HƏMAS–İsrail savaşı: gərginlik günbəgün artır

post-img

Co Baydenin bölgəyə gəlişi vəziyyətə necə təsir göstərəcək? 

Bu gün bütün dünyanın diqqəti Qəzza zolağına yönəlib. Buranın isə əsl cəhənnəmə çevrildiyi göz önündədir. Fakt budur ki, Qəzza mühasirədədir və bombardmanlar davam edir. 

Ölən və yaralananların sayı artıq günbəgün deyil, saatbasat artır.

Dünən axşam TRT müxbiri hadisə ye­rindən xəbər verib ki, indi Qəzzanın dar küçələrində ən çox təcili tibbi yardım ma­şınları gözə çarpır. Onların biri şəhərin müxtəlif məhələlərinə daxil olursa, digəri buradakı yaralıları götürüb çıxır. Yəni hə­kimlərin işi həddindən artıq çox və ağırdır. 

Xəstəxanalar isə ağzına kimi doludur. Məlumdur ki, Qəzza sakinlərinə suyun, işığın və təbii qazın verilməsi tamamilə da­yandırlııb. Bir sözlə, buradakı əhali hazırda faktiki olaraq humanitar fəlakət yaşayır. 

İsrailin “Kanal 12” telekanalı ölkə silahlı qüvvələrinin oktyabrın 17-nə keçən gecə Qəzza zolağında onlarla hədəfi vurduğu­nu, müşahidə məntəqələrini, komanda mərkəzlərini və raket-buraxılış qurğularını məhv etdiyini iddia edib. 

“Reuters” xəbər agentliyinin fələstin­lilərə istinadən verdiyi məlumata görə, keçən gecə həyata keçirilən hava zərbələri Yaxın Şərqdə hərbi əməliyyatların başlan­masından bəri ən güclü hücumlar olub. İsrail Müdafiə Qüvvələri bu barədə görün­tüləri yayımlayıb.

İsrail hərbçiləri oktyabrın 16-da Qəzza zolağındakı təxminən 250 hərbi obyektə zərbələr endirdiyini bildirib. Hədəflər HƏ­MAS və “İslami Cihad”ın hərbi qərargahla­rı, müşahidə məntəqələri və bir neçə raket buraxılış məntəqəsi olub. Məlumatda o da bildirilib ki, əməliyyat zamanı HƏMAS-ın cənub milli təhlükəsizlik bölgəsinin koman­diri Mataz Eyd öldürülüb. 

Vəziyyətin gərginləşməsi fonunda İsra­il ordusu “Hizbullah”ın Livanla sərhəddəki hədəflərinə də aviazərbələr endirib. Rəsmi məlumatlara görə, dünən bir neçə yerdə İsrail hərbçiləri ilə qruplaşmanın yaraqlıları arasında atışma olub.

Atışma zamanı BMT sülhməramlılarının qərargahına da zərər dəyib. İlkin məlumat­lara görə, xəsarət alan olmasa da, mər­minin hansı tərəfdən atıldığı məlum deyil. Yəni, aləm bir-birinə qarışıb. 

Dünən axşam saatlarında qlobal medi­ada yayılan xəbərlərə görə, HƏMAS-İsrail müharibəsi başlanan gündən son ana qə­dər azı 2800 fələstinli həlak olub, 11 minə yaxın sakin isə yaralanıb. HƏMAS-ın əmə­liyyatları nəticəsində ölən İsrail vətəndaşla­rının sayı isə artıq 1400 nəfərə çatıb. 

Bu gün regionda hamı ABŞ Prezidenti Co Baydenin İsrailə bu gün başlanan səfə­rindən danışır. ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Baydenin səfəri İsrail, re­gion və bütün dünya üçün kritik məqama təsadüf edir.

Blinken həmçinin bildirib ki, ABŞ İsrail­dən Qəzzaya humanitar yardımın buraxıl­masına dair zəmanət alıb, lakin yardımın nə vaxt və necə çatdırılacağı barədə ətraflı məlumat verməyib.

Bir çoxları bu səfərə böyük ümidlər bəs­ləyir, digərləri isə silahlı qarşıdurmanın da­vam edəcəyini, el dilində desək, bu xəmirin hələ çox su aparacağını düşünürlər. 

Dünən İran indiyəqədərki ən sərt xəbər­darlıq edib. Bildirilib ki, yaxın saatlarda İsra­ilə qarşı “qabaqlayıcı tədbirlər” görülə bilər. 

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, İsrailin Qəzzada “fələstinlilərə qarşı hərbi cinayətləri” dayan­masa, “müqavimət cəbhəsi” yaxın saatlar­da “qabaqlayıcı addım” həyata keçirə bilər.

BBC müxbiri yazır ki, ötən həftə Hiz­bullah və İsrail hərbçiləri Livan-İsrail sər­hədi boyunca atışıblar və bu, müharibənin başqa bir cəbhəyə keçə biləcəyi ilə bağlı qorxuları artırıb.

Misir və Fələstinin Qəzza bölgəsi ara­sındakı “Rəfah” keçidinin yenidən açılması ehtimalı ilə bağlı diplomatik danışıqlar hələ də davam edir. Amma hələlik heç bir konk­ret müsbət addım atılmayıb. 

Bu arada Misir və İordaniya rəsmiləri fələstinli qaçqınları qəbul etməyəcəklərini bildiriblər. İordaniya kralı vurğulayıb ki, mü­naqişəyə cəlb olunan tərəflər öz yüklərini başqalarının üzərlərinə atmamalıdırlar. 

ABŞ-ın yüksək vəzifəli generalı Martin Griffitz elan olunmamış səfərlə İsraildədir. O, Yaxın Şərqdəki ABŞ qüvvələrinə nəzarət edir.

İsrail ordusu son 10 gündə yarım milyo­na yaxın israillinin təxliyə edildiyini bildirib. BMT rəsmisi deyib ki, evlərini tərk edən bir milyona yaxın fələstinli təcili qida, su və ya­nacağa ehtiyac duyur.

Rusiyanın İsrail və Qəzza ilə bağlı hu­manitar qətnamə layihəsi BMT Təhlükəsiz­lik Şurasından keçməyib, ABŞ və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətləri sənədin əleyhinə səs veriblər.

Prezident Bayden İsrailə yola düşməz­dən əvvəl bildirib ki, HƏMAS hərəkatı məhv edilməlidir: “Bəli, mən belə hesab edirəm. Amma Fələstin administrasiyası olmalıdır. Fələstin dövlətinə gedən yol olmalıdır”.

ABŞ prezidenti həmçinin xəbərdarlıq edib ki, “Hizbullah” və HƏMAS-ın məhv edilməsi zəruri olsa da, İsrailin Qəzzanı iş­ğal etməsi səhv olardı.

Bayden İsrailin ABŞ ordusunun yar­dımına ehtiyacı olduğunu düşünmədiyini deyib. Prezidentin sözlərinə görə, hazırda İsrail ordusu dünyanın ən güclü orduların­dan biridir, lakin İsrailin şimal sərhədində Livanla artan toqquşmalar fonunda ABŞ-ın hərbi gəmiləri bölgəyə göndərilib. 

Baydenin Yaxın Şərqə səfəri bölgəyə sülh gətirə bilərmi? Bu suala birmənalı ca­vab vermək çətindir. Hadisələrin bundan sonra hansı məcrada davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. 

Regiondakı bir sıra dövlətlər, eləcə də Türkiyə tərəflərin eskalasiyadan əl çəkərək sülh danışıqlarına başlamarını təklif və tələb edirlər. Yəqin ki, indiki məqamda ən düzgün variant atəşkəsin elan olunması olardı.

M.HACIXANLI
XQ



Siyasət