Qara çadralı casusun “ağ yalanı”

post-img

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi və 24 saatdan az müddətdə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində özünün 30 ildən bəri pozulmuş ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra dost ölkələri sevindirdiyi kimi, düşmənləri, o cümlədən Fransanı kədərləndirdi. Eyni zamanda, ermənipərəst siyasətçilər, jurnalistlər, blogerlər də bu qələbələrimizdən yasa batdılar. 

Bu gün Ermənistanın ayrı-ayrı sayt­larında belə blogerlərin təxribatçı, şan­taj xarakterli çıxışları yayılmaqdadır. Elə Ermənistanın “News.am” saytında tez-tez yalan statusları yayılan ABŞ-li jurnalist Lindsi Snell kimi. Budur, xanım Snell X sosial şəbəkəsində yazır ki, ok­tyabrın 13-də İsraildən silah yüklənmiş növbəti təyyarə Azərbaycana enib: “Bu silahlar Ermənistana hücum üçün nəzərdə tutulub”. 

İlk cümlədəncə “xoruzun quyruğu” görünür. Birincisi, silahların göndəril­məsi ilə bağlı məxfi informasiyalar xa­nım Lindsinin əlinə belə asanlıqla keçə bilməz. Dünyada hər gün nə qədər si­lah-sursat satışı həyata keçirilir, amma bunlar dövlətlər tərəfindən məxfi saxla­nılır. İkincisi də, xanım Lindsi lap təy­yarənin yanında dayanıb o silahların yükləndiyini görsə də, onların Azərbay­canda yerə endiyini bilməsi mümkün deyil. Odur ki, bu yalan məlumatın ona erməni dostları tərəfindən göndərildiyi şübhə doğurmur. 

Daha sonra o yazır: “Amerikalı ver­gi ödəyiciləri İsrailə silah göndərir ki, Qəzzaya hücum etsin. Öz ərazisində müharibə getdiyinə baxmayaraq, İsrail özünün müqavilə öhdəliklərini yerinə yetirir”. 

Bax, bu sətirlərdə xanım yazarın niyyəti tam aydın olur: ABŞ İsrailə silah göndərir ki, Qəzzaya hücum edilsin. Amma İsrail Azərbaycana silah gön­dərir. Belə çıxır ki, xanım Lindsinin fik­rincə, Qəzzaya hücum normal, amma Ermənistana hücum qeyri-normaldır. Niyə? Bəs bu xanım üçün haqq-ədalət adlı bir ölçü yoxdurmu? Yəni, Ermənis­tan 30 il ərzində Azərbaycana hücum edib onun ərazisinin 20 faizini işğal edə, əhalisinə qarşı etnik təmizləmə, soyqırımı həyata keçirə bilər, amma Azərbaycan kimdənsə silah alıb Ermə­nistanı özünün tarixi torpaqlarından qo­vub çıxara, haqqı, ədaləti, beynəlxalq hüququ bərpa edə bilməz. Maraqlıdır, niyə? Budur ikili standartların real nü­munəsi!

Lindsi Snell həmin saytda verilmiş başqa bir statusunda bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfin­dən gördüyü “qəddarlıq və zorakılığı” heç vaxt görməyib: “Mən Suriyada olu­ram. İraqda, Liviyada, Fələstində, Uk­raynada ... reportajlar hazırlamışam. Amma Azərbaycandakı qəddarlığı heç yerdə görməmişəm”. 

Görünür, erməni dostları ona da ABŞ prezidentliyinə uğursuz namizə­də göndərdikləri Gəncəyə, Tərtərə və digər Azərbaycan ərazilərinə Ermənis­tanın hücumları əks olunmuş videoları təqdim ediblər. Bu barədə Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqan­ları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən danışıb: “Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezi­dentliyinə namizəd Azərbaycana qar­şı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kad­rları nümayiş etdirir. Belə saxtakarlı­ğa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Er­mənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhər­lərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sö­zügedən həmin namizəd Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uy­ğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibə­si ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdır­mağa çalışırıq və çatdırırıq”.

Tamamilə aydındır ki, xanım Lindsi də “mərkəzdən verilən təlimata uyğun” hərəkət edir. Onun Qarabağ ermənilə­rinin Ermənistana könüllü getməsi ilə bağlı bir azca da olsa məlumatı olsay­dı, yaxud bununla bağlı videokadrlara baxmış olsaydı, heç zaman belə bir status yayıb özünü bədnam etməzdi. Onun bu statusu isə bütünlüklə biabır­çılıq, Prezidenin sözü ilə desək, sima­sızlıqdır. İndi bu xanıma nə deyəsən, nə başa salasan?! Əmrini “mərkəz­dən”, çox ehtimal ki, erməni lobbilərin­dən almış bu yazara nəyisə başa sal­mağın faydası olacaqmı?!..

Bir qədər də xanım Lindsi Snel­lin şəxsiyyəti haqqında. İnternetdə axtarış verən kimi, bu xanımın bu ilin avqustunda Suriyadan Türkiyəyə keçərkən hərbi zona qaydalarını poz­maqda, Türkiyə ərazisinə qanunsuz, casus kimi daxil olmaqda ittiham edilərək həbs olunduğu üzə çıxır. Bununla bağlı böyük hay-küy qalxıb, məsələyə Dövlət Departamentinin rəsmisi Con Kirbi münasibət bildirib. Əsasən ara qarışdırmaqla məşğul olan bu xanım hətta sosial şəbəkələr­də paylaşdığı fotolarda müsəlman olduğunu bildirib. O, Türkiyəyə keçərkən Suriyadakı ABŞ hərbi təy­yarələri tərəfindən axtarılıb, lakin ta­pılmayıb. Sonra Türkiyə mətbuatı, o cümlədən “Hüriyyət” onun, sadəcə, bir casus olduğu barədə yazıb. Bu fakt da sübut edir ki, ondan yalnız təxribatçı yazılar gözləmək olar. Başqa heç nə. Digər tərəfdən, onun Ermənistanın məğlubiyyətdən sonra yeni başladığı informasiya müharibəsinə cəlb olun­duğu da istisna deyil. 

Sonda Azərbaycan Prezidentinin söylədiyi bir həqiqəti xatırlatmağı vacib hesab edirik. Bəlkə gələcəkdə bu həd­yan yazanlardan kimsə haqqı, həqiqəti dərk etdi. Prezident İlham Əliyev deyib: “Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bü­tün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididir­lər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan, təxminən, bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar nor­malara əməl olunub. Bununla belə, Qərbdəki erməni havadarları Azərbay­cana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatların­da, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbay­cana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampani­yasında özünü büruzə verir. Azərbay­can işğalçı kimi təqdim edilir, Ermənis­tan isə qurban kimi qələmə verilir”.

Paşa ƏMİRCANOV
XQ

Siyasət