Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülhə və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.
Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə, həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.
Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.
Azərbaycanın hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.