Tomas de Vallın da “quyruğu” göründü

post-img

Qarabağdan kitab yazan ingilis ekspert Bakıya erməni ilə necə davranmaq “yol”u göstərir 

“Azərbaycan Prezidenti İlham Əliyevin “işğal edilmiş Stepanakertdəki” (?) çıxışı Ermənistan üçün yaxşı heç nə vəd eləmir”. Karneqi Avropa Mərkəzinin eksperti, Qafqaz məsələləri üzrə mütəxəssis, Qarabağ münaqişəsindən bəhs edən “Qara Bağ” kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vall özünün X bloqunda yazdığı şərhi “news.am” saytı böyük səxavətlə dərc edib. Baş vermiş hadisəyə və real siyasi situasiyaya aşkar ermənipərəst mövqedən yanaşan ingilis jurnalist dövlət başçımızın çıxışında yalnız keçmişdəki umu-küsüləri yada saldığını, gələcək və barışıq barədə heç nə demədiyini yazır. 

O, öz ağlı və məntiqi ilə cənab Preziden­tin Xankəndinin boşalmış meydan və küçələ­rində tək gəzməsini “Azərbaycan xalqına “ermənisiz Qarabağ” ismarıcını ötürməsinə çox bənzədiyi” versiyasını irəli sürür. Pre­zidentin çıxışında işlətdiyi “Azərbaycanın bütün sakinləri Allaha şükür edirlər” cümlə­sindəki “sakinlər” sözünə üç həftə əvvəl Qa­rabağı könüllü tərk etmiş ermənilərin daxil olmadığını və geri qayıtmaları üçün onlara heç bir çağırışın edilmədiyini” az qala “dü­şünülmüş siyasi gediş” kimi interpretasiya etməyə çalışır. 

De Vallın xəstə qənaətinə görə, “İlham Əliyev sanki ermənilərin bölgədə dominant­lıq etdiyi 17 il ərzində (dövlət başçımızın Vətən müharibəsinə qədərki prezidentlik dövrü nəzərdə tutulur - red) yaşadıqları aşağı­lamaya görə hələ də onlarla haqq-hesab çək­mək istəyir”. Bu fərziyənin ardınca “Qafqaz məsələləri üzrə ekspert “indi Azərbaycan həbsxanalarında çay içə-içə məhkəmənin hökmünü gözləyən Qarabağ ermənilərinin ələ salındığını” bəyan edir.

Nəhayət, ingilis yazarın paylaşımın­dakı bu tezis onun əsas məqsədinin nədən ibarət olduğunu üzə çıxarır: “Bu çıxışda Qərb ölkələrinin çağırış etdiyi məsələlərdən əsər-əlamət yoxdur. İlham Əliyev gərək Er­mənistana və Nikol Paşinyana məğlub olmuş düşmən kimi deyil, tərəfdaş kimi münasibət göstərməlidir”.

Azərbaycan rəhbərliyi son üç ildə İrəva­nı qonşuluq münasibətlərini bərpa etməyə, kommunikasiyaları açaraq iqtisadi-ticari əməkdaşlığa, hətta transmilli layihələrdə işti­raka dəvət edib-etməyib? Dəfələrlə edib! Bəs Qarabağ ermənilərini vətəndaşlığımızı qəbul edərək, ölkəmizin bərabərhüquqlu vətəndaş­ları kimi bütün imtiyazlardan yararlanmaqla qalıb yaşamağa çağırıb-çağırmayıb? Dəfələr­lə çağırıb! Paşinyanın və Ermənistanın ondan əvvəlki separatçı rəhbərlərinin danışıqlarda rəsmi Bakının elçiləri ilə necə davrandıqla­rından da ingilis “ekspertin” xəbəri olmamış deyil. Bunu çoxlarından yaxşı bilən və Ba­kıya ermənilərlə necə davranmağın “yolunu” göstərməyə cürət edən De Vallın təhrif, yalan və böhtan dolu şərhə imza atmasının səbə­bi bizim üçün aydındır. Onun və onun kimi “müstəqil ekspertlərin quyruqlarının” nəyin əvəzində məlum lobbistlər və diaspor təşki­latları tərəfindən “yonulduğu” da heç kəsə sirr deyil. 

* * * 

Hələ altı il bundan əvvəl həmin Tomas de Vall bölgədəki durumla bağlı qələmə aldığı məqaləsində müharibə başlayacağı təqdirdə ermənilərin Azərbaycan ərazisinə “İsgəndər” raketləri ata biləcəkləri barədə belə yazırdı: “Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə, İrəvan Azərbayca­nı çəkindirmək üçün önləyici zərbə endirə bilər”. Amma Qarabağı yaxşı tanıyan de Vall, nədənsə, 44 günlük müharibədə erməni van­dalların cəbhə xəttindən uzaqdakı dinc Gən­cəyə və Bərdəyə raket atmalarına, bu zaman çoxlu sayda qoca, qadın və azyaşlının həlak olmasına reaksiya verməmişdi.

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyanla müsahibəsində ona dediklərini Tomas de Vallın yadına salmağı­mız yerinə düşür: “Xocalıya qədər azərbay­canlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındıra bildik...”.

Təxminən on il əvvəl “Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var”, – ya­zan britaniyalı jurnalist, yəqin ki, Zori Ba­layanın Xocalı soyqırımı ilə bağlı qeydləri ilə də tanışdır. Əgər unudubsa, xatırladırıq: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağı­nı pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bi­lirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

* * * 

Son günlər rəsmi İrəvanın və onu dəstək­ləyən qüvvələrin tam gücü ilə işə saldıqları təbliğat maşını Azərbaycanın, guya, Ermə­nistanın cənubuna hərbi təcavüz edəcəyi barədə feyk-xəbərləri tirajlamaqla məşğul­dur. Onların məqsəd və niyyətləri bəllidir: beynəlxalq ictimaiyyətin gözündə Azərbay­canın “təcavüzkar, işğalçı” obrazını yaratmaq və “sabitliyi təmin etrməkdən ötrü” bölgəyə Qərbin mülki və hərbi missiyalarını cəlb et­mək. Ermənistan və onun havadarları məhz bu yolla yeni siyasi şou yaratmaq niyyətin­dədirlər.

“Əslində, İlham Əliyev Xankəndidə bay­raq qaldırmaqla yeni oyun qurmaq istəyən tərəfləri qabaqlamış oldu”. Bu fikrin müəl­lifi, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmək istəmirlər: “Onlar növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər: Ermənistana gedən ermə­nilərin yenidən geri qaytarılması. Bu məsələ­də Rusiyanın öz, Qərbin öz maraqları var. Amma hər iki tərəf siyasi oyunu eyni alətdən yararlanmaq üzərində qurur. Yəni, bölgəyə daha çox erməninin qayıtması Moskva üçün burada sülhməramlı kontingentə ehtiyacın olması deməkdir. Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə “beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir. Fransa “Er­mənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa, bununla bağlı qətnamənin qəbul edilməsinə hazırlaşır. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonna da açıq şəkildə bildirdi ki, “ermənilərin qayıda bilməsi üçün daimi beynəlxalq iştirak lazımdır və Fransanın əsas məqsədi də budur”.

A.Nərimanlı qarşıdakı dövrdə ermənilə­rin Qarabağa qayıtması məsələsi üzərindən Azərbaycana qarşı kampaniyanın genişlənə­cəyini istisna etmir: “Amma bu planların perspektivi yoxdur. Birincisi, işğal dövründə yaşadıqları ərazilərdə Azərbaycan Bayrağı­nın dalğalanmasını görən ermənilərin bö­yük əksəriyyəti geri qayıtmaq istəməyəcək. İkincisi, çox az hissəsi geri qayıtmaq istəsə də onlar Azərbaycan Bayrağı altında bizim vətəndaşımız olaraq yaşamalı olacaqlar. Bu isə erməni sakinləri vasitəsilə separatizm planlarının beynəlxalq hüquq və yerli qanun­vericilik çərçivəsində qarşısını almağa imkan verəcək”. 

* * * 

Azərbaycanın heç vaxt özgəsinin torpa­ğında gözü olmayıb. Biz öz halalımız olan tarixi yurdumuza sahib çıxmışıq. Daim haqqı və ədaləti prioritet kimi qəbul edən suveren dövlətimizə “təcavüzkar”, “işğalçı” kimi ya­maqlar qətiyyən yapışmaz. ABŞ Senatının ermənipərəst üzvlərinin Azərbaycanın Er­mənistana (onlar Zəngəzuru nəzərdə tuturlar –red.) hərbi təcavüzə hazırlaşdığı ilə bağlı yalan və böhtan dolu açıqlamalarına cavabı Azərbaycan Prezidenti İlham Əliyev dünən “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə verdi: “Zəngə­zura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar. Mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdaca­ğıq”.

Cənab Prezidentin bu ismarıcını daş­nak-revanşist haylara “züy tutmaqda” davam edən xarici güclər, mərkəzlər, konqresmenlər də eşitdilər. Eşitmək azdır, eyni zamanda qu­laqlarında sırğa etsinlər ki, bundan sonra heç nəyə nail ola bilməyəcəklər.

Biz sadəcə doğma yurdumuzu yadellilə­rin işğalından qurtarmamışıq, eyni zaman­da, erməni separatizmi və faşizmi, eləcə də hayları müdafiə edənlərin üzərində diploma­tik qələbə çalmışıq. Biz həmin qələbəmizlə həm də xaricdəki ermənipərəst dairələrin ölkəmizə qarşı mümkün təzyiq cəhdlərinin, Cənubi Qafqazda suyu bulandırmaq ssena­rilərinin qarşısını almışıq. 

İmran BƏDİRXANLI
XQ



Siyasət