zamanda, informasiya müharibəsi heç də səbəbsiz deyil. Bunun belə deyək, ciddi əsasları var. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsi, bunu öz gücü hesabına həyata keçirməsi bəzi ölkələrin xoşuna gəlməyib. Azərbaycanın bölgədə yeni reallıqlar yaratması Ermənistanı və onun müttəfiqlərini bərk narahat edib. Bu gün ölkəmizə qarşı aparılan informasiya müharibəsində ortaya o qədər ağlasığmaz, fantastik tezislər atılır ki, onları təmkinlə təhlil etmək mümkünsüzdür. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır. Özünün təhlükəsizliyini və milli mənafelərini həyata keçirmək siyasəti real əsaslara söykənir. Azərbaycana edilən hücumlar əsasən ölkəmizin uğurları ilə bağlıdır. Həmçinin, bütün təzyiqlərə baxmayaraq, öz mənafeyini inamla həyata keçirməsinin nəticəsidir.
Səxavət HƏMİD
XQ