Əlilliyin qiymətləndirilməsi və əlillərin tibbi-sosial bərpa yolu ilə cəmiyyətə inteqrasiya olunması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsas fəaliyyət istiqamətləridir. Ötən il bu qurum 54 min 500 şəxsə əlillik təyin edib. Onlardan 25 min 300 nəfərin ilkin, 29 min 200 şəxsin isə təkrar əlilliyi təsdiqlənib.
Son illərdə əlilliyin təyin olunması sahəsində aparılan islahatlar bu mexanizmin daha sistemli və effektiv şəkildə qurulmasına imkan yaradıb. Nəzarət mexanizmləri gücləndirilib, xidmətlərin keyfiyyəti artırılıb və bütün mərhələlərdə şəffaflıqla yanaşı, vətəndaş məmnuniyyətinə diqqət edilib və əlilliyin qiymətləndirməsi proseduru rəqəmsallaşdırılıb.
Hazırda əlillik dərəcəsinin müəyyənləşdirilməsi tam elektron qaydada, şəxsin kimliyini müəyyən edən bütün məlumatlar anonimləşdirilmiş sənədlərlə, obyektiv və ədalətlə həyata keçirilir.
“Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin elektron göndərişləri əsasında müəyyən edilir.
Qiymətləndirmə üçün vətəndaş, ilk növbədə, qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edir. Tibb müəssisəsi göndəriş (Forma-88) tərtib edərkən əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatları şifrələyib ƏƏSMN-nin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə ötürür.
Bu prosesdə həkim-ekspertlər vətəndaşın yalnız tibbi göstəricilərini – diaqnoz və xəstəlik barədə məlumatları görürlər. Beləliklə, qiymətləndirmə zamanı subyektiv yanaşma mümkün olmur, vətəndaşın əlillik vəziyyəti barədə qərar obyektiv meyarlara əsaslanır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşa SMS-lə göndərilir və proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Səlahiyyət məsuliyyət də yaradır
Prezident İlham Əliyevin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2026-cı il Fərmanına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətləri genişləndirilib. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Fərmana görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxslə birləşmə formasında yenidən təşkili yolu ilə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSERA) publik hüquqi şəxs yaradılıb. Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirməklə bərabər, habelə əlilliyin müəyyən edilməsi və həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində də fəaliyyət göstərəcək.
Fərmanın tələbinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquq və öhdəlikləri, habelə əmlakı DTSERA-ya keçir. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə həvalə edilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Sosial Xidmətlər Agentliyinə keçir.
Süni intellekt qiymətləndirməsi
Ötən il “Əlillik” altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan yaradıb. Bu texnoloji həll, həmçinin sui-istifadə hallarına səbəb ola bilən həssas və riskli məlumatların avtomatik aşkarlanmasını təmin edərək nəzarət mexanizmlərini gücləndirib. Nəticədə, subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində mühüm addım atılıb.
Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində işlər davam edir. Bu işlər çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Nəhayət, qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq. Vahid standartlar formalaşacaq və məlumatların sistemli şəkildə analizinə, mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan yaranacaq.
Yeni meyarların üstünlükləri
2022-ci ildən “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, əlilliyin ənənəvi üç dərəcəsi əvəzinə, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinə əsaslanan qiymətləndirilmə mexanizmi tətbiq edilir. I, II və III dərəcə üzrə müvafiq olaraq 81–100 faiz, 61–80 faiz və 31–60 faiz aralıqları müəyyən edilir. Əlilliyə əsas verən meyarların sayı 5 dəfə artırılaraq 128-dən 634-ə çatdırılıb.
Bununla da əlilliyin əhatə dairəsinə daxil olan diaqnozların sayı genişləndirilib.
Artıq vətəndaşa iki və daha artıq diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olduqda əlilliyə əsas verən ən yüksək orqanizm funksiyalarının pozulma dərəcəsinin üstünə 10 faiz əlavə edilir, ən uzun müddət seçilir və yüksək sosial təminata əsas verən səbəb əlaqəsi götürülür. Yeni meyarların tətbiqi vətəndaşların sosial müdafiəsinə yönəlmiş və müstəqillik tariximizdə əlillik sahəsində ən böyük, əhatəli islahatdır.
Bərpa xidmətləri
Sosial sahədə aparılan köklü islahatların müsbət nəticələrindən biri əlillər üçün müasir və əlçatan bərpa xidmətləri sisteminin yaradılmasıdır. Hazırda agentliyin tabeliyində 4-ü Uşaq Reabilitasiya Mərkəzi, digər 2-si Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və Bərdə şəhərindəki “RehaPoint” Reabilitasiya Məntəqəsi daxil olmaqla 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə ölkəmizdə reabilitasiya sistemi müasir tələblərə uyğun qurulub, habelə Qəbələ və Şəmkirdə müasir tələblərə cavab verən Uşaq Reabilitasiya mərkəzləri istifadəyə verilib. Ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni bərpa üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilən şəxslərin sayını artırıb. 2018–2025-ci illərdə bərpa xidməti göstərilən əlillərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.
Eyni zamanda, reabilitasiya müəssisəsi olmayan bölgələrdə yaşayan vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə müxtəlif layihələrin icrasına başlanılıb. Hərəkət məhdudiyyəti olan şəxslərə ev şəraitində tibbi və sosial-psixoloji dəstək göstərilməsi məqsədilə səyyar bərpa xidmətləri təşkil olunur.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırda 6 min 100 əlilə evlərində (səyyar) reabilitasiya xidmətləri göstərir. Qeyd edilən kateqoriyaya aid olan və səyyar bərpa xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər (və ya qanuni nümayəndələri) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər. Müraciətlə bağlı agentliyin həkim və psixoloqlarından ibarət səyyar briqadası onların evlərinə gələrək ilkin müayinə və qiymətləndirmə aparır. Əlilin faktiki vəziyyəti səyyar xidmət göstərilməsi üçün nəzərdə tutulan diaqnozlara aid olduqda ona fərdi plan əsasında səyyar bərpa xidmətləri göstərilir.
“RehaPoint” və “Rehabus”
Agentlik bərpa xidmətlərinin əhatəsinin genişləndirilməsi məqsədilə “RehaPoint” – Reabilitasiya Məntəqəsi adlı konsepsiya da icra edir. İlk belə məntəqə 2023-cü il dekabrın 1-dən Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərir. Bölgədə yaşayan əlillər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar, eləcə də ehtiyac duyduqları bərpa vasitələrini əldə etmək üçün Bakıda yerləşən mərkəzə gəlmədən bu vasitələri əldə edə bilirlər. Məntəqədə indiyədək 3 min 600-dən çox şəxs bərpa xidmətləri ilə təmin edilib, 380-dən çox əlilə isə ehtiyaclarına uyğun 5 min 300-dən çox reabilitasiya vasitəsi verilib.
Bundan əlavə, 2022-ci ildən Sumqayıtda və Abşeron rayonunda “RehaBus” (Reabilitasiya Avtobusu) xidmətinə başlanılıb. 2025-ci ildə layihənin əhatə dairəsi genişləndirilib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan əlil uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə) avtobusla Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır.
Ötən ilin oktyabr ayından etibarən ölkənin ikinci böyük şəhəri olan Gəncədə də “RehaBus” xidmətinə başlanılmışdır. Gəncədə yaşayan və ambulator bərpa xidmətlərinə cəlb edilən əlil uşaqlar bu xidmət çərçivəsində reabilitasiya avtobusu ilə ödənişsiz şəkildə agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar.
Fəaliyyətə başladığı dövrdən indiyədək bu layihə çərçivəsində 2 min 650-yə yaxın əlilliyi olan şəxsə xidmətlər göstərilib. “Rehabus” layihəsi 2025-ci ildə IDDA AWARDS müsabiqəsində “İlin startapı” nominasiyasında 3-cü yerə layiq görülüb.
İnklüziv layihələr
Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verib. Bu innovativ xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin dövlət qurumları, özəl sektor və s. ötürülməsini təmin edərək həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir.
Vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı təmin edir. Bu inklüziv layihə ÜST-də ən yaxşı təcrübə elan olunub və qurumun Avropa regionu üzrə əlillər üçün əlçatanlığın, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələri əhatə edən sənədə daxil edilib.
Agentliyin icrasına başladığı rəqəmsal və inklüziv layihələrdən biri də vahid rəqəmsal “Sənə özəl” platformasıdır. Bu platforma əlillərin sosial həyata fəal inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır. Platforma vasitəsilə rəqəmsal əlillik kartı (QR/barkod əsaslı identifikasiya), tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara (reabilitasiya sənədləri, arayışlar və s.) vahid çıxış imkanları təmin olunur. “Sənə özəl” platforması IDDA AWARDS müsabiqəsində “İlin rəqəmsal layihəsi” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.
Bununla yanaşı, “Müstəqil həyat tərzi” və “Həmyaşıd dəstəyi” proqramları vasitəsilə əlillərin özünəxidmət və sosial bacarıqlarının artırılması, onların cəmiyyətə fəal inteqrasiyası təşviq olunur. Agentlik əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində maarifləndirici tədbirlər görür. “Ağlabatan uyğunlaşdırılma” hüququnun tətbiqinin genişləndirilməsinə yönəlmiş yeni sosial layihə çərçivəsində əlillərə “e-sosial” mobil tətbiqi üzərindən müəssisə, idarə və təşkilatlara ağlabatan uyğunlaşdırılma tələbinin ünvanlanması və prosesin izlənməsi qaydaları barədə məlumat verilir.
Hippoterapiya, rəqs və yoqa terapiyası
Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması ilə yanaşı, bu sahədə biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. DTSERA-nin bərpa mərkəzlərində ənənəvi üsullarla paralel, qabaqcıl dünya təcrübəsinə uyğun ippoterapiya, rəqs terapiyası, yoqa, robotik reabilitasiya, sosial-psixoloji bərpa və s. üsulların da tətbiqi həyata keçirilir. Ötən dövrdə həmin mərkəzlərdə 1350 əlil hippoterapiya (atlarla terapiya) üzrə xidmətlərə cəlb edilib.
Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiyada məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır. Bu terapiya üsulu, eyni zamanda, əlillərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq məhdudiyyətləri və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.
Digər müasir bərpa üsulu olan rəqs terapiyası “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti ilə birgə təşkil olunur və əlillərin böyük marağına səbəb olan layihələrdən biridir. Rəqs terapiyası zamanı təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə təcrübəyə əsaslanan təlimlər keçirilir. Həyata keçirilən inklüziv proqram əlilliyi olan şəxslərin yeni bacarıqlarının formalaşması, eləcə də onların sosiallaşmasına şərait yaradır.
İcma əsaslı bərpa xidməti də əlillərin yaşadıqları icma mühitində erkən müdaxilə və davamlı dəstək mexanizmləri vasitəsilə sosial adaptasiyasını təmin etməyə yönəlmiş kompleks xidmət modelidir. Bu xidmətin əsas məqsədi bərpa mərhələsində əldə edilmiş funksional, psixoloji və sosial nəticələrin icma mühitində qorunmasını və möhkəmləndirilməsini təmin etmək, sosial izolyasiyanın qarşısını almaq, müstəqil həyat bacarıqlarını inkişaf etdirmək, eləcə də ailə və icma resurslarını reabilitasiya prosesinə inteqrasiya etməkdir.
Ukraynalı uşaqlara dəstək
Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək bərpa xidmətlərinə cəlb edilməsi işləri də davam etdirilir. Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji bərpa xidmətləri göstərilir.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi məsləhətlər, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur. Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunur. Məqsəd onların emosional vəziyyətlərinin sabitləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Ötən dövrdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji bərpa xidmətləri ilə təmin edilmişdir.
Bərpa xidmətlərinə əlçatanlıq
Ümumdünya Səhiyyə Təşkilatı reabilitasiya vasitələrinin növlərinin qurumun təsnifatına uyğun qruplaşdırılması, eləcə də həmin vasitələrin siyahısının genişləndirilməsi məqsədilə son illər qanunvericiliyə dəyişikliklər edib və əlillərə dövlət büdcəsi hesabına verilən bərpa vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.
Həyata keçirilən islahatlar nəticəsində dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən bərpa vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb. Onu da qeyd edək ki, bərpa vasitələrini təhvil almaq üçün mərkəzə gələ bilməyən əlillərə ehtiyac duyduqları bərpa vasitələri onların ünvanlarına aparılır. Təkcə ötən il 900-dən çox şəxsə 5 min 800-ə yaxın reabilitasiya vasitəsi evlərinə aparılaraq təqdim olunmuşdur.
Qazilərə qayğı və diqqət
Vətən müharibəsindən sonra qazilərimizlə bağlı həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri sosial siyasətin prioritet istiqamətini təşkil edib. Bu dəstək tədbirlərinin bir istiqaməti də Vətən müharibəsi əlillərinin bərpa xidmətləri və vasitələri ilə təminatına yönəlib.
ƏƏSMN-də müasir reabilitasiya infrastrukturu yaradılıb ki, bu da qazilərin səmərəli, keyfiyyətli tibbi-sosial bərpa xidmətləri ilə əhatə olunması üçün mühüm potensialdır. Bu müəssisələrdə həmin xidmətlərin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması təmin edilib.
Postmüharibə dövründə DTSERA 3 min 800 qaziyə tibbi və sosial-psixoloji bərpa xidmətləri göstərib. Agentliyin bərpa mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb. Bu məqsədlə peşəkar həkim komandası müasir və effektiv bərpa üsulları tətbiq edib. Görülən işlər nəticəsində qazilərdən 270 nəfəri sağlamlığına qovuşub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.
Agentliyin reabilitasiya müəssisələrində 3 min 800-dən çox Vətən müharibəsi iştirakçısına tibbi, sosial və psixoloji dəstək göstərilib. Bu dövrdə 500-dən çox qazi isə 621 ədəd son nəsil yüksək texnologiyalı protezlə təmin edilib. Bu protezlər aktivliyi və funksionallığı ilə onların sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir.
Zərifə BƏŞİRQIZI
XQ



