Saxta xarici jurnallar isə kələkbazlıqla məşğuldur
Müsahibimiz Bakı Dövlət Universiteti cəbr və həndəsə kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” üzrə Ekspert Şurasının sədri, Türkiyənin TÜBİTAK mükafatı laureatı Arif Səlimovdur.
Son illərdə Azərbaycanda elmi nəşrlərə yanaşma daha strateji xarakter almış, beynəlxalq akademik mühitə inteqrasiya və tədqiqat keyfiyyətinin artırılması prioritetə çevrilmişdir. Xüsusilə “Web of Science” və “Scopus” kimi bazalarda indekslənən jurnallarda nəşr olunmaq alimlər üçün mühüm nüfuz və karyera göstəricisidir. Bununla yanaşı, bəzi nəşriyyatlar ətrafında müzakirələr də artmışdır. Xüsusən Multidissiplinar Rəqəmsal Nəşriyyat İnstitutunun (MDPI) jurnalları və “Lambert Academic” kimi nəşriyyatların fəaliyyətində elmi keyfiyyətdən çox kommersiya maraqlarının ön planda olması iddiaları səbəbindən bu platformalarda dərc olunan işlərə elmi ictimaiyyətdə daha ehtiyatla yanaşılır.
Yaxın-uzaq xaricdə görkəmli riyaziyyatçı kimi tanınan professor Arif Səlimovla bu barədə həmsöhbət olduq. O, beynəlxalq elmi bazalarda indekslənən 100-dən çox məqalənin və 2 monoqrafiyanın müəllifi, həndəsə sahəsində tanınmış alimdir. Həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcələrini “həndəsənin Məkkəsi” sayılan məşhur Kazan Dövlət Universitetində müdafiə etmişdir. 25 il Türkiyənin Atatürk Universitetində çalışmış və TÜBİTAK mükafatına layiq görülmüşdür.
– Arif müəllim, Azərbaycan alimləri indi yerli nəşrlərdən daha çox beynəlxalq indeksli platformalarda çıxış etməyi üstün sayırlar. Beynəlxalq elmi nəşrlərə bu münasibəti necə qiymətləndirirsiniz?
– Bu yanaşma elmi göstəricilərin (karyera, maliyyə, vəzifə) artan rolu və qlobal elmi mühitə uyğunlaşma ilə bağlıdır. Azərbaycan alimləri də qlobal elmi mühitə çıxmaq və tədqiqatlarının beynəlxalq səviyyədə tanınması üçün aktiv mövqe tuturlar. Lakin yüksək tələblər, çıxış imkanlarının məhdudluğu və maliyyə xərcləri müəyyən çətinliklər yaradır. Ümumilikdə isə yanaşma daha peşəkarlaşır.
– Elmi nəşrlərlə bağlı hansı problemlər dissertasiyaların müdafiəsinə mane olur?
– AAK-ın rədd qərarlarının səbəbləri müxtəlifdir. Bunlara formatlaşdırma səhvləri, prosedur qaydalarının pozulması, plagiat halları və eyni zamanda, AAK tərəfindən tanınmayan jurnallarda nəşrlər daxildir. Rədlərin bir hissəsi məhz nəşr problemləri ilə bağlıdır, AAK siyahısına daxil olmayan jurnallarda və ya beynəlxalq bazalarda indeksləşdirilməyən nəşrlərdə çap olunmuş məqalələrdir. Jurnal sonradan bu bazalardan çıxarılarsa, həmin məqalə də etibarsız sayılır.
Yeri gəlmişkən, deyim ki, saxta jurnallar problemi Azərbaycanda son illərdə ciddi şəkildə aktuallaşıb və geniş yayılıb. 2023-cü ildə 348 azərbaycanlı müəllifin belə jurnallarda yüzlərlə məqalə dərc etdirdiyi qeyd olunur. Bu nəşrlərə “Beynəlxalq Elmin İnkişafı üzrə Norveç Jurnalı”, “Danimarka Elmi Jurnalı”, “Slovakiya Beynəlxalq Elmi Jurnalı” kimi platformalar daxildir. Belə jurnalların elmi etibarlılığı isə akademik mühitdə ciddi suallar doğurur.
– Etiraf edək ki, bu gün məqalə çap etdirmək yarışı gedir. Elmi mühitdə məqalə çap etdirmək tendensiyası elmi keyfiyyətə necə təsir edir?
– Bu son illərdə müşahidə olunan meyillərdəndir və əsas məqsəd elmi yenilik yaratmaq deyil, sadəcə, siyahını genişləndirməkdir: nə olursa-olsun, təki bir məqalə dərc edilsin. Bu yanaşma isə, təəssüf ki, müəlliflik məsələsində də özünü göstərir. Elmə azacıq töhfəsi olan və ya ümumiyyətlə olmayan şəxslərin adları belə məqalələrə əlavə edilir. Nəticədə, həm elmin nüfuzu aşağı düşür, həm də gənc tədqiqatçılar üçün yanlış nümunə formalaşır.
1981-ci ildə aspiranturada oxuduğum dövrdə bir elmi nəticə əldə etmişdim. Bu tapıntını elmi rəhbərim, professor V. Vişnevski ilə müzakirə etdim. O, məni diqqətlə dinlədi və təəccübünü gizlətmədi.
Məqalənin hazırlanması mərhələsinə gəldikdə isə, bir qədər tərəddüdlə ona həmmüəllif olmasını təklif etdim. Üzündə məmnun bir təbəssüm yaransa da, bu təklifi qəti şəkildə qəbul etmədi. Onun mövqeyi aydın idi: nəticə kimə məxsusdursa, müəlliflik də ona aid olmalıdır.
Sonrakı illərdə elmi fəaliyyətim boyunca bu prinsipə sadiq qalmağa çalışdım. Bu gün kifayət qədər çox sayda nəşr edilmiş əsərim olsa da, ciddi zəhmət sərf etdiyim bəzi tədqiqatlarda həmmüəlliflikdən imtina etmişəm. Mənim üçün elmdə əsas olan dürüstlük və məsuliyyətdir.
– Alimlərin saxta jurnallara müraciətlərinin arxasında hansı səbəblər dayanır?
– Əsas səbəb sürətli və asan nəşr imkanlarıdır. Bəzi tədqiqatçılar isə bu jurnalların keyfiyyətsiz və saxta olduğunu ya bilmir, ya da riskə gedirlər. Bu problemlərin qarşısını almaq üçün universitetlərdə nəzarət mexanizmləri gücləndirilməli, dissertantlara akademik yazı və nəşr etikası ilə bağlı təlimlər keçirilməlidir.
Bununla yanaşı, Azərbaycan alimlərinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici universitetlərdə mühazirələrin oxunması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və akademik mübadilə proqramlarında iştirak milli elmin inkişafına ciddi töhfə verə bilər.
– Hər çap olunan iş elmin inkişafına xidmət etməlidir…
– Prinsipcə belə olmalıdır, lakin bəzən məqalə sayı keyfiyyəti əvəz edir. Elmi nəşr seçimi həm texniki, həm də etik məsələdir. Müəlliflər xüsusilə diqqətli olmalı, ciddi müstəqil ekspertlərin yoxlama sisteminə malik və beynəlxalq elmi indekslərdə yer alan nəşrlərə üstünlük verməlidirlər. Əks halda, qısamüddətli “nəşr uğuru” uzunmüddətli akademik dəyəri zəiflədə bilər. Elmdə əsas prinsip sadədir: məqsəd çox yazmaq deyil, dəyərli və etibarlı elmi nəticə ortaya qoymaqdır.
Bəzi jurnallar özlərini rəyçilər tərəfindən yoxlanılan jurnallar kimi təqdim etsələr də, praktika həmişə bu anlayışın klassik mənası ilə üst-üstə düşmür. Hətta bəzi hallarda müəllifdən potensial rəyçilərin siyahısının tələb olunması bu prinsipə kölgə salır. Belə yanaşma nəzəri olaraq, prosesi sürətləndirmək məqsədi daşısa da, obyektivliklə bağlı suallar doğurur və şübhələr yaradır.
Məhz bu nöqtədə elmi ictimaiyyətdə “peşəkar yoxlama” ilə “formal təsdiq” arasında fərqin itməsi barədə narahatlıqlar ortaya çıxır. Bəzən elə vəziyyət yaranır ki, qiymətləndirmə sistemi öz mahiyyətindən uzaqlaşır. Əslində, rəyçilik sistemi o zaman etibarlı sayılır ki, qiymətləndirmə prosesində tam müstəqillik qorunsun və müəllifin prosesə təsir imkanı olmasın.
– Elmi nəşrlərin keyfiyyəti ilə bağlı beynəlxalq və yerli mühitdə hansı tədqiqat və ya təşəbbüslər həyata keçirilir? Bu istiqamətdə şəxsi təcrübəniz varmı?
– Türkiyə ilə 30 ildən artıq davam edən elmi əməkdaşlıq uğurla inkişaf edir və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Bununla yanaşı, İspaniya və Yaponiya elmi məktəbləri ilə də davamlı əlaqələr mövcuddur.
Son dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində onlayn mühazirələr təşkil olunmuş və ilk mərhələ uğurla başa çatmışdır. Eyni zamanda, Kazan Federal Universiteti ilə əməkdaşlığın yenidən qurulması istiqamətində təşəbbüslər irəli sürülmüşdür. Bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, daha geniş şəkildə türk riyaziyyat məktəbləri arasında əlaqələrin inkişafına xidmət edə bilər.
Kazan Federal Universiteti ilə əməkdaşlığın yenidən qurulması istiqamətində təşəbbüs irəli sürülüb. Nikolai Lobaçevsky tərəfindən əsası qoyulan məşhur riyaziyyat məktəbinin davamçılarından biri, akademik Marat Arslanovun dəvət məktubunda elmi əməkdaşlığın yenidən qurulmasına maraq göstərdiyini bildirib. Akademik Arslanov bu əməkdaşlığın həm Kazan həndəsə məktəbinin canlandırılmasına, həm də türk riyaziyyat məktəbləri arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayır. Belə addımlar Azərbaycan elminin beynəlxalq mühitdə mövqeyini gücləndirir və onun qlobal səviyyədə tanınmasına xidmət edir.
– Elmi əsərlərə istinadların rolu və bəzi alimlərin bu sahədə tətbiq etdiyi yanaşmalar barədə nə düşünürsünüz?
– Elmi istinadlar tədqiqatın etibarlılığını və elmi əlaqəliliyini təmin edən əsas amillərdəndir. Lakin bəzi hallarda istinad sayı, xüsusilə H-indeksi artırmaq məqsədilə süni şəkildə yüksəldilir. Əslində, müəllifin öz işlərinə istinad etməsi tamamilə normal və bəzən zəruridir. Bu, xüsusilə yeni və ya az öyrənilmiş sahələrdə çalışan alimlər üçün qaçılmazdır. Lakin problem o zaman yaranır ki, uzun illərdir araşdırılan mövzularda belə müəllif öz işlərinə həddindən artıq istinad edir və bu, elmi obyektivliyə kölgə salır.
Beynəlxalq bazalarda (Web of Science, Scopus) aparılan müşahidələr göstərir ki, istinadların böyük hissəsi, bəzən yarıdan çoxu öz-özünə istinadlardan ibarət olur. Halbuki etik normalara görə bu göstərici ümumi istinadların, təxminən, üçdəbirdən çox olmamalıdır. “Google scholar” bazası üzrə isə danışmaq istəmirəm, bu platformadakı materialların və istinadların əksəriyyəti akademik dairələrdə nüfuzlu hesab olunmur. Buna görə də burada yer alan göstəricilər çox vaxt ciddi elmi qiymətləndirmə üçün əsas meyar kimi qəbul edilmir.
– Son dövrlərdə Azərbaycanda elmi dərəcə sisteminin yenidən qurulması ilə bağlı müzakirələr, xüsusilə elmlər doktoru dərəcəsinin saxlanılmaması məsələsi gündəmə gəlmişdir. Bu məsələyə münasibətiniz…
– Bu məsələni təkcə struktur dəyişiklik kimi yox, akademik sistem kontekstində dəyərləndirmək lazımdır. Məncə, bu o qədər də önəmli məsələ deyil. Əgər qaldırılacaqsa, onda paralel olaraq professorluq meyarları daha sərt standartlara uyğunlaşdırılmalıdır. Ona görə də bu işdən "avantajlı çıxarıq” düşünüb və diskussiyanı da bu məqsədlə gündəmə gətirmək istəyənlər çox da ümidlənməsinlər. Formal ad dəyişikliyi real keyfiyyət dəyişimi yaratmır.
Bəzi ölkələrin təcrübəsində müdafiə və qiymətləndirmə prosesi tam institusional seçimlə, yəni fərdi yox, universitet, akademiya, dövlət orqanı tərəfindən tənzimlənir. Opponentlər əvvəlcədən açıqlanmır və tərəflər yalnız rəsmi mərhələdə prosesə cəlb olunur. Bu yanaşma daha çox obyektivlik məqsədi daşıyır. Beynəlxalq praktikada belə modellər var. Məsələn, Qahirə Universitetində keçiriləcək həndəsə üzrə dissertasiya müdafiəsinə opponent kimi dəvət olunmağım da belə bir sistemin mövcudluğunu göstərir.
Bu baxımdan əsas sual “hansı dərəcə qalır?” deyil, “mövcud sistem elmi keyfiyyəti nə qədər təmin edir?” olmalıdır. Müzakirənin mərkəzində də məhz bu prinsip dayanmalıdır. Biz də bu yolu seçə bilərik.
– Arif müəllim, eyni məqaləni eyni müəllif eyni zamanda bir jurnala müxtəlif ünvanlardan, məsələn, Almaniya və Azərbaycandan göndərib. Hansı halda məqalə daha tez çap olunacaq və ya heç çap olunmayacaq? Səbəbi?
– Əslində, beynəlxalq elmi nəşr standartlarına görə, eyni məqalənin paralel şəkildə müxtəlif ünvanlardan və ya bir neçə kanalla göndərilməsi ciddi etik pozuntu hesab olunur. Amma nə demək istədiyinizin arxa planı mənə aydındır. Bu sualın arxasında daha geniş bir məna dayanır: elmi fəaliyyət yalnız fərdi nəticə deyil, həm də ölkənin akademik nüfuzunu formalaşdıran prosesdir.
Buna görə də hər bir tədqiqatçının davranışı, seçimi və təqdim etdiyi işlər dolayısı ilə ölkəsinin elmi imicinə təsir göstərir. Sualın çavabını açıq deməliyəm və bu kimi isə həvəsdən salmasın: təbii ki, Almaniya. Bu, həm də alimlərimizin üzərinə milli kimlikdən qaynaqlanan bir məsuliyyət qoyur və hər birimiz fəaliyyətimizlə müstəqil Vətənimizin imicini qorumalıyıq.
– Təcrübəli alim, ən məşhur beynəlxalq elmi bazalarda 100-dən çox elmi məqalənin müəllifi kimi alimlərimizə sözünüz nə olardı?
– Beynəlxalq akademik müzakirələrdə nüfuzsuz və saxta jurnallarda məqalə çap etdirmək dosyanı “kirlətmək” deməkdir. Unutmayaq ki, bu nəşrlərin məqsədi elmi keyfiyyət yox, maddi qazancdır. Bu cür nəşrlərdə məqalə və kitab çap etdirməkdən vaz keçin, akademik standartlar zəif olduğundan onların elmi etibarlılığı da beynəlxalq mühitdə qəbul olunmur.
– Müsahibə üçün sağ olun.
Namiq QƏDİMOĞLU
XQ


