Qız evində toydur, oğlan evinin xəbəri yoxdu

post-img

Brüssel raundu baş tutmaya bilər

Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkənin İctimai televiziyasına müsahibəsində oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadadakı Zirvə toplantısı çərçivəsində özünün, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin imzası ilə təsdiqlənmiş sənədləri ehkamlaşdıranda şübhələnmişdik. Məlum olduğu kimi, erməni iqtidarı həmin sənədləri az qala böyük uğur, Azərbaycan üzərində diplomatik qələbə kimi qiymətləndirmişdi. Halbuki, belə düşünməyə heç bir əsas yoxdur. Ən azı, ona görə ki, həmin sənədlərə Azərbaycan tərəfi imza atmayıb. Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. 

Bəli, sonrakı müddətdə də məlum oldu ki, Azərbaycan üçün Qranadada baş verənlər az önəmlidir. Ölkəmiz sözügedən sənədləri əhəmiyyətsiz saydı­ğını açıq şəkildə bildirməsə də, ümumən nümayiş etdirdiyi mövqe onu deməyə əsas verdi ki, Bakı özünün iştirakı olmadan imzalan­mış hansısa sənəddən irəli gələn məsələlərə ciddi yanaşmayacaq. Yəqin, elə məhz buna görə də Aİ Şurasının prezidenti Ş.Mişel Qranada sammiti bitər-bitməz, tələm-tələsik Azərbaycan və Er­mənistan liderlərini Brüsselə ça­ğırmaq qərarına gəldi. Görünür, imzaladığı müştərək sənədlərin mənasız kağız parçası olduğunu ən tez dərk edən odur. 

Amma Ermənistan Qranada eyforiyasından ayılmaq bilmir və oktyabr ayının sonuna, yəni Ş.Mişelin görüş təşəbbüsünə doğru vaxt azaldıqca nələrisə reallıq kimi təqdim etmək əzmi göstərir. Əlbəttə, bunu əzm yox, acizlik və cığallıq kimi qiymətlən­dirmək daha doğru olardı. Fikri­mizin təsdiqi baxımından ölkənin xarici işlər nazirinin müavini Va­han Kostanyanın dedikləri üzə­rində dayanmağı vacib sayırıq. Kostanyan bildirib ki, “hazırda Azərbaycan tərəfi ilə müza­kirələr aparan tərəfdaşlarımız Ermənistanın maraqlarına zərər vurmaqla, öz ikitərəfli gündəm­lərini təbliğ etməyə çalışmama­lıdırlar”. 

Göründüyü kimi, erməni diplo­matiyası qorxu içərisindədir. Çox güman, İrəvanda Qranada görü­şünün mənasızlığını anlamağa başlayıblar. Ola bilər, onlara ora­da tamam başqa vədlər verilmiş­di, amma indi həmin vədlərin icra­sının mümkünsüzlüyü ortaya çıxır. Yada salaq ki, baş nazir Paşinyan da ölkənin İctimai televiziyasına müsahibəsində Azərbaycanla da­nışıqların bazası olaraq Qrana­dadakı sənədləri göstərmiş və bu razılaşmaların korrektə istəklərinə qarşı çıxmışdı.

Yeri gəlmişkən, Nikol Qranadada Azər­baycanın 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanısa da, Azərbay­can Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr göstərildiyi bəyannaməyə imza atmamış durumdadır. N.Paşinyan isə sözügedən müsahibəsində dördtərəfli görüşü şərh edərkən bildirmişdi ki, toplan­tının əhəmiyyəti iki mühüm bəyanatla sə­ciyyələndirilə bilər. İlk bəyanatı prezident Makron, Kansler Şolts, Ş.Mişel və onun özü imzalayıblar. Sənəd Aİ-nin Ermənis­tanla münasibətlərin dərinləşməsinə dair konsensusunu vurğulayır. Avropa Komissi­yasının sədri Ursula fon der Lyayen tərə­findən də imzalanmış ikinci bəyanat isə özündə regiondakı sülhün əsas sütunlarını ehtiva edir. Hər halda, Ermənistanın baş naziri belə deyir. Onun söylədiklərindən bu anlaşılır ki, həmin sütunlara Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qar­şılıqlı tanınması, 1991-ci il tarixli Alma-Ata sazişi əsasında sərhədlərin delimitasiyası, suverenliyə hörmətlə yanaşılmaqla regio­nal kommunikasiyaların açılması daxildir. 

Əsas məsələlərdən biri də budur ki, ikinci sənəddə Qarabağa qarşı güc tətbiqi pislənilib, region əhalisinin məcburi köçü­rüldüyü vurğulanıb, həmçinin humanitar vəziyyətin idarə olunmasında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu əksini tapıb. Bəyanatda, eyni zamanda, Qarabağ ermənilərinin ilkin şərt olmadan geri qayıtmaq hüququ da diqqətə çatdırı­lıb. Paşinyanın onu da bildirmişdi ki, sənə­din məxsusiliyi onun dördtərəfliliyidir, lakin Azərbaycanın imzasının olmaması ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı ilə bağlı suallar yaradır. Baş na­zirin fikrincə, Bakı bu bəyanatı imzalasay­dı, sülh sazişi ehtimalı yetmiş faizdən çox olardı.

***

Hazırda Kostanyanın narahatlığı isə onu göstərir ki, tərəfdaşları Ermənista­nı aldadıblar. Hər halda, XİN rəhbərinin müavini elə-belədən deməz ki, kimlərsə özlərinin ikitərəfli gündəmlərini təbliğ et­məsinlər. Görəsən, ikitərəfli gündəm nə deməkdir? Suala cavab vermək o qədər də çətin deyil. Birincisi, Kostanyan tərəf­daş dedikdə, çox güman böyük ölçüdə Av­ropa İttifaqını nəzərdə tutur. İkitərəfli gün­dəmə gəldikdə, bu, Aİ-nin Azərbaycanla enerji sahəsindəki əməkdaşlığıdır. Yəni, Kostanyan demək istəyir ki, Bakı-İrəvan münasibətləri baxımından bu əməkdaşlı­ğın prioritetləri əsas götürülməsin. 

Sual olunur: Əsas götürülməli olan nədir? Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən sənədlər? O sənəd­lər ki, orada Azərbaycan Qarabağdan er­məni köçünə görə, az qala, müqəssir kimi qələmə verilir? Əlbəttə, bu məntiq keçər­sizdir. Ancaq hər şeyi əvvəldən düşünmək lazım idi. Yəni, sözügedən sənədləri bö­yük qalibiyyət kimi təqdim edəndə. Əlbət­tə, İrəvanın Bakı üzərində hansısa formalı qələbəyə, bir növ, tamarzı qaldığını an­lamaq mümkündür. Ancaq reallıqlardan uzaq düşmək yolverilməzdir. 

***

V.Kostanyan hava limanında Azərbay­can və Ermənistan liderlərinin gözlənilən növbəti Brüssel raundu kontekstində jur­nalistlərə onu da bildirib ki, Ermənistan Ş.Mişelin dəvətini qəbul edib, Belçikanın paytaxtında keçiriləcək görüşdə iştiraka hazırdır və mövcud istiqamətdə avropalı tərəfdaşlarla iş aparılır. İşin mahiyyətinə gəlincə, o, məsələyə Brüsseldə hansısa sənədin imzalanması gözləntisinə dair su­ala cavabı ilə aydınlıq gətirməyə çalışıb. Qranadadakı sənədlər üzərində dayanan nazir müavini deyib: “İndi, guya, Azərbay­can tərəfi müəyyən mövqe tutmalı və Qra­nada bəyannaməsində qeyd olunan təli­matlarla bağlı öz mövqeyini açıq şəkildə bildirməlidir”.

***

Sonda bir daha vurğulayaq ki, Azər­baycanın mövqeyi bəllidir. Ölkəmiz özü­nün iştirakı olmadan ərsəyə gəlmiş heç bir sənədin prioritetliyini qəbul etmir. Həm nazir müavini Kostanyanın, həm də baş nazir Paşinyanın fikirlərindən anlaşılan isə budur ki, Ermənistan üçün ehkamlaş­mış mahiyyət daşıyan Qranada sənədləri əsas götürülməsə, növbəti Brüssel raun­du alınmaya bilər. Şübhəsiz, hadisələr buna doğru getsə, məsələ İrəvanın sül­hdən yayınması kimi qiymətləndiriləcək. Ancaq sual olunur ki, duruma görə günah­kar yalnız Paşinyanın administrasiyasımı olacaq? Xeyr. 

Eyni dərəcədə Kostanyanın tərəfdaş­larımız məntiqindəki qütblər də məsuliyyət daşıyırlar. Onlar Qranadada “sülhsevərlik şousu” düzəltməməli, öz imzalarına hör­mətlə yanaşmalı idilər. Nəzərə almalı idilər ki, siyasi həyasızlıq yolu tutan Ermənistan hakimiyyəti həmin sənədlərdə göstərilən­lər reallaşmayacağı təqdirdə, onları bey­nəlxalq ictimai rəyə ittiham kimi sırıyacaq. Artıq Kostanyan ittiham yağdırmağa start verib. Belə getsə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazir N.Pa­şinyan da, belə demək mümkünsə, itti­ham trendinə qoşulacaqlar. Nəticə etiba­rilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yenə də gözləmək lazım gələcək. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət